Müasir Azərbaycan
nəsrində postmodern təhkiyə strategiyası
Dekabrın
17-də Azərbaycan Yazıçılar Birliyində (AYB)
Xalq yazıçısı Anarın “AYBkitab“
seriyasından işıq
üzü görən “Göz muncuğu” kitabının təqdimatı
və imza günü keçirilib.
AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tədbiri giriş sözü ilə açaraq Yazıçılar Birliyində imza günlərinin keçirilməsinin ənənə halını aldığını bildirib:
“Çalışacağıq ki, bu ənənə davamlı olsun. Anar müəllimin “Göz muncuğu” kitabı bu layihə çərçivəsində çap olunan növbəti kitabdır. Əsər ilk dəfə “Azərbaycan” jurnalının 11-ci sayında işıq üzü görüb və oxucular tərəfindən kifayət qədər maraqla qarşılanıb”.
AYB-nin mətbuat katibi Xəyal Rza “Göz muncuğu” kitabının “AYBkitab” layihəsinin təbliğinə böyük töhfə olacağını vurğulayıb:
“Bu layihəni genişləndirmək fikrimiz var. Sayt vasitəsilə layihəni reklam edir, onlayn kitab satışı həyata keçiririk. Kitabın çapını “AYBkitab” layihəsinə etibar etdiyinə görə Anar müəllimə təşəkkür edirəm.
Düşünürəm ki, bu kitabın çapı layihəmizin inkişafına böyük təkan olacaq. 2015-ci il üçün layihənin proqramı artıq hazırdır. Hansı kitabların çap olunacağını müəyyən etmişik. 20-dən artıq kitabın çapı nəzərdə tutulub”.
Rəşad Məcid “Göz muncuğu” əsərində bir neçə problemə toxunulduğunu diqqətə çatdırıb:
“Kitabın ön sözünün müəllifi gənc və tanınmış yazıçı, tənqidçi Pərvin xanımdır. Əsəri iki dəfə oxumuşam, ən üstün cəhəti kimi onu qeyd edə bilərəm ki, dili çox axıcıdır, əsər su kimi oxunur. Əsər həm də çoxlu suallara meydan verir. Bu barədə tənqidçi Cavanşir Yusifli də öz müsahibəsində fikirlərini deyib. Bir neçə il əvvəl mənim “10 sentyabr” hekayəm barəsində yazan Anar müəllim vurğulamışdı ki, yazın bu qədər müzakirələrə səbəb olursa, deməli, maraqlı əsər yazmısan. İndi eyni sözü bu povest haqqında da demək olar.
Povestdən ortaya çıxan sualların çoxluğu və dərinliyi məni hətta yaxşı mənada təşvişə saldı. Anar müəllimin “Əlaqə”, “Qırmızı limuzin” və sair kimi fantastik əsərləri var. Bu əsərlərdə toxunulan problemlər üst-üstə qoyulsa, məncə, “Göz muncuğu”ndakı suallardan, çözümü axtarılan məsələlərdən daha az olar”.
Kitabın ön sözünün müəllifi, gənc yazıçı, Xalq yazıçısı Anarın tədqiqatçısı Pərvin əsərin çapını ədəbiyyatsevərlərin bayramı adlandırıb:
“Hesab edirəm ki, bu, Anar yaradıcılığının növbəti hadisəsi olmaqla yanaşı, həm də ədəbiyyata, əsl sözə, sənətə dəyər verənlərin bayramıdır. Nəzərə alsaq ki, hər bir əsərin, hər bir kitabın da öz taleyi olur, deyə bilərik ki, yarandığı, ərsəyə gəldiyi gündən “Göz muncuğu”nun taleyi uğurlu başlayıb. Çünki çap olunan əsərlərə oxucu marağı, tənqidçi münasibəti əsasdır. Anar müəllimin povesti “Azərbaycan” jurnalında çap olunandan oxucular, ədəbi tənqidçilər dərhal reaksiya verdilər, əsəri maraqla oxudular. Tələbələrimə deyəndə ki, Anarın yeni əsəri “Azərbaycan” jurnalında işıq üzü görüb, onlar dərhal reaksiya verdilər, xahiş etdilər ki, jurnalı əldə etməkdə onlara yardımçı olum. Fürsətdən istifadə edib jurnalın baş redaktoru İntiqam Qasımzadəyə göstərdiyi həssaslığa, jurnalların tələbələrimizə operativ şəkildə verilməsində göstərdiyi köməyə görə təşəkkürümü bildirirəm.
