Zəki Vəlidi Toğanın “Xatirələr”ində
Azərbaycan
(Əvvəli
ötən şənbə sayımızda)
III
Leninə məktubda Zəki Vəlidi əsas
diqqəti bolşeviklərin türk-müsəlman xalqlara
münasibətdə həyata keçirdikləri dil, mədəniyyət
və mənəviyyat siyasətinə yönəltmişdi. Bu da başa düşülən idi. Çünki silah gücünə
işğalın artıq gerçəkləşdiyi bir
şəraitdə siyasi, yaxud iqtisadi müstəqilliklə
bağlı hansısa tələblərin irəli
sürülməsi əhəmiyyətsiz işə
çevrilmişdi. Lakin gələcəkdə,
müvafiq şərait yetişdiyi təqdirdə həmin
azadlıqlara qovuşa bilmək üçün xalqın
tarixi yaddaşının yaşadılması, eləcə də
dilinin, mədəniyyətinin və milli
varlığının qorunması son dərəcə vacib
idi. Bu baxımdan çarizm rejiminin mövcudluğunun
son illərində müəyyən dərəcədə
loyal münasibət bəslədiyi milli mədəniyyət
sahəsinin bolşevik hakimiyyətinin ilk günlərindən
ciddi ideoloji nəzarət altına alınması xalqına
bağlı olan siyasi lider kimi Zəki Vəlidini narahat etməyə
bilməzdi.
Odur ki,
ölkəni tərk etmək qərarı verdiyi ərəfədə
hər şeydən öncə velikorus şovinizmi siyasətinə
və onun qeyri-rus millətlərin gələcək həyatında
törədəcəyi fəsadlara kəskin etirazını
bildirərək yazırdı: “Velikorus milləti indi
yalnız ictimai və iqtisadi deyil, kültür sahəsində
də kəndi məhkumu olan qövm və millətlərə
qarşı tətbiq edəcəyi siyasətini kəsin olaraq
təsbit etmiş bulunmaqdadır. Keçən
sənə qurmuş olduğunuz “Şərq Universiteti” (məşhur
KUTV – Şərq Zəhmətkeşlərinin Kommunist
Universiteti nəzərdə tutulur – V.Q.) bu siyasəti felən
işləyib hazırlayan bir mərkəz mahiyyətini
daşıyır. MK çevrəsində
velikoruslardan mütəşəkkil bir şərq işləri
mütəxəssisləri bəlirmişdir (meydana
çıxmışdır).
MK Sovet təbəəsi Şərq millətlərindən
bəzi zəvatı gətirib onları kəndi
yanındakı Şərq mütəxəssislərinə gərəkən
materialı hazırlayıb verməklə vəzifələndirmişdir.
Bəzi kitab və broşürlər də nəşr
etdirilir. Fəqət onlara yapdırılan
mövzular ancaq velikoruslarınız tərəfindən verilməkdədir.
Bu qeyri-rus aydınlar kəndi ölkələri
üçün tərtib edilən anayasaların bəzi maddələri
ilə bağlı müzakirələrə
alınmaqdadırlar”.
Zəki Vəlidi,
yuxarıda da qeyd olunduğu kimi, Rusiyadakı türk
xalqlarının mədəni birliyinin qorunmasında Azərbaycan
ziyalılarının fəaliyyətini yüksək qiymətləndirir
və bunu Leninə məktubunda da vurğulayırdı: “...
azərbaycanlıların türk-müsəlman qövmlərinin
kommunist aydınlarını “Qızıl Şərq” (Moskvada
çıxan “Krasnıy Vostok” jurnalı nəzərdə
tutulur – V.Q.) dərgisi və tək ədəbi dil ətrafında
toplamaq istəmələri velikorus alimləri əsəbiləşdirməkdə
imiş... Özbək və qazax aydınlarının da
hazır bulunduqları bir toplantıda latın əsasında
tək əlifba tezisini müdafiə edən azərbaycanlı
Şahtaxtinski və Cəlil
Quliyevə (zənnimcə, müəllif burada böyük
dramaturqumuz Cəlil Məmmədquluzadəni nəzərdə
tutur, çünki o da Yeni Türk Əlifbası Komitəsinin
üzvü və latın əlifbası ilə çap olunan
“Yeni yol” qəzetinin baş redaktoru idi – V.Q.) cavab verən
professor Polivanov və digər
ruslar latın əlifbası qəbul olunsa da, sonda yerini kiril əlifbasına
tərk edəcəyini, sayı qırxa çatan türk ləhcələrinin
hər biri üçün ayrıca əlifba düzəldiləcəyini
söyləmişdilər. Şahtaxtinski də qayələrinin
istiqrarlı bir ədəbi dil yaşatmamaq olduğunu bildirmişdi. Artıq
anlaşılmışdır ki, siz velikorus yoldaşlar
hansı bir millətin dili və imlası ilə
uğraşmaya başladınızmı, tam rus oluncaya qədər
o millətin yaxasından əl çəkməyəcəksiniz”
(ayırma mənimdir – V.Q.)
