Ədalət Vəliyev:
“Azərbaycan teatrı XIX-XX əsrlərdə mövcud olan
bütün baryerləri keçib”
“Bizim rejissorlar bir ildə
aldıqları əmək haqqını bir tamaşadan
qazanırlar”
Mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyevin APA-ya
müsahibəsi
- Ədalət müəllim, 2006-cı ildən sonra teatr sahəsində qəbul olunan qərar və qanunlar Azərbaycan teatrına nə verdi?
- Teatr sahəsində qəbul olunan qərar və qanunlar dövlətin teatr sənətinə baxışlarını köklü şəkildə dəyişdirdi. Qeyd etdiyiniz kimi, 2006-cı ildə Azərbaycanda ilk dəfə olaraq “Teatr və teatr fəaliyyəti haqqında” qanun qəbul olundu. 2007-ci ildə möhtərəm prezidentimiz Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzaladı. Nəhayət, 2009-cu ildə ölkə başçısı Azərbaycan və ümumən dünya teatr tarixində ilk dəfə olaraq Azərbaycan teatrının 10 illik inkişafına dair strateji xarakterli dövlət proqramını təsdiq etdi. Bu, Azərbaycan teatrının inkişafına xidmət edəcək fövqəladə önəmli bir sərəncam idi.
Demək istədiyim hər bir məqam əvvəlki yüz ildə olmayan hadisələrdir. Azərbaycanda 26 dövlət, 65 xalq, 3 özəl, bir ÜNS Yaradıcılıq Səhnəsi və bir bələdiyyə teatrı mövcuddur. Fəaliyyətdə olduqları gündən heç bir əsaslı təmir görməmiş teatr binaları 2009-cu ildən başlayaraq dövlət proqramına uyğun şəkildə ardıcıl və dünya standartları səviyyəsində qurulmağa başladı. Teatrlarda həyata keçirilən təmir-tikinti işləri təkcə Bakı ilə məhdudlaşmadı, həmçinin regionlarda həyata keçirildi. Xüsusən vurğulamaq istəyirəm ki, bu binalarda sadəcə təmir-bərpa işləri aparılmayıb. Yəni gözlə görünən gözəllik xaricində, həm də səhnəaltı və səhnəüstü mexanizmlər bütövlükdə yenilənib. Bundan başqa, səs, işıq və s. mexanizmlər dəyişdirilib, dünya standartlarına uyğunlaşdırılıb. Bu illərdən başlayaraq Azərbaycan teatrlarının böyük əksəriyyəti nəqliyyat vasitələri, səhnə geyimləri, qrim ləvazimatları ilə təmin olunub. Bu sahədə fəaliyyət göstərən texniki işçilər və yaradıcı şəxslər peşə fəaliyyəti ilə bağlı staj keçmək üçün dövlət vəsaiti hesabına xarici ölkələrə göndərilib.
- Hazırlanan tamaşaların bədii keyfiyyəti və teatrların repertuar siyasəti haqqında da eyni nikbinliklə danışmaq olarmı?!
- 2006-cı ildən başlayaraq Azərbaycan teatrlarında təxminən 900-ə yaxın yeni tamaşa hazırlanıb. Bu tamaşaların 180-ə yaxını dövlət sifarişi ilə ərsəyə gəlib. Bu, çox böyük rəqəmdir. Dövlət sifarişi ilə hazırlanan tamaşalara müxtəlif ölkələrdən biz 23 nəfər xarici rəssam, rejissor və başqa yaradıcı şəxsləri dəvət etmişik. Ümumiyyətlə, mən teatrın gələcəyinə çox böyük nikbinliklə baxıram. Son səkkiz ildə Azərbaycan teatrı 25 xarici ölkədə qastrol səfərində olub. Bir paralel aparmaq istəyirəm. Mən Akademik Milli Dram Teatrında sərəncamçı-direktor vəzifəsində çalışanda 1990-cı ilin mayın 1-dən 15-dək Azərbaycan teatr tarixində ilk dəfə olaraq teatrı Türkiyəyə qastrol səfərinə aparmışam. Amma dediyim kimi, son səkkiz ildə 25 xarici ölkəyə qastrol səfəri olub. Biz son 8 ildə 40-dan çox xarici dövlətlərin teatrlarının Azərbaycana qastrol səfərlərini təşkil etmişik. Dünyanın bir çox ölkələrində azərbaycanlı dramaturqların əsərləri tamaşaya qoyulub. Üç gün öncə Vyetnamdan məktub almışıq ki, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərini tamaşaya hazırlayırlar. Yəni bu gün Azərbaycan teatrı XIX-XX əsrlərdə mövcud olan bütün baryerləri vurub keçib. Azərbaycan rejissorları xaricdə tamaşa hazırlamaq üçün dəvət alırlar. Əlbəttə, bu bizə başucalığı və şərəf gətirir.
