İstiqlal işığı

 

 

 

Onun güclü məntiqi və nüfuzedici intonasiyası var, müsahibini tez inandıra bilir. Cazibədar və təsirli nitqi var, adamı dərhal ovsunlayır. İti ağlı, parlaq zəkası, qeyri-adi düşüncə tərzi və dərin biliyi var, ondan həmişə nəsə öyrənmək olur. O, həqiqətə və öz həyat prinsiplərinə sadiqdir, odur ki, həmişə öz dili ilə danışır, yalnız öz sözünü deyir. Yaltaq və savadsızları sevmir, diletantlara qarşı barışmazdır, hər işində peşəkar səviyyə və heyrətamiz akademik səliqə var. Təbiətcə bir az sərtdir, zəhmlidir, nöqsanları üzə deməkdən, açıq tənqiddən çəkinmir, bu səbəbdən də ondan ehtiyatlanır, bəzən də qorxurlar. Həm də obyektiv, ədalətli, rəhmdil və xeyirxahdır, həmişə haqqı pozulanın yanında olar, bilikli aspirantını sonadək müdafiə edər, tələbəyə öz paltosunu bağışlayar, öz cibindən onun kirayə haqqını ödəyər...

 

Bütün bunlar professor Şirməmməd Hüseynovun portretinin yalnız üzdə olan cizgiləridir. Amma alt qatdaaysberqin görünməyən hissəsində bu portreti tamamlayan, onun məzmununu və ictimai mahiyyətini ifadə edən daha parlaq xətlər var.

 

lll

 

Mənə həmişə elə gəlir ki, Şirməmməd müəllim dayanmadan daim harasa yol gedir. Və üz tutduğu bütün yollar da qaranlıqdan işığa doğrudur. O, bütün ömrü boyu yorulmadan, büdrəmədən ilahi bir işığın izini tutub gedir və insanları da bu işıqlı yola tərəf çəkir, çünki özünün mayası düzlükdən və işıqdan yoğrulub.

 

Əslində bu həyatda onun üçün yalnız yolları aydınladan işıq var, belə insanlara görə, qaranlıq yalnız  işığın yoxluğudur.

 

Dönməz iradə sahibi olan Ş.Hüseynov ömrünü haqq, ədalət, dürüst əxlaq və təmiz mənəviyyat uğrunda savaşlarda keçirib. Nəfsinə hakim olduğundan heç vaxt gücün, haqsızlığın və nadanlığın qarşısında susmayıb, başı ağrısa belə həmişə sözünü deyib. Təkcə iclas salonlarında yox, mətbuatdakı yazılarında, ekran və efirdəki çıxışlarında da həqiqətin tərəfində olub.

 

Şirməmməd Hüseynovun xarakterini nəsildən, gendən gələn həqiqət duyğusu formalaşdırıb. O, 18-20 yaşlarında əyalətdə riyaziyyat müəllimi işləyəndə də, “Nuxa fəhləsi” qəzetinin müxbiri kimi çalışanda da, Moskvada aspiranturada oxuyanda da, yetkin yaşlarında universitet müəllimi olanda da öz xarakteri ilə, düzlüyü və prinsipiallığı ilə fərqlənib. O, az qala mentalitetə çevrilmiş mütiliyin, şər qarşısında susmağın, danışmaq lazım gəldikdə “abırlı” olmağın və bütün başqa saxta (həm də zərərli) davranışların əleyhinədir.

 

Elə buna görə də Şirməmməd müəllimin bəzilərinə bir az qəribə görünən sərtliyi, prinsipiallığı, yalanaictimai əxlaqsızlığa qarşı durması çoxları üçün əsl ideal qəhrəman davranışı kimi qəbul edilib. Məsələn, özüparlaq xarakter və cəsarət sahibi olmuş professor Qulu Xəlilov vaxtilə Şirməmməd müəllimin şəxsində öz istək və arzularının təcəssümünü görmüşonu N.Çernışevskinin məşhur Raxmetovuna bənzətmişdi.

