Dəniz, göy və məhəbbət
şairi
Xalq şairi Nəbi Xəzrinin 90 illiyinə
O,
Bakının yaxın kəndlərinin birində -
Xırdalanda doğulmuşdu. 1924-cü ilin soyuq bir qış
günündə
- dekabrın 10-da, yoxsul kəndli Ələkbər
kişinin ailəsində... 2007-ci ilin yanvar ayında -yenə
soyuq bir qış günündə Bakıda vəfat etdi.
Amma Azərbaycan poeziyasına bir bahar müjdəsi gətirdi
Nəbi Xəzri.
İlk şeirini 1940-cı ildə qələmə
almışdı. Onda 16 yaşı vardı. Şeirin adı "Günəş" idi və
bütün yaradıcılığı boyu Günəş
onun poeziyasına işıq saçdı.
Nəbi Xəzrisiz nə XX əsrin, nə də indi
yaşadığımız XXI əsrin Azərbaycan
poeziyasını təsəvvürə gətirmək çətindir. Onun
poeziyası son yetmiş ilin milli-mənəvi dəyərlərimiz
sırasındadır. Heç bir
mübaliğəyə, epitetə ehtiyac duymadan deyirik ki, Azərbaycan
mentalitetinin dünyaya tanınmasında Nəbi Xəzrinin də
özünün və əsərlərinin payı var.
Bu gün ədəbiyyatımızda sözün fiziki mənasında
onun yeri görünür. Amma mənəvi mənada
Nəbi Xəzri elə öz yerindədir. Onun zərif, incə, məhəbbət dolu
lirikası yenə öz hərarətini bizdən əsirgəmir.
Əgər
ki, yıxılsam çinar göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim
görməsə Göygölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər
yerdə, həmişə
Sənsən gümanım.
Canım-gözüm
mənim
Azərbaycanım!
Azərbaycan poeziyasında Vətənə aid yüzlərlə,
minlərlə şeirlər yazılıb və yazılacaq,
çünki "Vətən əcdadımızın mədfənidir"
(A.Səhhət). Amma Nəbi Xəzrinin bu misraları nə
qəsidədir, nə marşdır, nə də mədhiyyə,
bu, Vətən sevgisinin ən poetik və mükəmməl
ifadəsidi.
Gəl
bölək dünyanı ikilikdə biz,
Dərə
mənə düşsün,
Dağı sən götür.
Qalsın
yer üzündə qoşa izimiz
Qara mənə
düşsün,
Ağı sən götür.
İlin
övladıyıq yazla qış kimi,
Fəsillər
yaşasın yanaşı məndə
Biz ki bir
yerdəyik gözlə qaş kimi,
Gözlər
səndə qalsın,
Göz yaşı məndə.
Azərbaycan poeziyasında yüzlərlə, minlərlə
sevgi şeirləri yazılıb, yazılır və
yazılacaq. Dünya ədəbiyyatına Nizami, Füzuli, Nəsimi
kimi eşq mücahidləri bəxş etmişik.
Qurbani, Tufarqanlı, Vaqif, Zakir, Ələsgər, Sarı
Aşıq kimi gözəllik, sevgi aşiqləri əsrlərdir
ki, bizi məhəbbətin ülviliyinə səsləyirlər.
Nəbi Xəzri də bu missiyanı XX əsrdə
davam etdirən şairlərdən biri idi.
Vələslər
titrədi çən ötüşəndə,
Ürəyim torpağın qəlbini duydu.
Sandım
ki, üstümə yarpaq düşəndə
Təbiət əlini çiynimə qoydu.
Ay bulud,düzlərə çox tələsmə gəl,
Onsuz da gur axır dəli Kür orda.
Ay külək,
dərədən iti əsmə gəl,
Axı, tənha qovaq üşüyür orda.
Azərbaycan poeziyasında təbiətə, onun gözəlliklərinə
yüzlərlə, minlərlə şeirlər həsr edilib. Nəbi Xəzrinin şeirlərində
də təbiətin öz ətri, öz rəngi, öz
duyumu var. Rus şairi Yeqor İsayev yazırdı ki: "Nəbi
Xəzrinin şeirləri ağacların yarpaqlarından,
havadan, buluddan canlı şəkildə gəlir".
