"BDU ötən 95 ildə elm və təhsilin
inkişafına böyük töhfələr verib"
Bakı Dövlət
Universiteti - 95
Ümummilli
lider Heydər Əliyevin "Azərbaycan xalqının milli
sərvəti" adlandırdığı, mənəvi
böyüklüyümüzün simvolu, elm, təhsil və
mədəniyyətimizin əzəmətli məbədi,
şərqin ilk dünyəvi ali məktəblərindən
biri, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, XX əsrdə
çətin, eyni zamanda böyük inkişaf yolu
keçmiş Bakı Dövlət Universitetinin 95 yaşı
tamam olur. Yubiley öncəsi Bakı Dövlət Universitetində
Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir
üzvü, professor Aydın Kazımzadə ilə həmsöhbət
olduq.
-
Aydın müəllim, Azərbaycan təhsil müəssisələrinin
flaqmanı 95 illiyini qeyd etməyə hazırlaşır.
İstərdik ki, yubiley hazırlıqları barədə
danışasınız...
-
Bilirsiniz, Bakı Dövlət Universitetinin 95 illik yubileyinə
qədər 6 dəfə yubiley tədbiri keçirilib. Fərəhləndirici
haldır ki, 10 illik yubiley istisna olmaqla, bu altı yubileydən
dördü - 50, 60, 75 və 80 illik yubileylər ulu öndər
Heydər Əliyevin təşəbbüsü və Sərəncamları
əsasında keçirilib və o, yubiley tədbirlərində
şəxsən iştirak edib. Bu, ümummilli liderimizin
böyüklüyü, fenomenliyi, təhsilə və elmə
olan münasibəti, məzunu olduğu Bakı Dövlət
Universitetinə qəlbən bağlılığı idi.
Ümummilli liderin layiqli davamçısı, möhtərəm
prezidentimiz cənab İlham Əliyev də Bakı Dövlət
Universitetinə daim diqqət və qayğı ilə
yanaşır. Bakı Dövlət Universitetinin 90 illik yubileyi
onun 24 aprel 2009-cu il tarixli sərəncamı əsasında
keçirilib. 2008-ci ilin 15 sentyabrında Bakı Dövlət
Universitetinin yeni korpusunun açılış mərasimində
və 2 noyabr 2009-cu ildə Universitetin 90 illik yubiley tədbirində
onun söylədiyi xoş sözlər, heç şübhəsiz,
bizi elmdə və təhsildə daha yüksək uğurlar
qazanmağa, yaradıcılıq axtarışlarını
inamla davam etdirməyə istiqamətləndirir.
95 illik fəaliyyəti
dövründə ilk ali təhsil ocağı kimi Bakı
Dövlət Universiteti ölkə həyatının
bütün sahələrinə nüfuz edərək elm və
təhsilin inkişafı sahəsində mədəni
keçmişimizin öyrənilməsində, habelə milli
özünüdərkin formalaşmasında əvəzsiz
xidmətlər göstərmişdir. Fəaliyyət göstərdiyi
dövr ərzində yüz əlli minə yaxın mütəxəssis,
o cümlədən, dünyanın bir çox dövlətləri
- Orta Asiya və Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi
Asiya, Latın Amerikası, Afrika ölkələri
üçün yüzlərlə yüksəkixtisaslı
kadr hazırlamışdır.
-
Universitetin uğurları həm də onun beynəlxalq əlaqələri
ilə ölçülür. BDU-nun xarici ölkə
universitetləri ilə əlaqələri haqqında nə
deyə bilərsiniz?
- Tamamilə
doğrudur. Bakı Dövlət Universiteti dünyanın 60
ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq
haqqında müqavilə imzalayıb. BDU 1991-ci ildən
Avrasiya, 1996-cı ildən Xəzəryanı Ölkələr,
1997-ci ildən Qara Dəniz Ölkələri, 2003-cü ildən
Avropa, 2010-cu ildən Qafqaz Universitetləri
Assosiasiyalarının üzvüdür. Beynəlxalq və
regional səviyyədə əməkdaşlıq
universitetin inkişafına, beynəlxalq
reytinqinə çox böyük təsir göstərir.