 

Böyük alim və ədəbiyyat tənqidçisi həm də “yalançılığa, riyakarlığa, dələduzluğa, çirkaba, üfunətə, ikiüzlülüyə, yaltaqlığa ... qarşı mübarizədə” Ş.Hüseynovla çiyin-çiyinə olmağı arzulamışdı.

 

Əslində bu, kamil şəxsiyyəti, məslək adamlarını və cəmiyyəti təhlükədən xilas etməli olan bir mənəvi mübarizə proqramıdır və professor Şirməmməd Hüseynov bütün ömrü boyupedaqoji fəaliyyətində də, elmi araşdırmalarında və publisist yaradıcılığında da bu proqrama sadiq qalıb. Bu mübarizənin nəticəsi Şirməmməd müəllimin yazıb ortaya çıxardığı çoxsaylı əsərlər, apardığı dərin tədqiqatlar və birBDU-nun Jurnalistika fakültəsi olub.

 

Bu gün çoxları fəxrlə deyir ki, Jurnalistika fakültəsi ölkənin tək-tük tədris ocaqlarındandır ki, rüşvətdən uzaqdır və normal mənəvi mühiti var. Bu mühitin yaradılmasında və indiyədək qorunub saxlanılmasında Ş.Hüseynov şəxsiyyəti həlledici rol oynayıb. O, bütün enerjisi ilə bu təmiz yaşıl adanın mənəvi ekologiyasının qorunmasına çalışıb. Rüşvətin, təmənnanın, naqisliyin bu adanın sahillərinə yan almasına imkan verməyib. Heç vaxt müti görmək istəmədiyi tələbələrini də bu əhvalda kökləyib.  Hələ Sovet ideologiyasının diri vaxtlarında o, bizləri – çoxsaylı tələbələrini sərbəst düşünməyə, çox şeyə tənqidi yanaşmağa, yaramazlığa qarşı durmağa  alışdırıb. Tələbələr də ona ürəkdən inanıblar, çünki Şirməmməd müəllim başqaları kimi əsən küləklərin istiqamətindən asılı olmayaraq, həmişə düzə düz, əyriyə əyri deyə bilib. 

 

Mən əminəm ki, Şirməmməd müəllimin bu xasiyyəti təkcə nəsil şəcərəsindən, genindən gəlmir, həm də mənəvi irsini araşdırıb öyrəndiyi Azərbaycan maarifçilərindən, bu xalqı azad və xoşbəxt görmək istəyən millət fədailərindən gəlir. Yəni onun düşüncə və davranışları zülmətdə işıq axtaran Mirzə Fətəlidən, “Əkinçi” qəzeti ilə xalqımıza ictimai göz vermiş Həsən bəy Zərdabidən, millətin tərəqqisi yolunda ömürlərini şam kimi əritmiş Üzeyir bəydən, M.Rəsulzadədən, digər mütəfəkkirlərdən gəlir. Məhz bu incə nüans təsdiq edir ki, zaman məsafəsinə baxmayaraq, insanlar yalnız o vaxt həmfikir olurlar ki, onların mənəvi ölçüləri üst-üstə düşsünruhi bağlılıq yaransın. Bu mənada Şirməmməd müəllim əsrin əvvəllərində Azərbaycan intibahını yaratmış böyük şəxsiyyətlərlə lap çoxdan ruhən bağlanıb. Ona görə də professor bu mütəfəkkirləri təkcə tədqiq edib öyrənmir, həm də onların işıqlı ruhunu tədricən özünə və bu milləti sevənlərin şüuruna hopdurur. Mən bunu vaxtilə Azərbaycan televiziyasında apardığım “7 gün” proqramında Şirməmməd müəllimlə sıx əməkdaşlıq edərkən və bir də 2000-ci ilin qızmar yayında  “Əkinçi” qəzetinin 125 illiyi ilə bağlı birgə hazırladığımız eyniadlı sənədli filmin çəkilişi zamanı daha dərindən duydum...