Zəki Vəlidi ərəb əlifbasından
imtinanın tərəfdarı deyildi. Bu əlifbaya son minillik ərzində
türk xalqlarını bir-birinə bağlayan, ortaq dil,
yazı və imla qaydaları formalaşdıran
mühüm vasitə kimi baxırdı. Məcburiyyət
qarşısında latın əlifbasına
keçiləcəyi təqdirdə də bütün
türk dilləri üçün ümumi əlifbanın qəbul
olunmasını istəyirdi. Azərbaycan
ziyalıları da eyni mövqedə dayandıqları
üçün onları təqdir edirdi. Eyni
zamanda bolşeviklərin hər türk qövmü
üçün ayrıca əlifba yaratmaqla kifayətlənməyib
sonda onları öz yazılarını kirilə keçirməyə
zorlayacaqlarını da hələ bolşevik hakimiyyətinin
başlanğıcında uzaqgörənliklə sezir və xəbər
verirdi. Zəki Vəlidinin qeydlərindən o da
aydınlaşır ki, 1920-ci ildə Azərbaycan türkcəsini
Sovet Rusiyasının tərkibinə daxil edilən
bütün türk xalqları üçün müştərək
dilə çevirmək ideyası mövcud imiş, lakin
yuxarıda adı çəkilən professor G.Y.Polivavanov,
habelə Broydo və Pavloviç kimi
bölücülük tərəfdarları vaxtında
siyasi liderləri duyuq salaraq buna imkan verməmişdilər.
Bolşevik
əsarətinə düşən Türküstanı tərk
etməmişdən əvvəl Zəki Vəlidi vətəndə qalan
mübarizə yoldaşlarına da müraciət
ünvanlamışdı. Onun tarixi nikbinliyi və uzaqgörənliyi
1922-ci ilin fevralında qələmə alınan həmin sənəddə
aydın nəzərə çarpmaqdadır: “Rus iştahasının
sınırı olmadığından o, böyük hadisələri
kəndisi qovalayacaqdır. İştə bu gəlməsi
müqəddər olan böyük hadisələr bizə
yenidən dirilmə imkanı verəcəkdir. Müsəlmanların qələbəlik
bulunduğu Türküstan kimi ölkələr bundan istifadə
edəcəklər. Böylə zamanlara yəhudilərin
İsrail dövlətinin diriləcəyinə
inandıqları kimi inanaraq bu fikri gənc nəslə təlqin
etmək lazımdır. Biz dişarıda
çalışacağıq, fəqət umarım ki, bizim nəslimiz
o xilas günlərini görmədən ölüb bitməyəcəkdir...”
lll
1923-cü ilin fevralında Zəki Vəlidi və
başqırd hökumətində birgə
çalışdığı gələcəyin görkəmli
türkoloqu, “Kitabi-Dədə Qorqud” dastanının
tanınmış tədqiqatçılarından olan
Əbdülqadir İnan Məşhəd
yaxınlığında Sovet-İran sərhədini
keçib təxminən yarım əsr davam edəcək
mühacir həyatına qədəm qoydular. Sovet cəhənnəmindən
xilas olmalarında “Xatirələr”ində xoş sözlərlə
andığı azərbaycanlı dostu, həmin dövrdə
Aşqabadda yaşayan
təbrizli Hüseyn Kazım oğlu müstəsna
rol oynamışdı. Onları İran tərəfdə, Dəlikdaş
mahalında qarşılayıb müsafir edənlər də
Azərbaycan türkləri idi: “Şubat 28-də Məhmədabada
gəldik. Xalqı türkdür, farscanı
ancaq tüccarlar bilir. Buradakı komandan
Abbasqulu xan ismində bir azərbaycanlı imiş. Mehmedabada bağlı yüz altı köy
varmış ki, həpsi türk imiş. Məşhəddən
müsaidə gəlincəyə qədər doqquz gün
burada qaldıq. Abbasqulu xan bizə bir çox tarix
kitabları və Mirzə Mülkümün
külliyyatını, Tağı xan Sipehrin “Nəqş-əl-təvarix”
ismindəki böyük əsərini verdi.
