Professor Şirməmməd
Hüseynovun 90 illiyi qeyd olunub
"SÖZ
VERMİŞƏM Kİ, CÜMHURİYYƏTİN 100
İLLİYİNİ GÖRMƏMİŞ BU DÜNYADAN
KÖÇƏN DEYİLƏM"
Dünən Azərbaycanın görkəmli
alimi, fədakar mətbuat tədqiqatçısı,
professor Şirməmməd Hüseynovun 90 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Mətbuat Şurasının sədri
Əflatun Amaşov bildirib ki, Şirməmməd
müəllim ömrünün
70 ilini Azərbaycan jurnalistikasının inkişafına
həsr edib: "O, şərəfli bir ömür sürür. Onun bütün fəaliyyəti
bizim üçün
örnəkdir. Mənə elə
gəlir ki, bu gün Azərbaycanda
hər bir peşəkar, intizamlı,
obyektiv jurnalist onun şinelindən çıxıb. Şirməmməd müəllimin tələbələri
bu gün ayrı-ayrı televiziyalarda,
qəzetlərdə, mətbuat
orqanlarında, eləcə
də dövlət xidmətlərində özlərinə
layiqli yer tuturlar. Azərbaycan ictimai fikrinin
formalaşmasında da
həmin insanlar iştirak edirlər.
Tədbirin məramı da
açıq-aydın görsənir.
Bizim bir araya yığışmaqda
məqsədimiz hamımızın
müəllimi olan Şirməmməd Hüseynovun
90 illiyini qeyd etməkdir".
Dövlət başçısı İlham Əliyevin Şirməmməd Hüseynovun
Azərbaycanda jurnalist
kadrların hazırlanmasındakı
xidmətlərinə görə
"Şərəf" ordeni
ilə təltif olunması barədə sərəncam imzaladığını
xatırladan Ə.Amaşov
onun həyat və yaradıcılığına
həsr olunan "Ustad" filminin də artıq hazır olduğunu bildirib.
Yaşadığımız dövrü vətənpərvərlik ruhuna
qayıdış dövrü
adlandıran Ş.Hüseynov
hesab edir ki, biz 20-ci əsrin dahi şəxsiyyətlərinin
ruhunu 21-ci əsrə
daşımalıyıq: "Mən 67 il sosializm quruluşunda, 23 il isə müstəqillikdə
yaşamışam. Artıq 90 yaşım
var. Söz vermişəm
ki, Cümhuriyyətin
100 illiyini görməmiş
bu dünyadan köçən deyiləm".
Millət
vəkili Rafael Hüseynov
qeyd edib ki, bu gün
hamı Şirməmməd
Hüseynovu ustad şəxsiyyət kimi tanıyır: "O, canlı
tarix, yeriyən əfsanədir. Çünki qocaman ziyalı
indi də Əbdürrəhim bəy
Haqverdiyev, Üzeyir bəy Hacıbəyli,
Abdulla Şaiq kimi klassik müəllimlərin
fəaliyyətini bütün
ruhu ilə bir məktəb olaraq yaşadır. Bu mənada müasir
jurnalistikamızda Şirməmməd
Hüseynov məktəbinin
mövcudluğunu heç
kəs inkar edə bilməz. Bu məktəbin dərs
yükü də ağırdır, əməl
yükü də.
Əbəs yerə deyil
ki, uzun illər Şirməmməd
müəllim onu yaxından tanıyan dostları, tələbələri
üçün diqqətin,
məsuliyyətin, dəqiqliyin,
gördüyü işlərə
hədsiz sevgi və sədaqətin, həm də prinsipiallığın, işgüzarlığın,
obyektivliyin simvolu olaraq qalmaqdadır.
Bu əlli-altmış il əvvəl də belə idi, indi də
belədir, yəqin ki, sonacan da
belə davam edəcək. Bu gün
təkcə Şirməmməd
müəllimin deyil, eyni zamanda, Azərbaycan
ziyalılığının, mədəniyyətinin, istiqlal
düşüncəsinin bayramıdır.
Belə bayrama millətin hər zaman ehtiyacı var. 20-ci əsrin
əvvəllərində istiqlalın
təntənəsinin yaşandığı
illərdə də, onu itirdiyimiz zamanlarda da. Sovet dövründə siyasi mühacirət həyatı
yaşayan soydaşlarımızın
törəmələri ilə
çox söhbətlərdə
olmuşam. Onlar deyirlər
ki, 20-ci illərin əvvəllərində siyasi
mühacirət həyatına
keçən insanlar öz ailələrinə
yeni bir şey almaq istəmirdilər. Çünki
onlar ümid edirdilər ki, az bir vaxtda yenidən Azərbaycana qayıdacaqlar.
