"Yüzillər keçsə də bu ayrılıqdan..."
XALQ ŞAİRİ, "21 AZƏR" HƏRƏKATININ İŞTİRAKÇISI SÖHRAB TAHİR AZƏRAZƏRLƏ SÖHBƏT
(Əvvəli ötən sayımızda)
O taylı-bu taylı Azərbaycanın bütövlük
simvolu olan ədəbiyyatımızın canlı klassiki Söhrab Tahir həsrət və dözüm şairi, xalqımızın azadlıq
mübarizəsinin bənzərsiz
tərənnümçüsüdür.
Onun şəxsində sanki iki şair birləşmişdir.
Oxucuya elə gəlir ki, o, şeirlərinin bir hissəsini Bakıda, digər hissəsini isə Təbrizdə yazır.
Təbriz şeirləri azadlıq
hayqırır, nifrət
və qəzəb püskürür. Bakı şeirləri
isə gülümsəyərək
səadət nəğməsi
oxuyur. Bu iki motiv onun
poeziya qartalının
iki möhkəm qanadıdır.
Xalq şairi
Xəlil Rza S.Tahirin poeziyasını Araz üstündə bitmiş nəhəng palıd ağacına bənzətmişdir. Bu ağac sərhəd xəttinə
məhəl qoymadan ayrılmaz bütöv Azərbaycan torpağından
şirə çəkir,
Arazın qan rəngli suyundan içir və başı üstündəki
günəşdən yarpaq-yarpaq
udaraq böyük baharı gözləyir...
Söhrab Tahir məslək və tale şairi, daha dəqiq desək, taleyini yazan şairdir. O, keşməkeşli
və maraqlı bir həyat yolu keçmişdir. Elə söhbətimizə də
onun nisgilli və həsrət dolu həyat yolundan başladıq.
- İlk kitabınız
nə vaxt çap olundu?
- O illərdə ədəbi
almanaxlarda, süqut etmiş Milli Hökumətə, ayrılıq
və həsrətə
həsr olunmuş çoxlu şeirlərim çıxırdı. Mən həm
də ərəb əlifbası ilə çıxan "Azərbaycan"
qəzetində işləyirdim.
Bir gün rəhmətlik İsmayıl Şəms redaksiyaya gəldi. O,
gözəl ərəbşünas
idi və Azərnəşrdə işləyirdi.
Dedi ki, səni "Azərnəşr"in
direktoru Qılman İlkin çağırır.
Qılman müəllimin otağında
ədəbi şuranın
iclası gedirdi.
Şuranın üzvləri Süleyman
Rüstəm, Əli Vəliyev, Süleyman Rəhimov, Bayram Bayramov və başqaları hansı məsələnisə müzakirə
edirdilər. Qılman
İlkin soruşdu:
"A bala, nə istəyirsən?" Dedim:
"Qılman müəllim,
məni siz çağırmısınız, Söhrab Tahirəm..."
Qılman müəllim gülməyə
başladı, o birilər
də ona qoşuldular. Doğrusu, pərt
oldum. Q.İlkin dedi: "Bilirsən, niyə gülürük?
Sənin
almanaxlardakı şeirlərini
oxumuşuq. Elə təsəvvür
edirdik ki, saçlı-saqqallı, yaşlı
bir kişisən.
Sənsə cavan oğlansanmış.
Nə isə kitabını çap eləmək istəyirik. Bir həftəyə
şeirlərini hazırla,
nəşriyyata təhvil
ver".
"Ay işığında" ilk şeirlər
kitabım belə işıq üzü gördü. Onda mən Azərbaycan
Dövlət Universiteti
Filologiya fakültəsinin
dördüncü kurs
tələbəsi idim.
Hörmətli professorumuz
Əli Sultanlı bir gün mühazirəsini
yekunlaşdırandan sonra
ciddi şəkildə
dedi: "Söhrab, sən mənim qızımı niyə ağlatmısan?" Çaşıb
qaldım: "Professor, mən
sizin qızınızı
heç tanımıram,
onu necə ağlada bilərəm?"
Dedi: "Yox, ağlatmısan, özü
də çox bərk ağlatmısan".
