Adım ayrılıqdır, həsrət
oğluyam...
Şeirimiz
tarixində həsrət şairləri az deyil və
onların arasında ən qüdrətlisi, yəqin ki, Məhəmməd
Füzulidir. Məhəmməd Füzuli nəyin həsrətini
çəkir? Əzəli və əbədi dünyanın.
Haqqın dərgahında olan həmin əzəli və əbədi
dünyaya qovuşmağın yolunu Məhəmməd Füzuli
nədə görür? Aşiqlikdə, Allaha və
Allahın təcəllası olan insana məhəbbətdə.
Aşiqlik təlimini Məhəmməd Füzuli, heç
şübhəsiz, özündən qabaqkı şairlərimizdən,
məsələn, anadilli yazılı şeirimizin ilk qüdrətli
nümayəndələrindən biri olan Yunus Əmrədən
alır:
Həsrət
ilə ölməyəlim,
Gəl
dosta gedəlim, könül.
... Bir ikən
ayrılmayalım,
Gəl
dosta gedəlim, könül.
(Yunus
Əmrə. Şeirlər. Ankara, 1990, səh. 108)
Yunus
Əmrənin “dost” dediyi məhz Allahdır və o, Allah dərgahındakı
dünyanın həsrətini çəkməyi sadə bir
dillə ifadə edir. Məhəmməd Füzuli sələflərdən
aldığı eşq təlimini sadə dillə ifadə
etməsə də, bu təlimin poetik ifadəsini əlçatmaz
bir mərtəbəyə qaldırır. Məhəmməd
Füzuli şeirindəki bədiilik, söhbətimizin əsas
mövzusu olmadığından şairin həsrət və qəribliklə
bağlı bir beytini xatırlatmaqla kifayətlənirəm:
Nolar
ağlarsa
Füzuli
rövzeyi-kuyin anıb,
Lacərəm,
giryan olur
qılğac
vətən yadın qərib.
Görkəmli
füzulişünas Sabir Əlim Xəliloğlunun fikirlərinə
əsaslanıb (S.Ə.Xəliloğlu. Füzuli qəzəlləri
şərhi, 4 cilddə, 1-ci cild. Bakı, Adiloğlu, 2004, səh.
221) beytin mənasını belə başa düşmək
olar: Füzuli sənin cənnət məhəlləni
anıb ağlasa, təəccüblü deyil, vətənini
yad edəndə qərib, əlbəttə, ağlayar. Beytdəki
“Vətən” və “qərib” sözləri sufi
anlamındadır. Vətən əzəli dünyaya; qəriblik,
qürbət isə aşiqin yaşadığı maddi
dünyaya işarədir. Deməli, aşiq qürbət
saydığı maddi dünyada Vətən bildiyi axirət
dünyasına qovuşmaq eşqilə
çırpınır. Yeri gəlmişkən qeyd edək
ki, həsrət, qürbət, qəriblik sözlərinin bu
cür sufiyanə mənası poeziyamızda son əsrlərəcən
özünü göstərib.
Məsələn,
ömür-gününü vətəndən çox da
uzaqlarda keçirməmiş Molla Vəli Vidadinin tez-tez
qürbətdən bəhs etməsinin də kökündə,
çox güman ki, klassik şairlərimizdən, ən
çox da Məhəmməd Füzulidən gəlmə
nöqtələr var. Amma mən bu məqamda Molla Vəli
Vidadi yaradıcılığına da baş vurmuş olsam, mətləbdən
çox aralı düşərəm. Axı bu yazıda mən
klassik şairlərimizdən yox, çağdaş
şeirimizin tanınmış nümayəndələrindən
biri olan Adil Cəmildən danışmaq fikrindəyəm.
Klassikanı, ötəri də olsa, xatırlatmaq sadəcə
olaraq yazının başlığından irəli gəldi.
Məsələ burasındadır ki, 60 illik yubileyi ərəfəsində
Adil Cəmilin çapdan çıxan ikicildliyini (Adil Cəmil.
