Vəzncə ən yüngül, mənaca ağır: Söz dünyaya sığmaz; tək ağla sığır!

 

 

Poeziyamızın görkəmli nümayəndəsi, dəyərli şairimiz Məmməd Aslanın dekabrın 23-də 75 yaşı tamam olur. Məmməd Aslan ömrün 75-ci pilləsində – günü bu gün də gəncliyə xas ilhamla, şövqlə, amma həm də müdriklərə məxsus dərin idrak və dəqiq hissiyyatla yazıb-yaradır. Doğum günü – yubileyi münasibətilə əziz şairimizi ürəkdən təbrik edir, daha  neçə onilliyi sağlam, gümrah, yaradıcılıq ovqatı içində qarşılayıb başa vurmasını arzulayırıq.

 

Dərc etdiyimiz bu şeirlər şairin oxucularına yubiley töhfəsidir. 

 

 

ALTMIŞ HAVASINA DOĞRU

 

İşin yaş olmamış yaşın yaş ola! İllah da altmış ola... İşini, başını, yaşını bilən kəsə dəxli yoxdu bu qeylü-qalların. Mıs-mısını uzatmayım: Mustafasını deyim:

 

Altmış havasına doğru meyillənmiş möhtərəm şairimiz. SABİR SARVANIN doğma AĞSUDA keçirilən mübarək görüşünə bir ərmağan olsun mənim bu dəyərləndirmə qoşmam.

 

Mindirən misranı, mindirən atı

Ağlı kəsdirməsə, minməz bir şair!

Qibləsi saydığı ideal yöndən

Dara çəkilsə də, dönməz bir şair!

 

Nəsimi inadı qanında cövhər.

Haqqın isbatında əyilməz sərvər!

Şairlər səfində basılmaz hünər!

Alışdıqca yanan, sönməz bir şair!

 

Yenidən doğular təzə şeiriylə!

Min könül qazanar sözün sehriylə.

Sarvan oldu Sabir elin mehriylə:

Yenilməz bir şair, enməz bir şair!

 

Ağsuyun hələ ki madar şairi!

Kürtale şairi, kədər şairi...

Yüz ölüb-dirilən qədər şairi,

Əriməz bir şair, donmaz bir şair!

 

Yaşı əvvəl-axır yüz olar sonda:

Ələsgər yaşıyla düz olar sonda!

Rəbbi hər halına göz olar sonda;

İmanı ruhuna kümbəz bir şair!!!

20.11.2014

Sumqayıt

 

BAĞI QIRILMIŞ TƏSBİH DƏNƏLƏRİ

 

Vəzincə ən yüngül, mənaca ağır:

Söz dünyaya sığmaz; tək ağla sığır.

İqlimlər dəyişir sözün zəhmindən:

Sözdən şaxta düşür; sözdən nur yağır.

 

lll

 

Dərd sənin dərdindi, əzabına döz!

Sonunda kor olar ağlayan bir göz.

Özümü aldada-aldada qaldım;

Nə yuxum çin oldu, nə gecəm—gündüz.

 

lll

 

Sözun uyuşumu, gilası səndən!

Dağ səndən, dağların laləsi səndən!

Mən sənin əmrinə verilmiş qulam:

Varsa, yazdığımın əlası səndən.

 

lll

 

Məni yaşatmağa yaratdın səki;

Bunca bəla verdin, bunca xisəki.

Dərd səndən, Yarəbbi, dərmanı səndən:

Ya dərdi al, ya canı al, xülasə ki...

Noyabr, 2014

Bakı

 

SƏN  HAQQI  DANDIQCA

 

(Lənət şeytana!..)

 

Mənə ömür vermiş Kərimü Cabbar!

Sən məni danırsan nə haqla, məlun?!

Arxayın olduğum ulu qüdrət var!

Papağı başında bərk saxla, məlun.

 

Əyri vicdanını çırp dağa – daşa!

Şeytanı ötərsən: çıxsan yarışa.

Qurd –quş da  yaşayır, nə olar, yaşa:

Yetər ki mədəni tox saxla, məlun.

 

Bəlli ki, doğruyla bitməz cəngin var,

Uçmağa girişmə: çərpələngin var...

Mənim bu yazımda dəqiq rəngin var:

İçini üzünə yax, saxla,  məlun.

 

Allaha üsyandır sənin hər şaqqan:

Sən şeytan gülləsi, haqqa nahaq qan...

Bəndənin haqqıyla sənin nə haqqın?!

Dolandır başını çax-çuxla,  məlun...

 

Rəhman  can bağışlar,  iblis qan əkər;

Hər fərd əcdadına, kökünə çəkər!...

Sən haqqı dandıqca vicdanın çökər,

Salim yola çıxmaz axsaqla, məlun.

29.11. 2014. Bakı.

 

SƏNİN SÖZ MÜLKÜN

 

İnsan doğulduğu məmləkətin bir ovuc gəzəri torpağıdır.