Artıq dörcüncü ildir ki, BDU "QS World University
Rankings" reytinqinə görə dünyanın 20 min
universiteti arasında 700 top universitetinin, həmçinin Beynəlxalq
Akademik Perspektivlər İnstitutu tərəfindən
dünyanın 2000 ən yaxşı universitetinin
siyahısına daxil edilib. Ötən il BDU MDB-yə üzv
ölkələr üzrə 153 universitet arasında
aparılan sorğuya əsasən 40-cı pillədə qərarlaşıb.
Reytinq siyahısına Azərbaycan universitetlərindən
yalnız BDU düşüb.
- Ölkənin
ən böyük universitetinin tələbə, müəllim
kontingenti, onların elm və təhsilimizə verdiyi töhfələr
barədə bilmək də maraqlı olardı.
- Bu
gün BDU-da ali təhsilin hər üç səviyyəsində
- bakalavriat, magistratura və doktorantura səviyyələrində
kadr hazırlığı Avropa kredit transfer sisteminə
uyğun həyata keçirilir. Hazırda universitetin 17
fakültəsində müxtəlif elmi istiqamətlərdə
bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura
səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə,
magistrant və doktorant təhsil alır. İxtisaslar üzrə tədris
prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil
standartlarına uyğun hazırlanmış tədris
planları əsasında həyata keçirilir. Təhsil 3
dildə - Azərbaycan, rus və ingilis dillərində
aparılır. Universitetdə dünyanın bir çox
ölkələrindən 1000-ə yaxın tələbə də
təhsil alır. Universitet tələbələrinin təlim-tərbiyəsi
ilə 125 kafedrada öz vəzifələrini şərəf
və ləyaqətlə yerinə yetirən 1500-ə
yaxın professor-müəllim heyəti məşğul olur
ki, onlardan təxminən 300-ə qədəri elmlər
doktoru, professor, 900-dən çoxu elmlər namizədi,
dosentdir. Bununla yanaşı, BDU-da Tətbiqi Riyaziyyat və
Fizika Problemləri elmi-tədqiqat institutları, Azərbaycan
dili, ədəbiyyatı və tarixinin klassik məsələlərini,
genetika, nanotexnologiya, nanomaterialların alınması və s.
problemləri ehtiva edən çox geniş spektrdə
mövzular üzrə elmi araşdırmalar aparan 24 elmi tədqiqat
laboratoriyası və 3 elmi tədqiqat mərkəzi, 3 milyona
yaxın fonda malik elmi kitabxana fəaliyyət göstərir.
BDU əməkdaşları elm və tədris fəaliyyəti
ilə yanaşı respublikanın ictimai-siyasi həyatında
fəal iştirak edirlər və daima dövlət
qayğısı ilə əhatə olunurlar. Onlardan 200 nəfəri
dövlətin ali orden və medalları ilə təltif
edilmişdir. 21 nəfəri AMEA-nın həqiqi və ya
müxbir üzvü, 12 nəfəri Milli Məclisin
üzvüdür. Təkcə onu demək kifayətdir ki,
BDU-nun 90 illik Yubileyində 107 nəfər dövlət tərəfindən
təltif edilib. O cümlədən 1 nəfərə
"İstiqlal" ordeni, 1 nəfərə "Şərəf"
ordeni, 1 nəfərə Əməkdar jurnalist, 1 nəfərə
Əməkdar mühəndis, 1 nəfərə Əməkdar
mədəniyyət işçisi, 2 nəfərə Əməkdaş
hüquqşünas, 9 nəfərə Əməkdar elm
xadimi, 32 nəfərə Əməkdar müəllim fəxri
adları, 7 nəfərə Prezidentin fərdi təqaüdü,
14 nəfərə Şöhrət ordeni, 38 nəfərə
Tərəqqi medalı verilib.
- Bir qədər
də yerli və beynəlxalq layihələr haqqında məlumat
almaq istərdik.
