Xarakterlər
dramaturgiyası
Tanınmış
ictimai-siyasi xadim, görkəmli alim və elm təşkilatçısı,
texnika elmləri doktoru, professor, ən əsası
çağdaş ədəbiyyatımızı təkcə
respublikamızda deyil, ölkə hüdudlarından kənarda
da ləyaqətlə təmsil edən Hüseynbala Mirələmov
gözəl nasir və səriştəli publisist olmaqla
yanaşı, həm də əsərləri səhnəmizdə
müvəffəqiyyətlə tamaşaya qoyulan,
tamaşaçı rəğbəti qazanan dramaturqdur. Hekayə,
povest, roman və publisistik əsərlərində olduğu
kimi, dram əsərlərində də H.Mirələmovu
düşündürən bir nömrəli problem Azərbaycan
xalqının varlığı, birliyi, müstəqilliyi və
özgürlüyü məsələsidir. İstər
tarixi, istərsə də müasir mövzularda
yazdığı dram əsərlərində biz
yazıçını daima xalqın, millətin istək və
arzularının, adət-ənənələrinin, duyğu və
düşüncələrinin tərcümanı kimi
görürük.
lll
On
üç şəkildən ibarət olan iki hissəlik “Gəncə
qapıları” tarixi dramında hadisələr XIX əsrin əvvəllərində,
Azərbaycanın Rusiyanın tərkibinə ilhaq edilməsi ərəfəsində
Gəncə və Tiflisdə cərəyan edir. Ekspozisiya, bədii
müqəddimə rolunu oynayan birinci şəkildə müəllif
bizi Cavad xanın qısa tərcümeyi-halı ilə
tanış edir və Cavad xanın yuxusunu verməklə hadisələrin
əsər boyu gələcəkdə necə inkişaf edəcəyinə
bəri başdan güzgü tutur. Cavad xan 1139-cu ildə qəsb
edilmiş, bir tayı Helati monastrının dam
örtüyünə istifadə olunmuş, digər tayı
gürcü çarı Georginin dördüncü babası
Davudun qəbrini qorumaq üçün monastrın Cənub
hasarına bərkidilmiş (kursiv bizimdir – İ.Q.) Gəncə
qapılarını yenidən Gəncəyə
qaytarmağı qarşısına məqsəd
qoyduğundan, bu fikir yuxusunda da onu rahat buraxmır. O, bu məsələyə
şərəf və qeyrət məsələsi kimi
baxdığından qarşılaşacağı heç
bir maneə onu yolundan sapdıra bilmir. Nə Azərbaycan
xanlarının ikibaşlı oyunları (Cavad xana söz
verib əməldə onunla əlbir olmamaları – İ.Q.), nə
ermənilərin məkrli planları, nə gürcü
çarı Georginin şərtləri, nə də Qafqaza
yeni ordu komandanı təyin olunmuş, qələbə
qazananda “rus generalı”, məğlub olanda “fərasətsiz
gürcü” adlandırılan Sisyanovun – Sisiaşvilinin hədələri
onu haqq bildiyi iş uğrunda mübarizədən çəkindirmir.
H.Mirələmovun
təqdimatında Cavad xan ağıllı dövlət
başçısı, uzaqgörən siyasətçi
olmaqla bərabər, həm də mərd, qorxmaz, şərəflə
yaşamağı bütün minnətli imtiyazlardan
üstün tutan şəxsiyyətdir. Təkcə ətrafı
deyil, onu uzaqdan tanıyanlar, hətta düşmənləri
belə ona dəyər verir, rəğbətini gizlətmirlər.
Əsərin on birinci şəklində Sərdarın gətirdiyi
xəbərə, yəni rus qoşunlarının Gəncəni
işğal etməsi və Cavad xanın öldürülməsi
xəbərinə Cavad xanla düşmən olan Hacı Məlikin
reaksiyası dediklərimizi əyani şəkildə təsdiq
edir: “Cavad xan mənim şəxsi düşmənim idi, ay
bala. O bilərdi, mən bilərdim.... Adam var evdən gedir,
adam var eldən... Cavad xan eldən getdi... Hamımızı
yetim qoydu... Rədd ol gözümün qabağından, qaraxəbər...
Gəncə xaraba qaldı... Axırımız necə olacaq,
İlahi?!”.