 

Adil Cəmilin hər yeni şeirini oxuduqca bu ibrətli həqiqətin təsdiqini bir daha yenidən xatırlayıram.

 

Sənin ilhamında Tərtər ləngəri;

Sözünün kökündə Dəlidağın var.

Murova, Keytiyə, Sultan Heydərə

Ürək tellərinlə minbir bağın var.

          

Hər dağ bükümündə bir Loğman çeşmə,

Yurd-yuvan qurulu, lap göydəndüşmə.

Dünyada qalmamış dünyadan köçmə;

Maşallah, bəhrəli ahıllığın var!

          

Hər Cənnət dərənin özgə büsatı,

Hər mədən sərvətin min ayrı qatı...

Azalmaz qiyməti, düşməz urvatı,

Nə nemət diləsən: yığın-yığın var!

          

Şairsən, alimsən, ta nə deyilsən?!

Çox dürlü bostansan, dənə deyilsən!

Rəng verən saata, günə deyilsən,

Bir tale bürcündə çilçırağın var.

          

Adilsən, Cəmilsən, inşaallah, sirsən!

Hələ də özündə nəsə gəzirsən...

Namərdi, nakəsi asıb-kəsirsən;

Buluddan qəfləti sıyrılmağın var!

          

Mən Məmməd Aslanam, mən də: bir əmin.

Şükür verdiyinə Haqqın: birə –min!

Ayrıca dəstgahın, ayrıca dəmin;

Ayrıca söz mülkün, ayrı tağın var!

Sözünün kökündə Dəlidağın var.

06.11.2014,

Bakı.

 

ZÜLMƏTDƏN İŞIĞA

 

Məmmədəli Məhbus, adından da göründüyü kimi, uzun illər zindan zülmətində ölümlə-qalım arasında bir zərrə işıq həsrəti ilə çırpınıb. Zifri zülmətdən işığa doğru dünyanın əvvəlindən başlayıb, günümüzə qədər yaşanmış sitəm və işgəncələrə dəfələrlə dözüb...

 

Dünyanın hər nemətinə tamarzı qalmış soydaşımız, sübhəsiz, toy-düyünə də gecikmişdir. Həm də çoxdan-çox. Handan-hana ayaq üstündə qərarlı dayanmağa özündə güc tapan zavallı Məmmədəli hər kəsdən əvvəl telli sazı ilə məsləhətləşib, evlənməkdən vaz keçə bilmədi.

 

Aşağıdakı acılı-şirinli qoşmanı Tehrana, onun mübarək toyuna bir gözaydınlığı kimi göndərdim...

 

Olan oldu... Barı indən sonra Rəbbimiz, Məmmədəlini yarıtdığı bəndələrindən eləsin!

 

Amin!!!

 

Qayğılar, sitəmlər irəli düşdü:

Gecikdi ömrünə toy-düyün sənin.

Çıxmaz xatirimdən o qara günlər—

İşığa gözünü döydüyün sənin.

 

Xatirələr mələr, ovqatlar həzin,

Vətəndə qürbəti kimsə görməsin!

Hələ qulağımda inadkar səsin:

Bu dağdan-o dağa dəydiyin sənin.

 

Birdən minbirəcən haqqın bir adı!

Haqdan-haqsızlığa hara-buradı?!

İnana bilmədin “qatıq qaradı”;

Bundan zəhər oldu yediyin sənin.

 

İmanlar sürüşkən, ilqarlar saxta;

Ədalət taptandı ayaqlar altda...

Nə deyim taleyə, nə deyim baxta?!

Keçilməz dağların, gədiyin sənin.

 

Toyundan başlasın ömrün əzəli!

Yapışsın qolundan Haqqın öz əli!

Məmməd Aslan deyir: Ay Məmmədəli,

Şükür ki: Çin oldu dediyin sənin.

08.08.2014

Zaqatala

 

SÖZÜN AŞIRI TƏSİRİ

 

“Söz var: gələr keçər;

Söz var: dələr keçər...”

Xalq məsəli

 

Dəlidağın eynən öz təbiətində ərsəyə yetirmiş olduğu Pövşən adında dəli-dolu bir oğlu var. Sinəsi dəmirçi kürəsitək. Bu kürədə yanıb közərən, hər şeydən əvvəl, odlu şair nəfəslərinin közərtisi olan abidəvi söz örnəkləridir.

 

Ən qəribəsi budur ki, ömürlük könül verdiyi sözlərin amansız təsirinə tablaşa bilmir Rövşən Salmanoğlunun kürrük eləyən daxili dünyası: Dəm verir gözlərinə. Di gəl!.. Azərbaycan şeirinin də seviləsi ideal örnəkləri bir deyil, beş deyil. Di, ağla görək, hara çatır?!

 

Rövşənin heyrətli yaddaşı isə Zəlimxan Yaqubla boy ölçəcək zənginlikdə.

 

Bu ithafımla xətrini çoxdan-çox istədiyim Rövşənin getdikcə çılğınlaşan kövrəlmələrinin qarşısını bəlkə bir az almaq mümkün olar, arzumdur. Kaş bacara biləydim.

