Müharibə və onun nəticələrinə
təsir edən amillər
(Əvvəli ötən şənbə
sayımızda)
Müharibədə
strategiya və taktika məsələləri
Məşhur
hərb nəzəriyyəçisi Karl fon
Klauzevits klassik hərb sənətinin fundamental tədqiqat
işi olan özünün “Müharibə haqqında” əsərində
bu məsələlərə xeyli aydınlıq gətirərək,
“strategiya adlananın başlıca başlanğıcdan ibarət
olduğunu” vurğulayır.
Karl fon Klauzevits (1780-1831-ci illər) 12 yaşı
olanda Prussiya ordusunun sıralarına daxil olaraq, bir neçə
il qarnizon xidməti ilə məşğul olmuşdu. Bu vaxt o, öz təhsilini artırmaq
üçün geniş imkan tapa bilmişdi. 1801-ci ildə Berlin Hərbi Kollecinə daxil olub,
burada hərb elmini, fəlsəfəni və ədəbiyyatı
öyrənmişdi, özünün təməl strategiya
konsepsiyasına yiyələnmişdi. 1806-cı
ildə Napoleon ordusuna qarşı Yena döyüşündə
vuruşmuş, fransızlar
tərəfindən əsir
götürülmüşdü. Uinston
Çörçil və general Şarl de Qoll da belə taleyi
yaşamışlar, Çörçil burların əsirliyindən
qaça bilmiş, de Qoll isə Birinci Dünya müharibəsində
vuruşarkən alman əsirliyinə düşdükdən
sonra beş dəfə
qaçmağa səy göstərsə də, buna müvəffəq
olmamış, sonra azad edilmişdi.
Klauzevits Prussiyaya 1808-ci ildə qayıtmış və
Prussiya ordusunda aparılan islahatın təşkilatçılarının
liderlərindən birinə çevrilmişdi. Napoleon 1812-ci
ildə Rusiyaya yürüş edəndə, digər alman
patriotları kimi o da Rusiyada hərbi xidmətə girmişdi.
1815-ci ilin iyununda Vaterloo döyüşü
vaxtı isə Prussiyaya qayıtmış və mühüm
vəzifələrdə xidmətini davam etdirmişdi. 1818-ci ildə isə general rütbəsində hərbi
kollecin inzibati başçısı olmuşdu.
Sonrakı 12 il ərzində Klauzevits istirahət
vaxtını öz tarixi biliklərini artırmağa və
strategiya barədə başlıca əsəri kimi
“Müharibə haqqında” kitabını yazmağa sərf etmişdi.
Böyük Fridrixin və Napoleonun təcrübələrini
təhlil edərək o, ayrı-ayrı faktlarla hərbi
dühaların işini təsvir edir, axı onlar müharibənin
uğuruna nail olurdular. O, Blyuxerlə
vuruşdan sonra fransız sərkərdəsi
barədə demişdi : “ Napoleon müharibənin allahı
olaraq qaldı”.
Klauzevits əslində heç bir strateji sistem irəli
sürməmişdi. Əksinə, o, təsadüfi faktlara
üstünlük verir, onlar isə dəqiq hesablamalardan və
strateji problemə tənqidi yanaşmağın vacibliyindən
uzaqlaşır. O, bəyan edirdi ki, strategiya üç
başlıca hədəf məqsədini güdür:
düşmən qüvvələri, onun resursları və
döyüşmək iradəsi. Müdafiə
müharibəsi həm də siyasi cəhətdən möhkəm
mövqeyə malik olmağı tələb edir. Müdafiə qüvvələri arasında fikir və
iradə birliyi olmadıqda, bu qarşıya qoyulan məqsədin
puç olmasına səbəb olur. Franko qüvvələri
İspaniyada Vətəndaş müharibəsinin ilk ilində,
1937-ci ildə bir şəhərə hücum edərkən,
ona qoşulmuş general Emilio Mola döyüşçülərinə
ürək-dirək verərək demişdi ki, orada bizim 5-ci
kolonnamız vardır (o, şəhəri müdafiə edən
respublikaçılar arasındakı satqınları nəzərdə
tuturdu), ona görə də şəhərin alınması
bizə olduqca asan başa gələcəkdir.