Seçilmiş əsərləri, 2 cilddə. Bakı, Elm və
təhsil, 2014) gözdən keçirəndə, yəni ikicildliyə
daxil edilən şeirləri və poemaları illər üzrə
ardıcıllıqla izləyəndə o əsərlərdən
bir həsrət xəttinin keçdiyini gördüm. Və təəccübləndim:
necə olub ki, insan və şair kimi nə vaxtdan bəri
tanıdığım Adil Cəmilin qəm-qüssəyə,
dərd-məlala, həsrət-nisgilə bu qədər
yaxın yoldaş olduğunu hiss etməmişəm?! Buna səbəb
Adil Cəmilin yaradıcılığını bu vaxtacan diqqətlə
izləməməkmi olub? Bəlkə, o həsrət-nisgili dərindən
hiss etməməyimin başqa səbəbləri var? Məsələn,
belə bir səbəb: Adil Cəmil deyib-gülməyi, zarafatlaşmağı
bacaran bir adamdır. Bəlkə, baməzəlik Adil Cəmildən
ötrü dərd-səri dost-tanışdan gizlətməyin
bir yolu olub? Mümkündür, hər şey
mümkündür. Amma fakt faktlığında qalır: Adil
Cəmil həsrət şairidir. Bu həsrətin tarixi
heç də Kəlbəcərin işğal olunmasından
başlamır. İşğaldan sonra Kəlbəcər həsrəti
ilə şeirlər, poemalar yazmaq ən sıravi oxucunun belə
şairdən umduğu bir iş, gözlədiyi bir haldır.
Diqqət
yetirdikdə aydın olur ki, Adil Cəmil
yaradıcılığında həsrətin tarixi lap əvvəldən
– ilk şeirlərin yazıldığı vaxtdan
başlayır. Müsahibələrinin birində Adil Cəmil
deyir: “Üçüncü sinifdə oxuyanda mənim Mingəçevirdə
yaşayan əmim atama dedi ki, Adili aparaq Mingəçevirə,
qalan təhsilini orada davam etdirsin... Mən dördüncü
sinifdən başlayaraq Mingəçevirdə oxumağa
başladım, amma bütün yayı yenə atamın
yanında, Kəlbəcərdə olurdum. Bax o həsrət məni
şeirə gətirdi. Ata uzaqda, ana uzaqda, başı
dumanlı dağlar uzaqda... istər-istəməz qəribsəyirdim.
Uşaqlıq illərindəki o hisslər, o duyğular
içimdə nəsə oyadırdı. Əvvəl
başladım rəsmlə məşğul olmağa, amma
gördüm ki, yox, hisslərimi tam ifadə eləyə bilmirəm.
Onda başladım söz düzməyə, “şairlik” eləməyə”
(V.Yusifli A.Cəmilin sənət yolu. Bakı, Elm və təhsil,
2014, s.117). Doqquz yaşında ikən Mingəçevirə
oxumağa getməsini şeirlərində Adil Cəmil “ilk
ayrılıq” kimi mənalandırır:
Yadımdadır
doqquz yaşım,
Yadımdadır
ilk ayrılıq...
Ürəyimin
səngiməyən
Odundadır
ilk ayrılıq.
İsti
ana qucağından
Ayrı
düşdüm uşaq ikən.
Ata-baba
ocağından
Üzülüşdüm
uşaq ikən.
(“Otuz
yaşım”)
Bu
ayrılıq, ilk növbədə, anadan, atadan, kənddə
görüb təmasda, ünsiyyətdə olduğun doğma
adamlardan ayrı düşmək, onların isti nəfəsindən
ötrü darıxmaqdır. Və isti nəfəsindən
ötrü darıxdığı adamlar barədə Adil Cəmilin
xeyli şeiri var. Amma bu şeirlər onun başı qarlı
dağlar barədə yazdıqlarından çox deyil. Bəli,
Adil Cəmil “isti ana qucağından ayrıldım” deyəndə
həm də qoynunda doğulduğu o sirli-sehrli dağlardan
ayrılmağını nəzərdə tutur:
Bulud məni
yağışına çağırır,
Zirvə
məni yoxuşuna çağırır,
Dərə
məni ağuşuna çağırır,
Göyəribdir
yamac indi, yal indi.
(“Dağlara
qayıtmışam”)
Doğma
adamlarla doğma təbiət ayrı-ayrılıqda yox,
birlikdə, bir bütöv şəklində yurd yeri deyilən
bir obraza çevrilib Adil Cəmilin şeirlərinə
hopmağa başlayır. Səhra, suyu canına çəkən
kimi, Adil Cəmil şeiri də yurd havasını canına
çəkir.
Dağlar
mənə nəfəs verə,
Seyrək
havam arta bir az.
(“Bir az”)
Adil Cəmilin
dərd-məlalı məhz yurd havası çatmayanda
başlayır:
Adım
ayrılıqdır, həsrət oğluyam,
Mən kədər
övladı, zillət oğluyam.
(“Gözləyən
var”)
Adil Cəmilə
şeir yazdıran da ən çox həsrət və dərd-qəmdir:
Mən səni
kefimdən yazmıram, şeirim,
Dərdimin,
sərimin libası sənsən.