- Son illər
Bakı Dövlət Universitetinin alimləri tərəfindən
elm və təhsil sahəsində ümumi məbləği
5-6 milyon ABŞ dolları olan 80-dan çox layihə həyata
keçirilir. Universitet alimlərinin apardığı bu
işlər dünyanın bir sıra qabaqcıl universitetləri
ilə bərabər yerinə yetirilir və dünya elmi
ictimaiyyəti tərəfindən dəstəklənərək
qəbul edilir. Bu layihələrin 50-dən çoxu Avropa
Birliyi, Fransa Milli Elmi
Araşdırmalar Mərkəzi, Beynəlxalq Nəzəri
Fizika Elmi Mərkəzi, Amerika Hüquqşünaslar
Assosiasiyası, İsveçrə Milli Elm Fondu və digər
beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən
innovativ beynəlxalq layihələrdir. Elmi layihələr daha
çox fundamental elmlər sahəsində, əsasən kimya,
biologiya, fizika və riyaziyyat fakültələrinin əməkdaşları
tərəfindən həyata keçirilir. Həyata
keçirilən layihələr sırasında nonotexnologiya
sahəsindəki layihələr də xüsusi yer tutur. Təkcə
son 5 ildə Nanotədqiqatlar
istiqamətində ümumi dəyəri 5 milyon ABŞ
dolları olan qrant layihələri yerinə yetirilib. Bu layihələr
çərçivəsində universitetə ən müasir
cihazlar və avadanlıqlar alınıb. Universitet alimlərinin
nanotexnologiya istiqamətində 70-dən artıq məqaləsi
Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda, 100-dən
artıq məqalə digər elmi jurnallarda dərc edilib. Azərbaycan
alimlərinin apardığı tədqiqatların nəticələri
dünyanın inkişaf etmiş ölkələrində
keçirilən bir sıra beynəlxalq konfrans və simpoziumlarda
müzakirə edilib və monoqrafiyalar şəklində nəşr
edilib.
Bakı
Dövlət Universiteti bu ilin başlanğıcında da yeni
beynəlxalq layihələrin qalibi olmuşdur. Avropa Birliyinin
Tempus layihəsi çərşivəsində BDU alimlərinin
İtaliya, Fransa, Yunanıstan alimləri ilə birlikdə qalib olduqları ECONANO qrant layihəsi
həyata keçirilir. Yeni ilin başlanğıcında
Biologiya fakültəsində 4 yeni beynəlxalq layihə
qazanılıb ki, onların da ümumi dəyəri 4 milyon
ABŞ dollarından çoxdur.
Bütün
bu işlərin nəticəsidir ki, son illər BDU-da elm və
təhsil sahəsində yüksək nailiyyətlər əldə
edilir. Təkcə onu demək kifayətdir ki, 2013-cü ildə
BDU alimləri tərəfindən 2681 məqalə və 1176
tezis, o cümlədən nüfuzlu xarici jurnallarda 694 məqalə
çap etdirilmişdir ki, onlardan da 165-i, qəni hər 4 məqalədən
biri yüksək reytinqli impakt faktorlu jurnallarda çap
olunmuşdur. İmpakt faktorlu jurnallarda çap edilən məqalələrin
sayı respublika üzrə indekslənən jurnallarda
çap edilən məqalələrin 26 faizini, təhsil
sistemi üzrə isə 53 faizini təşkil edir.
-
Universitetdə Boloniya Bəyannaməsinin tələblərinə
necə əməl edilir? Bu sistemi tam tətbiq edə
bildinizmi?