Klauzevits “Müharibə haqqında” əsərini
başa çatdırdıqdan sonra Breslauya dəyişdirildi,
bu vaxt Prussiya qüvvələri 1830-cu ildəki polyak
inqilabını müşahidə edirdilər. Breslaudan
qayıdandan sonra o, xolera xəstəliyinə tutuldu və
1831-ci ildə öldü. O, heç vaxt ordu hissələrində
komandir olmamışdı, daim qərargahda xidmət
etmişdi, öz qiymətli məsləhətləri ilə
seçilirdi. Əsərində igidliyi vacib
sayan müəllif həm də öz şəxsi nümunəsi
ilə bu mülahizəsini təsdiq etməli idi. “Müharibə haqqında” əsərində o,
öz dövrünün müasir strategiya konsepsiyasına dərin
təsir göstərdi. O, müharibənin
özlüyündə başa çatdığını
inkar edərək yazırdı ki, “Müharibə müxtəlif
mənaların qarışığı ilə siyasi
münasibətin davamından başqa bir şey deyildir”.
Lakin alman hərbi planlaşması onun nəzəriyyəsinə
artan dərəcədə məhəl qoymamaqla, siyasi niyyətdən
məhrum olurdu. Bir çox Avropa dövlətlərində isə onun nəzəriyyəsinə
geniş maraq göstərilirdi. Marks
və Engels Klauzevitsin əsərini müzakirə edirdilər,
Lenin isə İsveçrədə mühacirətdə
olanda onun siyasi təlimlərini öyrənirdi və
müharibənin başqa vasitələrlə siyasətin
davamı olması fikrini yüksək qiymətləndirirdi.
XX əsrin ortalarından yeni tipli silahlar sistemi meydana gəldiyindən,
Klauzevitsin strategiya konsepsiyasının əhəmiyyəti
müstəsna olaraq quruda aparılan müharibəyə aid
olmaqla tənəzzülə uğradı, baxmayaraq ki, onun təməl
ideyaları həmişəki kimi yararlı olaraq qalır.
O göstərir
ki, müharibəyə xas olan xüsusiyyət onun təkbaşına
mübarizə olmasıdır. Klauzevits bu fikrini I Dünya
müharibəsindən az qala bir əsr əvvəl
ifadə etsə də, bəzi tarixçilərin I Dünya
müharibəsi adlandırdığı Yeddiillik müharibənin
(1756-1763-cü illər) təcrübəsini nəzərə
almalı idi. Axı həmin müharibədə doqquz dövlət
– bir tərəfdən Avstriya, Fransa, Rusiya, İspaniya,
Saksoniya, İsveç, digər tərəfdən isə
Prussiya, Böyük Britaniya (Hannover ilə birlikdə) və
Portuqaliya iştirak edirdi. Bu heç də təkbaşına
mübarizə və ya müharibə deyildi, vuruşan tərəflərə
çox sayda mənafelər hakim kəsilmişdi. Həmin ziddiyyətlərin kəskinləşməsinə
səbəb müstəmləkələr uğrunda
ingilis-fransız mübarizəsi və Prussiyanın təcavüzkar
siyasətinin Avstriya, Fransa və Rusiya maraqları ilə
toqquşması idi. 1761-ci ildə
döyüşlərdə Prussiya fəlakət vəziyyətində
idi, bu vaxt yeni rus çarı, alman hərbi ənənələrinin
pərəstişkarı olan III Pyotr Rusiyanın mənafelərinin
əksinə Prussiya ilə sülh bağladı və 1762-ci
ildə onunla ittifaqa girdi. Bu həm də
Rusiyanın öz müttəfiqlərinə qarşı xəyanəti
idi. Müharibənin hansının
dünya müharibəsi adlanması isə mahiyyətindən
daha çox ona bəslənilən münasibətdən
asılı olur. İngiltərədə Birinci Dünya
müharibəsi sadəcə olaraq “Böyük müharibə “
hesab olunurdu, yalnız İkinci Dünya müharibəsindən
sonra burada da hamı tərəfindən qəbul olunmuş
adla adlanmağa başladı.
Bu vaxt müstəmləkələrdə və dənizdə
kəskin mübarizə gedirdi. 1763-cü ildə
Prussiya Avstriya və Saksoniya ilə bağladığı
sülh müqaviləsinə görə Sileziyanı özündə
saxladı. 1763-cü il Paris sülh
müqaviləsinə görə isə Fransadan Kanada, Şərqi
Luiziana, həmçinin Hindistandakı fransız müstəmləkə
ərazilərinin böyük hissəsi Böyük Britaniyaya
keçdi. Yeddiillik müharibənin
başlıca yekunu müstəmləkə uğrunda və həmçinin
ticarətdəki birincilik üstündə mübarizədə
Böyük Britaniyanın Fransa üzərində qələbəsi
idi.