(“Şeir
haqqında şeir”)
Dərd-sərdən
libas geyən şeirlərdən çoxunun baş qəhrəmanı,
heç şübhəsiz, şairin özüdür. Amma
Adil Cəmil avtoportretlə kifayətlənmir və yeri gəldikcə
başqa şairlərin də portretini yaratmağa təşəbbüs
göstərir.
Aydın
olur ki, həmin portretlərdə Adil Cəmilin qabarıq
canlandırmaq istədiyi motiv-ştrix məhz qəriblikdir.
Adil Cəmilin nəzərində: Lermontov öz nəğməsini
bir bülbül kimi Rusiya adlı bir qəfəsdə oxuyur
(“Ölməzlik”); dustaq həyatı yaşayan Nazim Hikmət
günəş işığına möhtacdır (“Divar
çatdağından süzülən işıq”);
ömrü boyu dərdə gülən Məmməd Aslan
gülən dərddir, həsrətin özü boyda bir qürbətdir (“Məmməd
Aslan”) ; Vətənoğlu adı daşıyan şair Bəhmən
sərgərdan düşüb özünə isti bir yuva
axtarır (“Bəhmən Vətənoğluna”).
Adil Cəmil
gül-çiçək, ağac, meşə, bulaq,
çay, dəniz, dağ-daş və s. barədə az
yazmayıb və tərəddüdsüz-filansız Adil Cəmili
təbiət şairi adlandıra və təbiət şairlərimiz
sırasında onun özünəməxsus yerini müəyyənləşdirə
bilərik. Amma bu məqamda məni maraqlandıran başqa məsələdir:
Adil Cəmil təbiət obrazlarına hansı nöqtədən
daha çox yanaşır? Bu suala cavab vermək
üçün Adil Cəmilin təbiət obrazlarından bəzilərini
yada salmaq bəs edir: ev gülləri, səhra çiçəyi,
tək palıd, qayalıqda bitən meşə, qurumuş
göl, qərib quşlar... Heç də tam olmayan bu
siyahı Adil Cəmili bir təbiət şairi kimi duymağa
işıq ucu verir.
Aydın
olur ki, güllər arasında Adil Cəmilin şeirə gətirdiyi
dibçək gülləridir – isti otaqların pəncərəsindən
dəli həsrətlə günəşə baxan, sevincini
qönçə-qönçə açıb, dərdini
yarpaq-yarpaq tökən dibçək gülləri (“Ev
gülləri”). Çiçəklər arasında Adil Cəmilin
şeirə gətirdiyi səhra çiçəyidir – qərib
yolçunun son nəfəsindən göyərən səhra
çiçəyi (“Səhra çiçəyi”).
Palıdlar arasında Adil Cəmilin şeirə gətirdiyi “təklik
odunun” yandırdığı palıddır (“Etüd”). Adil Cəmil
hər ağaclığı yox, dağ başında, qayalar
arasında bitib ana meşədən aralı düşən
qərib meşəni qələmə alır (“Qayalıqda
bitən meşə”) ; suyun altında qalıb qurumaqda olan,
“puçur-puçur ağlamağa, yarpaq-yarpaq hönkürməyə”
həsrət qalan Samux meşələrini qələmə
alır (“Sualtı meşə”). Adil Cəmil hər
bulağı yox, insan nəfəsinə möhtac qalan Novlu bulağı
qələmə alır (“Belə qəribsəmə”).
Şübhə yoxdur ki, başqa şairlər kimi, Adil Cəmil
də qanad açıb göylərdə uçan
quşlarla öz könlü arasında bir yaxınlıq
görür və bu səbəbdən “Könlüm
uçub qənşərinə o kəndin, Yuva salıb
qarşıdakı qayada” deyir (“Həyata bax, həyata”). Bu,
öz yerində. Amma quşlara ayrıca şeir həsr edəndə
Adil Cəmilin üz tutduğu məhz qərib quşlar olur:
Yollar
yorub açmadığım iz – qərib,
Ürəyimi
yuva bilən söz – qərib...
Nə dilərsiz
mən qəribdən siz qərib –
Qərib
quşlar, pəncərəmdən çəkilin.