Gəncə
xanlığının süqutu, Cavad xanın Ramazan
bayramı ərəfəsində səngərdə,
döyüş başında öldürülməsi, müəllifə
görə, Cavad xanın yox, aralarında milli birlik,
barışıq olmayan, necə olursa-olsun özlərini
qorumağa çalışan, bir amal, əqidə, lider ətrafında
birləşməyi bacarmayan Təbrizdən tutmuş
Naxçıvana qədər bütün Azərbaycan
xanlıqları və xanlarının faciəsidir.
Cavad xan əsrinin
övladı, zəmanəsinin yetişdirməsi olan şəxsiyyətdir.
Müəllif onu birtərəfli deyil, bir neçə planda
tamaşaçıya və oxucuya təqdim edir. Maraqlı məqamlardan
üçünü qeyd edəcəyik. Birincisi, ermənilərin
xəyanətkar və ikiüzlü olduqlarını bilə-bilə
onların qohumluq əlaqələrini nəzərə
alıb Gəncə xanlığı ərazisində
iğtişaş salmayacaqlarını düşünüb
Astagüllə – erməni qızı Astağınla bir
növ siyasət xatirinə evlənməyə qarar verən
Cavad xan, Lorisin dili ilə desək, onun bacısından bir
uşaq əmələ gətirmir ki, gələcəkdə
ermənilər Gəncə sarayında vəzifə,
var-dövlət, miras iştahına düşməsinlər.
İkincisi,
onun mərdliyi, vətənpərvərliyi, ölümün
üzünə kişi kimi baxa bilməsidir. Sisyanovun erməni
Lorisin rəhbərliyi ilə göndərdiyi nümayəndə
heyətini qapısından qovandan sonra söylədiyi
monoloqdan bir parçanı sitat gətirməklə tezisimizin
şərhinə ehtiyac görmürük: “Ruzigar pis əsdi.
Mənim iki yolum var. Ya təslim olmalıyam, ya
döyüşməliyəm. Təslim olsam, ola bilər ki,
arvad-uşağıma dəyməsinlər, özümə də
sür-sümükdən versinlər, şərəf, namus,
qeyrət getsin işinə, camaat yanında hörmətdən
düşüm, xəcil olum. Döyüşsəm, əsir
düşsəm, yaralansam, ya ölsəm,
arvad-uşağıma aman verməzlər, nəvələrimi
qılıncdan keçirəcəklər. Yox, mən
döyüşməliyəm. Çünki birinci yolun əzabı
ikinci yolun əzabından çoxdur. Yox, mən
döyüşməliyəm! Qürurum, azadlığım
üçün döyüşməliyəm! Vətənim,
xalqım üçün döyüşməliyəm!”.
Üçüncüsü,
Cavad xan qorxmaz bir dövlət xadimi, sərkərdə olmaqla
yanaşı, həm də zəka və fəhm sahibi olan
uzaqgörən siyasətçidir. Onun Sisyanova
ünvanladığı “Sizi Qafqaza əcəl gətirib!” bir
cümləlik məktubu və Sisyanovun aqibətinin məhz bu
cür olması dediklərimizə sübutdur. Sisyanov əmrləri yerinə
yetirən icraçıdır. Onun üçün millət
sevgisi yox, vəzifə sevgisi önəmlidir. Onu
Gürcüstanın taleyi deyil, verilmiş əmrlərin necə
yerinə yetirilməyi daha çox
düşündürür. İllər boyu döyüş
meydanlarında gördükləri onun ürəyində mərhəmət
hissini öldürüb. Poprtnyakin, Georgi, Loris və Nona ilə
danışıqlarından, tez-tez üşüməsini dilə
gətirməsindən bəlli olur ki, taleyindən o qədər
də razı deyil və deyəsən, Cavad xanın məktubundakı
“Sizi Qafqaza əcəl gətirib” sözləri onu bərk əndişələndirib.
On üçüncü şəkildə Sisyanovun Cavad xan barədə
“Mən onu cismən, o isə məni ruhən
öldürüb” etirafı da əsərdəki
düşündürücü məqamlardandır.
Dramdakı
qadın obrazları işərisində ikisi xüsusi qeyd
olunmalıdir. Cavad xanın arvadı Şükufə xanım
və gürcü çarı Georginin qızı Nona.
Birincisi ərinə sədaqəti və qüruru, ikincisi isə
Sisyanova alçalsa belə, ondan, onun hakimiyyətindən
istifadə etməklə vətəni Gürcüstana
yararlı olması ilə seçilir.