Doğrudan da, I Dünya müharibəsi sayılmalı
olan Yeddiillik müharibə dünyanın xəritəsində
çox iri dəyişikliklər etdi. Britaniya əlavə müstəmləkələr
əldə etdiyinə sevinc hissi keçirdiyindən 13 il sonra
Şimali Amerikadakı özünün böyük müstəmləkəsi
olan 13 koloniya azadlıq
mübarizəsinə, əsl inqilaba qalxıb, müstəqilliklərini
elan etməklə, yeni Amerika Birləşmiş
Ştatları dövlətini yaratmağa başladı. ABŞ getdikcə böyüyəcək, materikin
xeyli hissəsini və bəzi adaları tutacaq və XX əsrin
ikinci yarısında fövqəldövlətə çevriləcəkdi.
Müharibə zor akt olub, onun başlayanın öz iradəsini
yerinə yetirməyə əleyhdarlarını məcbur etmək
məqsədini güdür. Özü də bu hərəkət
müəyyən zaman ərzində davamı olmayan təkcə bir zərbədən
ibarət deyildir. Şəraitə
lazımınca nüfuz etməmək, onu öyrənməmək
də ciddi çətinliklərə gətirib
çıxara bilər.
Klauzevits
hərbi dühalara, Böyük Aleksandra, Hannibala, Sezara,
Napoleona xüsusi əhəmiyyət verir. Nəzəriyyəçi
müharibədə rast gəlinən təhlükələrə
də diqqət yetirir.
Əsərdə ordunun təchizatı məsələsi
xüsusi yer tutur. Təchizat, logistika hətta qədim
dövrlərdəki dahi sərkərdələr
üçün ən vacib problemlərdən biri
sayılırdı. Axı logistika müharibənin qan damarı hesab
olunur. Hətta 50 minlik ya 100 minlik ordunu ərzaqla
təmin etməyin özü də olduqca mürəkkəb
bir məsələdir. Makedoniyalı
Aleksandr Persiyadan Orta Asiyaya keçmək üçün Xəzər
dənizinin cənubunu, ərzağı və ayaqaltı otu
bol olan Hirkaniya vadisini seçdi. Bu onun
yürüşünün uğurlu olmasında heç də
az rol oynamadı. Napoleon və
Hitler isə bu mühüm cəhəti Rusiyaya
yürüş vaxtı yaddan çıxartdıqlarına
görə ağır məğlubiyyətlərlə
üzləşməli oldular. Axı ac
ordu vuruşmağa qadir deyildir. Napoleon
öz ölkəsindən çox uzaqlara gəlib
çıxanda əslində Hannibalın İtaliya ərazisindəki
səhvini təkrar etdi. Hannibal Karfagendən
əlavə canlı qüvvə və digər maddi kömək
xahiş etsə də, onları istənilən həcmdə
ala bilmirdi. Roma ordusu isə Kannda
ağır məğlubiyyətə düçar olsa da,
öz ərazisində olduğundan, başqa sözlə “yeni
qanla” təmin olunmaqda hansısa çətinlik çəkmirdi.
Napoleon ordusu Rusiya ərazisi ilə geri çəkildikdə
təkcə şaxtadan, soyuqdan deyil, həm də ərzaq
qıtlığından əziyyət çəkirdi. Ruslar
“yanmış torpaq” metodunu həyata keçirərək,
fransızların ərzaq əldə etmək cəhdlərini
puça çıxarırdı. Vaxtilə,
böyük sərkərdə Səlahəddin də III Səlib
yürüşünə belə “qonaqpərvərlik”
göstərməklə, səlibçiləri ağır məhrumiyyətlərə
düçar etmişdi. Napoleonun əsgərləri
ölən atların ətini yeyirdilər.