(“Qərib
quşlar, pəncərəmdən çəkilin”)
Adil Cəmil
məhəbbətdən də çox yazıb. O qədər
yazıb ki, məhəbbət şeirlərindən ibarət
“Bir dəli sevgidən göyərib dünya” adlı
ayrıca kitab çap etdirib. Adil Cəmili təbiət
şairi adlandırdığımız kimi, məhəbbət
şairi də adlandıra bilərik və axtarsaq, görərik
ki, o, heç də çağdaş məhəbbət
şairlərimizdən geri qalmır. Amma bu yerdə mənim
aydınlaşdırmaq istədiyim məsələ hansı
şairin daha çox irəlidə
olması məsələsi deyil. Aydınlaşdırmaq istədiyim
məsələ – məhəbbətə Adil Cəmilin hansı
yöndən yanaşıb-yanaşmamasıdır. Məsələn,
çox da qəliz olmayan belə bir suala cavab tapmaq istəyirəm:
Adil Cəmilin sevgi lirikasında aşiq vüsalın sevincindən
söhbət açır, ya hicranın nisgilindən? Əlbəttə,
hər ikisindən.
Amma
görmək çətin deyil ki, Adil Cəmilin hicran
şeirləri vüsal şeirlərindən hiss olunacaq qədər
çoxdur. Adil Cəmilin məhəbbət şeirlərinin əksəriyyətində
vüsal – uzaq keçmiş və əlçatmaz bir gələcəkdir.
Bu şeirlərdə indiki zaman isə daha çox hicranla, həsrətlə
bağlıdır, yəni aşiq bu gün baş verən
olaylar içində özünü bir nakam kimi görür.
Nakam aşiqin nəzərində: vüsal havasıyla gülən
baharı hicran nəfəsi qəhr edir (“Sən məni unut”)
; sevgi – uçurumlar ağzında bitən bir çiçəkdir
(“Bağışla, mən səni sevə bilmədim”) ;
sevgili – üzdükcə gedib çatılmayan bir adadır
(“İlk məhəbbət yarası”) ; aşiqin göz
yaşından göl yaranıb, sevgili bu gölün
sonasıdır (“Göz yaşımdan göl yaranıb”) ;
dövran, aşiqi qoynu bürkülü aran düzünə,
sevgilini isə boynu bükülü bənövşəyə
döndərib (“Heyif o günlərin şirinliyinə”) ;
aşiq – özgə zirvədə əriyən qar, sevgili –
özgə zirvədə ağlayan bulaqdır (“Sən özgə,
mən özgə”) ; aşiq için-için
sızlayır, onun sinəsində ürək adlı bir kəmanə
var (“Xoşbəxt o kəsdir ki”) ; sevgili – alovda bişməyən
od parçasıdır (“Sən”) ; aşiq – özü boyda
hicran dağı, həsrət alovudur (“Həsrət alovuyam”)
; aşiq, eşqi ürəkdə bir qəlpə kimi gəzdirir
(“Belə sevən tapılmaz”) ; həsrət, aşiqi bir nar
kimi dənələyir, aslan dişli intizar onu didib
parçalayır (“Hardasan”).
Adil Cəmilin
məhəbbət lirikasında aşiq özünü Məcnuna,
Kərəmə tay tutur (“Tapşır gözlərinə, tək
bənə baxsın”) ; sevgilisi aşiqi Kərəmin
qarlı dağına göndərir (“Ürəyim boş səhra
idi”) ; aşiq Məcnuna dönsə də, sərgərdan gəzib-dolanmağa
düz tapa bilmir (“Nədir qəsdin”). Adil Cəmilin məhəbbət
lirikasında aşiqin hicrana fəlsəfi münasibətində
də Məcnundan (Məhəmməd Füzulidən) gəlmə
nöqtələr var. Məcnun öz xoşbəxtliyini
eşqin əzabında axtardığı kimi, Adil Cəmilin
də lirik qəhrəmanı dərin kədər, uzun həsrət
qarşısında əyilmir, sınmır (“Səni görmək
üçün gəldim dünyaya”) ; gəmisi dəryada
tufana tuş gəlsə də (“Sevərək yaşamaq”);
kürəkdə hicran yükü, biləkdə qandal
daşısa da (“Gec olmamış”), eşq əzabını
şirin bir nemət sayır, dözümdə Fərhaddan
geri qalmadığını bildirir:
Mən Fərhaddan
dözümlüyəm dözümdə –
Əzabından
öpə-öpə gəzirəm.
(“Gəzirəm”)
Sən mənim
şipşirin dərdim, məlalım,
Gündüz
günəşimsən, gecə hilalım.
(“Bu necə
sevgidir”)
Aman,
Allah, bu nə sevda –
Belə
şirin qəm olarmı?..