Tələbələr əsəri oxuduqdan sonra onlardakı marağın necə artmasının şahidi oldum. Dərsin gedişatında əsəri müzakirə edirdik və onların yazıçıya çoxlu suallarının olduğunu görürdüm. Onda söz verdim ki, imza günü Anar müəllimdən xahiş edərik bizim suallarımızı cavablandırar.
Bu günlərdə Anar müəllim haqqında yazanda özlüyümdə aşkar etdim ki, Anar müəllim həm də pedaqoqdur. Onun heç bir əsərində didaktikaya, metr intonasiyasına, tonuna rast gəlmək olmaz. Amma o, bəlkə özü də fərqinə varmadan bütün əsərlərində müəllimdir, insana xas bütün gözəl duyğuları, cəhətləri öyrədir, böyüyə hörmət, kiçiyə mərhəmət bəsləməyi öyrədir.
Bütün bunlarla yanaşı, Anar bizə milli kimliyimizi, türklüyümüzü xatırladır – Dədə Qorqud dastanı haqda yazıları, filmi ilə. O, eyni zamanda Füzuli haqqında “Şairin dərdi” essesi, Nazim Hikmət haqqında “Kərəm kimi” romanıyla, Rəsul Rza barəsində “Mübarizə bu gün də var” kitabıyla bizə əsl poeziyanı dəyərləndirməyi, Mirzə Cəlili, Mirzə Fətəli Axundzadəni, Üzeyir bəy Hacıbəylini anlamağı öyrədir – filmləri ilə, Azərbaycanın digər görkəmli mədəniyyət, incəsənət, ədəbiyyat simalarını tanıdır – “LİK Azerbaydjana” üçcildliyi ilə. “Göz muncuğu” povesti də Anarın müəllim fəaliyyətinin davamıdır.
Düşünürəm ki, bu mənada siz tələbələrin bəxtiniz bizdən daha çox gətirib. Biz Gənc Ədiblər Məktəbində üzv olanda dəfələrlə xahiş edirdik ki, Anar müəllimlə görüş keçirilsin. Amma təəssüf ki belə görüş olmadı. Və biz Anar müəllimi görmək, onu dinləmək üçün görüşlərdən sonra Birliyin binasında ləngiyirdik, az qala bütün tədbirlərdə iştirak edirdik. Ona görə də siz gənclərdən, tələbələrdən bu gündən, bu fürsətdən yararlanmağınızı istəyirəm və Anar müəllimə bizə zaman ayırdığına görə təşəkkür edirəm”.
Çıxış edən yazıçı, millət vəkili Hüseynbala Mirələmov Anarın əsərini oxuduqda heyrətini gizlədə bilmədiyini etiraf edib:
“Povesti “Azərbaycan” jurnalından birnəfəsə
oxudum. Anar müəllimin hər əsərini oxuyanda
adamı dərin heyrət bürüyür. İnsan hisslərini bütün çalarlarıyla
ifadə etmək asan məsələ deyil. “Göz muncuğu” məni sadəcə,
sarsıtdı. Müəllif
bütövlükdə insanlığın,
dünyanın problemlərini, dərdlərini, bütün
bunların kökündə dayanan əsas məsələni
oxucuya çatdırır. Anar müəllimin
bir məharəti də odur ki, o, gündəlik rast gəldiyimiz
hadisələri yazıçı müşahidəsi və
ustalığıyla elə ifadə edir ki, insan təəccüblənməyə
bilmir. İnsanın hər iki
üzünü açıb göstərir. Həm xeyirin, həm şərin timsalı olan obraz
məncə, ədəbi tapıntı kimi çox
orijinaldır.
