Qrupumuzun yeznəsi
QULU MƏHƏRRƏMLİYƏ 60 İLLİK YUBİLEY TƏBRİKİ
Elə bil dünən idi. Universitetin yataqxanasında
elmin qranit qayalarını dişlərimizlə
üyüdürdük. Hər birimiz də bu işin öhdəsindən
bir cür gəlirdik. Üstəlik gələcək ailə binasının da təməlinə atılan qranit parçaları elə bu yataqdan çıxarılırdı.
Üç nömrəli
yataqxananın dördüncü
mərtəbəsində, pilləkənin
başında sağ tərəfdə 60-cı otaq
Jurnalistika fakültəsinə
1973-cü ildə qəbul
olmuş dörd tələbəyə qucaq
açmışdı: Ələddin
Əsədov, Qəzənfər
Qəribov, Qulu Məhərrəmov, Cəfərsadıq
Abbasov. Bu heyətin
üç üzvü
632-ci qrupda, Qulu isə 630-cu qrupda oxuyurdu. İndiki tələbələr üçün gülməli
görünsə də,
o vaxt otağımız
əlaçı tələbələrdən
ibarət nümunəvi
qrup sayılırdı.
Ədalət xatirinə deyim
ki, təmiz əlaçılıq tablosuna
bəndəniz arabir yanlış fırçalarla
arzuolunmaz ləkələr
salırdı. Yəqin elə
bunun nəticəsidir
ki, məndən başqa onların hər üçü fərqlənmə diplomu ilə universiteti bitirdilər və sonralar yaxında onların əl-ayağına
dolaşmamağım üçün
məni Moskvaya "sürgün elədilər".
Onu deyirdim axı. Ailə qurmaq üçün
qaydalar universitet proqramından fərqli olduğundan hər kəs fərdi proqramla çalışır,
imtahan, zaçot, kollokvium, referat vaxtlarımız üst-üstə
düşmürdü.
Otaq icmasının
tələbəsayağı büdcəsi vardı və həftəlik ərzaq alaraq növbəli şəkildə
birimizin aşpazlığı
ilə güzəranımızı
sürdürürdük. Menyumuzu sadalayıb
bugünkü tələbələri
təkrar güldürmək
istəmirəm, amma kartofun, yumurtanın və paket suplarının
çox çeşidlərini
sınamışdı kənddə
daşüyüdən mədələrimiz.
Ən maraqlısı
da günoptadan hazırlanıb axşam bir yerdə yeməyimizi gözləyən
əti az,
suyu çox suplardı. Bəzi istisnalar nəzərə
alınmasa demək olar ki, hamımızın
bir yerdə şam yeməyimiz baş tutmurdu. Çünki məlum məzhəkədə
deyildiyi kimi, aşiq olmuşduq. Ələddinin işi zor idi, çünki Pedaqoji İnstitutun yataqxanası bizdən xeyli uzaqdı. Ona görə o supun ən son müştərisi
olurdu. Rəhmətlik dostum Qəzənfərlə
mənim "ibadət
yerimiz" yaxında
- dörd nömrəli
yataqxanada idi. Qulu isə bizi hər
dəfə rişxəndlə
qarşılayır, bizim
kimi "boş yerə vaxt sərf eləmirdi".
Bunun da öz səbəbi
vardı. Qulu bizim,
yəni 632-ci qrupun yeznəsi idi. Qrupumuzun göz-bəbəyi, o vaxtkı
təbirlə "starosta"mız
(indi yəqin başqan deyərdilər)
olan Zemfiranı ona etibar eləmişdik.
"Starosta" məsələsində
yanlışım ola bilər, çünki əvvəllər
hamımızın sevimlisi
İradə Məmmədova
idi bu yetkidə.
Necə olursa olsun, Zemfira
da ilk gündən,
ilk seminarlardan təmkini,
hazırlığı, isməti,
çalışqanlığı ilə müəllimlərin
də sevimlisinə çevrilmişdi. Belə bir
xəzinəyə aşiq
olan Məcnunumuz - Qulu, əlbəttə, yataqxanada elmin çətin düyünlərini
açmaqla, radio və
televiziya jurnalistikasına
yiyələnməklə məşğul
idi. Bir yandan üç
qayının əhatəsindəydi,
o biri yandan da sevdiyi pəriyə
ulaşmağın yeganə
yolu çölə-biyabana
düşüb başında
quşların yuva salmasına izin vermək yox, ağılla-başla gələcək
həyat yoldaşının
görmək istədiyi
səviyyəyə qalxmaq
idi. Zaman göstərdi ki, yeznəmiz bu imtahanı böyük zövqlə, açıq
alınla, zəhmətkeşlik
və peşəkarlıqla
əla qiymətə verdi.
Axşamlar adətən, otaqda tək qalmış və bir-birinin ardınca qonaq kimi gəlib yeməyə bir şey axtaran otaq yoldaşlarının
hərəkətlərindən bezmiş Qulu bəzən bizə çox nəşəli,
sevinc dolu anlar da yaşadırdı. Bir gün
axşam görüşündən
gec qayıdan Qəzənfər içəri
girəndə 61-ci otaqda
yaşayan Elbrus Məmmədov
da bizdə qonaq idi. Qulu tez Qəzənfərə
paltosunu çıxarmağa
yardım edib şkafdan asdı. Sanki uzun müddət
məşq ediblərmiş
kimi Elbrus da saatını açan Qəzənfərin saatını
iki əlinin ovucu içinə alıb çox qiymətli inci kimi masanın üstünə qoydu.
Qulu təzim edərək soruşdu:
"Şahım, indi
nə buyurursunuz?"
Qəzənfər hər
gün bu ritualı görürmüş
kimi sağ əlinin şəhadət
barmağını qaldırıb:
"Rəqqasələr gəlsin"
dedi. Bu saniyədən
sonrakı lövhə
bu günün bütün şou proqramlarını kölgədə
buraxacaq səhnə idi. Elbrus hind qızları kimi rəqsə başladı.
Otaqdakı tamaşaçılar uğunub gedirdilər ki, qapı açıldı.
Tələbə yoldaşımız
Yusif Hüseynov başını içəri
salıb hamıya göz gəzdirdi, otağın ortasında Elbrusgili, çarpayıda
gülməkdən yıxılmış
məni görüb şirin Şəki ləhcəsində "Şəbeh
çıxardırsouz?" dedi.
Elə bil dünən idi... Aradan təxminən qırx il keçir. O "şəbehin" iştirakçıları özlərini həyat səhnəsində müxtəlif cür tanıtdılar. Əsl vətəndaş kimi, qayğıkeş ailə başçısı kimi, peşəkar sənət ustaları kimi. Vəfalı dostlar kimi.
Ad günün
mübarək, yeznə!
Cəfər Sadıq
525-ci qəzet.- 2014.- 19 dekabr.- S.7.