Nəbi Xəzrinin təbiət lirikasında Dağ, Dərə,
Çinar, Kəhkəşan, Çay, Xəzər poetik
simvola çevriliblər. Təbiətin
harmoniyadan ibarət olduğunu, poeziyanın da təbiətin təbii
davamına çevrilməsini, insanla təbiətin ən
böyük birliyini Nəbi Xəzri poeziyasında da daha
aydın hiss edirik. Ünlü tənqidçimiz
Yaşar Qarayev yazırdı ki: "Təbiətə
münasibətdə şairlər müəllimlərdən
çox iş görə bilərlər.
Çünki burada biliklə yanaşı həyəcan
lazımdır, ehtiras lazımdır, sadəcə öyrətmək
yox, "yoluxdurmaq", alışdırmaq, narahat etmək
lazımdır" və fikrimizcə, Nəbi Xəzri də təbiəti
necə sevməyin dərslərini öyrədib bizə.
Əslində,onun poeziyasında İnsan, Təbiət,
Sevgi vəhdət halındadır:
Qarlı
bir zirvə olsan,
Ağ buludun olaram.
Dərin
xəyala dalsan,
Mən sükutun olaram.
Çəmən
olsan, əgər sən,
Sərin yağış çilərəm.
Əgər
dənizə dönsən,
Sahilə çevrilərəm.
Vaxtilə
ustad tənqidçi Məmməd Arif yazmışdı ki:
"Nəbi Xəzrinin öz poetik aləmi. Məcazlar,
bənzətmələr, bədii ifadələr aləmi
vardır. Bu aləmi o özü
yaratmışdır və ona sadiqdir.
Bu poetik aləm çox zəngin mənəvi aləmin-ideyalar,
fikirlər, hisslər aləminin gözəl bir inikas
formasıdır.
Şairin
mənəvi dünyasını mən dörd kəlmə ilə
ifadə edərdim: ucalıq, genişlik, təmizlik, gözəllik.
Nəbi şeirimizə dağların
vüqarını, zirvələrin ucalığını, dənizlərin
genişliyini, baharın, qarın, çiçəklərin,
insan qəlbinin, sevgisinin, insani inamın gözəlliyini gətirmişdir".
Zərif duyğular, incə hisslər, aylı, günəşli,
ulduzlu düşüncələr, sevgililəri öz sahilinə
səsləyən mavi dəniz, üstündə mavi səma,
nə varsa mavi.
Mən bəlkə
bilirəm
Nə
üçün,
Nədən,
Dünyanın gündüzü maviləşibdir?
Bəlkə
də sən mavi geyindiyindən,
Yer
üzü,
Göy
üzü
Maviləşibdir.
Dəniz,
Göy, Məhəbbət şairi Nəbi Xəzri keçən
əsrin doxsanıncı illərində birdən-birə o
lirik, həzin lirik şeirlərdən zamanın acı
küləklərinin əsdiyi bir ovqata kökləndi. Dünya dəyişirdi, Azərbaycanın
başı üstünü qara buludlar almışdı, xain
qonşularımız rus imperiyasının dəstəyilə
torpaqlarımızın bir qismini işğal etmişdi, onun
arxalandığı Kommunist Partiyası isə artıq tarixin
qara səhifələrinə çevrilirdi. Dəniz,
Göy, Məhəbbət şairi Nəbi Xəzri o illərdə
Zamanla üz-üzə durdu, həyatın, yeni quruluşun, hələlik
sistemsiz Sistemin yaratdığı xaosa, hərcmərcliyə,
məmləkətdə baş verən mürəkkəb,
başaçılmaz olaylara, az qala mənəvi
dünyamıza hakim kəsilən, bəzən ən zərif
hissləri, duyğuları belə "özəlləşdirən"
BAZARa qarşı etirazını bildirdi:
Dünya
başdan-başa bazar olanda,
Şairin yaşamaq haqqı varmıdır?
Artıq
sevilməkdən söz düşə bilməz,
Daha yer
üzündə sevmək də gecdir!
İnsanlar
insandan var-dövlət umur,
Sənə
var-dövlət də qazanmaq gecdir!
Şeirə,
sənətə də cahan göz yumur,
Şeirlə
sərvət də qazanmaq gecdir!