(“Qınamasın
məni bu el”)
Adil Cəmilin
sevgi şeirlərində baş qəhrəman sadəcə
olaraq hicrandan danışmağı ilə yox, həm də
bu hicrana ömrün mənası kimi baxmağı ilə Məcnunu,
Fərhadı xatırladırsa, onda
söhbətimizin lap əvvəlinə qayıdıb həsrət
poeziyasının uzaq keçmişi ilə bu günü
arasında yüngülvari tutuşdurma apara bilərik. Poeziyanın
“uzaq keçmişi” bu yerdə Yunus Əmrə və Məhəmməd
Füzuli, poeziyanın “bu günü” – Adil Cəmildir. Yunus
Əmrə və Məhəmməd Füzuli
sözünün əvvəli Allah, axırı Allahdır.
Yuxarıda misal çəkdiyim
“Aman, Allah, bu nə sevda” misrası göstərir ki, Allaha
müraciət Adil Cəmil şeiri üçün də səciyyəvidir.
Amma bu fakta əsaslanıb, gözələ məhəbbət
– Allaha məhəbbətdir, gözələ qovuşmaq –
Allaha qovuşmaqdır fəlsəfəsini (Yunus Əmrə və
Məhəmməd Füzuli fəlsəfəsini) Adil Cəmil
üçün də səciyyəvi xətt saya bilərikmi?
Əlbəttə, yox. Adil Cəmilin həsrət poeziyası
ilə klassik həsrət poeziyası arasında ən
başlıca məzmun yaxınlığı hissənin
tamdan ayrı düşməyi və tamın intizarı ilə
yanıb-yaxılmağıdır. Tamdan, bütövdən
aralı düşmək Adil Cəmilin təbiət və məhəbbət
mövzulu şeirlərindən bir ana xətt kimi necə
keçirsə, onun tənqidi ruhlu şeirlərindən də
eləcə keçir. Adil Cəmil kimləri tənqid edir?
Göz önündə kol-kos sayaq əyilən, ayaqlar
altında qara qum kimi döyülən yaltaqları (“Bir
yaltağa”) ; gözləri köhnə şinel ilgəyinə,
qaşları bisavad vergülünə oxşayan
simasızları (“Adsız şeir”) ; qurumuş bir çay
ola-ola yerli-yersiz coşub-kükrəyən millət qəhrəmanlarını
(“Səni tanıyıram”)...
Belə
adamları tənqid edərkən də Adil Cəmil
özünü məhz həsrət şairi kimi göstərir.
Məsələ burasındadır ki, özünə yad
saydığı və qətiyyən
qaynayıb-qarışa bilmədiyi belə adamlar arasında
Adil Cəmil tənhalaşır və arxasız-köməksiz
bir qəribə dönür (“Vətən mənə qürbət
oldu”). Səhra çiçəyi gülüstan, tək
palıd sıx orman... həsrətində olduğu kimi, Adil Cəmil
də gülü-gülüstanı, ağacı-meşəsi,
ən başlıcası isə adamları ilə ona
doğmadan doğma olan xəyali bir dünya həsrətindədir.
Tam və bütöv dediyimiz həmin xəyali
dünyadır, hissə dediyimiz isə şairin lirik qəhrəmanıdır.
Özünü “həsrət oğlu” adlandıran bu qəhrəman
dərd içindədir, buludlar – bu dərdin gəzəri
büstüdür (“Tapmadım”) ; şair dopdolu sünbül
kimidir, küləklər sovurur onu, dənələyib dənə-dənə,
sac üstdə qovurur onu (“Yıxılmışam öz
içimdən”). Amma bu yanıb-yaxılma və sac üstdə
qovrulmalar “şipşirin” dərd-məlal doğurduğuna
görə şairə güc verir, onun əzmini, mətanətini
artırır: qurd gözünün alovunda ardıcların
şaxı sınır, gilə-gilə əriyir qar, selə
dönüb yeriyir qar (“Qış gecəsinin trilogiyası”).
Və şair “dərdin qarında çiçəkləyir”
(“Fəridə Ləman”).
Həsrət
şairi adlandırdığım Adil Cəmilin əzmli və
mətin olmaqdan başqa çarəsi yoxdur, çünki
görüləsi iş, deyiləsi söz çoxdur hələ.
O ki qaldı 60 məsələsinə, bu yaş ustad
yaşıdır. Qoy ustadlıq məsuliyyəti Adil Cəmilin
əl-qolunu bağlamasın, əksinə, qol-qanad verib ona
yeni-yeni əsərlər yazdırsın!
Muxtar KAZIMOĞLU
(İMANOV)
AMEA-nın
müxbir üzvü, AMEA Folklor İnstitutunun direktoru
15 dekabr 2014-cü il
525-ci qəzet.- 2014.- 20 dekabr.- S.22.