Ümumiyyətlə, əsərdəki xeyir və şəri
simvolizə edən Əhlimanı yaradan səbəblər cəmiyyətin
özündədir.
İnsanın həyatında baş verən hadisələr,
rast gəldiyi pis və ya yaxşı adamlar onun həyat yolunu
cızır.
Əhliman obrazının başına gələnlər
buna bir sübutdur.
Albert
Kamyunun bir fikri var: “Azadlıq əldə olunanda xeyirlə bərabər,
şər də azad olur”. Bunu hazırda
dünyada gedən proseslərdə, baş verən hadisələrdə
aydın görmək olar. Anar bu məsələni
də povestdə ustalıqla təsvir edib. O, “Göz
muncuğu” əsərində insanı sınağa çəkir,
öz içindəki şərlə mübarizəsini
işıqlandırır. Bu, müəllifin,
ümumilikdə Azərbaycan nəsrinin qələbəsidir”.
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin (ADPU) “Azərbaycan ədəbiyyatı
tarixi” kafedrasının müdiri, professor
Himalay Qasımov çıxışında “Göz
muncuğu”nu ədəbi düşüncədə yeni istiqamət
adlandırıb:
“Bu əsər daşıdığı məna
yükü, qoyduğu problemlər baxımından sadəcə,
povest yox, roman sayıla biləcək gücdə, dərinlikdə,
həcmdədir. Əsərin süjeti elə düzənlənib,
müəllif əsər daxilində elə aura yaradıb, elə
struktur qurub ki, bu, Azərbaycan ədəbiyyatında, bədii
təfəkkürdə tamamilə yeni istiqamətdir. Povest müxtəlif fəsillərdən
ibarət olsa da, bu fəsillər arasında sıx
bağlılıq mövcuddur.
Müəllif fəsildən fəsilə elə ədəbi
priyomlarla keçir ki, oxucu növbəti fəsli daha da səbrsizliklə
gözləyir.
Ədəbiyyatın bir tərəfi həmişə
sufizmə, təsəvvüfə dayanır. Bu baxımdan
Anar müəllimin povestdə ifadə etdiyi fikirlər, fəlsəfi
düşüncə əvəzsizdir. Elə
düşüncələr var ki, həm ilahi eşqə, həm
sufizmə aparır. Digər bir tərəfdən
müəllif oxucuya çatdırmaq istəyir ki, insan xisləti
dəyişmir. Sadəcə, şərait
və mühitə uyğun tərəflərini üzə
çıxarır. Əsərin qəhrəmanı
Əhliman ölür və yenidən dirilir, amma öz xislətini
dəyişmir. Bütün əsər
boyu xeyir və şərin mübarizəsi, Hörmüzlə
və Əhlimanın qarşıdurması
canlandırılır. Əbədi, əzəli
mübarizəyə ön baxış diqqəti çəkir.
Anar müəllim bu iki məfhumu bir insanda cəmləyir, demək
istəyir ki, xeyir şərdən, şər xeyirdən
ayrı ola bilməz. Bəzən
elə dərin mətləblərə baş vurur ki,
insanın idrakı bu suallar qarşısında acizdir. Bu baxımdan əsərə bir çox yorum vermək
olar. Struktur elə qurulub ki, əsər
sanki elmi tədqiqat qeydləridir. Povesti
insanın hissləri, düşüncələri, daxilində
gedən çarpazlaşma, ikiləşmə, özüylə
apardığı mübarizələr barədə tədqiqat
əsəri adlandırsaq, məncə, yanılmarıq.
Hər fəslin əvvəlində yazılan epiqraflar da
əsrin ruhu, ideyası ilə uzlaşır, oxucuya bir növ
bələdçilik edir.