Nəbi Xəzri
o illərdə "Qəm dəftəri", "Zaman
çıxsa məcrasından", "Xəzan
yarpaqları" kitablarını çap etdirdi və o
kitablarda olan şeirlərə diqqət yetirsək, görəcəyik
ki, şair məmləkətimizdə baş verən hadisələrin
heç birinə biganə qalmamışdır. Vaxtilə
-Sovet Azərbaycanının xarüqələrini, Milini,
Muğanını, Qarabağını, göy Xəzərini,
əmək bahadırlarını vəsf edən Nəbi Xəzrini
indi müstəqil Azərbaycanın taleyi
düşündürürdü.
Kükrəyib
qəzəbdən od tökür
qışım,
Qolumdan bərk tutsun qardaşım gərək.
Qarışsa
yad elə bircə qarışım,
Özüm də torpağa qarışam gərək.
Çəkin
bu torpaqdan qara əlləri!
Çəkin
Qarabağdan qara əlləri!
...
Əlbəttə,bir kiçik yazıda Nəbi
Xəzrinin çoxcəhətli yaradıcılıq yolu
haqqında geniş söz açmaq
qeyri-mümkündür. Deyə bilərik
ki, bu ustad şairin poeziyası elə öz
sağlığında neçə tədqiqat əsərinin
(məqalə və monoqrafiyaların) mövzusuna
çevrilmiş, müxtəlif sənət adamları N.Xəzri
haqqında öz ürək sözlərini söyləmişlər.
Azərbaycanda M.Arif, M.Hüseyn, M.İbrahimov, M.Cəfər,
K.Talıbzadə, Ə.Ağayev, B.Vahabzadə, Y.Qarayev, A.Əfəndiyev, B. Nəbiyev,
M.Araz, A.Abdullazadə, Y.Nəsirli, F.Səfiyeva, R.Əliyev,
Ş.Alışanlı, Rusiyada
və digər respublikalarda
R.Həmzətov, İ.Noneşvili, R.Babacan,
Y.İdaşkin, B.Leonov, S.Vasilyev,
Y.İsayev, B.Dubrovin, Türkiyədə N.Durmuş,
A.Kabaklı N.Xəzri yaradıcılığından söz
açmışlar.
Ancaq bu yazıda N.Xəzri yaradıcılığı
ilə bağlı bəzi məqamları yığcam şəkildə
xatırlatmaq istərdik.
...Nəbi Xəzri təkcə Dəniz, Göy, Məhəbbət
şairi deyildi. O, bu yurda, bu torpağa, bu məmləkətə, onun
qanla yazılan tarixinə, XX əsr gerçəkliyinə, həm
də Dədə
Qorqud dünyasına bağlı bir şairdi. "Əfsanəli
yuxular" poemasında, "Torpağa sancılan
qılınc" pyesində o, Dədə Qorqud dastanlarına
müraciət etmiş, qədim-mifik tariximizə müasir dünyamızdan
boylanmışdı. N.Xəzri
türk bahadırı Atilla və onun igidliyi haqqında poema
yazmışdı, dinimizin, islamçılığın
yaradıcısı Məhəmmədi "Peyğəmbər"
əsərində mədh etmişdi.
...Nəbi
Xəzrinin 60-cı illərin əmək qəhrəmanı
olan Sevil Qazıyevanın ölümünə həsr etdiyi
"Günəşin bacısı" poeması
üstündən illər keçməsinə baxmayaraq ədəbiyyatımızın
incilərindən sayılır. Çünki
bu poemada əmək adamının ordenləri, medalları,
qazandığı nailiyyətləri deyil, mənəvi
dünyası, gənclik arzuları və faciəli
ölümü əks olunmuşdu.Çox sonralar o,
Qarabağ müharibəsində amansızlıqla qətlə
yetirilən Salatın Əsgərova haqqında bir elegiya-poema
yazdı.
...Nəbi
Xəzri sosrealizmin ədəbiyyatda hakim mövqe tutduğu bir
zamanda "Kiçik təpə" poemasını qələmə
almışdı və nə qədər mübahisələrə
səbəb olsa da bu poemada o dövr üçün
"müsbət" yox, əzabkeş bir azərbaycanlı
qürbətkeşin obrazını yaratmışdı.