Dramın
finalı ruhların – Cavad xanla Sisyanovun ruhlarının
mükaliməsi ilə tamamlanır. Bakıda – Qala
divarlarının önündə Hüseynqulu xan tərəfindən
qətlə yetirilmiş Sisyanovun başsız bədəni ilə
Cavad xanın ruhunun dialoqu, əslində, xeyrin şər
üzərində təntənəsi, Helati monastrından Gəncə
qapılarını doğma vətəninə aparmağı
qarşısına məqsəd qoyan Cavad xanın qələbəsidir.
İkipərdəli
“Pənah xan Cavanşir” dramındakı əhvalatlar İran və
Azərbaycan tarixinin çox keşməkeşli və ziddiyyətli
bir dövründən bəhs edir. Dramın birinci pərdəsindəki
əhvalatlar, əsasən İran ərazisində, Nadir
şah Əfşarın hakimiyyəti illərində baş
verir. İlk səhnələrdən görünür ki,
“Mirzə, qanunları yaradan da mənəm, pozan da mənəm”,-
deyən Nadir şah doğma qardaşı Fəzləli bəyi
qətlə yetirsə də, özünə qarşı
düşmənçilik hissləri görməyən,
Hindistan və Əfqanıstan döyüşlərində qəhrəmanlıqlar
göstərən qarabağlı Pənahəli bəyə
sücaət və igidliyinə görə rəğbət bəsləyir
və onu saray əyanları sırasında görmək istəyir.
Lakin dolayısı ilə olsa da, onun bu istəyinə
qarşı durub narazılığını bildirən
tapılır. Vəzir Mirzə Mehdi: “Şahım, mərd
kişi çox şeyi unuda bilər, şəxsi hisslərini
unudub vətəni üçün qılınc da çalar,
amma Pənahəli bəyin vətəni İran deyil, Azərbaycandı,
Qarabağdı”, – sözləri ilə sanki onu duyuq salmaq istəyir.
Mirzə Mehdiyə özünün də türk olduğunu
xatırladan Nadir şah şəxsən Pənahəli bəylə
görüşmək istədiyini dilə gətirir və əgər
onun şahın xidmətindən qaçmaq niyyəti olarsa,
haqqında ciddi tədbir görəcəyini bəyan edir. Hiss
olunur ki, saray əyanlarının, xüsusilə Məhəmməd
xan, Rza xan, Cəfər xanın Pənahəli bəyə,
zorla vətənindən ayrı düşmüş bu məğrur
şəxsə o qədr də inamları yoxdur.
Nadir
şahla Pənahəli bəyin ilk toqquşması
“yaxşı xidmətinə görə sultan rütbəsi
verdiyi” Qarabağ ermənisi Allahqulunun şahın hüzuruna
gəlməsi və Pənahəli bəyin də ora
çağırılmasından sonra başlanır.
Nadir
şahın onu bağışlamayacağı qənaətinə
gələn Pənahəli bəy, əslində onun
bütün hərəkətlərinə göz qoyub
sarayı məlumatlandırmaq üçün ona təhkim
olunmuş, lakin Pənahəli bəydəki kişilik,
boy-buxun və alicənablığı görəndən
sonra ona vurulan Süsənbərin yardımı ilə
bacısı oğlu Lütfəli bəy və digər bəylərlə
birgə qaçıb canını qurtara bilir. Dramın ikinci
pərdəsindəki olaylar Qarabağda baş verir. Ermənilər
hakimiyyətdədirlər, necə deyərlər: “Dərə
xəlvət, tülkü bəy”. Yeqan, Hüsü, Usub Nadir
şahın canına dua edə-edə məlik , Allahqulu isə
sultan rütbəsinə yüksəliblər. İçərilərində
Şahnəzər adlı birisi də var ki, onlardan fərqli
düşüncəyə malikdir. O, Nadirin iltifatına
sığınmaqdansa, Qarabağda müsəlman əhalisi ilə
yola getməyin tərəfdarıdır.
Pənahəli bəyin Qarabağa gəlişi onların keyfinə soğan doğrayır. Dünənə qədər “mən, mən” deyənlər indi tülkü donuna girib artıq xan kimi tanınmağa başlayan Pənahəli xanın rəğbətini qazanmağa çalışırlar.
Dramın bu hissəsində Pənahəli xanın ailə-məişət məsələlərinə müəyyən yer ayrılsa da, əsas diqqət xanlığın qurulması və siyasi məsələlərə verilmişdir. Kərim xan Zəndlə müqavilə və birgə fəaliyyət, Fətəli xan Əfşarın acı məğlubiyyəti, Pənahəli xanın Şiraza aparılması və oğlu İbrahimxəlil xanın onun yerinə Qarabağ xanlığını idarə etməsi dramda tarixi faktlara mümkün qədər sadiq qalmaqla bədii əksini tapmışdır.