 

Bu qədər kökləmə qəlbini qəmə,

Vaxtından tez əyər qəm səni, Rövşən.

Bahar göyləritək çox inildəmə,

Alar bu möhnətdən kim səni, Rövşən?!

            

İşığa gəlmişəm, deyirdin, bəs sən?

Ən qəmli şeirdə ümid var, gəzsən.

İşığı qeyb etmə, tapa bilməzsən:

İnlədər zil səni, bəm səni, Rövşən.

            

Şair yaşatmağa doğulmuş müdam,

İşığa üz tutar şeirlə adam.

Allaha xoş getməz şeirlə edam...

Bu sitəm tapmasın kimsəni, Rövşən.

            

Görmədim odlara qovrulan səntək;

Sözlə nalə çəkib, qıvrılan səntək;

Xırmanı göylərə sovrulan səntək:

Ara ‘‘Dəhnamə’’ni, ‘‘Xəmsə’’ni,  Rövşən.

              

Bunca çalxanışdan gözdə yaş qalmaz,

Başını döyməyə sonra daş qalmaz...

Məmmədə təsəlli bir qardaş qalmaz;

Dərd şumlar həm məni, həm səni, Rövşən.

30.07.2014

Zaqatala.

 

NUR ÇEVRƏSİNDƏ

 

Həqiqət NADİRQIZINA

 

Möhtərəm oxucular!

 

Şeirimdən öncə bu ilk dəyərləndirməni oxumağınızı dilərdim.

 

Onlar mənim deyil; dünyanın iki abidə insanının  dəyərləndirmələridir. Ötən yüzilliklər boyu onların dipdiri qalan həmişəyaşar kəlamları yazdırdı o şeiri mənə.

 

Uluların ruhları şad olsun!    

 

Mükəmməl qadından daha mükəmməl varlıq yaradılmamışdır.

Evripid.

 

Qadının dəyəri onun həyası və iffəti ilə ölçülür.

Həzrəti-Məhəmməd.

 

Nadir Kəlbəcərin Nadir qızısan!

Mübarək əxlaqın “Quran”dan gəlib!

Mənəvi dəyərlər can çəkişmədə,

Xilqətin, xislətin bir Ondan gəlib.

           

Açılmamış çox mətləbin niyəsi;

Özü varlığının məğrur yiyəsi!

Kəlmə kara gəlmir səni öyəsi!

Gəlsə, yəqin bil ki: nur Ondan gəlib.

           

Qəlbində dağ boyda bir qeyrət yaşar.

Dəlidağ ünvanlı o sərvət yaşar!

Allahına təslim Həqiqət yaşar;

Hər hikmət dünyanı Qurandan gəlib.

 

Ölçülü-biçili sözün və işin!

Sənə dəxli yoxdu çərxi-gərdişin.

Rəbbimiz, sultanı ərş ilə kürşun!

Bəndənin qəlbinə qor Ondan gəlib.

           

Yurduna tay olmaz; yurdun ayrısı!

Silinsin bağrından yurdun ağrısı!

Müjdənin sarehi, sözün doğrusu

Haqqı aralıqda görəndən gəlib!

06.11.2014,

Bakı.

 

ŞEYTAN YASTIĞI

 

İnsanı vaxtından əvvəl əldən salan bir şey varsa, o da tənbəllikdir.

Həzrəti-Əli

 

Tənbəllik azad bir adamı əsirə döndərər.

Firdovsi

 

Pah, atonnan, nə ağır yatdı bu oğlan, ölüb, ə!..

M.Ə.Sabir

 

Günəş günortadan axşama dönür;

Kasıb da bu qədər yatarmı, qafil?!

Çiyin çəkməkdə ol, gün amma dönür;

Harayın bir yana çatarmı, qafil?!

            

Bu nə təvəkküldü, nə yata-yatdı?!

O yatmaq dovşanı hara ucaltdı?!

Səni haylamaqdan səsim də batdı,

Qulaq da bu qədər batarmı, qafil?

            

Yoxuşu dırman ki, axır düzə çıx!

Qışın şaxtasından sıyrıl, yaza çıx!

Əl-qolunu tərpət, bir az üzə çıx:

Batan da təzədən batarmı, qafil?!

            

Gərnəşib ayıl ki, bəxt də ayılsın!

Boy atıb qalxmağa sən də qayilsən!

Ayıl daş yuxundan, kar-kor deyilsən;

İnsan yata-yata artarmı, qafil?!

            

Çinartək qabıq qoy: gövdə dirçəlsin!

Göyün bərəkəti qapına gəlsin!

Bir çöhrən açılsın, ürəyin gülsün

Zamanla tənbəllik tutarmı, qafil?!

Kasıb da bir belə yatarmı, qafil?!

11.11.2014,

Gəncə.

 

Məmməd Aslan

525-ci qəzet.- 2014.- 20 dekabr.- S.29.