Xalq artisti Barat Şəkinskayanın 100 illiyi qeyd edilib

 

 

Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənəti və milli teatrımızın inkişafında özünəməxsus yeri olan Xalq artisti Barat Şəkinskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

 

Mərasim Azərbaycanın Prezidenti İlham Əliyevin "Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 3 aprel tarixli sərəncamına əsasən reallaşıb. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Yubiley gecəsini açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə iştirak edən TÜRKSOY təşkilatının nümayəndələrini xüsusi salamlayıb. Ə.Qarayev yubilyar barədə danışarkən bildirib ki, Barat Şəkinskaya 1914-cü ildə Şuşada anadan olub. Anası Gövhər xanım yazıçı Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. B.Şəkinskaya ilk təhsilini Şuşada alıb, 1923-cü ildə ailəsi Gəncəyə köçüb və səhnəmizin gələcək ulduzu orada qadınlar klubunun dram dərnəyində iştirak edib. Yeniyetmə Baratın Gəncədə yaratdığı C.Məmmədquluzadənin "Ölülər" əsərində Nazlı, C.Cabbarlının "Od gəlini" faciəsində Solmaz, "Sevil" dramında Gülüş obrazları onun parlaq yaradıcılığından xəbər verib.

 

Tədbirdə milli mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan sənətkarın zəngin yaradıcılıq yoluna nəzər salınıb.

 

Qeyd edilib ki, onun yaratdığı obrazlar milli teatr salnaməmizin unudulmaz səhifələridir, ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə ürəkləri fəth edən, əsl xalq məhəbbəti qazanan, "Azərbaycan səhnəsinin Cülyettası" adlandırılan B.Şəkinskaya klassik və çağdaş dramaturqların əsərlərində canlandırdığı bənzərsiz obrazlar ilə milli teatr sənətimizin görkəmli simaları səviyyəsinə yüksəlib. Sənətkarın Cülyetta rolunda yağlı boya ilə çəkilmiş rəsmi bu gün Londonun Şekspir muzeyində dünya səhnəsinin korifeylərinin portretləri ilə bir sıradadır. B.Şəkinskaya həm də səhnəmizdə ilk oğlan rolunu oynayan aktrisadır. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik keyfiyyətlərinə görə teatr tariximizdə silinməz iz buraxıb. Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Sonuncu dəfə uşaq rolunu 37 yaşında canlandırıb. Bu, M.Təhmasibin "Çiçəklənən arzular" pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub. Yaratdığı komediya obrazları isə B.Şəkinskayanın fitri istedadının digər bir tərəfini üzə çıxarıb.

 

O, 1935-ci ildən Xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub. Teatr və kino sənətindəki inkişafına görə B.Şəkinskaya Xalq artisti fəxri adına layiq görülüb.

 

Yubiley gecəsində sənətkara həsr edilən film göstərilib, B.Şəkinskayanın vaxtı ilə yaratdığı obrazlar yenidən səhnədə canlandırılıb və böyük tamaşaçı marağına səbəb olub.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 19 dekabr.- S.7.