-
Teatrlarda aparılan islahatlar istədiyiniz nəticəni verdi? Məsələn, bir neçə teatr
birləşdirildi...
- Əlbəttə, biz həmin birləşdirilmələrin
çox gözəl nəticəsini görürük. Gənc
Tamaşaçılar Teatrının bazasında Gənclər
Teatrı və Kamera Teatrı birləşdirildi. Janr istiqamətinə görə onlar eyni istiqamətli
idilər. Birləşmə olandan sonra Cənnət
xanım Səlimova baş rejissor vəzifəsinə təyin
olundu. Böyük truppanın bir neçə il ərzində bir-birinə
uyğunlaşması ağrılı-acılı, mübahisəli
olsa da, möhtəşəm truppaya malik teatr göz
qabağındadır. Yaxud rus dilində
dağınıq fəaliyyət göstərən truppalar
Rus Dram Teatrının bazasında cəmləşdi və
teatr daha da qüvvətləndi. Akademik
Milli Dram Teatrında rejissorların müqaviləyə
keçid sistemi gündəmə gəldi və artıq bir
neçə ildir bu yeniliyin tətbiqi davam etdirir. Biz bunun gözəl nəticəsini
görürük. Məsələn, bir teatrda il ərzində iki-üç tamaşa
hazırlayıb dövlətin ayırdığı aylıq
300 manat əməkhaqqı səviyyəsində illik 3-4 min
maaş alan rejissor indi birdən-birə müqavilə əsasında
dövlət sifarişi və yaxud teatrların dəvəti
ilə ölkə xaricində, o cümlədən regionlarda
tamaşa hazırlamaqla üç-dörd tamaşadan 10-12 min
manat pul qazanmaq imkanı əldə ediblər. İnsanlara
bu cür sərbəstlik və rahatlıq verilib. Aktyorların və rejissorların sosial
rifahını yaxşılaşdırmaq üçün
çıxış normaları yenidən işlənildi,
aktyorların məşğulluq günlərinin sayı nisbətən
azaldıldı ki, onların boş vaxtları olsun.
- Deməli,
Azərbaycan rejissorunun 12-15 min manat qonorar almaq imkanı
realdır...
- Əlbəttə. Rejissor hazırladığı
tamaşaların səviyyəsindən, qüdrətindən
asılı olaraq bu məbləğdə qonorar ala bilər. Mən ad
çəkmək istəmirəm, bizim rejissorlar bir ildə
aldıqları əmək haqqını bir tamaşadan
qazanırlar. Eyni zamanda Azərbaycanda teatr adamı
dövlətin nəzarətindədir və onun
qayğısını hiss edir. Bu illər ərzində
prezidentin sərəncamlarına əsasən 130 nəfərə
hər ay 500 manat məbləğində təqaüd verilib.
77 nəfər ömürlük hər ay 1000
manat prezident təqaüdünə layiq görülüb.
2006-cı ildən sonra 677 nəfər sənət
adamı müxtəlif fəxri adlar, orden və medallarla təltif
olunub. Hər bir fəxri adın
arxasında maddiyyat dayanır. Dünyanın
heç bir ölkəsində dövlət tərəfindən
sənət adamına bu cür diqqət və qayğı
göstərilmir.
- Bu suala
nazir müavini kimi yox, teatrşünas kimi cavab verməyinizi
xahiş edirəm: Azərbaycan teatrında
yaradıcılıq və intriqa nöqteyi-nəzərdən
Sizi narahat edən tərəflər hansıdır?!
-
Bilirsiniz, teatr ətrafında söhbətlər həmişə
olub, bundan sonra da olacaq. Gəlin, biz insanların
teatra olan marağından danışaq. Hesab
edirəm ki, insanın teatra ilkin hazırlığı onun
ailəsindən başlamalıdır. İkinci
addım, əlbəttə, orta məktəbdən gəlir.
Orta məktəblərin tədris proqramında ədəbiyyata
ayrılan yerin içində dramaturgiya qol kimi yox, həm də
teatr sənəti kimi tədris olunmalıdır. Yəni bu sevgi cəmiyyətə təlqin
olunmalıdır. Artıq Təhsil Nazirliyi bizim bir
neçə teatrla pilot layihələr üzərində
işləyir. Ümidvaram ki, bu, genişlənib
bütün respublikanı əhatə edəcək.