- Bəli,
bu sistem tam tətbiq edilir. Avropa ali təhsil məkanına
inteqrasiya prosesinin sürətləndirilməsi, ali təhsil sənədlərinin
və ixtisasların qarşılıqlı tanınması, təhsilin
keyfiyyətinin və tələbələrin akademik
mobilliyinin Bolonya Bəyannaməsinin tələblərinə
uyğun artırılması istiqamətində 2011/2012-ci tədris
ilində universitetin mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və
kibernetika, fizika, kimya, hüquq, beynəlxalq münasibətlər
və iqtisadiyyat, sosial elmlər və psixologiya fakültələrində
ingilisdilli qruplar yaradılmışdır. İlk olaraq, 8
ixtisas üzrə təşkil olunmuş ingilisdilli qruplar
hazırda 16 ixtisası əhatə edir. Riyaziyyat, fizika, kimya,
biologiya, kompüter elmləri, ekologiya,
hüquqşünaslıq, beynəlxalq münasibətlər,
tarix, psixologiya, sosiologiya, dünya iqtisadiyyatı, iqtisadiyyat,
turizm və otelçilik, kitabxanaçılıq-informasiya və
jurnalistika ixtisasları üzrə ingilis dilində kadr
hazırlığı həyata keçirilir. Tədris
prosesinə yüksək ixtisaslı yerli kadrlarla
yanaşı, xarici ölkədən dəvət olunmuş
mütəxəssislər də cəlb edilir.
Bolonya Bəyannaməsinin
əsas müddəalarına uyğun olaraq, BDU-nun beynəlxalq
əməkdaşlıq və xarici əlaqələr sahəsində
təcrübəsini nəzərə almaqla, elm və təhsil
sahəsində beynəlxalq əməkdaşlığın
qurulması və inkişaf etdirilməsi məqsədi ilə
tanınmış xarici alimlərin, elm və təhsil xadimlərinin
universitetə dəvət edilməsi, elmi istiqamətlərin
inkişaf etdirilməsi, mühazirələr oxunması,
işgüzar əlaqələrin genişləndirilməsi,
müəllim, doktorant, magistrant və tələbələrin
mobilliyinin artırılması istiqamətində
çoxsaylı addımlar atılmışdır. Yüksək
intellektə malik insan kapitalının formalaşması, gənclərin
xaricdə təhsil almasının dəstəklənməsi
və xaricdəki qabaqcıl elm və təhsil mühitinin Azərbaycana
gətirilməsi məqsədi ilə "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı", eləcə də
Avropa Birliyinin layihələri - TEMPUS-TASİS, ERASMUS MUNDUS,
türkdilli ölkələri əhatə edən Mövlanə
Mübadilə Proqramı və s. əsasında tələbə-müəllim
mübadiləsi aparılır.
- BDU-nun
rektoru Abel Məhərrəmov hər zaman deyir ki, təcrübəni
istehsalata tətbiq etmək lazımdır. Bu istiqamətdə
nə kimi işlər görülür?
- BDU-da tədris
prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və
təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi,
tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq
və peşə fəaliyyəti üçün zəruri
olan praktik bilik, bacarıq və vərdişlərin
formalaşdırılması, müxtəlif elm sahələrində
elmi yeniliklərin və innovasiyaların tədris prosesinə
tətbiqi, müvafiq ixtisas sahələri üzrə
aparıcı mütəxəssislərin tədris prosesinə
cəlb edilməsi və birgə elmi tədqiqatların
aparılması məqsədi ilə AMEA-nın
ayrı-ayrı elmi təşkilatları və institutları
arasında əlaqələr gücləndirilmiş və
birgə tədbirlər həyata keçirilmişdir. Elm-təhsil-istehsalat
əlaqələrinin qurulması istiqamətində bir
sıra istehsalat birlikləri-Müdafiə Sənayesi Nazirliyi,
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti,
Sumqayıt texnologiyalar parkı, Coca-Cola, SOCAR, BP və digər
şirkətlərlə əməkdaşlıq əlaqələri
qurulmuşdur. Belə əlaqələrin qurulması məzunlarımızın
öz ixtisasları üzrə uğurlu karyera qurmalarına
yardımçı olmaqla yanaşı, mövcud vakansiyalar
barədə məlumat əldə edilməsinə də
köməklik göstərir.