Kəndisinin də oxumuş olduğu bu əsərlər
üzərində mənimlə danışmaqdan
xoşlanırdı. Məşhəddəki şərq
ordusu komandanı Mir Səngdən və Tehranda Hərbiyə
naziri, iki il sonra İran şahı olan Rza xandan xoş gəldiniz
məalında iki teleqraf gəldi”.
Rza xanın iltifatlı münasibətinin səbəbini
yalnız aradan bir müddət keçəndən sonra,
Berlində öyrənmək mümkün olmuşdu. Bu məsələdə
Azərbaycan əsilli İran siyasi və dövlət xadimi
Seyid Həsən Təqizadənin (1878-1970) başqırd
mühacirləri ilə bağlı təqdimatı önəmli
rol oynamışdı. “Bir il sonra Berlində
şəxsən tanışdığım bu möhtərəm
zat İran hökumət əzası, Londrada İran
böyük elçisi, İran Senatı başqanı oldu.
Şimdi sədri-əşrafi-İran olmuşdur,
sağdır, Allah onu aramızdan əskik eləməsin” – deyə
Zəki Vəlidi xatirələrinin Berlinə aid
bölümündə yenidən Təqizadə ilə
münasibətlərinə qayıdaraq yazmışdı: “Təqizadə
əslən Təbrizin üləma ailəsindəndir. Məndən bəlkə on-on iki yaş
böyükdür. Qarısı alman idi.
Kəndisi kimi bu sevimli xanım da hala həyatdadırlar.
Leybnitsştrassedəki evlərində Təqizadənin
mükəmməl bir kitabxanası vardı. Bir çox kitablar götürüb istifadə etdiyim
bu kitabxana bu gün Təqizadənin də əzası
bulunduğu İran Senatı kitabxanasındadır. Təqizadə məni müasir İran
aydınları ilə bağlayan zatdır”.
İranda olarkən Zəki Vəlidi “Şərqdə
ictimai inqilab” əsərini qələmə
almışdı. Siyasi araşdırmanın əsas qayəsi
İran, Türkiyə və Əfqanıstan hökumətlərinin
Türküstan məsələsinə və
bütünlükdə bolşevik inqilabından sonrakı
Rusiya müsəlmanlarının vəziyyətinə diqqəti
çəkmək idi. Əlyazmasının
surətləri müxtəlif rəsmi şəxslərlə
birlikdə azərbaycanlı siyasi xadimlərə – Ə.
Ağaoğluna, Ə.Topçubaşova, M.Ə.Rəsulzadəyə
də göndərilmişdi. Sonuncunun təşəbbüsü
ilə başqırd həmkarının əsəri “Yeni
Kafkasiya” jurnalının üç sayında dərc
edilmişdi.
Əfqanıstana keçmək üçün Zəki
Vəlidi və Əbdülqadir İnan bir müddət
İranda qalmalı olmuşdular. Burada hər ikisi vaxtlarını əsasən
yerli və Qafqazdan gəlmə azərbaycanlı ziyalılar
arasında keçirirdilər. Onlarla davamlı
ünsiyyət son bir neçə ildə elmi
araşdırmalardan uzaq düşən hər iki
başqırd intellektualını yenidən həyatlarının
əvvəlki stixiyasına qaytarmışdı. “Xatirələr”də
bu barədə oxuyuruq: “Məşhəddə bir çox azərbaycanlı
vardı. Bunlardan Hacı Kazım Rizayev, Mirzə İbrahim
Tağıyev, şair Əsədulla Zavərzadə və Məcid
Əfəndiyev, əczaçı Qulam Qolsuz, Qulam Rza ilə
sıx-sıx görüşürdük. Onlar
mənə xüsusi əllərdə olan əlyazma əsərlərini
tapıb öyrənməkdə yardım edirdilər. Türk tarixinin aşiqi olan Əczaçı Qulam
özbək hökmdarı Übeydullah xan zamanında onun vəziri,
Qaraçun uruğunun Qavçin şöbəsindən
Əmir Qəmbər Əli bin Köpək Quşçu
üçün farscadan türkcəyə tərcümə
edilən “Kəlilə və Dimnə” kitabını gətirdi.
Bu əsərin müqəddiməsindən
Übeydullah xan zamanında farsca yerinə türkcəyə
daha artıq əhəmiyyət verildiyi aydınlaşır.
Bundan başqa bir çox nadir farsca və
türkcə şeir məcmuələri gətirib onlardan
istifadəmi təmin etdilər”.