Hitler isə
strateji şəhər hesab etdiyi Stalinqradı işğal etmək
vəzifəsini irəli sürsə də (bu, ona Volqa
çayı ilə cənubdan, Bakıdan neft
daşınmasının qarşısını kəsməyə,
Sovet ordusunu motorlar müharibəsində yanacaq
aclığına məhkum etməyə xidmət edəcəkdi,
axı həm də bu şəhər Stalinin adını
daşıyırdı), əslində öz ordusunu ərzaq
qıtlığına, aclığa sövq etmişdi. Ordunun çox böyük məsafədə
uzaqlaşması hesabına silah, sursat, hərbi texnika təchizatında
da ciddi çətinliklər meydana gəlmişdi. Ordunun hərtərəfli təminatı isə onun
döyüş qabiliyyətini saxlamaq üçün ən
vacib məsələlərdən biridir. Bu
əməliyyat əslində hərb tarixində tam avantyura
xarakterli bir cəhd hesab oluna bilərdi. Ona
görə də 1942-ci ilin sonundakı qışda ordu sərt
şaxta ilə yanaşı, aclıqdan da əziyyət
çəkirdi. Bu vaxt Almaniyanın hərbi
aviasiyasına başçılıq edən German Gerinq Hitlerə
söz verdi ki, Stalinqrad cəbhəsindəki
ordunu hava yolu ilə ərzaqla bütünlüklə təmin
edəcəkdir. Təyyarələrdən az
miqdarda ərzaq atılsa da, bu vəziyyəti dəyişə
bilmədi. Aclıqdan və soyuqdan əziyyət
çəkən 300 min nəfərlik alman ordusu Sovet
qoşunlarının mühasirəsindən çıxa bilmədi
və onların əksəriyyəti məhv edildi. Beləliklə, Hitler ordusu 2 fevral 1943-cü ildə
Stalinqradda ağır məğlubiyyətə uğradı,
feldmarşal Paulyus başda olmaqla 91 min nəfər alman əsgəri
və zabiti əsir götürüldü. Bu məğlubiyyətdə digər faktorlarla
yanaşı, logistikaya diqqət verilməməsi də öz
məkrli işini gördü.
Müharibədə mənəvi amil
ölçüsü, düşmənçilik hissi, igidlik,
təhlükənin təsir gücü mühüm əhəmiyyətə
malikdir. Böyük döyüş təkcə fiziki deyil,
həm də mənəvi gərginlik tələb edir. Ordu təkcə sayı ilə deyil, ən
başlıcası mənəvi gücü, yüksək ruhu
ilə, bütün çətinliklərə, məhrumiyyətlərə
rəğmən qələbəyə sarsılmaz inamı ilə
seçilməlidir.
Müharibədə
döyüş gedən yerin şəraiti də az əhəmiyyət daşımır. Bu yer əvvəlcədən yaxşı öyrənilməlidir.
Hər şey döyüşün baş
tutduğu müharibə teatrında öz həllini tapır.
Hərbi fəaliyyətin döyüş yeri üç
qaydada təsir edir: onu ələ keçirməyin
qarşısını alan maneələr
şəklində, müşahidə aparmağa maneələr
şəklində və atəşdən gizlənmək
şəklində. Sovet ordusu 1939-1940-cı illərin
qışında Finlandiya ərazisinə girməklə
müharibə aparırdı. Vuruşmada fin qüvvələri
Qızıl ordu hissələrinə gözləmədikləri
güclü müqavimət göstərirdilər. Sovet əsgərləri meşələrdəki
qalın qarda çətin hərəkət edir,
ağacların budaqlarında gizlənmiş snayperlərin atəşindən
ağır itkilərə məruz qalırdılar. Ona görə də kampaniya Sovet ordusu
üçün olduqca ağır gedirdi. Cəbhədəki
finlərin “Mannerheym xətti”ni yalnız müharibənin
son aylarında keçmək mümkün oldu və
1940-cı ilin martında bağlanan müqaviləyə
görə, Finlandiyanın cənubdakı bəzi əraziləri
– Kareliya SSRİ-yə keçdi
Klauzevits havanın da döyüşə böyük təsir
göstərdiyini qeyd edir. Əksər hallarda
dumanın məlum rol oynadığını
vurğulayır. Yəqin ki, o, yalnız
Avropada gedən müharibələrdə iqlim dəyişikliklərinin
təsirini nəzərə almışdı. Lakin soyuq iqlimli ərazilərdə sərt şaxta
və qarın, həmçinin səhranın qızmar
istisinin, tropik ərazilərin rütubətli və isti
havasının ordunun fiziki və mənəvi gücünə
göstərdiyi mənfi təsir ona görə də müəllifin
diqqətindən kənarda qalır.
Strategiyanın əsas vasitəsi qələbə,
başqa sözlə, faktiki müvəffəqiyyət hesab
olunur. Strateji vasitələrin tətbiqinə çox sayda
şəraitlər öz təsirini göstərir. Hərbi
biliklərə yiyələnmək vacibdirsə, bu biliklər
hökmən bacarığa çevrilməlidir və belə
bir cəhət heç də biliklərə yiyələnməkdən
az əhəmiyyət daşımır.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2014.- 20 dekabr.- S.27.