Türk dünyasının astanası
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində vitse-prezident, millət vəkili, akademik İsa Həbibbəyli görüşümüzün sonunda məni Beynəlxalq Türk Akademiyasının (BTA) Astana şəhərində “Türk dünyası: Böyük şəxsiyyətlərin irsi” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa dəvət etdi. Bildirdi ki, bu nüfuzlu elmi tədbirdə böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin doğumunun 130 illiyi, türk dünyasının birlik rəmzinə çevrilmiş İsmayıl bəy Qaspiralının vəfat etməsinin 100 illiyi və eləcə də kazak xalqının görkəmli ictimai-siyasi xadimləri Turar Rıskulovun və Sultan bəy Kojanovun 120 illik yubileyləri münasibətilə konfransın gündəliyinə mövzular salınmışdır. İsa müəllim mənim məruzəmin sərlövhəsini də dəqiqləşdirdi: “Məhəmməd Əmin Rəsulzadənin ədəbi-ictimai fəaliyyəti”.
Etiraf edim ki, bu gözlənilməz təklif məni çox sevindirdi. Əvvəla, Məhəmməd Əmin Rəsulzadənin 1990-cı ildə Azərbaycanda 50 min nüsxə ilə nəşr edilən ilk kitabını – “Azərbaycan Cümhuriyyəti”ni ərəb qrafikasından müasir əlifbaya transfoneliterasiya edib, ona şərh və lüğət yazaraq çapa hazırlamışdım. Sonralar isə onun “Bolşeviklərin Şərq siyasəti” (1994) kitabı mənim tərtibimdə işıq üzü görmüşdü və ədəbi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məhz bu xidmətlərin nəticəsi olaraq M.Ə.Rəsulzadənin 110 illiyi münasibətilə onun Türkiyədə 1949-cu ildə yaratdığı Azərbaycan Kültür Dərnəyinin mükafatına (1994) layiq görülmüşdüm. Digər tərəfdən, qırx il əvvəl Qazaxıstanın Baykanur və Taldı-Kurqan şəhərlərində iki il hərbi xidmətdə olmuşdum. Repressiya illərində on minlərlə azərbaycanlının kütləvi şəkildə Qazaxıstana sürgün edildiyindən məlumatlı idim. Orduda xidmət etdiyim illərdə repressiya qurbanlarının varislərindən bir qismi ilə tanış olub onların Vətən həsrəti, millət duyğusu ilə yoğrulmuş söhbətlərini çox dinləmişdim. Tale elə gətirmişdi ki, Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən sonra böyük ictimai-siyasi xadim, Xalq Cümhuriyyətinin ideoloqu və qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadə Qazaxıstan sürgünündən Bakıya döndükdən sonra onunla yaxından tanış olmuşduq. Atasının “Azərbaycan Cümhuriyyəti” kitabının Bakıda nəşr olunması onu çox sevindirirdi. Hətta görüşlərimizdən birində mənə demişdir ki, bu kitabın ilk dəfə burada çapına 70 illik Sovet rejiminin qadağalarından sonra M.Ə.Rəsulzadənin Azərbaycana mənəvi qayıdışı kimi dəyərləndirirəm...
Yurdundan-yuvasından perik düşmüş insanların, ruhların, mənəvi sərvətlərin doğma vətənə qayıdışı ölkəmizin müstəqilliyinin bərpası ilə başlandı, tərəqqisi ilə möhkəmləndi, tanındı və əbədiləşdi.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Respublikalarının dövlət başçıları səviyyəsində beş il öncə imzalanmış Naxçıvan bəyannaməsi əsasında yaradılmış Beynəlxalq Türk Akademiyasının “Türk dünyası: Böyük şəxsiyyətlərin irsi” mövzusunda keçirdiyi konfransın gündəliyi də təsdiqləyir ki, milli istiqlal məfkurəsinin formalaşmasında müstəsna xidmətləri olan böyük mütəfəkkirlər – Əli bəy Hüseynzadələr, Məhəmməd Əmin Rəsulzadələr, İsmayıl bəy Qaspiralılar, Turar Rıskulovlar, Sultan bəy Kojanovlar türk dünyasının milli-mənəvi dəyərlər arsenalına həmişəlik daxil olmuşlar.
