ƏZİZ VƏTƏN!
Əziz
Vətən, səndən
çox-çox uzaqlarda,
Tufanlarda,
sərt şaxtalı
boranlarda,
Diz çökdürən, qartal
uçmaz qayalarda
Diz çökmədim, heç
dönmədim yolumdan
mən,
Özün oldun mənə
dayaq, əziz Vətən!
Ana yurdum, gəlməmişəm
sənə qonaq,
Yad ellərdən almamışam
səndən soraq,
Qayıtmışam, "sən bir ana,
mən bir uşaq".
Ayırmadım xoş laylanı
bal südündən,
Onlarla mən qüvvətləndim
günü-gündən!
Bu diyarın başıqarlı
Şahdağı var!
Bayrağını bəzəyən al sübh
çağı var!
Bol üzümlü, bol taxıllı torpağı
var!
Bu diyarda mərd oğullar arasında
Atam, babam gediblər ön sırasında.
Bu torpaqda məskən salıb ulu babam,
Burda məni qoca atam, qoca anam
Gözləyirlər, göz yummadan, səhər-axşam...
Bir vəsiyyət eləyiblər
onlar mənə:
"Harda olsan, qayıt, oğul, Vətəninə!
Qayıt,
oğul, ocağımız
yansın hər an,
Ocaq sönsə
düşmən bizə
eylər divan.
Öz elində insanlığa çatar insan!
Ucalt, oğul, Ana dilin qüdrətini,
Elimizin vüqarını,
sərvətini!"
Anam məni ötürməyə
yola çıxır,
Kədər ilə, həsrət ilə mənə baxır.
Ardımca qəlb dilə
gəlir, can darıxır...
"Qayıt, oğul!" - duya bildim səsində mən.
Qayıdaram, canım Ana, əziz
Vətən!
YANIMA
QAYIT!
Sənin qayıtmağın nə
uzun çəkdi?
Sənsiz
bu ruzigar nə çətin imiş!
Məni
elə bil ki, burulğan çəkdi,
O burulğan sənin həsrətin imiş.
Çıxdım yollarına, lakin
nə fayda...
Min izə qarışıb
izin, itərək.
Dünya bir ümmandır, sənsə o tayda.
Sənə çatmaq üçün
bir gəmi gərək.
Əzizim,
yubanma, səni gözləyir
Mənim xatirəmtək solmayan bağlar.
Şirin
sözlərimlə səni
səsləyir
Səni unutmayan vüqarlı dağlar.
Mənim
hər anıma illər qarışır,
Təkcə sən ömrümə qarışmayırsan.
Əzəl düşmənlər də bir-bir barışır,
Təkcə sən mənimlə barışmayırsan.
Məhəbbət elmini qoymazdım
lağa,
Fəqət sənsiz bu fənn faydasız olar.
Qibtə
eləyirəm qara torpağa,
Çünki o torpaqda sənin izin var.
Həyat
cıdırında il ötər ayı,
Bu gün dərilən
gül sabaha solar.
Yubanma, əzizim, yubanma, qayıt!
Bu gün qayıtmasan, sabah gec
olar!
SALMA
YADINA...
Ötən görüşləri salma yadına,
O günlər qayıtmaz, qayıtmaz, inan...
Mən necə
unudum? Sənin adına
Bütün andlarımı içdim
o zaman.
Axtarma səbəbin, tapmazsan, gülüm!
Demə ki, qırılsın taleyin əli.
Açsam səbəbini - yanarsan,
gülüm,
Nə sənə,
nə mənə olmaz təsəlli.
Məhəbbət insantək qocalır,
sönür...
Sahibsiz ev kimi boşalır ürək.
Həyatın bünövrə daşı,
görünür,
Belə qurulmuşdur, biləydin gərək.
Ayrılır insanlar, ayrılır
yollar,
Yanma məhəbbətin
sönmüş oduna.
Nə sən günahkarsan, nə mən günahkar,
Ötən görüşləri salma yadına!
XATİRƏLƏR
Gecə
sakit,
Gecə aydın.
Ayın
narın
Şüaları pəncərəmə süzülüb.
Xatirələr cərgə-cərgə
Xəyalıma düzülüb.
Onlar məni aparırlar
Unudulmuş şəhərlərə,
Uzun-uzun
gecələrə,
Açılmayan səhərlərə.
Kimsə
deyib:
"Xatirələr cavanlığı
qaytarırmış..."