Azərbaycan
Respublikası vətəndaşlarının sosial müdafiəsi
sahəsində səmərəli tədbirlərin həyata
keçirilməsi, işçilərin maddi, sosial, mənəvi
və digər həyati tələbatlarının ödənilməsi
ölkədə aparılan sosial iqtisadi siyasətin prioritet
istiqamətini təşkil edir. Ölkə Prezidenti cənab İlham
Əliyevin sərəncamları əsasında, dövlət
büdcəsindən maliyyələşən təşkilatlarda
çalışanların ardıcıl olaraq əmək
haqlarının, eləcə də bir sıra kateqoriyalar
üzrə sosial müavinətlərin artırılması
bu faktın əyani göstəricisidir. Bakı Dövlət
Universitetində çalışan əməkdaşların
da əmək şəraitinin və rifah halının
yaxşılaşdırılması, onların sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində
bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan
Respublikası Prezidentinin "Ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə" 2010-cu il 10 fevral tarixli Fərmanının və
Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli 244 saylı Qərarının
icrasını təmin etmək və BDU-da
çalışan əməkdaşların rifah
halının yaxşılaşdırılması və
sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə
xüsusi komissiya yaradılmışdır. Komissiyanın
ilkin təklifləri əsasında 01 fevral 2013-cü ildən
etibarən BDU əməkdaşlarının və
professor-müəllim heyətinin büdcədənkənar
xüsusi vəsaitdən verilən maddi yardımı müəyyən
qədər artırılmışdır. Komissiya tərəfindən
sonralar davamlı olaraq əməkdaşların
maaşlarının diferensiasiya əsasında
artırılması barədə təkliflər
verilmişdir. Bu təkliflər BDU Elmi Şurasının 28
fevral 2014-cü il tarixli iclasında müzakirə olunmuş və
müvafiq qərar qəbul edilmişdir. Yeni maliyyələşdirilmə
mexanizminə uyğun olaraq, əmək haqqının
diferensiallaşdırılması və elm, tədris və
ictimai fəaliyyət sahəsində fərqlənən və
xüsusi nailiyyətləri olan bir qrup professor-müəllim
heyətinin əmək haqqının artırılması məqsədi
ilə kafedralar üzrə namizədlər müəyyən
edilmişdir. Hər bir müəllimin son 3 il ərzində
elmi fəaliyyəti (indekslənən jurnallarda çap olunan
məqalələrin və beynəlxalq istinadların sayı,
nəşrlər-monoqrafiyalar, məqalələr, beynəlxalq
proqramlarda iştirak, kadr hazırlığı və s.), tədris
fəaliyyəti (nəşrlər -dərslik, dərs vəsaiti,
proqram, tədris-metodiki şura tərəfindən
açıq dərslərin qiymətləndirməsi, tələbələr
arasında sorğunun nəticəsi və s.) və ictimai fəaliyyəti
(universitetin və fakültənin ictimai həyatında fəallığı,
koordinatorluq, BDU və respublika tədbirlərində
iştirak, tələbələrə dövlətçilik
və vətənpərvərlik hislərinin
aşılanmasında rolu və s.) ətraflı təhlil
edilmiş və nümayəndəlik normalarına müvafiq
olaraq, namizədlər müəyyən edilmişdir.
- SABAH
qrupları haqqında nələr demək olar?