“Pənah xan Cavanşir” dramı Qarabağ xanlığının tarixi, təşəkkülü barədə yazılmış ilk sistemli dram əsəri olmaqla yanaşı, həm də psixoloji ovqatda olan xarakterlər dramıdır.
lll
Hüseynbala Mirələmovun “Xəcalət” adlı iki hissəli dramı “Xəcalət” povestinin motivləri əsasında yazılmış, yazıçının şərti olaraq “Qarabağnamə” adlandırılan silsiləsinə daxil olan əsərlərindəndir. Cəmi altı obrazın iştirak etdiyi dramdakı hadisələr Qarabağ müharibəsindən sonrakı hadisələrdən bəhs edir.
Pyesin birinci hissəsindəki hadisələr Bakıda, qaçqınların yaşadıqları yataqxanalardan birində cərəyan edir. Ailənin qızı, dərs əlaçısı olan Gülyaz istəmir ki, yoldaşları onların hansı vəziyyətdə və hansı şəraitdə yaşamaqlarının şahidi olsunlar. Anası Fərqanənin öyüd-nəsihəti ona təsir etmir və o əsəbi şəkildə anasına deyir: “Bura adam gələr, ana? Bilirsən onların necə evləri var?”
Bu bir neçə cümlə bu məğrur qızın ailəsinin durumunu büsbütün aydınlaşdırır.
Müəllifin çılpaq şəkildə obrazların dili ilə canlandırdığı bir çox məqamlar az sonra şəxsi müstəvidən ictimai müstəviyə keçirilir və bir ailənin faciəsi milli faciə kimi təqdim olunur. H.Mirələmov qaçqın taleyi yaşamağa məcbur olmuşları da, çox haqlı olaraq, iki yerə bölür: qaçqın statusundan istifadə etməklə qaz vurub qazan dolduranlar və Vətənə qayıtmaqdan başqa arzusu olmayan, aza qane olan, “Təki torpaqlarımız azad olsun”,- ideyası ilə yaşayanlar.
İkinci pərdədəki hadisələr yenə də eyni məkanda baş verir. Muradın çağırdığı həkim Vətənin qızını müainə edib dərman yazır və yenə də keçmişlər xatırlanır. Kərim həkimin kəlməbaşı Muradı tərifləməsi və Muradın da bundan açıq şəkildə zövq alması Vətənin nəzərindən qaçmır. Öz uşağını müalicə etdirə bilməyən və bu işdə başqasının yardımını qəbul etməyə məcbur olan valideynlərin vəziyyətini ümumi bəla kimi qiymətləndirən müəllif Muradın dostanə hərəkətlərinə haqq qazandırsa da, onun yekəxanalığını da göstərməyi unutmur.
H.Mirələmovun 2003-cü ildə qələmə aldığı bu dram bir çox mətləbləri özündə ehtiva edən əsərdir. Burada “Əsl insan və vətəndaş kimdir?” sulaından başlayaraq müxtəlif problemlərlə bağlı sorğulara cavab verilmiş, Azərbaycanın sinəsində hələ ki, sağalmaz yara olan Qarabağ problemi, məcburi köçkünlərin taleyi, qaçqınlara göstərilən münasibət və onların həyat uğrunda apardıqları mübarizənin çox parlaq və real mənzərələri yaradılmışdır.
lll
İki hissəli “Vicdanın hökmü” dramındakı hadisələr 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Qarabağ konfliktinin başlanması ərəfəsində və Qarabağ müharibəsinin ilk illərində Rusiya şəhərlərinin birində və Azərbaycan ərazisinin döyüş bölgələrində cərəyan edir.
Pyesdəki obrazlar XX əsrin 90-cı illərində yaşamış Azərbaycan və erməni vətəndaşlarıdır. Dramdakı hadisələrin əsasında bir tikə çörəkdən, rahat dolanışıqdan ötrü vətəndən avara olmağa məcbur olan Rəhim və onun kimilərinin məşəqqətli taleyi, keçirdikləri mənəvi sarsıntılar və nəhayət Vətən – Azərbaycan darda olanda onların Vətən uğrunda şəhidlik məqamına yüksəlməsi durur.