Xatirələrinin
“Məşhəddəki azərbaycanlılar” fəslində
özünün yeni tanışları haqqında səmimiyyətlə
söz açan Zəki Vəlidi onların vətənə
bağlılıqlarını, insani və mənəvi
keyfiyyətlərini yüksək qiymətləndirərək
yazırdı: “Bu azərbaycanlılar hamısı milliyyətçi
və münəvvər insanlardı. Çoxu
Qafqaz Azərbaycanından idi. Rusiya
türkləri arasında istiqlal davasında pişdar
(öncül) olan Mehmet Həsən Baharlının “Azərbaycan”
ismi ilə bu cümhuriyyətin (Azərbaycan Demokratik
Cümhuriyyəti nəzərdə tutulur – V.Q.) coğrafiya,
tarix və etnoqrafiyasını bir araya toplayıb
yazdığı əsərinin 1921-ci ildə Bakıda nəşr
edilmiş olduğunu Səmərqənddə ikən
eşitmişdim. Bu əsəri mənə Qolsuz Qulam gətirib
verdi”.
Məhəmmədhəsən Vəlilinin (Baharlı)
kitabına maraq təsadüfi deyildi. Bu hər şeydən
əvvəl mövzu, tələbat ümumiliyindən irəli
gəlirdi. Zəki Vəlidi
tarix səhnəsinə yeni qədəm qoyan dövlətlər
üçün eyni xarakterli araşdırmaları siyasi və
iqtisadi baxımdan zəruri sayırdı: “Çünki
Türküstan və Başqırdıstanın muxtar
cümhuriyyətlərinin bu şəkildə coğrafiya və
statistikasına dair əsərləri mən də
hazırlamışdım və yalnız
Başqırdıstana aid olanın ayrı kantonluqlara
(çar Rusiyası dövründə başqırdlar
arasında inzibati-ərazi bölgüsü – V.Q.) aid qisimlərini
və böyük xəritəsini 1920-ci ildə nəşr
edə bilmişdik”.
Başqırd
lideri Məşhəddə təsadüf etdiyi, adları təəssüf
ki, bizə heç nə deməyən
soydaşlarımızın intellektual həyatından, elmi fəaliyyətlərindən də bir sıra maraqlı faktlar gətirmişdi:
“Bu azərbaycanlılar arasında Qaraqoyunlu uruğuna mənsub
olan birisi Azərbaycan və türk tarixini yazmaqla məşğul
idi. Bu zatla 1956-cı ildə Tehranda bir daha
görüşdüm. Yüksək təhsil
görmüş oğlanları vardı. 5 nisanda
(1923-cü il aprelin 5-i nəzərdə
tutulur – V.Q.) Bayat əşirətindən olan
birisində müsafir olduq. O, bizə türk tarixinə
dair əsərləri gətirdi”. Yaxud: “Bir ziyafətdə
Əsədullah Zavərzadə şeirlərini oxudu. Çox gözəl şeirlər idi. Bu zat və arkadaşları mənə tarixə aid
bir çox sorular sormuşdular. Verdiyim
cavablar xatiratımda epeyi yer tutur. Əzcümlə
“Çingiz xanın mənşəyi nədir” və “Ruslar
biz azərbaycanlılara nədən tatar deyirlər?”
suallarının cavabları...”
Yeri gəlmişkən, Zəki Vəlidi Toğan akademik
V.V.Bartolda əsaslanaraq fateh Çingiz xanı Çində məskunlaşan
qara tatarların-türklərin təmsilçisi
sayırdı.
Onun fikrincə, “Qızılbaş əşirətinin
başında gələn Bayatlar” da Çingiz xanın
çevrəsindəki Bayavutların nəsilləri idilər.
Təbii ki, sadəcə ötəri xatırlatdığım
bu məsələlərin daha müfəssəl izah və
araşdırmalara ehtiyacı var.
Cənubi azərbaycanlılarla istər İranda, istərsə
də Avropa ölkələrində görüşləri
zamanı Zəki Vəlidi günümüzdə də
aktuallığını itirməyən bir məsələ
ilə üzləşmişdi. Bu da həmvətənlərimizin bəzilərində
milli hisslərin korşalması, onların bir qisminin
islamçılıq və irançılıq
şüarları ilə soy-kökündən uzaqlaşaraq fars təsiri altına düşmələri,
dil və mədəniyyətlərinə xor baxmaları ilə
bağlı idi. Belə şəxslərdən birini təqdim
edən Zəki Vəlidi xatırlayırdı: “Azərbaycanlı
Hüseyn Ağa Kazımzadə Almaniyada təhsil etmiş və
orada yaşayan bir mühərrirdi. “İranşəhr”
ismiylə bir məcmuə nəşr edirdi. Kəndisinin fazla iranpərəstlik üzündən
bəzən tarixləri belə təhrif etməsi, əfsanəvi
İran hökmdarlarını kəndi hökmdarları
sayıb İranda hökmranlıq edən türk sülalələrinin
azərbaycanlıları zorla türkcə
qonuşdurduqları kimi mövzulara dair uydurmalarda bulunması
dolayısı ilə münaqişələrimiz olurdu.