...Nəbi Xəzri lirik-fəlsəfi poemalar ustası
idi. "Ana", "Bacı", "Ömür
yoldaşı" poemaları təkcə Anası,
Bacısı, Ömür yoldaşı haqqında
yazılmamışdı, Azərbaycan qadınlarının
müqəddəsliyinə poetik himnlər idi bunlar.
...Nəbi Xəzri həm də dramaturq, nasir və
publisist idi. Doğrudur, Nəbi Xəzri deyəndə dərhal sənin
gözlərimiz qarşısında bir ŞAİR obrazı
canlanır. Amma bu ŞAİR obrazı onun
nəsrində, dramaturgiyasında və publisistikasında da
öz sözünü deyir. Nəbi
lirikası, ona xas olan zərif, incə duyğular pyeslərinin
də, nəsr əsərlərinin də mətninə, ruhuna
hopur. Əslində, bunları bir-birindən
ayırmaq, hansınasa üstünlük vermək olmaz.
Nəbi Xəzri tarixin və yaşadığı
dövrün həqiqətlərini təkcə şeir və
poemalarında deyil, "Sən yanmasan", "Əks-səda",
"Mirzə Şəfi Vazeh", "Torpağa sancılan
qılınc", "Burla Xatun" pyeslərində,
"Heykəlsiz abidə", "Miras" povestlərində
də əks etdirirdi.
...Nəbi Xəzri dramaturgiyasında olduğu kimi
publisistikasında və ədəbi düşüncələrini
ifadə edən məqalələrində də ŞAİR
idi. Yəni bu yazılarında da poeziyasına məxsus
obrazlı ifadələrdən, bədii təsvir vasitələrindən
istifadə edirdi. Amma belə yazılarda
tanınmış bir Azərbaycan şairinin hadisələrə
obyektiv, ciddi mövqeyi də aydın duyulurdu. Ritorika yox, emosionallıq, hiss-həyəcan hakim idi
bu yazılara. "Doqquz gün, doqquz gecə",
"Missisipi axan yerdə", "Şimal qutbünün
astanasında" publisistik yazıları İran, Amerika və
İslandiya səfərlərindən sonra
yazılmışdı. O, ustadlarına və öz
müasirləri olan şairlərə də bir sıra
yazılar həsr etmişdi və bu yazılar əslində,
çox gözəl esselər idi. Məsələn, Xalq
şairi süleyman Rüstəmə həsr etdiyi bir
yazıda deyirdi: "Yadıma F.Dostoyevskinin müdrik sözləri
düşür. O öz nəsli adından deyir ki, biz
hamımız Qoqolun "Şinel"indən
çıxmışıq. Biz də
Süleyman Rüstəm poeziyasından qidalanmışıq.
O, bizim əlimizdən tutub, sənətin çətin,
ağır, əzablı, əziyyətli, eyni zamanda şərəfli
yollarından inamla aparmışdır".
O,
müasirliklə, dövrün həqiqətləri ilə nəfəs
alan, İNSANı -quran, yaradan,
düşünən, böyük arzularla yaşayan
İnsanı vəsf edirdi. Bu insan sırf milli-bəhəri
duyğularla yaşayan, öz şanlı keçmişilə
fəxr edən soydaşımız idi.
...Nəbi Xəzri
görkəmli ictimai xadim idi. Əməkdar İncəsənət
xadimi, SSRİ Dövlət Mükafatı laureatı,
Ümumittifaq Lenin Komsomolu mükafatı laureatı, Azərbaycan
SSR Dövlət Mükafatı laureatı, Azərbaycanın
Xalq şairi.. bunlar onun halallıqla
qazandığı mükafatlar, fəxri adlar idi. Azərbaycan
Yazıçılar İttifaqının katibi, Radio və
Televiziya Verilişləri komitəsinin sədr müavini, Mədəniyyət
nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr cəmiyyəti rəyasət
heyətinin sədri - bir sözlə, ömrünün
çox hissəsini də vəzifədə olmuşdu.
Sözün kəsəsi, xoşbəxt taleli sənətkar
idi Nəbi Xəzri.
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2014.- 19 dekabr.- S.6.