Bütün bunları isə
orada əldə etməyə kifayət qədər vaxtlarının
olacağını düşünürdülər.
Aradan on illər keçdi. İstiqlala qovuşmaq onların ürəyində xəyal
olaraq qaldı. Əgər bu istiqlal arzusunu
azad düşüncəsi
ilə öz daxilində gəzdirən
siyasi mühacirlərimiz,
həbsdə olan ziyalılarımız, Şirməmməd
müəllim kimi şəxsiyyətlər olmasaydı,
biz yenidən öz istiqlalımıza nə qovuşa, nə də üçrəngli
bayrağımızı dalğalandıra
bilərdik. Məhəmməd Əmin Rəsulzadə
"Bir kərə yüksələn bayraq bir daha enməz"
deyəndə də məhz işin fəlsəfəsini nəzərdə
tutub. Bayrağın bir binanın
üstündə ucalması
deyil, əsas olan bayrağın insanın qəlbində dalğalanmasıdır. Şirməmməd Hüseynovun da Azərbaycan xalqına ən böyük töhfələrindən biri
ondan ibarətdir ki, o bu bayrağı
hər zaman öz qəlbində dalğalandırıb".
"Azərbaycan" qəzetinin
baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, Şirməmməd
Hüseynov jurnalistika sahəsində çalışan
insanların müəllimi
olmaqla yanaşı, bütövlükdə Azərbaycan
xalqının müəllimidir:
"Şirməmməd müəllim
siyasi icmalçı olaraq, Azərbaycan televiziyası vasitəsilə
bütün xalqın
görüşünə gəlib.
O, çıxışlarında çox mətləblərdən
danışaraq, sətiraltı
sözləri ilə yadda qalıb. Həmin dövrün sətiraltı
sözləri müasir
zamanımızın açıq
deyilən sözlərindən
daha kəsərli və təsirlidir. Şirməmməd Hüseynov tələbələrini
məsuliyyətlə hazırlaşdırıb.
O, öz işində
həmişə prinsipiallıq
nümayiş etdirib. Görkəmli ziyalımız auditoriya
qarşısında elm, təhsil
verməklə yanaşı,
tələbələrinə əsl həyat dərsi də keçib. Biz də ömrümüz boyu Şirməmməd müəllimin öyrətdiyi
həyat və peşə dərslərindən
faydalanmışıq. O, bu gün də
öz həyatı, nümunəvi ailə başçısı olmağı,
tərbiyəçiliyi və
vətənpərvərliyi ilə millətə xidmət, keçmişə
hörmət dərsi
verir".
Millət
vəkili Cavanşir Feyziyevin fikrincə, Şirməmməd müəllim
Azərbaycan ictimai-siyasi
həyatında oynadığı
rola, yaşadığı
mənalı ömrə,
çəkdiyi zəhmətlərə
görə hələ
təsis olunmamış
orden və mükafatlara da layiqdir: "Tarix boyu Azərbaycanda şöhrət zirvəsinə
ucalan insanlar olub. Şirməmməd Hüseynov da
belə şəxsiyyətlərdən
biridir. Bu zirvəni fəth etmək çox çətindir".
Tədbirdə İctimai Televiziya
və Radio Yayımları
Şirkəti Yayım
Şurasının sədri
Cahangir Məmmədli,
millət vəkili Aqil Abbas, "Jurnalistikanın inkişafına
yardım" Fondunun sədri Qulu Məhərrəmli, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid,
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq Cəbhəsi" qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli
də iştirak ediblər.
Qeyd edək
ki, tədbirdə,
"Mətbuat tariximiz,
istiqlal yolumuz" silsiləsindən hazırlanan
və Şirməmməd
Hüseynovun 90 illiyinə
həsr olunan "Ustad" filmi nümayiş etdirilib. Filmin çəkilişləri Bakıda
və Şəkidə
həyata keçirilib.
Ekran əsərinin ideya müəllifi millət vəkili Cavanşir Feyziyev, baş məsləhətçisi Mətbuat
Şurasının sədri
Əflatun Amaşov, rejissoru və redaktoru Kəmalə Mirzəyevadır.
Ceyhun ABASOV
525-ci qəzet.- 2014.- 18 dekabr.- S.2.