Sonra gülə-gülə
dedi ki, qızım onuncu sinifdə oxuyur. Anası görüb ki, qız otağına çəkilib ağlayır.
Bərk narahat olur. Nə qədər təkid etsə də, qız heç nə demir. Bir xeyli keçəndən
sonra onun otağına girib görür ki, qız gözüyaşlı
yatıb, "Ay işığında"
kitabı da sinəsinin üstündə.
Böyük insanların zarafatları da unudulmaz olur. Əslində, Əli
Sultanlı bu hərəkəti ilə mənim ilk
kitabımı təqdir edir,
yaradıcılığımı bəyəndiyini
bildirirdi...
1956-cı ildə çıxan ilk kitabım şeirsevərlər
tərəfindən maraqla qarşılandı və məni ədəbi
yaradıcılıqla daha ciddi məşğul olmağa
ruhlandırdı. İndiyədək 21 cild əsərlərim
çap olunub. 57 poemanın, 18 romanın,
75-dən çox hekayənin müəllifiyəm. Hələ çap olunmamış xeyli məqaləm,
yol qeydləri və xatirələrim, məktublarım var.
Sağlıq olsun, imkan daxilində onları da çap
üçün hazırlayacam.
-Söhrab
müəllim, özünüzün də dəfələrlə
qeyd etdiyiniz kimi, sizin yaradıcılığınızda
M.Qorki adına iki illik Ali Ədəbiyyat
kursunun çox müsbət təsiri olub...
-Bəli,
doğru deyirsiniz. 1959-cu ildə Məmməd
Arazla birlikdə Moskvaya oxumağa getdik. Moskva
həyatı, kursa gələnlərin fəallığı,
buradakı yaradıcılıq mühiti, sözün əsl
mənasında məni valeh etdi. İki-üç
aya rus dilində sərbəst danışmağı öyrəndim.
Bizə hər yerdə hörmətlə
yanaşırdılar. Cənubdan
olduğum üçün mənə "şahzadə"
deyirdilər. Ölkənin müxtəlif guşələrindən
gələn 40 nəfər istedadlı gənclə ünsiyyət
qurmaq, onların yaradıcılıqları ilə tanış olmaq mənim üçün
çox maraqlı idi. Astafyev, Yevtuşenko, Şoloxov, Simonov və
başqa məşhur yazarlarla tez-tez görüşlər təşkil
olunurdu. Ölkənin hansı naziri ilə
görüşmək istəyirdiksə, bir həftəyə
onunla görüş təşkil edilirdi.
Bircə Şoloxovla görüş iki ay gecikdi. Görüşdə
də heç nə danışmadı, onun əvəzinə
biz danışdıq. Simonov isə hamımızı
heyran etdi: həm nəğməkar şair, həm də
gözəl nasir idi. O illərdə "Ölülər və
dirilər" əsəri çox məşhur idi. Deyirlər ki, onun "Sənsiz-səninlə"
şeirlər kitabının birinci nəşri cəmi
üç nüsxədən ibarət olub. Kitabın siqnal nüsxəsini Stalinə verirlər.
O, kitabı oxuyandan sonra Simonovu yanına
çağırıb deyir: "Kitabın çapına icazə
verdim. Ancaq üç nüsxə çıxacaq - biri sənin,
biri mənim, biri də arxivin...".
Yaradıcı adamlarla, ictimai-siyasi xadimlərlə
görüşlər, muzeylərə, tarixi yerlərə səyahətlər,
qızğın ədəbi diskussiyalar bizi mənən zənginləşdirirdi. Bir də iki il
Məmməd Arazla birlikdə olmaq, onunla dostluq etmək
böyük xoşbəxtlik idi. Məmməd şeirləri qədər
saf, duru adam idi. Təfəkkürü
də çox aydın və işıqlı idi. Şeir oxuyanda onu tanımaq olmurdu, gözləri gur
projektor kimi işıq saçır, ruhu qanadlanırdı.
Onun fəlsəfi-lirik şeirləri klassik və
müasir Azərbaycan ədəbiyyatının ən qiymətli
inciləri sırasındadır.
