Ağrı dağın ağrıları
(Əvvəli
ötən şənbə sayımızda)
Yazıçı
Əli İldırımoğlunun, bəzi ixtisarlar və əlavələrlə
bu günlərdə yenidən nəşr olunmuş “Közərən
sətirlər” xatirə-romanında tariximizin, ictimaiyyətə
məlum olan və olmayan, bir sıra maraqlı məqamları
öz əksini tapıb. Aktuallığını
düşünərək, kitabdan bəzi hissələri
oxuculara təqdim edirik.
NEMƏT
KƏRİMOV ƏYLƏŞDİYİ STULU MƏNƏ
TƏRƏF YAXINLAŞDIRdı:
– Məsələnin
kökündən hali olan bir nəfər general dostum bu barədə
mənə ətraflı danışıb. Onun
deməsinə görə, Nikita Xruşşovun böyük
oğlu Leonid, Stalinin oğlu Vasili, Frunzenin oğlu Timur
müharibədən əvvəl hərbi təyyarəçilik
məktəbində oxuyurmuş. Yüksək
vəzifəli valideynlərin uşaqları özlərini pis
aparırmış. Bunu bilən Stalin bir dəfə
oğlunu Kremlə çağırır və Vasilinin pis hərəkətlərinə
görə əməlli-başlı dərsini verir və hətta
qayışla döyür. Atanın bu
cür rəftarı Vasilini xoşagəlməz hərəkətlərindən
çəkindirir. Xruşşov isə
Mirzə Ələkbər Sabir demişkən – dəymə,
ufaqdır uşağım – təfəkkürü ilə
Leonidi başına buraxır. Leonid avara həyat
sürməkdə davam edir. Stalinin, Frunzenin
oğlanları təyyarəçilik məktəbini bitirəndə
leytenant rütbəsi alırlar.
Xruşşovun
Leonidi isə baş leytenant rütbəsi “qoparır”. Böyük Vətən müharibəsi
başlananda gecə hücumlarının birində Frunzenin
oğlu Timur faşistlərin dörd təyyarəsini vurduqdan
sonra özü də həlak olur.
Vasili Stalin də alman təyyarələri üzərində
bir neçə qələbə qazanır. Leonid
Xruşşov isə 1941-ci ilin bir payız günündə
möhkəmcə vurub, hədsiz dərəcədə sərxoş
olur. Və bir nəfər əsgəri
tovluyub onun başına qoyduğu stəkana tapançadan atəş
açır. Leonid Xruşşov stəkan
əvəzinə zavallı gəncin düz alnından vurur.
Nikita Sergeyeviç Xruşşov bu əhvalatı eşidən
kimi bərk əl-ayağa düşür və kömək
üçün Stalinin yanına qaçır:
– İosif Vissarionoviç, sizin yanınıza dövlət
rəhbəri kimi yox, ata atanın yanına gələn kimi təşrif
gətirmişəm, – deyir və məsələni ona
açır.
Stalin
cavab verir ki, sizin Leonid heç də yaxşı iş
görməyib. Ancaq gəl bu barədə
müdrik qərar qəbul edək. Siz
bilirsinizmi ki, oğlunuzun öldürdüyü gənc kimdir?
– Xeyr,
maraqlanmamışam – Xruşşov cavab verir.
– Bu daha
pis. Leonidin öldürdüyü əsgərin
atası Fin müharibəsində həlak olub. Təkcə anası qalıb. Nə
edəcəyimizi gəl ondan soruşaq. Leonid
sənin üçün əziz olan kimi, ona da öz oğlu əzizdir.
Ana desə ki, oğlumun qatilini
bağışlayıram, onda bir çıxış yolu
fikirləşərik.
Əlbəttə,
ana yeganə oğlunun qatilini heç vəchlə
bağışlamazdı... Beləliklə,
Leonid tribunala verilir, sıravi əsgər rütbəsinə
endirilir və cərimə batalyonuna göndərilir.
Döyüşlərin birində Leonid əsir
düşür. Leonid əsir düşən kimi ona
imtiyazlı şərait yaradılması şərti ilə
alman hərbçilərinə istədikləri kimi xidmət
edəcəyinə söz verir. Dərhal
Leonidə komfortabelni şərait yaradılır. Leonid
Xruşşov da alman zabitlərinin xəcalətindən
çıxmaq üçün əlindən gələni əsirgəmir...