- Təhsil
Nazirliyi məktəblərdə teatrlara bilet
satışını qadağan edib...
- Belə
bir problem yoxdur. Ümumiyyətlə, teatra getmək istəyən
adam heç yerdə bilet satılmasa da,
gedib kassadan alacaq. Bu gün Təhsil Nazirliyi bizim bir neçə
böyük teatrımızla çoxlu sayda layihələr
qurub və bu istiqamətdə iş gedir. Deyək
ki, bütün məktəblərdə bilet satışı
təşkil olundu, nə olacaq?! Əgər
istək və sevgi yoxdursa, deməli, şagird bilet almayacaq.
Mənim dediyim odur ki, teatra şəfqət və məhəbbət
əvvəl ailə, sonra orta, daha sonra ali
məktəb səviyyəsində təlqin olunmalıdır.
Məsələn, Bakı Ali Neft məktəbinin
rektoru Elmar Qasımov başda olmaqla tələbələr hər
ay müxtəlif teatrlara tamaşaya baxmağa gedirlər.
Yaxud bizim nazirlərimiz, məsələn,
hörmətli Səlim Müslümov öz əməkdaşları
ilə bərabər tamaşalara bilet alır. Yaxud “ASAN
Xidmət”in rəhbəri İnam Kərimov çoxlu sayda
insanın teatra cəlb olunmasında bizə yardım edir,
özü tez-tez teatrlara gedir. Bu cür nazirlərimiz,
vəzifə sahiblərimiz var. Amma mən bütövlükdə
cəmiyyətin hazırlığı haqqında
danışıram. Sizin əvvəlki
sualınızdakı yaradıcılıq məsələsinə
gəldikdə, əlbəttə, bütün tamaşalar
hadisə sayıla bilməz. Biz bunu tələb də
etmirik! Cəmiyyətdə böyük əks-səda
doğuran tamaşalar hər teatrda iki-üç ildə bir dəfə
ola bilər. İl ərzində
100-110 tamaşa hazırlanırsa, bunun hər birinin hadisə
olması mümkün deyil. Dünyanın
heç bir teatrında belə anlayış və təcrübə
yoxdur ki, bütün tamaşalar hadisə olsun.
-
Sıravi tamaşaçı kimi zövqlə
baxdığınız tamaşaların adını
soruşsam...
- Sizə
bir söz deyim. Mənə, əlbəttə,
sual verə bilərsiniz ki, sevdiyiniz dramaturq, sevdiyiniz kitab,
sevdiyiniz tamaşa hansıdır? Amma
tutduğum vəzifəyə görə bir çox
yaradıcılıq ittifaqları ilə sıx təmasdayam, əməkdaşlıq
edirəm və bir neçə yaradıcılıq sahəsi
üzrə dövlət ekspert komissiyalarının sədriyəm.
Ona görə mənim konkret adlar çəkməyim bir az başqa cür yozula bilər.
- Bizdə
olan məlumata görə, teatrlar reklam və kommunal xərclərin
ödənilməsində çətinlik çəkirlər.
Bu haqda nə düşünürsünüz: gələcəkdə
nazirlik onlara kömək edə bilərmi?! Yoxsa
bu xərcləri teatrlar ödəməlidir?
- Dövlət
qanunla tənzimlənən qaydada Azərbaycanda fəaliyyətdə
olan bütün dövlət və xalq teatrlarının
işçi personalının əməkhaqqını tam
ödəyir. O cümlədən əməkhaqqından irəli
gələn bütün vergiləri öz üzərinə
götürüb. İkincisi, dövlət proqramına
uyğun olaraq il ərzində teatrların
əksəriyyəti ildə dövlət sifarişi ilə
bir neçə tamaşa hazırlayır. Teatrların
xarici ölkələrə qastrol səfərlərinin maliyyəsi
dövlət tərəfindən ödənilir. Teatrlarımızın
aparıcı əməkdaşlarının xarici ölkələrdə
staj keçməsini, xarici ölkələrdən Azərbaycana
dəvət alan və tamaşalara rəssam,
bəstəkar kimi quruluş verən insanların xərcini
yenə dövlət ödəyir. Teatr və
konsert müəssisələrində keçirilən tədbirlərin
icarə xərcləri endirimli tariflərlə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən ödənir. Bunlar çox böyük vəsaitlərdir. Deməli, teatr bilet satışından əldə
olunan vəsaitlə kommunal xərcləri ödəməlidir,
yeni tamaşalar hazırlamalı və səhnə əsərlərinin
reklamına vəsait ayırmalıdır. Bunu da deməyi lazım bilirəm ki, dövlət
olaraq Mədəniyyət və Turizm Nazirliyi respublikada göz
oxşayan 70 ədəd teatr tumbası yerləşdirib.