 

lll

 

Professor Şirməmməd Hüseynov, hər şeydən əvvəl elm fədaisidir, peşəkar tədqiqatçıdır, əsl alimdir. Mən anadan olan ili (1954) o, Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edib, mürəkkəb ideoloji şəraitdə Azərbaycan mətbuat tarixi ilə bağlı tədqiqatlar aparıb. Ömrünün bir hissəsini Moskva, Leninqrad  arxivlərində keçirib, Oktyabr inqilabına qədər Azərbaycanda çıxan mətbu orqanları öyrənib.

 

Şübhəsiz ki, həmin qəzetləri vərəqləyərkən Sovet ideologiyasının qızmar külü altında qalmış gerçəkləri də görüb. Xüsusən XX əsrin əvvəllərində neft Bakısında gedən ictimai prosesləri, iqtisadi, mədəni-mənəvi intibahı birbaşa mənbələrdən izləyə bilib.

 

Böyük alimin yüz il əvvəlki mətbu irsimizi, fərqli düşüncə və ideologiyaları, o cümlədən müsavatçılıq məfkurəsini bütün incəlikləri ilə bizə çatdırmasında, şübhəsiz ki, o dövrdə arxivlərdə gördüyü, duyub-sezdiyi və hərarətini hiss etdiyi istiqlal qığılcımlarının böyük rolu olub. Ona görə də ideoloji qadağalar aradan qalxdıqdan, tariximizin ən yaxın dövrünə işıq düşdükdən sonra Şirməmməd müəllim hansı istiqamətə gedəcəyini, mənəvi xəzinəni açmaq üçün hansı qapıları döyəcəyini gözəl bilirdi.

 

Şirməmməd müəllim böyük bir fədakarlıqla həmin xəzinəni tədqiq edərək ötən əsrin əvvəllərindəki ictimai-siyasi prosesləri gün işığına çıxardı. Tarixi faktları sensassiya kimi yox, dövrün lakmus kağızı kimi araşdırdı, o dövrlə bu gün arasında olan ruhi-mənəvi bağlantıları bərpa etdi. M.Ə.Rəsulzadənin, Ü.Hacıbəylinin, Ə.Ağayevin, Ə.B.Hüseynzadənin, O.F.Nemanzadənin və başqa mütəfəkkirlərin milli tərəqqi, istiqlal düşüncəsi ilə bağlı parlaq fikirlərini toplayıb, böyük zəhmət hesabına ərsəyə gətirdiyi “Mənəvi irsimiz və gerçəklik”, həmçinin mətbu irsimizdən bəhs edən başqa kitablarda əks etdirdi.

 

Onun kitablarını vərəqlədikcə bir daha əmin olursan ki, Şirməmməd müəllim çox ciddi və tələbkar tədqiqatçıdır, onun hər bir tezisi konkret sənədə əsaslanır, çünki professora görə, sənədlər və digər mötəbər mənbələr tarixin tədqiqinin təməl daşıdır, bu daşlarla çox ehtiyatlı davranılmalıdır. Ona görə də özü həmin tarixi sənədləri zərrəbinlə araşdıraraq, dövrün mürəkkəb hadisələri arasında siyasi- məntiqi əlaqələri, səbəb-nəticə paradiqmalarını məharətlə üzə çıxara bilir. Bunun da sayəsində Azərbaycan tarixi üşün çox önəmli bir dövrün dəqiq mənzərəsini  verən böyük alim, həm də bu dövrə konseptual yanaşmanın əsas parametrlərini müəyyənləşdirir. Məhz bu parlaq cəhətlərinə görə Ş.Hüseynovun tədqiqatları Azərbaycan mətbuat tarixinin daha dolğunsistemli şəkildə öyrənilməsində, inkişaf tendensiyalarının dəqiq müəyyənləşdirilməsində, çarpazlaşan ideoloji axınların səciyyəvi cəhətlərinin üzə çıxarılmasında və müstəqil mətbuatımızın tarixinin yenidən yazılmasında qiymətli mənbə rolunu oynayır.