Alman zabitlərinin buyruğu ilə xüsusi səsgücləndirici
avtomaşında əyləşib cəbhə xətti boyunca
qışqırır ki, mən hərbi sovetin, siyasi
büronun üzvü Nikita Sergeyeviç Xruşşovun
oğluyam. Hər şeyi dəqiq bilirəm.
Müharibəni artıq uduzmuşuq. Həmvətənlərim olan bütün
rusiyalı döyüşçülərə məsləhət
görürəm ki, təcili təslim olsunlar. İnad edib qırğına getməyin mənası
yoxdur. Nə qədər gec deyil, mənim
kimi hərəkət edin. Almanların tərəfinə
keçmək lazımdır...
Polkovnikin
baxışları ciddiləşdi:
– Əlbəttə,
– dedi, müharibənin başlanğıcında bu əks-təbliğat
əsgərlərimizin əhval-ruhiyyəsini pozur və
döyüşçülərimizə baha başa gəlirdi...
ƏRKÖYÜN BÖYÜMÜŞ Leonidin bu
satqın hərəkəti barədə Stalinə dərhal məlumat
verilir. O vaxt Belorusiyada
partizan dəstələri geniş fəaliyyət göstərirdi.
Meşələrlə əhatə olunmuş elə
rayonlar vardı ki, ora faşist ayağı dəyməmişdi
və partizanlar tərəfindən etibarla qorunurdu. Həmin rayonlarda Sovet hökumətinin
qayda-qanunları olduğu kimi də qalırdı. Partizan
dəstələrinin birinə rəhbərlik edən Dmitri
Matveyeviç Korkin Stalindən göstəriş alır ki,
Leonid Xruşşov nə vasitə ilə olur-olsun, faşistlərdən
oğurlanmalı və onun ziyanımıza olan
bağırtısı susdurulmalıdır...
Partizanlar
həmişə yağ yeyib yaxada gəzən
və belə bir məqamda satqınlıq yoluna düşən
Leonidi böyük çətinliklə oğurlaya bilirlər.
Və Stalinə məlumat verilir ki,
tapşırıq yerinə yetirilib. Radioqramma
Stalinə çatdırılanda Siyasi Büronun iclası
gedirmiş. Stalin mətnə baxıb, onu
bürodakılara oxuyur. Siyasi Büronun
üzvləri yekdilliklə qərara gəlirlər ki, Leonidin
məsələsinə hərbi səhra məhkəməsində
baxılsın. Və qanunun tələb
etdiyi kimi cəzalandırılsın. Partizan
dəstəsinin komandiri Korkin aldığı göstərişin
yerinə yetirilməsini təşkil edir. Məhkəmə
Leonid Xruşşovu Vətən xaini kimi ölüm cəzasına
məhkum edir. Leonid özü də təqsirini
inkar etmir. Beləliklə, Leonid
Xruşşov elə oradaca güllələnir.
Nemət
Kərimov sözünü tamamlayıb:
– Bax,
Xruşşovun Stalini nüfuzdan salmaq, ona tarixin ləkəli
səhifələrindən kəfən biçib, bihörmət
etmək üçün yağdırdığı
iftiraların mənbəyi buradan başlanır, – dedi. –
Yaxınlıq etdiyim həmin general dostum təkzibolunmaz dəlil-sübutlarla
məni inandırdı ki, həmin hadisədən sonra
Xruşşovun özü bir sıra cəbhə əməliyyatlarında
xəyanətlərə əl atıb. Hərbi
şuranın üzvü olması səlahiyyətindən
istifadə edərək Vatyutinin Xarkovun müdafiəsi ilə
əlaqədar planını pozub. Xarkovun təslimi
də məhz Xruşşovun əllaməliyinin nəticəsidir.
(Mən polkovnikin dediyi eyni sözlərə
“Raboçaya Tribuna” qəzetinin 20 sentyabr 1995-ci il tarixli, 166
(1293) nömrəsində, professor Roman Novoseletskinin məktubunda
rast gəldim).