-
2014/2015-ci tədris ilindən BDU-da savadlı, bacarıqlı
və hazırlıqlı tələbələrdən ibarət
SABAH qrupları fəaliyyət göstərməyə
başlayıb. Təhsil Nazirliyinin təşəbbüsü
ilə yaradılan SABAH qruplarının əsas məqsədi
Azərbaycanın inkişafına töhfə verəcək,
savadlı, bacarıqlı və hazırlıqlı gənc
mütəxəssislər hazırlamaq, yerli və beynəlxalq
əmək bazarında rəqabətə davamlı səriştəli
kadr hazırlığı həyata keçirtməkdir. BDU-da
12 ixtisası əhatə edən SABAH qruplarında 214 nəfər
tələbə təhsil alır. Fizika müəllimliyi,
riyaziyyat müəllimliyi, kimya müəllimliyi, kimya,
hüquqşünaslıq, beynəlxalq münasibətlər,
kompyuter elmləri, geologiya, coğrafiya, coğrafiya müəllimliyi,
tarix və tarix müəllimliyi ixtisasları üzrə
xüsusi tərtib olunmuş tədris planları əsasında
təhsil alan tələbələr müasir avadanlıqlarla
təchiz olunmuş auditoriya və laboratoriyalarda dərs
keçirlər. SABAH qruplarının koordinasiyasını təmin
etmək məqsədi ilə universitetdə SABAH Mərkəzi
fəaliyyət göstərir. Mərkəz tərəfindən
Azərbaycan gəncləri üçün yeni imkanların
yaradılması, onların fərdi və peşəkar
inkişafına dəstək vermək üçün tələbələr
üçün mütəmadi olaraq konfranslar,
görüşlər, yerli və əcnəbi müəllimlərin
mühazirələri təşkil olunur, əmək bazarı
ilə daimi bağlılıq yaradılması
üçün biznes nümayəndələrinin
iştirakı ilə dəyirmi masalar keçirilir.
Ali təhsilin
bakalavriat və magistratura səviyyələri üzrə tədris
prosesinin gedişinə, imtahan sessiyasının mütəşəkkil
keçirilməsinə, ayrı-ayrı fənlər üzrə
kreditlərin yerinə yetirilməsinə, distant təhsilin tətbiqinin
genişləndirilməsinə və tədrisin keyfiyyətinin
yüksəldilməsinə nəzarətin daha da gücləndirilməsi
məqsədilə 2010-cu ildə BDU Elmi Şurasının qərarı
əsasında Tədris Elektron Mərkəzi
yaradılmışdır. 2008-ci ildən etibarən, Avropa
Birliyinin "Cənubi Qafqazda Elektron Cəmiyyətin
inkişafı" layihəsi çərçivəsində
Bolonya prosesinin prinsiplərinin və "Virtual
Universitet"in təhsil sisteminə tətbiqinin öyrənilməsi
ilə əlaqədar tyutor hazırlığı kursları
başlanmış, nəticədə, BDU və digər ali təhsil
ocaqları üçün 221 tyutor (akademik məsləhətçi)
hazırlanmışdır. Hazırda BDU-da 117 tyutor
çalışır.
Aydın
məsələdir ki, bu gün təhsil elmdən ayrı təsəvvür
edilə bilməz. Sovet dönəmində elm əsasən
akademiya sistemində cəmləşirdi və universitetlər
daha çox təhsil mərkəzi kimi qəbul edilirdi. Lakin
hazırda inkişaf etmiş dünya dövlətlərində
universitetlər ilk növbədə elm mərkəzləri
kimi formalaşır və təhsil prosesi elmi innovasiyalar əsasında
qurulur. Beləliklə universitetlər cəmiyyətin tələbat
və ehtiyaclarını ödəmək üçün elm
- təhsil mərkəzləri kimi formalaşır.
Qloballaşan dünyaya inteqrasiya etmək üçün bizdə
də bu gün universitetlər belə bir missiyanı yerinə
yetirməlidir. Bu baxımdan bu gün universitetlər
AMEA-nın institutları və elmi təşkilatları ilə
daha sıx əlaqəli olmalı, universitetlərin AMEA-da olan
elmi mühitdən istifadə imkanları daha da genişləndirilməli,
birgə elmi-tədqiqat laboratoriyaları və Mərkəzlər
yaradılmalıdır.
BDU-da
artıq bu istiqamətdə də addımlar
atılmışdır. Son bir ildə BDU ilə
Akademiyanın ayrı-ayrı elmi təşkilatları və
İnstitutları arasında əlaqələr gücləndirilmiş
və birgə tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlər çərçivəsində BDU-nun
müvafiq kafedralarının Geologiya və Geofizika,
Aşqarlar kimyası və Coğrafiya İnstitunun nəzdində
filialları və Elm və Tədris Mərkəzi
yaradılmışdır. Humanitar sahədə əməkdaşlıq
məqsədi ilə AMEA-nın İnsan Hüquqları
üzrə Elmi-Tədqiqat İnstitutu və Fəlsəfə
və Hüquq İnstitutu arasında kadr
hazırlığı və elmi-tədqiqat sahələrində əməkdaşlıq müqavilələri
imzalanmışdır və hazırda bu müqavilələr əsasında
birgə işlər həyata keçirilir. O cümlədən Bakı Dövlət Universiteti ilə
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu
arasında növbəti tədris ilindən başlayaraq
İnformasiya hüququ istiqamətində birgə magistr
hazırlığı üzrə əməkdaşlıq
müqaviləsi imzalanmışdır.