lll
Astananın hava limanında akademik İsa Həbibbəyli ilə məni sabiq universitet rektoru, BTA-nın məsul əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Talqat Erbay qarşıladı. Havada 12 dərəcə şaxta olmasına baxmayaraq geniş və işıqlı küçələrin kənarında, qazax xalqına məxsus ornamentlər ilə bəzədilmiş bənzərsiz arxitekturaya malik hündür binaların önündə əkilmiş müxtəlif növ bəstəboy ağaclar yaşıl və sarı yarpaqlarının ümumi görünüşü ilə payızın Astanaya yenicə gəldiyini xəbər verirdi.
Talqat bəy bəlkə də tarixçi olduğuna görə Qazaxıstanın yeni paytaxtının keçmişindən, dünənindən böyük sevgi ilə söz açdı. Bu şəhər İşim çayının sahilində 1830-cu ildə əsası qoyulub, Akmola adlanıb. Otuz il (1961-1992) Selinoqrad kimi tanınıb. Akmola adı 1992-1998-ci illərdə yenidən bərpa edilib. Astana 1998-ci ilin yanvar ayından respublikanın paytaxtı statusunu qazanmışdır. Burada 850 mindən çox əhali yaşayır. Şəhərin rəmzinə çevrilmiş Bayterek abidəsinin hündürlüyü 105 metrdir. Bu sənət incisi ağ qovaq ağacını xatırladır və ən hündür yerində, yuva içərisində yer kürəsinə bənzəyən Simurq quşunun yumurtası xoşbəxt gələcəyi simvolizə edir.
Talqat Erbay Astananın növbəti küçəsindən keçərkən bizə maraqlı məlumat verdi. Dedi ki, iki ay bundan öncəyə qədər bu küçə 1933-1938-ci illərdə Qazaxıstanın I katibi işləmiş Levon Mirzəyanın adını daşıyırdı. Respublika Prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə L.Mirzəyanın adı küçədən götürülüb. Ölkədə yaşayan erməni əhali hələ də müxtəlif səviyyələrdə etirazlar etsə də qərar qüvvədə qalır. Buna səbəb isə arxivlərdən tapılmış yeni məxfi sənədlər oldu.
Tarixdən məlumdur ki, repressiya illərində L.Mirzəyan on minlərlə qazağın, müsəlmanın, bütövlükdə türk xalqlarının qabaqcıl nümayəndələrinin “əksinqilabçı”, “antisovet” adı ilə güllələnməsinə rəvac vermiş, Sitalin “planı”nı artıqlaması ilə doldurmuşdur. Bu qaniçənin insanları məhv etmək üçün öz xahişi ilə əlavə öhdəlik götürməsi, qazax xalqına qarşı qara niyyətini həyata keçirmək üçün Stalinə şifrəli məktub yazması, limitdənkənar günahsız insanları repressiya etməsi bütün qazax cəmiyyətini şoka salmışdır.
Azərbaycan oxucusu üçün də maraqlı olacağını nəzərə alaraq həmkarımızdan adıçəkilən teleqramın surətini xahiş etdim. Sonradan mənə təqdim edilmiş şifrəli teleqramda yazılmışdır: “Tamamilə məxfidir. Şifrəli. Alma-Atadan göndərilib: 18-30. 1.XII.1937-ci il. ÜKP MK-ya daxil olub: 1.XII.1937-ci il. Saat 22. ¹ 2748/III.