Bütün bu prosesi çox da böyük olmayan povestə
sığışdırmaq asan deyil. Bu, böyük
yazıçılıq istedadı tələb edir. Düşünürəm ki, müəllif
qarşısına qoyduğu məqsədə nail olub. Eyni zamanda Pərvin xanımın da ön
sözü əsərlə paralel, əsərlə vəhdətdə
qavranılır, gənc tənqidçi də əsərin əsas
məğzini, mənasını tutub və oxuculara
çatdırıb”.
Daha sonra
yazıçı Pərvin bildirib ki, Pedaqoji Universitetin tələbələri
imtahandan birbaşa təqdimata gəliblər:
“Universitetdə
imtahanlar test üsulu ilə həyata keçirilir. Tələbələr də simvolik olaraq “Anar
yaradıcılığı” adlı bir fənn təsis ediblər.
Yazıçı Anarın özünü bir
neçə dəqiqəlik Pedaqoji Universitetin tələbəsi
hesab etməsi üçün onu öz
yaradıcılığından imtahana çəkmək istəyirlər.
Sonda kafedra müdiri Himalay Qasımov cavabları
onballıq sistemlə qiymətləndirib yazıçıya
imtahan qiyməti yazacaq”.
Verilən
sualları cavablandıran Xalq yazıçısı
doğrudan da əsl tələbə kimi imtahan məsuliyyətini
hiss etdiyini bildirib. Amma Anar müəllimin
şux zarafatları, xəfif yumoru da “imtahan” prosesini tədbir
iştirakçıları üçün xeyli maraqlı
edib. Sualların
hamısını doğru cavablandıran yazıçıya Pedaqoji Universitetin rəmzi qiymət
cədvəli və ən yüksək qiymət, 10 bal verilib.
İmtahanın
nəticəsini dəyərləndirən
professor Himalay Qasımov qiymətin tam obyektiv olduğunu
vurğulayıb.
Müəllif
tələbələrin suallarını
cavablandırdıqdan sonra söz alan
türkoloq, tənqidçi Tofiq Məlikli “Göz muncuğu”
povestini Anar yaradıcılığında yeni dövr
adlandırıb:
“Anar
müəllim povestdə çox gözəl ikili dilemma qoyub:
xeyir və şər dilemması. Niyə həmişə
xeyir qalib gəlmir, nə üçün şər də
var? Xüsusilə mənəvi həyatımız
çox tənəzzülə uğrayıb. Bu əsər bir növ insanlar üçün mayak
rolunu oynaya biləcək əsərdir. Hətta
hesab edirəm ki, son dövrlərdə yazılmış ən
ciddi əsər adlandırsam, yanılmaram. İkinci bir məsələ kimi qeyd etməliyəm
ki, bu povest Anar yaradıcılığında yeni bir dövr,
yaxud bu dövrə hazırlıq kimi qiymətləndirilməlidir.
Müəllifin əsərin forma və
üslubunda müasir ədəbiyyatın bütün
üslublarından bəhrələndiyi açıqdır.
Əlbəttə, bu özü də peşəkarlıq
və istedad tələb edir.
Ümid edirəm ki, əsər diqqətlə oxunacaq,
öyrəniləcək. Bütövlükdə
cəmiyyətimizdəki naqisliyin, şərin
qarşısında sədd rolunu oynayacaq”.
Çıxış
edən Xalq yazıçısı Mövlud Süleymanlı
“Göz muncuğu”nu Anarın məhz bu yaşının əsəri
adlandırıb:
“Bu povestlə
Anar öz yaşının əsərini yazıb. Əsərdə hansısa boşluq,
xırdalığa getmək cəhdləri görmək olmaz.
Elə ilk cümlədən hiss olunur ki, əsər kifayət
qədər bişmiş, peşəkar bir ağlın bəhrəsidir.