Son illər
Akademiyanın 150-dən çox aparıcı mütəxəssisi
və elmi işçisi BDU-da tədris prosesinə,
Universitetin professor-müəllim heyəti isə AMEA-nın
elmi təşkilatlarında elmi fəaliyyətə cəlb
olunmuşdur. Hətta 2013-cü ildə BDU-nun tyutor vəzifəsində
çalışan bir neçə əməkdaşı
Akademiyanın idarəetmə strukturunda işə qəbul
edilmişdir. Hazırda AMEA-nın 11 həqiqi üzvü və
20 müxbir üzvü BDU-nun tədris prosesində bilavasitə
iştirak edir və BDU-nun 6 əməkdaşı Problem
Şuralarında sədrlik edir.
Bakı
Dövlət Universitetinin alimləri 2014-cü ilin noyabr
ayının 10-da və 11-də Bakıda ilk dəfə olaraq
keçirilən Elm Festivalında da fəal iştirak ediblər.
İlk dəfə keçirilən Elm Festivalının əsas
məqsədi Azərbaycan elminin bugünkü nailiyyətlərini
geniş ictimaiyyətə çatdırmaq, müasir elmi
bilikləri təbliğ etmək, həmçinin gəncləri
elmi fəaliyyətə cəlb etməklə elmi tədqiqat
işlərinə marağı artırmaqdan ibarət
olmuşdur. Festival ictimaiyyətin elm və texnika sahəsində
əldə olunmuş yeniliklərlə tanış edilməsi,
elm və cəmiyyət arasında dialoqun yaradılması
baxımından böyük əhəmiyyətə malikdir.
Festival çərçivbəsində təşkil olunan sərgidə
BDU-nun gənc alimləri və tələbələrinin elmi
maraq kəsb edən tədqiqat işlərinin nəticələri
böyük maraqla qarşılanıb.
-
Aydın müəllim, Sovet dövründə istehsalat təcrübələri
xeyli effektli idi. Fikrinizcə, indi vəziyyət necədir?
- Son illər Bakı Dövlət Universitetində tələbələrin nəzəri biliklərlə yanaşı, dünyagörüşlərini zənginləşdirmək, auditoriyalarda əldə etdiklərini praktik vərdişlərlə möhkəmləndirmək üçün çöl-tədris təcrübələri imkanları da genişləndirilir. BDU-nun tələbələri hər il tədris planına və tədris qrafikinə uyğun olaraq tədris və istehsalat təcrübələrində iştirak edirlər. Pedaqoji təcrübədə mexanika-riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, filologiya, tarix, tətbiqi riyaziyyat və kibernetika, beynəlxalq münasibətlər və iqtisadiyyat (politologiya ixtisası üzrə), ekologiya və torpaqşünaslıq fakültələrinin I-IV kurs tələbələri iştirak edir. Pedaqoji təcrübənin keçirilməsində ixtisas müəllimləri ilə birlikdə orta məktəb müəllimləri, pedaqogika, psixologiya kafedralarının müəllimləri də iştirak edirlər. Universitetin tələbələri üçün pedaqoji təcrübəni aparmaq məqsədilə şəhərin bir sıra məktəbləri ilə 5 il müddətinə müqavilə bağlanmışdır. Belə məktəblər sırasına BDU-nun Gənc İstedadlar liseyi, Zərifə Əliyeva adına lisey, Slavyan Universiteti nəzdində Gənc istedadlar liseyi, Milli Gimnaziya, Humanitar lisey, Z.Tağıyev adına Maliyyə-iqtisad kolleci, Bakı Türk liseyi, orta və internat tipli məktəblər daxildir.