2019-cu ilə qədər həmin tumbaların
sayını 200-ə qədər artıracağıq.
Bu il 15 teatra 15 komplekt səhnə geyimi və
qrim ləvazimatları xaricdən gətirilib hədiyyə
verildi. Beş teatrımıza avtobus verilib.
Bu, çox böyük məbləğ və
köməklik deməkdir. Deməli,
teatrın öhdəsinə vicdanla çalışmaq və
daha çox tamaşaçı cəlb etmək
düşür ki, əldə olunan vəsaitin bir hissəsini
yeni tamaşaların hazırlanmasına sərf etsin, bir hissəsi
ilə sosial xərcləri ödəsin və maddi güzəranlarını
yaxşılaşdırsın.
- Real
danışsaq, hər halda, çətinliklər var...
- İnsanlar stabil olaraq əməkhaqlarını
alırlar, amma bu hər şey demək deyil. Təkrar edirəm: bir var
paytaxtdakı böyük teatrlar, bir də var regionlarda fəaliyyət
göstərən, tamaşaçı problemi olan teatrlar. Əlbəttə, ucqar rayonlarda olan teatrlarda bu
problemlər mövcuddur. Bizim də arzumuz
odur ki, tamaşaçıların sayı artsın və
maddi durum yüksəlsin. Ümumiyyətlə,
Azərbaycanda fəaliyyət göstərən heç bir
teatrın kommunal xərc deyilən problemi yoxdur.
- İstəyirəm, söhbətimizi kino müstəvisinə
gətirək.
Azərbaycan kinosu haqqında teatrdan
danışdığınız nikbinliklə söz
açmağa əsas varmı?
- Mən
sevinirəm ki, təmsil etdiyiniz APA agentliyinin “Azərbaycanfilm”
kinostudiyası ilə birbaşa təması var. Cənab
prezidentin sərəncamına əsasən təsdiq
olunmuş dövlət proqramına söykənərək
son üç-dörd ildə Azərbaycan kinosu çox
böyük sıçrayış edib. Bilirsiniz,
faktla danışmaq lazımdır. Azərbaycan
kinosunun sorağı Kann və Venesiya festivallarından gəlir.
İl ərzində Azərbaycan kinosu minimum 18
festivalda iştirak edib. Bu göstəricidir.
Mən yenə hansısa filmin, yaxud rejissorun
adını məqsədli şəkildə çəkmək
istəmirəm.
- Məsələn, “Nabat” filmi...
- Bəli. Bütün mənalarda son dərəcə uğurlu və parlaq filmdir. Bu gün istər sənədli, istər animasiya, istərsə də bədii filmlərdə böyük inkişaf var. Kinostudiyanın yenidən qurulması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva özü şəxsən bir neçə böyük şirkətlə görüşlər keçirib. Kinostudiyanın dünya standartları səviyyəsində qurulması üçün cənab prezidentin ciddi tapşırıqları var.
- Animasiya filmləri və “Mozalan” studiyasının işlərində bir neçə illik böyük boşluq yarandı və bu, hələ də davam edir. Bu yaxınlarda “Mozalan” studiyası yeni müsabiqə elan edib, işlərin yenidən canlandırılması üçün addımlar atmaq niyyətindədir. Sözügedən istiqamətlərdə boşluq olması ilə razılaşırsınızmı?
- Razılaşıram. Bu yaradıcılıq məsələsidir və sirr olan nə isə yoxdur. “Mozalan”ın yarandığı və fəaliyyətdə olduğu dövr tamam başqa quruluş idi. Bu gün isə tamam başqa dövrdə yaşayırıq. Animasiya filmləri sahəsində çalışan və mənim böyük hörmət bəslədiyim istedadlı insanlar var. Amma biz yalandan durub deyə bilmərik ki, dünya səviyyəsində animasiya filmləri çəkirik və dünya bazarına tədavülə buraxmaq niyyətindəyik.
525-ci qəzet.- 2014.- 18 dekabr.- S.7.