Dramın baş qəhrəmanı Rəhim olsada, buradakı obrazların hər birinin özünəxas xüsusiyyətləri var və bu xüsusiyyətləri açmaqla müəllif, əslində gözlərimiz qarşısında bizdən çox da uzaq olmayan səksəkəli illəri – XX əsrin 90-cı illərini canlandırmağa müvəffəq olur.
Pyesdə şöhrətpərəstliyinin qurbanı olan, lakin hələ də insanlığa mərhəmət hissini itirməyən, həyatın özündən gələn Güllü adlı bir obraz da var. Güllü – bir qız anası olan bu qadın Firudinin arvadıdır. Vaxtilə Rəhimin kasıblığı ucbatından nişanlısı ola-ola onu atıb varlı bir adamla ailə quran bu meşşan təbiətli qadın etdiyi xəyanətin cəzasını çəkməkdədir. Firudin onunla bir ömür-gün yoldaşı kimi yox, alçaldılmış, küncə atılmış əşya kimi davranır. Gözünün qabağında min hoqqadan çıxır, hətta ad günündə onu məcbur edir ki, Aşotla rəqs eləsin. Təbii ki, Aşot üçün ar-namusun qiyməti bir qara qəpik olmadığı kimi, “maddax” deyə qarşısında quyruq buladığı Fedya üçün də arvad-uşaq, namus dəyərsiz bir şeydir.
Dramın ikinci hissəsindəki hadisələr Qarabağda, hərbi hospitalda və döyüş yerlərində cərəyan edir. Hərbi hospitalın həyətində Kamranla Sabirin söhbətindən aydın olur ki, Rəhim Qarabağda, döyüşən əsgərlərin içərisindədir.
Lirik-psixoloji üslubda yazılmış və yazıçının Qarabağ mövzusunda yazdığı əsərlər silsiləsinə daxil olan bu dramı, heç şübhəsiz ki, müəllifin dramaturgiya sahəsindəki uğurlarından biri kimi qiymətləndirmək olar.
lll
Faşist Almaniyası üzərində qələbənin 60 illiyinə həsr olunmuş iki pərdəli “Ləyaqət” pyesi H.Mirələmov dramaturgiyasının ən dəyərli nümunələrindən biridir. Hadisələr XX əsrin ortalarında, 1941-1948-ci illərdə baş verir. Müharibə və insan taleyinin baş mövzu kimi seçildiyi əsərin birinci pərdəsində müəllif bizi Nahidə, Mirkərim ağa, Səlbi arvad, Fatma, Ziyad obrazları vasitəsi ilə əsasən arxa cəbhənin problemləri, müharibə meydanlarından uzaqlarda yaşayanların da, əslində müharibənin içində olmaları, Ümidin nə üçün bronu ola-ola könüllü olaraq cəbhəyə, döyüşən ordu sıralarına can atmasının səbəbləri ilə tanış edir.
Əsərin baş qəhrəmanı Ümid körpə vaxtlarnda ata-anasını itirmiş, nənəsi Fatma arvadın himayəsi ilə böyüyüb ali təhsil almış gənc həkimdir. Əsərin əsas ideya daşıyıcılarından biri kimi düşünülmüş müdrik Mirkərim ağanın tərbiyəsi ilə böyüyən yetim qız Nahidə ilə ailə quran, xoşbəxtliyin ləzzətini təzə-təzə dadmağa başlayan Ümid iki hissin arasında seçim etmək məcburiyyəti qarşısındadır. Həkim olduğu üçün ona qanuni möhlət – bron verilib. O, müharibəyə getməyə, qalıb arxa cəbhədə xalqa xidmət edə bilər, lakin ölkənin darda olması onu qətiyyən rahat buraxmır, ərizə verib cəbhəyə yollanmaq qərarına gəlir.
Müharibə təkcə ölüm-itim səhnəsi deyil, həm də sınaq meydanıdır. Bu meydanda Ziyad kimi buqələmunların da ortaya çıxıb meydan sulaması, murdar nəfsinə görə hər cür alçaqlığı özünə rəva görməsi təbii haldır. Ümidin cəbhəyə gedişini arzusuna – vaxtilə sevdiyi, ancaq rədd cavab aldığı Nahidəyə qovuşmaq üçün bir vəsilə hesab edən Ziyad kimilər dünən də var idi, bu gün də var və sabah da olacaq. Bu təbiətin qanunudur. Pis olmayan yerdə yaxşının qədri bilinməz.