İstehsalat təcrübələri də müqavilə əsasında müəyyən edilmiş baza müəssisələrində aparılır. İstehsalat təcrübələrində hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, biologiya, kimya, fizika, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, kitabxanaçılıq-informasiya, coğrafiya, geologiya və b. fakültələrin tələbələri iştirak edirlər. Biologiya fakültəsinin tələbələri Coca-Cola şirkətində, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Azərbaycan Dövlət neft Şirkətinin elmi-tədqiqat laboratoriyalarında istehsalat təcrübəsi keçirlər. Mexanika ixtisası üzrə təhsil alanlar üçün təcrübələr BAKMİL birgə müəssisində, Kimya fakültəsinin tələbələri üçün Dərman Preparatları Zavodunda, Neft və Yanacaq İstehsalat Birliyində və Neftayırma zavodunda keçirilir. Biologiya və coğrafiya fakültələrinin tələbələri isə Altıağac və Quba Tədris-təcrübə və İstirahət mərkəzlərində təşkil olunan istehsalat təcrübəsində iştirak edirlər. 2013/2014-cü tədris ilində 1000-nə yaxın müəllim və tələbə BDU-nun Quba və Altıağac Mərkəzlərində istehsalat təcrübəsi keçmiş və istirahət etmişlər.
Universitetin Quba Tədris-təcrübə və istirahət Mərkəzi zəngin təbiəti olan Quba rayonun II Nügədi kəndində, Bakıdan 200 kilometr məsafədə yerləşir. Mərkəz 2013-cü ildə tikilib istifadəyə verilmişdir. 450 nəfər üçün nəzərdə tutulan Mərkəzdə universitetin tələbələrinin çöl təcrübələri ilə yanaşı, elmi-praktiki konfranslarının keçirilməsi və professor-müəllim heyətinin istirahəti üçün ən müasir tələbələrə cavab verən şərait yaradılmışdır.
2013-cü il 18 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Bakı Dövlət Universitetinin Tədris-təcrübə və İstirahət Mərkəzinin açılışı olmuşdur. 8 hektar ərazisi olan Mərkəzin həyətində 2 idman stadionu (biri futbol, digəri voleybol və böyük tennis), mərkəzi qazanxana və su anbarı, zövqlə bəzədilmiş park və yaşıllıqlar yerləşir. 400 nəfər üçün nəzərdə tutulan tədris və istirahət korpusunda universitetin müəllim və tələbələri üçün hər cür şərait yaradılmışdır. Binada disputlar, müzakirələr aparılması və tədbirlər keçirilməsi üçün 30 nəfərlik konfrans zalı yerləşir. İsitmə və soyutma sistemi, audio və video görüntülər şəbəkəsi olan 300 nəfərlik böyük akt zalı müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Mərkəzdə yaradılmış elektron kitabxanada müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat toplanmışdır. Bundan əlavə, Tədris-təcrübə və İstirahət Mərkəzində müxtəlif elmi istiqamətlər üzrə laboratoriyalar, elektron lövhə və digər müasir avadanlıqlarda təchiz edilmiş tədris auditoriyaları təşkil olunmuşdur.
Bakı Dövlət Universitetinin Azərbaycanın ən gözəl guşələrindən biri olan Altıağac qəsəbəsindəki Tədris-təcrübə Bazası 1990-cı ildən fəaliyyət göstərir. 2001-ci ildə əsaslı təmirdən sonra baza professor-müəllim heyətinin istirahəti üçün də istifadə edilir.
Əminik ki, 95 illik tarixi ərzində hər zaman elm və təhsilin inkişafına böyük töhfələr vermiş Bakı Dövlət Universiteti bundan sonra da müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun daha da yüksəlməsinə ləyaqətlə xidmət göstərəcək.
CAVİD
525-ci qəzet.- 2014.- 18 dekabr.- S.4.