Fəqət dost qalırdıq. Həyatının
sonuna qədər kəndi nəşriyyatından və məktublarından
məni məhrum etməmişdi”.
Hüseyn
Kazımzadənin vasitəsi ilə Zəki Vəlidi və
Əbdülqadir İnan 1920-ci illər Berlinin Azərbaycan cameəsi
ilə daha yaxından tanış olmaq
imkanı qazanmışdılar. Amma burada bir il
əvvəl Məşhəddə gördüklərindən
tam fərqli insanlarla rastlaşmışdılar. Hər ikisi türk milliyyətçisi olan
başqırd müsafirlər üçün bu mənzərə
qeyri-təbii və anlaşılmaz idi. Onlar insanların
könüllü şəkildə öz ana dilindən imtinasının səbəblərini
heç cür anlaya bilməmişdilər: “Azərbaycanlı
arkadaşım Hüseyn Kazımzadə ailəsi ilə
birlikdə Berlində yaşamaqda olan bir həmşəhrisinin
evinə dəvət etmişdi. Oraya digər bir iranlı da xanımı və
çocuğu ilə birlikdə gəlmişdi. Yenə orada
bulunanlardan birisi Qənizadə, daha öncə tanış
olduğum Qasım Qənizadə bir iranlı yazardı. Gözəl İran yeməkləri yedik. Anası ilə azəri türkcəsi ilə
qonuşan cocuq üçün arkadaşım
Əbdülqadir “Maşallah, gözəl türkcə
qonuşuyor”–deyincə babası həmən “Maalesef,
qonuşuyor” deməklə türkcəyə qarşı
xoşnudsuzluğunu izhar etdi. Qənizadə
isə bu xüsusu izah edərək Azərbaycan türklərinin
heç bir zaman türkcə yazmayıb farsca
yazdıqlarını və türkcənin zamanla ortadan qeyb
olacağını və Azərbaycanda “türk
olmadığını” iddia etdi. Artıq
İran azərbaycanlıları cocuqlarına türkcə
isimlər verməyib Cəmşid, Huşəng kimi isimlər
veriyorlarmış. Xülasə, bu məclis
çox dadsız keçdi. Hüseyn
Kazımzadə də bir şey qonuşmadı. Ev sahibi isə böylə könüllü olaraq
topdan farslaşmağın tərəfdarı deyildi. Fəqət qarşı tərəf
davalarını təəssüblə savındı”.
Vəziyyətin qəribəliyi onda idi ki, Berlinə
üz tutan Azərbaycan türkləri şah zülmündən
qaçmışdılar. Deməli,
qadağaların və qorxunun hüdudundan kənar idilər.
İstədikləri şəkildə davrana,
fikirlərini açıq söyləyə bilərdilər.
Lakin bu şəraitdə də hansısa
intuitiv ətalət qüvvəsinin, yaxud da milli şüur məhdudluğunun
təsiri altında əskidəki kimi hərəkət edirdilər. Zəki Vəlidi də bu qəribə mənzərəyə
hər hansı bir izahat tapmayaraq yenə hər şeyi Qacar
istibdadının ayağına bağlamaqla kifayətlənməli
olmuşdu: “Biz türküstanlılar İran ədəbiyyatını
sevəriz. Hətta buna aşiqiz. Fəqət kültürümüzü,
türklüyümüzü yox etmək yolunu tutarsa, farscaya
qarşı məhəbbət ortadan kalkıyor. İrandakı türklərə dillərini
unutdurmaq, çocuqlara annələri ilə türkcə
qonuşmalarını mənetmək (qadağan etmək) kibi
hal ancaq Qacar istibdadı dövründə yaşayabilir.
Sizdə bir gün tam demokrasi yerləşirsə,
iranlı olmayan əhalinin ana dillərində məktəblər
açmalarını mənedəməzsiniz. Mənetmək
ancaq mütləq monarxiyanı və ya fars
millətçi diktatorluğunu yaşatmaqla mümkün
olur”.