“Ləyaqət” pyesini insan ləyaqəti, humanizm, məhəbbətin əbədiliyi və ölməzliyi haqqında dastan da adlandırmaq olar. Bu əsərdəki hər obrazın – Ümiddən tutmuş Səlbi arvada qədər öz aləmi var və bunlar küll halında əsərin monumentallığını təşkil edir.
lll
Fəlsəfi-psixoloji ovqatda yazılmış “Cəza quyusu” dramı H.Mirələmovun müasir mövzularda qələmə aldığı pyesləri ilə yaxından səsləşir. Əsərin qəhrəmanları müasirlərimiz olan və az qala hər birinin prototipini tanıdığımız insanlardır.
Əsəri oxuyarkən XX əsrin 80-90-cı illəri, meydan hərəkatı, öz torpaqlarını işğal edən (Sovet ordusunun Bakını işğal etməsinə bundan artıq ad vermək olmaz – İ.Q.) bir ordunun Bakıda və respublikamızın digər bölgələrində törətdiyi qanlı cinayətlər, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 20 Yanvar hadisələri, kütləvi narazılıqlar dalğası üzərində hakimiyyətə gəlmiş adamların aqibəti, Qarabağ uğrunda döyüşlər və s. bu kimi hadisələr birər-birər gözümüzün önündə canlanır.
Hadisələrin təqdimi üçün maraqlı ədəbi-bədii priyomlar seçən, hər bir obrazı öz dilində danışdırmağı bacarıb onların daxili aləmini, iç dünyasını məharətlə açan müəllif fikrini bütün əsər boyu dörd əsas tezisin– “Haqq incəlsə də üzülməz”, “Bağışlamaq böyüklərə, qisas almaq cılızlara xasdır”, “Tövbə qapıları həmişə açıqdır” və “Vətəni sevmək imandandır” – üzərində cəmləyib mövzunun və janrın verdiyi imkanlar çərçivəsində duyğu və düşüncələri ilə bizləri tanış edir.
Əsərdə nə təsadüfi obraz, nə də təsadüfi hadisə yoxdur. Respublikamızın son 30-35 illik tarixinin bu və ya digər problemlərinin bədii inikası olan dramdakı başlıca hadisələr daha çox Nurlan və Yavuz bəy obrazlarının təqdimi ilə oxucu və tamaşaçıya çatdırılır.
“Cəza quyusu” dramında Qarabağ uğrunda savaşlarda itirdiklərimiz, buna bais olan başlıca səbəblər barədə yazıçının gəldiyi qənaətlərlə yanaşı, həm də dövləti necə yaşatmalı və millətə necə xidmət etmək haqqında düşüncələri ilə də tanış oluruq.
Nəhayət, bu dramdan çıxarılan nəticəni bir cümlə ilə belə ümumiləşdirə bilərik: “Uca Tanrı heç bir yaxşılığı mükafatsız, heç bir pisliyi də cəzasız qoymur” və məcazi məna daşıyan “Cəza quyusu” adı da məhz bu anlamda başa düşülməlidir.
lll
H.Mirələmovun “Miras” adlı iki hissəlik dramatik komediyasındakı hadisələr XX əsrin 90-cı illərində Bakıda baş verir. Həmin hadisələrdən bizi ayıran zaman məsafəsi o qədər də uzaq olmadığından və biz həmin illəri yaşamış insanlar olduğumuzdan, qəhrəmanların əksəriyyəti bizə tanış gəlir və bu obrazların yaşam tərzi, dünyagörüşü, duyğu və düşüncələri bizə o qədər də yad deyil.
H.Mirələmovun dramını məhz dövrün bədii salnaməsi olmaq baxımından qiymətləndirir, düşünürük ki, həmin illərin ictimai-siyasi durumu, insanlar arasında olan münasibətlər, həyatın burulğanlarında çabalayan insanların psixoloji sarsıntılarını əks etdirmək baxımından, bu əsər dramaturgiyamızda tamamilə yeni bir hadisədir.
Bizcə, əsərə verilən “Miras” adı iki mənada düşünülə bilər. Birincisi, həqiqi mənada. Belə ki, atadan qalmış ev qanuni yolla oğula çatmalıdır və hələ ata həyatda ola-ola gəlin onun malına-mülkünə sahib durmağa çalışır. Məqsəd aydındır: qocanı qocalar evinə göndərsələr belə, təki oğul – yəni Azik arzusuna, Nərgiz isə Amerikada yaşamaq istəyinə çatsın.