Povesti oxuduqca bir qənaətə də gəldim
ki, Anar öz yaradıcılığında vaxtdan məharətlə
istifadə edir, vaxt onun əsərlərində böyük
rol oynayır. Sanki bütün obrazlar,
bütün süjet vaxta bükülüb, oxuduqca o vaxt kələfi
oxucunun gözü qarşısında açılır.
Həyatın hər bir anı göz
qabağına gəlir. Üslub
baxımından əsər çox çevikdir, dil daim hərəkətdədir,
sözlər oynayır.
Eyni zamanda bu oynaqlığın altında yük, məna
ağırlığı var, hər sözdə, hər
cümlədə hansısa məna çaları gizlənir. Əsəri oxuduqca hiss edirsən
ki, heç nə boşuna deyil, ən kiçik nüans da
küllün bir hissəsidir. Hər şey
bir-biriylə sıx təmasdadır. Povestdə
qeyb var, sirr var, sehr var, əsər başdan-başa müəmmalarla,
suallarla doludur. Hər şey necə qeybdən
başlamışdısa, eləcə də başa
çatır”.
Mövlud
Süleymanlı son zamanlarda bu səviyyədə tədbirlərin
az-az keçirilməsini nəzərə
çatdırıb: “Mən təşkilatçılara təşəkkürümü
bildirirəm. Pedaqoji Universitetə, Himalay müəllimə, Pərvin
xanıma minnətdaram ki, belə gənclər yetişdiriblər.
Onlarda ədəbiyyata bu marağı görmək
məni riqqətləndirdi. Sadəcə,
bir şeyə təəssüflənirəm ki, media bu mətləbləri
kifayət qədər işıqlandırmır. Bu cür tədbirlərin geniş ictimaiyyətə
çatdırılması mühiti şəffaflaşdırmaq,
oxucuyla yazıçını yaxınlaşdırmaq,
aralarındakı məsafəni qısaltmaq, diz-dizə
oturtmaq üçün lazımdır”.
Tənqidçi
Əsəd Cahangir povesti beşmərtəbəli evin adı
olub özü olmayan altıncı mərtəbəsi
adlandırıb:
“Mənə qədərki çıxışlara qulaq
asdıqca bir daha əmin oldum, Anar müəllim çox dərin
əsər yazıb.
Tənqidçiliyimdən istifadə edərək bildirməliyəm
ki, biz bu müzakirələrlə əsərin heç sərhəddinə
də yaxınlaşmamışıq hələ. Çox
gözəl əsər olmasıyla yanaşı, hesab edirəm,
Anar müəllimin indiyə qədərki
yaradıcılığının yekunu, bundan sonrakı yaradıcılığının
isə başlanğıcıdır. Əfsanəyə
görə, iki üzlü qədim Roma tanrısı Yanusun
bir üzü keçmişə, digər üzü isə gələcəyə
baxır. Mistikanı da nəzərə
alsaq, bu əsər mənə Yanusu xatırladır. Bu əsərlə
Anar müəllim “Dədə Qorqud” ssenarisində “yaddan
çıxardığı” bir boyu yazıb.
Hansı ki, Təpəgözlə bağlı idi. Aydın məsələdir,
Sovet hökuməti bu hissənin yazılmasının əleyhinə
idi.
Qənaətimcə “Göz muncuğu” beşmərtəbəli
evin adı olub özü olmayan altıncı mərtəbəsidir. Əsərdə Anar müəllimin
Mirzə Cəlil ənənələrinin davamçısı kimi bu ənənələrə
yeni münasibətini gördüm. Çünki
əsərin qayəsində dirilmə məfhumu dayanır.
Dirilmə mümkündürmü? İnsanı qorxudan, ən çox narahat edən əsas
məsələ ölümdür. İnsan
yeganə varlıqdır ki, ona ölüm duyğusu hakimdir.
Bitkilərə, heyvanlara bu hiss hakim deyil. Amma biz ağlımız kəsən gündən həm
də ölüm haqda düşünürük. Çünki çoxlu sayda ölümlər
görürük.