-Sizin
yaradıcılığınızda ana nisgili
qırmızı xətt kimi keçir...
-Hər
bir insanın anası onun üçün əzizdir. Ancaq mən ağlım söz kəsəni
anamın necə ağır məhrumiyyətlərə
qatlaşdığının şahidi olmuşam. 11 illik sürgün həyatı, ailə-məişət
qayğıları onun qəddini əymişdi. Atam düşdüyümüz bəlaların səbəbini
onun Surəviyə qaçan dayılarında
görürdü. Anam atamın qorxusundan
evdə ağlaya bilmirdi, ürəyini boşaltmaq
üçün qonşuya gedirdi. Sürgündə
uzun illər ayaqqabı almağa imkanımız
olmadığı üçün atamın
ayaqqabılarının burnuna corab tıxayıb geyirdi. Özü haqda fikirləşmək belə istəmirdi.
Fikri-zikri övladları, bir də atam idi.
Bir də mən anamdan çox erkən
ayrılmışdım və bu nisgil də ürəyimi
dağlayırdı.
Ana... səsləyirəm
əyilir başım,
Tutur gözlərimi isti göz yaşı.
Dönüb
mən Araza baxıram, birdən
Elə
bil o coşqun sular içindən
Anam xəyal
kimi boylanır baxır,
Qəmli
gözlərindən onun yaş axır...
Anam da mənim üçün çox
darıxırdı. Bunu onun dörd-beş aya gəlib
çıxan məktubları da deyirdi. Mənim
o taya getməyim mümkün deyildi. Onun
bura gəlməsinə isə müxtəlif əngəllər
yaradırdılar. İranın təhlükəsizlik
idarəsi 7 il anamı
süründürdü. Axırda anam gedib girmişdi idarənin
rəisi general Müqəddəmin qəbuluna: "Mən
qocalmışam, bil ki, oğlumu görməsəm, ölməyəcəm.
Babalım da qalacaq sənin boynunda!" İranlılar belə şeydən çox
qorxurlar. General durub anamın
çiynini qucaqlayır: "Mənə qarğış eləmə,
ay bacı. Bir həftəyə sənə viza
verəcəyəm".
Anam Rəşt şəhərindən Quriyev gəmisi
ilə gəldi. Yalan olmasın, Bakının
yarısı dəniz vağzalına
yığılmışdı. Yazıçılar,
şairlər, jurnalistlər, ədəbi ictimaiyyətin
nümayəndələri onu tək mənim anam kimi yox, millətin
anası kimi qarşıladılar. Elə
bil Təbriz Bakıya qonaq gəlmişdi. Qələm
dostlarım Mir Cəlal, Nəbi Xəzri, Cabir Novruz, Məmməd
Araz, Xəlil Rza, Nəriman Həsənzadə və
başqaları anamı qarşılayanlar arasında idilər.
...Anam məni
tanımadı. 1925-ci ildə bu taya
keçmiş kiçik qardaşı İsrafilə
oxşatdı. Dedi: "İsrafil, sənsən? Bəs Söhrab hanı?" Cavab verdim ki, ay
ana, mən Söhrabam, İsrafil dayım indi gələcək...
Ürəyinin başına bir yumruq vurdu və
yıxıldı. Sərhəd Xidmətinin
əsgərləri mane olmaq istəsələr də,
özümü irəli atıb onu qollarımın
üstündə qaldırdım. Çox
təsirli mənzərə yaranmışdı. Körpüdən düşəndə özünə
gəldi. Dedi: "Qoy məni yerə". Sonra sarıldı boynuma və başladı
ağlamağa.
Anamla bərabər onu qarşılamağa gələnlər
də ağlayırdılar. Anam çevrilib onlara baxdı:
"Bunlar niyə ağlayırlar?" Dedim: "Sevincdən
ağlayırlar. İki aydır ki, hər gün gəlib
burda Quriyev gəmisini gözləyirəm ki, gəmi gələr,
xəbərim olmaz..."
Anamı apardım evə. Hər gün dəstə-dəstə
adamlar görüşünə gəlirdilər. Onu Gəncəyə,
Göygölə, Şamaxıya, Qubaya aparıb gəzdirdim.