Miras həm də məcazi mənada düçünülə bilər. Nemətulla və onun ətrafına yığışan köhnə partokratlar özlərini devrilmiş Sovet hökumətinin varisi hesab edir, bu dövlətdən qalan bütün atributları miras kimi qorumağa çalışırlar. Biz bu mənada qocaların istəklərini Nərgizin istəklərindən daha insani hesab edirik.
“Miras” çoxplanlı əsərdir. Burada ailə-məişət məsələlərindən tutmuş bir çox ictimai-iqtisadi və sosial problemlərə toxunulmuş, XX əsr Azərbaycan insanının xaraktercə biri digərindən fərqlənən real obrazları yaradılmışdır.
lll
Müəllifin dramatik-komediya adlandırdığı, bizimsə tərəddüd etmədən faciəli komediya – taragi komediya kimi səciyyələndirə biləcəyimiz “Axirətdən gələn zəng” əsərində bədii həllini tapan məsələlər bir qədər gülüş, həm də düşündürücü ironiya doğursa da, əslində faciə, həm də təkcə milli faciə yox, bəşəri faciədir.
Dövran – yeni zamanın bədbəxt milyonçusu sağlığında ətrafındakı bir qrup adam üçün büt, arvadı Pöya və əmisi nəvəsi Samir üçün oyuncaq, qazanc mənbəyidir. Əri Fərhadın qəfildən “qeyb” olmasından sonra Dövranla ailə quran Röya H.Cavidin “Maral” faciəsindəki Maralın xələfidir. Turxan bəyin gənc arvadı Maral Turxan bəyin qohumu Arslanla eşqbazlıq edirdisə, Röya – bu maddi cəhətdən hər cür təmin olunmuş orta yaşlı ərli qadın Samirin məşuqəsidir. Samir – bu mənəviyyatsız qohum ona tapşırılmış, etibar edilmiş əmanəti – əmizadəsinin namusunu tapdalamaqdan çəkinmir, qadının altmış yaşlı ərinə olan sayğısızlığından istifadə edərək ondan həm cismani, həm də maddi cəhətdən istifadə edir.
Əsərdə Dövranın qohumları və dostları kimi təqdim olunan obrazlardan ikisi – qardaşı Bayramın arvadı Zöhrə və Dövranın yaxın dostu Elman qibtəediləsi obrazlardır. Zöhrə mümkün qədər iman və inancı, Elman isə dostluğa sədaqəti ilə seçilir.
Müəllif Dövranın yaxın ətrafının d
axili aləmini çox böyük məharət və ustalıqla şərti olaraq “Vəsiyyətnamə” adlandırdığımız səhnədə açır. Özünün ad günündə qohumlarına vəsiyyətnamə yazdığını, vəsiyyətnaməsinin bir nüsxəsinin seyfində, digər nüsxəsinin natariusda olduğunu bildirən Dövran onların hər birinə sərvətindən müəyyən pay ayırdığını söyləyir. Qohumları maraq bürüyür, hamısı, xüsusilə bacısı Ceyran ayrılmış məbləğin miqdarını öyrənməyə cəhd edir. Təkcə Zöhrə və Elman, demək olar ki, məbləğlə, bəlkə vəsiyyətnamə ilə belə maraqlanana oxşamır. Həmin axşam Dövranın təsadüfi elektrik vurmasından dünyasını dəyişməsindən sonra vəsiyyətnamənin oxunuşu ilə məsələyə aydınlıq gəlir. Yüz altımış milyon manatlıq bir sərvətin vəsiyyətnamə əsasında bölgüsü qohumlar arasında böyük mübahisəyə səbəb olur. Qohumlar ölülərinə ağlamaqdansa, mirasın bölünməsi uğrunda didişirlər.