Nə qədər özümüzün öləcəyimizə inanmasaq da, hər halda bilirik ki, biz də nə vaxtsa öləcəyik. Bəlkə də bütün dinlər bu hissdən yaranıb. Ölümə qalib gəlmək hissindən. Bütün dinlər insana ölməzlik, cənnət vəd edir. Müəyyən fəlsəfi fikir, bədii əsər hansısa zaman kəsiyində insanların düşüncəsini məşğul edir, amma sonra dəbdən düşür. Dinlərsə yaranandan bu günə qədər, bayağı səslənsə də, deməliyəm ki, dəbdən düşmür. Çünki onlar insanın ən çox qorxduğu məsələnin həlliylə bağlı ümid verirlər. Mənə elə gəlir ki, ədəbiyyat insandan çox şeyi ala bilər, amma ümidini əlindən almamalıdır. Anar müəllimin bu əsərində ümid gördüm, ən azından xeyirlə şərin yanaşı yaşaya biləcəyi ilə bağlı ümid. Maraqlı bir cəhət də var ki, əsər boyu hərəkətdə olan bir göz var. O göz hadisələri yuxarıdan seyr edir, hətta dili yenidən yaradır, fikirləri, cümlələri xüsusi vurğu altına salır. Göz muncuğu məsələsi həm də əsərin dilində var. Anar müəllimin yaradıcılığı üçün dillə bu cür oyun, söz oyunu yenilikdir. Əlbəttə ki, əsərin ən vacib məqamlarından biri də Anarın indiyə qədərki əsərlərində mövcud olan mistik layların sistem halında üzə çıxaraq bütöv bir mərtəbə təşkil etməsidir. Ümumiyyətlə, bu gün dünyada mistikaya meyl çox güclüdür. Bu mənada Anar müəllim zamanın ruhunu, mentallığını mətnə gətirə bilib. İnsanlıq iki min il ərzində intellektə, məntiqə doğru gedib “mənim məntiqimdən başqa hər şey yanlışdır” dedilər. Bu sonda pozitiv fəlsəfəyə, Kant fəlsəfəsinə, nitsşeçiliyə, o da öz növbəsində faşizmə gətirib çıxardı. On milyonlarla adam öldü. Belə olduğu halda insan özünü, öz məntiqini sorğulamağa başladı:
“Bəlkə mən səhv edirəm”, “bəlkə irrasional bir məntiq, qüvvə də mövcuddur?” Bu iki minilliyin yekunu mənə elə gəlir ki, bu sadə həqiqəti dərk edilməsi oldu. İnsan həqiqəti görünməyən sahələrdə, bəsirət gözünün görəcəyi yerlərdə axtarmağa başladı. Anar müəllimin povesti Azərbaycan ədəbiyyatında həqiqəti görünməyən, daxildəki bəsirət gözüylə görülə biləcək yerlərdə axtarmağa çağırış cəhdinin ilk və ciddi ifadələrindən biridir. Anar müəllim öz əsərində xeyir və şəri paralel, bərabər səviyyədə aparır. O, necə ki, təxminən 40 il əvvəl “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəriylə Azərbaycan cəmiyyətinin, ədəbiyyatının konturlarını cızmışdı, bu povestlə də bundan sonrakı yarım əsrin görüntüsünü realizə edir”.