O ərəfədə Moskvada yazıçıların tədbiri
vardı. Onu da aparmaq istədim, getmədi.
Zarafatla dedi ki, oğlum məni Moskvaya aparıb şair eləmək
istəyir. Altı ay güc-bəla ilə Bakıda saxlaya
bildim...
-
Söhrab müəllim, o tayda nə itirdiniz, bu tayda nə
qazandınız?
- O tayda
cavanlığım qaldı, bu tayda taleyim formalaşdı. Bura təhsil almağa gəlməsəydim, bəlkə
də, atam kimi dəmirçi olacaqdım, ya da zabit. Burada öz doğma dilimdə ürəyimcə təhsil
aldım, cild-cild kitablarım, əsərlərim çap
olundu. Allah ulu öndərimiz Heydər
Əliyevə rəhmət eləsin. Şüvəlanda
yazıçıların yaradıcılıq evinin
açılışına gəlmişdi.
Çıxış üçün söz mənə veriləndə
müxtəlif məsələlərdən
danışdım, sözarası da dedim
ki, özümü burda qərib hiss edirəm.
Sözümü kəsdi: "Şair, dayan. Sən
niyə özünü qərib hesab edirsən? Biz bir ata-ananın övladlarıyıq. Sənə heç qardaş deməyə
haqqımız yoxdur. Qardaş özbəyə,
qazaxa, qırğıza deyə bilərik. Sən qərib deyilsən, öz doğma vətənində,
evindəsən". Bu sözlərdən sonra gurultulu
alqışlar salonu titrətdi... Heydər Əliyev xalq şairi
fəxri adına təqdim olunanların siyahısına baxanda
deyibmiş: "Mənə Yazıçılar Birliyinin
birinci üzvlük vəsiqəsini verəndə demişdiniz
ki, sizin işinizə qarışmağa, məsləhətlər
verməyə haqqım var. Ona görə məsləhət
görürəm ki, bu siyahıya Söhrab Tahirin də
adını əlavə edin". Bütün bunları ona
görə deyirəm ki, mən bu tayda həmişə
böyük qayğı, diqqət görmüşəm. Bir
balaca kefsiz olanda qələm dostlarım pərvanə kimi
başıma fırlanıblar. Ağsaçlı müəllimlərimi
- Muxtar Hüseynzadəni, Cəfər Xəndanı, Əli
Sultanlını, Əlövsət Abdullayevi, Abbas Zamanovu və
başqalarını dərin minnətdarlıqla
xatırlayıram. Bir dəfə mənə sual verdilər
ki, Savalan üçün çox darıxırsan? Dedim,
çox darıxardım, əgər burdakı Salavan
vüqarlı kişilər olmasaydı...
Qismətimə
ayrılıq, nisgil və kədər düşsə də,
taleyimdən narazılıq etməyə haqqım yoxdur. Xalq
şairi kimi yüksək fəxri ada, "Şöhrət"
ordeninə, fərdi Prezident təqaüdünə layiq
görülmüşəm. Hər gün oxuculardan onlarca məktub
alıram. Əsərlərimin yenə də həvəslə
oxunduğunu, onların təkrar nəşr edildiyini eşidəndə
qəlbin fərəh hissi ilə dolur...
Söhbətimizin
sonunda bir məqamı da vurğulamaq istəyirəm. Həsrət
nə qədər üzücü olsa da, xalqımız
mütləq vüsala qovuşacaq - parçalanmış Azərbaycan
mütləq birləşərək bütövləşəcək.
Yüzillər
keçsə də bu ayrılıqdan,
Öz
birlik haqqını bu xalq alacaq!
Bir
gün mənim xalqım birləşən zaman
Dünyada
ən zəngin bir xalq olacaq!
-Arzularınız
çin olsun, Söhrab müəllim və o tarixi gündə
də belə gənclik coşqusu ilə vüsal nəğmələri
oxuyasınız!
Əlipənah
BAYRAMOV,
Əməkdar mədəniyyət
işçisi, H. B. Zərdabi
mükafatı laureatı
525-ci qəzet.-
2014.- 18 dekabr.- S.6.