(İndi xatırlayıram ki, 1987-ci ildə “Vətən”
cəmiyyətinin xətti ilə getdiyim İsveçdə
ana dilinə münasibət baxımından
soydaşlarımızı təxminən yuxarıda təsvir
olunan vəziyyətdə gördüm və “Burada ki, sizə
təzyiq edən yoxdur, niyə uşaqlarınıza ana dilini
öyrətmirsiniz? sualıma heç kimdən
doğru-dürüst cavab ala bilmədim. O biri tərəfdən,
Bakıda rusca danışmaqdan fəxarət duyan
soydaşlarımızı yada salıb çox dərinə
getmədim...)
Lakin belə kədərli təsadüflərlə
üzləşsə də, Zəki Vəlidi Azərbaycan
türklərinin azadlıq eşqinə və yaradıcı
qüvvəsinə ürəkdən inanırdı. Onların
ciddi problemlərin məngənəsindən çıxaraq
daha layiqli yaşam tərzinə qovuşacaqlarına, istibdada
boyun əyməyəcəklərinə əmin idi.
“Xatirə”lərdəki aşağıdakı sətirlər
də çox güman, həmin hisslərin təsiri altında
yazılmışdı: “Azərbaycan ikiyə
bölünmüş olmaqla bərabər demokrasi
üçün qüvvətli savaşçılar
yetişdirən və istibdada qarşı savaşlarında
müvəffəq olmaqda olan bir camiədəndir və kəndi
hüdudunda azınlıq deyil, çoxunluqdur. Əskinin
bir baqiyəsi olan Qacar sülaləsi yox olmaya məhkumdur, fəqət
kəndi millətini farslaşdırmağı qayə edinən
İrəc Mirzələrin (Müzəffərəddin
şahın hakimiyyəti dönəmində (1896-1907) saray
şairi olan və “fəxrüş-şüəra”
mövqeyinə yüksələn Azərbaycan türkü
İrəc Mirzə fars millətçiliyinin bariz nümayəndələrindən
biri kimi tanınmışdı – V.Q.) yerinə kəndi dili ilə
yaşamağı demokrasi yolu ilə təmin etmək istəyində
olan bir cameədir. Bir sənə öncə
Məşhəddə görüb
tanışdığım Azərbaycan camiəsi bunu mənə
təlqin etdi”.
“Xatirələr” Zəki Vəlidinin təkcə Azərbaycan
ədəbiyyatına deyil, həm də onun üzdə olan və
olmayan simalarına yaxın bələdliyi, şəxsi əlaqələri,
əqidə və amal birliyi haqqında geniş təəssürat
yaradır. Məsələn,
müəllifin çox narahat dönəmdə, gizli şəkildə
bir neçə günlüyə gəldiyi Bakıda Salman
Mümtazı tapıb görüşməsi yalnız
müştərək ədəbi irs təşnəliyi
nəticəsində mümkün ola bilərdi. Zəki Vəlidinin Türküstana elmi ekspedisiyalar
zamanı Peterburq EA-nın maliyyə dəstəyi ilə
gördüyü işi – əlyazmaların toplanmasını
Salman Mümtaz Qafqazda öz şəxsi vəsaiti, necə deyərlər,
cibinin pulu ilə etmişdi. Amma məqsəd,
amal eyni idi. İndi tamam unudulan azərbaycanlı
filoloq Əliəjdər Səidzadənin 1920-ci illərdəki
fəaliyyətinin anılması da bu maraq ümumiliyindən
irəli gəlirdi.
Yaxud, sonrakı həyatı barədə hər hansı
məlumata malik olmadığımız başqa bir mətbuat
xadimi – Cəlal Ünsizadəni götürək. “Kəşkül”ün
nəşri dayanandan sonra onun işi, fəaliyyəti
haqqında mənbələrdə hər hansı bilgiyə
rast gəlinmir. Yalnız Cəlil Məmmədquluzadənin
1907-ci ildə “Molla Nəsrəddin”dəki felyetonlarından
birində Cəlal Ünsizadənin II Sultan Əbdülhəmid
sarayında çalışdığı, Sultanın şəxsi
katibi, yaxud buna bənzər bir post tutduğu aşkara
çıxır. Onun adına bir də
aradan təxminən iyirmi il ötəndən sonra Zəki Vəlidinin
xatirələrində təsadüf olunur: “Mayın 16-da Cəlal
Ünsi bəylə görüşdüm. Bu
zat Azərbaycan türklərindən olub Qaspralı
İsmayıl bəydən əvvəl “Kəşkül”
ismində bir türkcə qəzetə çıxaran
zatdı. Mən onu çoxdan
ölmüş zənn ediyordum. Məgər
Türkiyədə yaşıyormuş. İran
və Azəri türk ədəbiyyatına vaqif bir şəxsdi.”