Bəlkə kimsə doğrudan
da
Keçmişini axtarırmış.
Amma neynim,
İznsizcə,
Yaşımızın bu çağında
Qədim
bir toy havasını
Çaldırırlar qulağımda;
Sən ağ gəlin
paltarında,
Toyun şanlı
qatarında.
Əhdimiz də çıxdı
yaddan,
Getdin...
getdin qayıtmadan...
Xatirələr... xatirələr...
Keçmişimin səfirləri.
Bəs kim saysın
itkiləri?
Saysız-sonsuz itkiləri?
Nə tapmışıq
nə itirək?
Kimdən alıb kimə verək?
Bircə
onu anlamışam:
İtirməsən tapammazsan,
Tapammasan
yaşamazsan!
Gecə
sakit,
Gecə aydın.
Ayın
narın
Şüaları pəncərəmə süzülüb.
Xatirələr cərgə-cərgə
Xəyalıma düzülüb.
Xatirələr, xatirələr...
Dünənimlə bu günümün
Arasında daş körpülər.
...Səhərəcən yaşadım
mən
Şirin-acı dünlərimdə.
Xatirələr - mən özüməm,
Amma ötən
günlərimdə.
XƏZƏRİN
SİRRİ
Yenə
Xəzər qəzəbli!
Yenə
onun qoynunda
Dəli küləklər əsir.
İşıqları ucaldan
Dəmir
biləklər
əsir...
Bir kəsi görməyir göz,
Bomboş qalıb küçələr.
Xəzri
əsir...
Qorxudan
Yaşıl yuvalarında
Titrəyir boz sərçələr.
Fırtınadır, firtına!
Küləyin gücü artır.
Dəniz
sularını
Nə var gücü, qəzəblə,
Tənha sahilə atır.
Lap günəşin özü
də
Buludlar arxasında
Qorxa-qorxa gizlənib.
Kim deyə bilər, Xəzər
Nə üçün
qəzəblənib?
Qəzəblənib təbiət...
Vay açıq dənizdəki
Gəmilərin halına,
Baxırlar həsrət-həsrət.
Neçə ləngər vururlar gəmilər sahil boyu.
Fırtınadır, fırtına -
Xəzərin qanlı toyu!
Dayanmışam sahildə,
Yoxdur yanımda
bir kəs.
Hərdən qara sulardan
Çatır qulağıma səs.
O səsdə nər nərəsi,
O səs - suların səsi:
- Mən Xəzərəm
a... Xəzər!
Hirsim vulkana bənzər!
Mən üsyan qaldıranda
Yer kürəsi titrəyər!
Mən Xəzərəm a... Xəzər!
Nəfəsim od püskürər!
Mən odlar ölkəsində
Oxunmamış bir əsər!
Mən Xəzərəm a... Xəzər!
Mən
- əbədi, siz - köçər!
Bu torpağın dərdləri
Mənim
sinəmdən keçər!
Mən Xəzərəm a... Xəzər!
Həm sevincəm, həm kədər!
Məni
anlamayanlar
Özü bəxtindən küsər!
...Sonra da birdən-birə
Susdu bu səs, dinmədi.
Xəzərinmi səsiydi çatırdı
qulağıma?
Doğru
desəm, bilmədim...
Səhər tezdən sübh
çağı
Sulardan günəş
doğdu.
Külək sakitləşincə
Xəzər də sakitləşdi,
Sanki hirsini boğdu.
Qalxdıqca göyə Günəş
Təbiət canlanırdı.
Xəzər göy sularını
Sanki diyirləyərək,
Sahilə boylanırdı.
Yaşıl yuvalarından
Qalxırdılar sərçələr.
Maşınların səsindən,
Ayaq tappıltısından
Oyanırdı küçələr.
Bu nə işdir görəsən,
Necə anlayım bunu.
Bəlkə bir yuxu imiş,
Ya xəyalın
oyunu?
Evə qayıdıram mən,
Suallar arasında,
Azır, tapmıram cavab.
Dəniz də danışarmı?
Dəniz
də heç insana
Ürəyini açarmı?
Xəzərin qəzəbində
Duyulurdu bir kədər.
"Eh, -
dedim öz-özümə.
- Bunlar hamsı xəyaldı,
Sabaha keçib gedər..."
İlham BƏDƏLDƏYLİ,
Moskva
525-ci qəzet.-
2014.- 18 dekabr.- S.7.