 

lll

 

Şübhəsiz ki, Şirməmməd müəllim iyirminci əsr tariximizin mürəkkəb olaylarını, paradokslarını aşkara çıxaran çox qiymətli tədqiqatlar aparıb. Amma tarix üçün onun ən misilsiz xidməti hər bir vicdanlı azərbaycanlının qürur yeri olan Məhəmməd Əmin Rəsulzadənin irsini öyrənib təbliğ etməsi, əsərlərini toplayıb nəşr etməsidir.

Bu baxımdan mübaliğəsiz demək olar ki, 1990-cı ildən bu yana Ş.Hüseynovun apardığı araşdırmaların şah əsəri Azərbaycan istiqlalının ideoloqu, Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin çoxcildlik əsərləridir.

 

Vaxtilə M.Ə.Rəsulzadə deyirdi ki, “Türk tarixi tarixlərin ən az tədqiq olunmuşdu, ən az öyrənilib yazılmışdır... Bu xüsusda biz azərbaycanlılar hamıdan çox işıqlanmaq ehtiyacındayız”. Şirməmməd müəllim, sanki bu dahi şəxsiyyətin əsrin qaranlıqlarından qopub gələn ibrətamiz tövsiyəsi ilə həmin ehtiyacı ödəmək missiyasını yerinə yetirir. O, böyük M.Ə.Rəsulzadənin əsrin əvvəllərində müxtəlif qəzetlərdə çap olumuş məqalələrini toplayıb ictimaiyyətə çatdırmaqla elmi-nəzəri baxımdan üç mühüm problemi həll etmiş olur: əvvəla, onun zamanın sınaqlarına tab gətirmiş ideyalarını üzə çıxarmaqla ictimai fikir tariximizi zənginləşdirir, ikincisi, ulu öndərin fırtınalarda keçmiş həyatının ayrı-ayrı epizodlarını bütöv bir xəttdə birləşdirərək onun elmi bioqrafiyasını yaradır və nəhayət, bu ölməz əsərlərlə milli tariximizin bütöv bir dövrünü öyrənmək üçün qiymətli və etibarlı bir mənbə yaratmış olur.

 

lll

 

Özünü dərk edən və bir az da milli düşüncəsi olan adamlar hər il 28 MAY günündə qəlbən sevinir, bizlərə qürur verən bu tarixi yaratmış qurucu babalarımızı, həm də o dövrü sevgi ilə araşdırmış vicdanlı tədqiqatçıları minnətdarlıq duyğusu ilə yada salır. Mən harada olursam-olum həmin gün Şirməmməd Hüseynovu axtarıb mütləq təbrik edirəm...

 

Azərbaycan tarixinin İstiqlal anını çoxdan öz həyatının gerçək bayramına çevirmiş Şirməmməd müəllim də  bu may gününü həyəcanla gözləyir. Və son illərdə həmişə bu tarixi gün üçün mütləq bir tədqiqat əsəri də ortada olur... Bu il də ənənəni pozmadı, M.Ə.Rəsulzadənin ictimai-siyasi məzmununa görə dövrünün ab-havsını güzgü kimi göstərən çox dəyərli əsərlərinin 5-ci cildini ictimaiyyətə təqdim etdi.

 

Şirməmməd müəllimin bu cildin çapdan çıxmasını necə böyük səbirsizliklə gözlədiyini sözlə ifadə etmək çətindir. KitabQanun” nəşriyyatında idi, salındığı ağir maliyyə vəziyyətinə baxmayaraq, istedadlı naşir dostumuz Şahbaz Xuduoğlu həmin kitabı öz hesabına – pulsuz çap edirdi. Bu işlərə lap əvvəldən qatqım olduğu üçün Şirməmməd müəllim məni tələsdirirdi, mən də Şahbaz bəyi. Nəhayət, Şahbaz bəyin söz verdiyi gündə və saatda kitablar hazır oldu və mən nüsxələrin yarısını maşınıma yükləyib qiymətli xəzinə aparan adamlar kimi sürətlə üz qoydum Şirməmməd müəllimgilə.  Yolda 2-3 dəfə telefonla danışdıq, səsinin ahəngindən az qala göylə uçduğunu hiss edirdim.