Kərimov
sözünü yekunlaşdıraraq:
– Ona
görə də Xruşşovun və onun ləbbeyk deyənlərinin
fitvasıynan Stalin barədə fikir yürütmək mənim
üçün çətindir, – dedi. – Bu gün deyilməsi
mümkün olmayan elə faktlar var ki, o tez-gec tarixin
hökmü ilə üzə çıxacaq. Ona görə
də bu gün kiminsə, nəyinsə xatirinə emosional
hisslərin əsirinə çevrilib çərənləyənlər
başa düşməlidirlər ki, sabah
onların özləri və ya övladları ağır tənqid
və tənələrə məruz qala bilərlər. Bir də
ki, – o, əlavə etdi – həyatda mütləq yaxşı və
pis adam yoxdur. Biz
özümüz də yarı zülmət qaranlıq,
yarı parlaq gündüzlü təbiətin
varlığından xəlq olmuşuq. Hər
bir insanda naqislik də var, nəciblik də. Onun yalnız yaxşı cəhətlərini
seçib göylərə qaldırmaq və ya
buraxdığı bəzi səhvlərini şişirdib
hörmətdən salmaq olar. Lakin bu
cür birtərəfli, subyektiv mövqe tutanların özləri
tez-gec rüsvayçılıq çirkabına
yuvarlanmalıdırlar. Məncə, hər
kəsin dürüst qiymətini vermək üçün
onun yaxşı və pis əməllərini tərəzinin
gözünə qoymaq lazımdır. Onda hansının
ağır gəldiyi düzgün bəyan olar, yoxsa... Mən Stalinin özündən asılı olaraq və
olmayaraq, bilərəkdən və bilməyərəkdən
hansısa səhvlərə yol verdiyini istisna etmirəm.
Lakin gəldiyim qənaət budur ki, Stalinin səhvləri
onun xidmətləri ilə müqayisədə dəryada
damlaya bənzəyir. Və deyərdim ki,
Rusiyanın tarixində, Rusiyanı, bəli, məhz
Rusiyanı – polkovnik təkrar etdi, – Stalin qədər
formalaşdırıb dünyanın super dövlətləri
zirvəsinə qaldıran olmayıb. Bunu
danmaq və ya dərk etməmək axmaqlıqdır. Vaxt gələcək bunun acısını ən
çox rusların özləri dadacaqlar.
lll
BURADA BİR ƏHVALAT YADIMA DÜŞDÜ, yeri gəlmişkən
qoy deyim, – polkovnik söhbətinə davam etdi. – Mark Kras Spartakla
görüşlərinin birində bu əfsanəvi qəhrəmana
heyranlıqla nəzər salır və deyir: “Necə də məğrur
sərkərdəsiniz. Amma təəssüf ki,
Frakiyalısınız! Kaş ananız sizi
italyan kimi doğaydı”. – Kərimov
gülümsündü. – Stalin neynəsin ki, anası onu
gürcü kimi doğub. Ona görə də bu gün o
qafqazlı balasının ruhundan da əl çəkmirlər...
İstefada olan polkovnikin hara vurduğunu başa
düşürdüm. Beləliklə, o, Stalinin əleyhinə məqalə
yazmaqdan boyun qaçırdı. Artıq
onunla mübahisə açmaq əbəs idi. Söhbətimiz bununla da bitdi.
lll
Ömrün Naxçıvanda keçən keşmə-keşli
günlərindən neçə onilliklər
keçmişdi. İndi o yerlərə müsafir kimi
güzarım düşmüşdü. Bu
qədim diyarı tərk edəcəyin son gecə seyr etdiyim
saysız-hesabsız ulduz karvanları səmanın ənginliklərində
sayrışdıqca Əshabi-Kəhf ziyarətgahlı qədim
torpaqda qoyub getdiyim xatirələr bir-bir közərirdi.