Cəlal Ünsizadə həmin dövrdə Türkiyə
Cümhuriyyətinin Xariciyyə Nazirliyində rus dili tərcüməçisi
vəzifəsində çalışırdı. Çoxsaylı dostları
vardı və Zəki Vəlidini öz yaxın çevrəsi,
o cümlədən dolanışığını təmin
etmək üçün xalça ticarəti ilə
uğraşan, eyni zamanda incə zövqlü ədəbiyyat
adamı olan özbək əsilli Hülusi bəylə tanış etmişdi. O, Hafiz divanından
istixarə etməyi, fal açmağı çox
sevirmiş. Burada Zəki bəyin təsvir etdiyi
ibrətamiz məqam Cəlal Ünsizadənin nə qədər
həssas insan olduğunu aşkara çıxarır.
Cəlal Ünsizadə onu tez-tez Hülusi bəyin
yanına, Hafiz falı açmağa aparırmış. Hər dəfə
də çox uğurlu istixarələr ortaya
çıxırmış. Zəki Vəlidi
yalnız aradan illər keçəndən sonra
anlamışdı ki, Ünsizadə bütün bu işləri
əvvəlcədən qururmuş. Bu yolla vətənindən,
yaxın və doğmalarından uzaq düşən, gələcəyi
hələ naməlum və mübhəm görünən
yeni dostuna ürək-dirək vermək, onu daha inamlı və
ürəkli olmaq hissini aşılamağa
çalışırmış...
Türkiyəyə gəlişi nəticəsində Zəki
Vəlidi çoxdan ayrı düşdüyü Azərbaycan
siyasi mühacirətinin bəzi nümayəndələri ilə
görüşmək, birbaşa ünsiyyət qurmaq
imkanı qazanmışdı. M.Ə.Rəsulzadənin
yardımları ilə İstanbulda yerləşəndən
bir neçə gün sonra gündəliyinə aşağıdakı
sətirləri yazmışdı: “25 mayıs 1925. Mehmet Əmin Rəsulzadə ilə tam bir gecə
söhbət etdik. 26 mayıs. Azərbaycanlılar bir çay süfrəsinə
çağırdılar. Hamısı məhəbbətlə
dolu insanlardır. 27 mayıs azərbaycanlıların
milli istiqlal günü idi. Burada bir nitq
söylədim. Başqırdıstan və
Türküstan müxtariyyət və istiqlal hərəkətlərinin
Müsavat firqəsinin proqramında yazılmasının
tarixini şükranla andım”. Azərbaycan
Cümhuriyyətinin qısa müddətli mövcudluğu
dövründə milli dövlət quruculuğunda əldə
edilən uğurlar barəsində xatirələrdə
xatırlananlar da azərbaycanlı mühacirlərlə
ünsiyyətin nəticəsi idi.
Həmin dövrdə türk əsilli siyasi mühacirlər
arasında yalnız azərbaycanlılar öz mətbu
orqanlarını yarada bilmişdilər. İstər “Odlu yurd”un, istərsə də ardınca meydana
çıxan digər qəzet və məcmuələrin səhifələri
Qafqaz, Volqaboyu və Orta Asiya mühacirlərinin üzünə
aşıq idi. Zəki Vəlidi xatirələrində
Başqırdıstan milli azadlıq hərəkatı və
başqırd dövlətinin quruluş tarixi haqqında
mübarizə dostlarının yazılarına yer verdiklərinə
görə Məmməd Əmin Rəsulzadəni və Azərbaycan
mühacir nəşrlərinin digər rəhbərlərini
minnətdarlıqla yad edirdi.
lll
Zəki Vəlidi Toğanın “Xatirələri” 1925-ci
ilin hadisələri, onun müvəqqəti
sığınacaq tapdığı Almaniyadan həmişəlik
yaşamaq üçün Türkiyə Cümhuriyyətinə
köçməsi, bu imkanı yaradan Mustafa Kamal Paşanı
– gələcək Atatürkü ziyarəti ilə
tamamlanır.
Kitabın ilk nəşrinin çapa
hazırlanmasında yaxından iştirak edən, habelə
ikinci nəşrə müqəddimə yazan qızı,
professor İsenbike Toğanın bildirdiyinə görə əsərin
davamı üçün də zəngin material
toplanmış, bir qismi xronoloji ardıcıllıqla
düzülüb sistemə salınmışdı.
Lakin öz həyat və mübarizə tarixçəsini
sona qədər yazıb tamamlamaq alimə müyəssər
olmamışdı.