Tənqidçi, ədəbiyyatşünas Cavanşir Yusifli “Göz muncuğu” povestini Mirzə Fətəli Axundovun “Aldanmış kəvakib” əsəriylə müqayisə edib: “Mən həmişə magik realizmə misal kimi “Aldanmış kəvakib” əsərinin adını çəkirəm. Bizdə bu qədər gözəl əsər olduğu halda dünya ədəbiyyatına müraciət nəyə lazımdır? Axundov bu əsərdə mifik məsələlərlə realizmi elə gözəl şəkildə bir-birinə bağlayıb ki, heyran olmamaq mümkün deyil. Çox sistemli şəkildə mistik hadisələri gündəlik qayğılarla paralelləşdirərək gözəl əsər ortaya qoyub. Bu baxımdan Anar müəllimin povestini “Aldanmış kəvakib”lə müqayisə etmək olar. Çünki mistik hadisələri gündəlik qayğılara bağlamaq baxımından, hər iki məfhumu paralel inkişaf etdirmək cəhətdən uğurlu müqayisə hesab etmək olar. Başqa məsələ də var ki, bəzən yazıçılar elə ağır mövzuların altına girirlər ki, bu mövzu onların sonuna çıxır, ağır yükü qaldıra bilmirlər. Psixoloji olaraq salamat çıxmırlar. Anar müəllim də bu əsərlə çox ağır yükün altına girib, amma onun istedadı, yazıçı peşəkarlığı bu yükü daşımağa yetib. Bəzi məqamlarda biz görürük, müəllif elə ağır problemləri qabardır ki, oxucuya məlum olur ki, bu problemin çözümü yoxdur, əbədi sual işarəsi olaraq qalacaq. Amma povestdə hətta belə problemlərlə bağlı da bir işartı duyulur.
Düşünürəm ki, bədii ədəbiyyatın vəzifəsi insanda dünya, kainat barədə düşüncələrin sərhədlərini genişləndirməkdir. Anar müəllim “Göz muncuğu”yla bu vəzifənin öhdəsindən layiqincə gələ bilib”.
Sonra tələbələrə də söz verilib, onlara əsərlə bağlı fikirlərini bildirmək, yazıçıya suallarını ünvanlamaq üçün şərait yaradılıb.
Sonra Xalq yazıçısı Anar çıxış edərək hər kəsə təşəkkürünü bildirib:
“Mən 27 ildir Yazıçılar Birliyində işləyirəm, bura hələ ondan da əvvəl gəlib-gedirdim. Amma bu müddət ərzində təqdimat günü belə coşğu görməmişəm. Həqiqətən çox qəribə və sevindirici bir hiss yaşadım.
Povestin “Azərbaycan” jurnalında çapına görə İntiqam Qasımzadəyə, tədbirin təşkilinə və maraqlı ssenariyə görə, ön sözün müəllifi Pərvinə təşəkkür edirəm.
Dünən bir məktəbdə tədbirdə olduq. O tədbirdən çox bədbin ayrıldım. Çünki şagirdlərin söhbətlərindən hiss olunurdu ki, danışdıqları canlı dil deyil, sadəcə, əzbərlədikləri mətni təkrarlayırlar. Mən də çıxışımda buna etiraz etdim. Bildirdim ki, yaponlarda inkişaf ona görə çoxdur ki, onlar birinci növbədə təhsilə diqqət yetirirlər. Təhsildə təkcə dəqiq elmlərə yox, insanları düşünməyə vadar edən, bəsirət gözünü açan məsələlərə diqqət yetirməyə sövq ediblər. Bu gün məni ən çox sevindirən o oldu ki, düşünən insanlara rast gəldim. Bayaq sual verildi ki, tələbə olsaydız necə olardı? Mən tələbə olsaydım, istərdim ki, belə müəllimlərim olsun. Sizə ədəbiyyatı sevdirən, ədəbiyyatın nə olduğunu anladan müəllimlər kimi. Yazıçı da ən çox onu istəyir ki, oxucunu düşündürsün. Oxucuda öz fikrini formalaşdırma istedadı yaratsın. Bir bunu deyə bilərəm ki, hər halda bu əsər nahaq yazılmayıb”.
Sonra Xalq yazıçısı öz kitablarını Pedaqoji Universitetin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasına hədiyyə edib, oxucuları üçün kitab imzalayıb, xatirə fotoları çəkdirib.
Lalə Həsənova
525-ci qəzet.-
2014.- 19 dekabr.- S.7.