Hərdən qeybdən qulağıma doğma sədalar
gəlirdi. Bu səs Əcəmi yurdunda
dünyaya göz açan övladlarımın mənim
üçün xoşbəxtlik simfoniyası olan ilk
qığıltıları idi. Bu körpə
hənirtiləri məni xatirələr aləmindən
ayırıb şirin röyalara qərq etdi. Lakin xatirələrim çimir eləməyə
aman vermir və tez-tez səksənib gözlərimi
açırdım. Artıq bayaqdan bəri
təmasda olduğum ulduzlar getdikcə seyrəlir, bədirlənmiş
ayın bənizi avazıyırdı. Bu el-obaya həyan
olan İlan dağının zirvəsindəki bir parça ağ, seyrək bulud gecənin
qaranlığına qoşulub hiss olunmadan çözələnib
harasa çəkilib gedirdi. Uzun bir yol qət edəcəyimizi
nəzərə alıb, yumşaq, rahat yorğan-döşəyimdən
qalxıb qıs-qıvraq geyindim. Səhər
çayını gözləmədiyim üçün bərəyi-ehtiyat
yolumuza çörək, yağ-yavanlıq, mer-meyvə
qoydular.
Yuxudan kal
qalxan sürücü gözlərini ovuşdura-ovuşdura
“Volqa” maşınının sükanı arxasına
keçdi...
Puşkin küçəsindən dolaylanıb, çəhrayı
rəngli tuf daşından tikilmiş doxsan iki nömrəli
binanın qənşərində bir anlığa dayandıq. Gəncliyimin on ilini
yaşadığım üçmərtəbəli
binanın... O balaca balkondan, o geniş işıqlı pəncərədən
neçə-neçə dostla, tanışla baxışlarımız
rastlaşıb, təbəssümlərimiz salamlaşıb.
Bəziləri ilə də oğrun-oğrun... Məktəbə
gedən əliçantalı övladlarıma əl etmişəm
o pəncərədən. Neçə-neçə
oçerkə, felyetona, irili-xırdalı yazılara imza
qoymuşam o üçmərtəbəli evin pəncərələri
İlan dağına baxan otağımda. Əlvida,
qarşısında on il qəddimi əyib,
dizimi büküb, gözümü qıydığım
yazı masam qoyulan xudmani otaq! Hərdən gecənin xəlvətində
sehrli qanadlarını gərib, neçə-neçə
dağları, dərələri aşıb şirin
yuxularıma qovuşan unudulmaz komam!
EY KOMAM, səni gördüm Naxçıvanlı günlərimdə üzləşdiyim əhvalatlar yenə də qəlbimin isti kürəsində közərib alovlanmağa başladı...
... Qarşımdakı yazını birtəhər tamamlamışdım. Artıq qələmim də yorulub yoxuşa dirənmişdi. Saata baxdım. İş vaxtı çoxdan qurtarmışdı. Yaşadığım bu binanın üçüncü mərtəbəsindəki mənzilimin balkonuna çıxdım. Qonşu otaqdan süzülüb gələn musiqinin həzin sədası məni sehrinə aldı. Bülbülün səsiydi. Bəstəkar dostum Süleyman Ələsgərovun “Vətənimdir” romansını oxuyurdu. Yalnız özünü düşünən, özü üçün çalışan adam görkəmli alim, filosof, mütəfəkkir, bəstəkar ola bilər, lakin əsl, kamil insan ola bilməz. Süleyman bərk ayaqda dostun, yoldaşın karına gələn, qohum-əqrəbasına kölgə salan adamdı. Onun “Vətənimdir” romansı musiqisi məni qanadına alıb uzaqlara, lap uzaqlara aparmışdı. Naxçıvan düzlərinin qurtaracağında Əbrəqunisin, Bənənyarın alçaqlı-qəlbili təpələri güclə görünürdü, bir də ki, zirvəsi buludlara dirənən İlan dağının əzəməti. Yorğun nəzərlərim bu ulu diyarı dolaşdıqca özümdə bir rahatlıq, dinclik duyurdum.
Birdən yazı masamın üstünə yapıxmış ağ, yastı telefonumun cingiltisini eşitdim. Ah! Yaxınlardan-uzaqlardan bu otağa xoş müjdələr, bəd xəbərlər gətirən telefonum! Xoş ovqat yaradan, dilxor edən telefonum!
Ağrı dağın ağır dərdlərini aləmə car çəkən qələmimlə həmdərd, həmsöhbət olan telefonum...
Əli İldırımoğlu
525-ci qəzet.-
2014.- 20 dekabr.- S.26.