Hər kəs közü öz qabağına çəkməyə çalışır. Təbii ki, hər bir fərd qohumluq əlaqələrini və qazanılmış milyonların iştiradında rolunu nəzərə alaraq iddiasını dilə gətirir və Dövranın bölgüsü bəzilərini çıxmaqla, onların ürəyincə deyil. Ceyran inciyir ki, qardaşı doğma bacısını qoyub gəlinlərinə, qeyri qohum və dostlarına daha çox pay ayırıb. Samir ona ayrılan paydan narazı olsa da, Röyaya ayrılmış 50 milyon manata və mülkə görə özünü sakit aparır. Düşünür ki, Röya ilə evlənəcək və bu qədər varidata, əslində o, sahib olacaq. Əsl mərəkə Dövranın qardaşa Bayrama əlavə olaraq ayırdığı və ünvanı ona, Bayrama, bir də evində qulluqçu kimi saxladığı filippinli qadın Delisaya məlum olan beş milyonla əlaqəli olaraq meydana çıxır. Bayram bu məbləğin ona əlavə olaraq nə üçün ayrıldığının səbəbini qətiyyətlə inkar etsə də, bunun qardaşı ilə arasında bir sirr olduğunu bildirsə də, qohumlar ondan əl çəkmir. Nəhayət, Delisay meydana çıxıb bildirir ki, bu pul Bayrama yox, ona, onun Dövrandan olan altı yaşlı oğlu, hazırda Filippində Delisayın anasının yanında yaşayan oğlu Dodiyə ayrılıb. Bu gözlənilməz və Bayramın da təsdiq etdiyi xəbər qohumlar arasında çaşqınlıq yaratdığı bir məqamda gizli nömrədən edilən telefon zəngi onların əhvalını daha da qarışdırır.
Zəng edən Dövrandır və heç kəs buna inanmaq istəmir. Ölünün dirilib Röyaya, Bayrama, Elmana zəng çalması, Ceyran və Samirlə danışması onlara bir qarabasma, yaxud bir başqasının onlara sataşması kimi görünür. Elman Dövranın qızıl korpuslu telefonunun təsadüfən Dövranın qəbrinə düşüb orada qaldığını bildirəndə vəziyyət bir qədər də mürəkkəbləşir. Elman inanır ki, Dövran elektrik vurmasından ayılıb və torpağın altından – qəbirdən zəng edib onu xilas etmələrini xahiş edir. Elman ona ayrılan on milyon manatdan imtina edib dostunu xilas etməyə tələsir. Qohumlar isə buna imkan vermir. C.Məmmədquluzadənin “Ölülər” əsərindəki Şeyx Nəsurullahın ölüləri diriltmək istəməsi zamanı qəbiristanda yaranan səhnəyə bənzər bir səhnə burada da yaranır. Qohumlar, hər nə qədər “ölü dirilməz, xortlamış ölüyə nə deyərlər”, – deyib Elmanın qəbiristana getməsini əngəlləsələr də, əslində məqsəd Dövranın dirilməsinə mane olmaqdır. Çünki Dövran dirilib gəlsə, onlara vəsiyyət edilmiş milyonlar əllərindən çıxa bilər.
Bu qohumlar üçün sərvətin insandan irəli olduğu qənaətinə gələn müəllif kəfənə bürünmüş halda səhnəyə gətirdiyi Dövranın əli ilə yazdığı vəsiyyətnaməni onun öz əli ilə parça-parça etdirməklə bir daha cəmiyyətə, insanlığa belə bir mesaj göndərmiş olur: Düzlük, həqiqət, əxlaqi dəyər və milli ənənələrə sadiqlik, insanlıq və humanistlik bəşəriyyəti və cəmiyyəti xilas edəcək ən doğru yoldur. Yalan, tamah, xəyanət, insanlığa yaraşmayan qaydalarla yaşamaq bəşəriyyət üçün dəhşətli müharibələrdən də qorxuludur. Cəmiyyətin mənəvi cəhətdən saflaşması, insanlar arasında normal ünsiyyət maddiyyatla deyil, mədəniyyətlə mümkündür. Ürəyində Allah xofu və insan məhəbbət olmayan Adəm övladı insan deyil, sadəcə varlıqdır. Elə varlıq ki, o varlığın əməllərindən bəşəriyyət yalnız və yalnız pislik meyvələri dərəcəkdir.
lll
Yazıçı-dramaturq Hüseynbala Mirələmovun dramlarını nəzərdən keçirib sərf-nəzər etdikdən sonra bu qənaətə gəldik ki, o, dramlarında da nəsrində və publisistikasında olduğu kimi “qələmin başlıca vəzifəsi xalqa, millətə və bəşəriyyətə xidmətdir” idealına sadiq qalıb, milli dəyərlərimizin təcəssümü olan ümumbəşəri məsələlərə dramaturgiyasında daha çox yer ayırmaqla, təkcə Azərbaycanın deyil, eyni zamanda dünyanın problemləri ilə yaşayan bir yazıçı olduğunu bir daha sübut edib.
İslam QƏRİBLİ
Filologiya üzrə
elmlər doktoru, professor
525-ci qəzet.-
2014.- 20 dekabr.- S.18-19.