Teatr sənəti  ilə bağlı  məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

 

 

 

Dekabrın 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

 

AzərTAc xəbər verir ki, mükafatlandırma mərasimində tanınmış teatrşünaslar, rejissorlar, dramaturqlar və KİV nümayəndələri iştirak ediblər. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək deyib ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatr sənətinin müxtəlif sahələrinə həsr edilmiş məqalələri dəyərləndirmək, təbliğ etmək, gənc teatrşünasları, jurnalistləri bu mövzularda yazmağa həvəsləndirmək məqsədilə təşkil olunub.

 

Bu ilin fevral-noyabr aylarında “525-ci qəzet” və “Mədəniyyət” qəzetlərinin iştirakı ilə keçirilən müsabiqəyə 35 yaşadək peşəkar, gənc teatrşünasteatr sahəsindən yazan KİV nümayəndələri tərəfindən ən yaxşı resenziya, nəzəri araşdırma, portret yazı, tənqidi məqalə və müsahibə nominasiyaları üzrə məqalələr təqdim edilib. Müsabiqənin şərtlərinə uyğun olaraq həmin məqalələr münsiflər heyəti üzvləri tərəfindən qiymətləndirilib.

 

Gələn il bu qəbildən olan müsabiqənin daha geniş şəkildə keçiriləcəyini vurğulayan nazir müavini ölkəmizdə fəaliyyət göstərən teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən, eləcə də Azərbaycan teatrının uğurlarından və perspektivlərindən söz açıb.

 

SonraTeatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” müsabiqəsinin qaliblərinə diplomlarpul mükafatları verilib.

 

Qaliblər adından çıxış edən birinci yerin sahibi, “525-ci qəzet”in əməkdaşı Pərvin Nurəliyeva yaradıcı gənclərə göstərdiyi diqqət və qayğıya görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

 

 

525-ci qəzet.- 2014.- 19 dekabr.- S.7.