Heç şübhəsiz, bu xatirələr qələmə
alınsaydı, orada Azərbaycanla bağlı bir çox
yaddaqalan səhifələr mütləq öz əksini
tapacaqdı. Həyatının 1925-ci ilə qədərki
dövründə Zəki Vəlidi əsasən Azərbaycanın
ictimai-siyasi xadimləri ilə təmas qurmuşdu. Onların maraq və fəaliyyətlərinin mərkəzində
birgə mübarizə və milli-azadlıq hərəkatı
dayanmışdı. 1920-ci illərin
ortalarından sonra isə öz fəaliyyət və istiqaməti
də dəyişdiyindən professor Zəki Vəlidi Toğan
daha çox mühacir alimlərimizlə ünsiyyət
saxlamışdı. Türkiyədə
yaşadığı illərdə Ə.M.Topçubaşov,
M.Ə.Rəsulzadə kimi siyasi liderlərlə əlaqələrini
davam etdirməklə bir sırada Əhməd Cəfəroğlu,
Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu və
b. Avropa miqyasında yaxşı tanınan Azərbaycan əsilli
elm adamları ilə sıx yaradıcılıq əməkdaşlığı
edirdi. Xüsusən həyatının çətin
anlarında, məsləhətə, yardıma ehtiyac
duyduğu məqamlarda Türkiyə Böyük Millət Məclisinin
üzvü kimi cəmiyyətdə geniş əlaqələrə
malik Əhməd Ağaoğluna üz tutmuşdu. Əhməd bəy onun yalnız siyasi deyil, elmi məsələlərdə
də arxalandığı nüfuz sahibi idi.
Türk
dünyasının qabaqcıl, mütərəqqi hissəsi
kimi ölkəmizə ardıcıl maraq, Azərbaycanın həm
şimalından, həm də cənubundan olan
çoxsaylı dost və həmfikirləri, nəhayət zəngin
tarix və mədəniyyətimizin açdığı zəngin
tədqiqan imkanları məntiqi şəkildə türkoloq
Zəki Vəlidi Toğanın elmi azərbaycanşünaslıqla
ardıcıl şəkildə maraqlanmasına, etimologiya,
tarix, coğrafiya ilə bağlı ayrı-ayrı problemləri
tədqiqatçı kimi araşdırmasına gətirib
çıxarmışdı. Ərəb, fars
və türk dillərini mükəmməl bilməsi, eyni
zamanda Avropa məxəzlərinə bələdliyi nəticəsində
qədim və orta əsrlər Azərbaycanı barəsində
dövrü üçün yeni söz sayıla biləcək
bir sıra əsərlər qələmə
almışdı.
Onun “Azərbaycan
Yurd Bilgisi” jurnalında dərc olunan “Azərbaycanın tarixi
coğrafiyası”(AYB, 1932, cild I, say I, səh.35-48, say 2, səh.
69-83, say 3, səh. 122-134, say 4-5, səh. 145-156, məqalə
üçün materialların toplanmasında, mənbələrin
dəqiqləşdirilməsində gələcəyin
görkəmli türkoloqları, Zəki Vəlidinin
İstanbul universitetindəki tələbələri, professor
Pertev Naili Boratav və məşhur “Bozqurdlar” romanının
müəllifi Hüseyn Nihal Atsız yaxından iştirak
etmişdilər), “Azərbaycan etnoqrafiyasına dair” (1933, cild
II, say 14, səh. 49-56, say 15, səh. 101-107, bu məqalə
daha əvvəl, yəni 1927-ci ildə “Türk yurdu” məcmuəsində
də dərc edilmişdi – V.Q.), “Azərbaycan türk
etnoqrafiyasına dair” (AYB, 1933, cild II, say 18, səh. 247-253) silsilə araşdırmaları məsələnin
metodoloji qoyuluşu, ilkin tarixi qaynaqların aşkara
çıxarılması və sistemə salınması
baxımından bu gün də öz əhəmiyyətini itirməmişdir.
Başqırd xalqının böyük oğlu Zəki
Vəlidi Azərbaycanı təkcə bir alim kimi öyrənməmişdi. O, vətənimizi,
insanlarımızı ürəkdən sevmişdi, türk
dünyasının fikri inkişafına töhfələrimizi
minnətdarlıqla dəyərləndirmişdi. Bütün bunlar isə nəticədə onun ibrətamiz
bir tarix dərsliyi olan “Xatirələr”indən Azərbaycan
mövzusunun diqqət mərkəzində dayanmasına,
qırmızı xətlə keçməsinə imkan
vermişdi.
Budapeşt.
Noyabr, 2014-cü il
Vilayət QULİYEV
525-ci qəzet.-
2014.- 20 dekabr.- S.14-15.