 

Yaşadığı binanın həyətinə burulanda Şirməmməd müəllimi düz blokun ağzında dayanmış gördüm. Aydındır ki, məni gözləyirdi, səbirsiz adam deyildi, amma bu kitabları səbirsizliklə gözləyirdi. Odur ki, maşını saxlayan kimi əlimdə hazır tutduğum kitablardan birini ona uzatdım. Bir uşaq sevinci ilə  “hə... bu, çox yaxşı oldudeyib kitabı diqqətlə süzdü, ora-bura çevirdi, yüngülcə vərəqlədi və sonra başının üzərinə qaldırıb bir müddət məhəbbətlə baxdı... Nəvəsi Əhədlə kitab bağlamalarını yuxarı daşıdıq.

 

Bayırda çiskin yağış başlamışdı, hava da yavaş-yavaş qaralırdı. Biz Şirməmməd müəllimin otağında oturub çay içə-içə söhbətləşirdik. O, yaxın illər üçün yaradıcılıq planlarından danışırdı, şövqlə nəyi necə edəcəyini xırdalayırdı, mən də heyran-heyran qulaq asırdım. Arada ayağa qalxır, səliqə ilə düzülmüş cild-cild qovluqları, qatı təzə açılmış  arxiv sənədlərini göstərir, sonra ehtiyatla yerinə qoyurdu. Bu işdə ona kömək etmək cəhdlərim boşa çıxırdı, hər işi özü cəld və dəqiqliklə görürdü. Söhbət dərinləşdikcə sənədlər kara gəlirdi, mövzuya aid olan əlyazmaların surətini götürüb məzmununu danışır, hərdən şəhadət barmağını yazıdakı bəzi cümlələrin üzərində saxlayaraq onları xüsusi vurğu ilə oxuyur, arada başını qaldırıb ənənəvi “bildin də, nə deyirəm” sualını verirdi.

 

Mən onundediyini, nəyi vurğuladığını, nəyə işarə etdiyini çox gözəl bilirdim, çünki qırx ilə yaxındır ki, onu dinləyir, sözünün canını, çatdırmaq istədiyi fikrini, bütün dediklərini, hətta demədiklərini belə dərhal başa düşürəm. İstiqlal günü ərəfəsində də onun içinə dolan qığılcımları, vücudunu hərəkətə gətirən ruhi enerjini aydınca görürdüm.  Ona baxdıqca düşünürdüm ki,  90 rəqəmi Şirməmməd müəllim kimi işgüzar insan üçün şərti göstəricidir, çünki ruhən, qəlbən cavandır, enerjilidir. Ağlı iti, zəkası aydın, mühakimələri yenə cazibədardır. Hələ qarşıda nə qədər də reallaşdırmalı planları var.

 

Bu gün işığa həsrət qalmış qaranlıqları aydınladacaq həmin planlar qismən gerçəkləşməkdədir. Artıq M.Ə.Rəsulzadənin əsərlərinin altıncı cildi çapa hazırdır, AXC parlamentinin sənədlərinin yenidən işlənməsi sona çatıb. Bu yandan da ANC televiziyasında onun aparıcılığı ilə Azərbaycan istiqlalı haqqında silsilə verilişlər başlanıb. Bu o deməkdir ki, professor Şirməmməd Hüseynovun yenidən efirə çıxması, təkcə bir telekanalın cazibəsini artırıb ekranlarını işıqlandırmayacaq, həm də bütün Azərbaycanı isidəcək və düşünə bilən beyinləri istiqlal işığına qərq edəcək...

 

Qulu Məhərrəmli

525-ci qəzet.- 2014.- 20 dekabr.- S.24.