Moskva, ÜK(b)P MK yol. Sitalinə
Antisovet ünsürlərdən birinci kateqoriya üzrə 8 min nəfər və ikinci kateqoriya üzrə 8 min nəfər insanın repressiya edilməsi üçün bizə səlahiyyət verilmişdir. İndi bu limitdən demək olar ki, tam istifadə olunub – biz dekabrın 10-dək fəal antisovet ünsürləri təmizləməli və ləğv etməliyik. Bu iki kateqoriya üzrə ləğv edilmiş təşkilat və qrupların üsyankar, diversiyaçı və casus ünsürlərdən biz müəyən edilmiş limitdən 1600 nəfərdən çox adam saxlamışıq.
Ünsürlərdən tam təmizlənmək üçün əlavə olaraq birinci kateqoriya üzrə 600 nəfər və ikinci kateqoriya üzrə 1 min insanı repressiya etmək üçün icazə verməyinizi xahiş edirik.
Qazaxıstan
K(b)P MK katibi Mirzoyan”.
Levon Mirzəyan
1926-1929-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi
olmuş, ziyalıların, kəndlilərin dəstə-dəstə
“müsavatçı”, “kulak”, “antisovet ünsür” adı
altında güllələnməsində, “buzlu cəhənnəm”lərə
sürgün edilməsində onun “xidmətləri” misilsizdir.
Qazaxıstanlı həmkarlarımızın təcrübəsindən
faydalanaraq türklərə düşmən kəsilmiş
mirzoyanların, mikoyanların, danilyanların dövlətin
gücündən faydalanaraq törətdiyi cinayətlərin,
həyata keçirdiyi genosid aksiyalarının arxivlərdəki
izlərini aşkarlamaq bu gün hər zaman olduğundan daha
çox aktualdır.
Talqat Erbay bizi sabiq Qazaxıstan rəhbəri Dinməhəmməd
Kunayevin adını daşıyan küçədə əzəmətli
görünüşü ilə şəhərə
yaraşıq verən Riksos Prezident otelinə gətirdi. Otel
seçimi ürəyimizcə idi. Ona
görə yox ki, Riksos Prezident Astananın ən yüksək
zövqə və rahatlığa malik otellərindən
biridir. Ona görə ki, binanın yüz
metrliyində Azərbaycanın Qazaxıstandakı səfirliyi
yerləşir və dalğalanan üçrəngli
bayrağımızı hər gün seyr etməyimiz bizə
qürur, fəxarət hissi bəxş edirdi.
lll
Ertəsi
gün (27.10.2014) bizi, xalq arasında piramida kimi tanınan,
britaniyalı memar Norman Fosterin layihəsi əsasında
2006-cı ildə gerçəkləşən, tolerantlıq
rəmzi sayılan Sülh və Həmrəylik
Sarayının girişində Beynəlxalq Türk
Akademiyasının prezidenti, tarix elmləri doktoru, professor
Darxan Kıdırəli cənablarının rəhbərliyi
ilə akademiyanın məsul əməkdaşları
qarşıladı. Saray bənzərsiz memarlıq üslubuna malik,
qeyri-adi gözəllik mücəssəməsi, qədimliklə
çağdaşlığın vəhdətini ehtiva edən
modern düşüncə tərzinin gələcəyə
hesablanmış yaradıcılıq uğuru idi. Əslində
Beynəlxalq Türk Akademiyası bu möhtəşəm
sarayın 7-ci qatında fəaliyyət göstərir
(Konfransdan sonra Akademiya ilə daha yaxından tanış
olmaq imkanı qazandıq-A.R). Foyedə gənc bir
xanımın Azərbaycan dilində: – Salam, sabahınız
xeyir. Bakıdan gəlmisiniz? – deyə müraciət edməsi məni
sevincqarışıq təəccübləndirdi. Tanış olduq. Mədinə Həmidova
əslən azərbaycanlıdır, Qazaxıstanda doğulub
boya-başa çatıb. Dediyinə
görə Azərbaycanda olmayıb, Bakını görmək
arzusundadır. Astanada ali təhsil
alıb. Hazırda Sülh və Həmrəylik
Sarayında təbliğat və təşkilat şöbəsinin
müdiri vəzifəsində çalışır. Fəaliyyət göstərdiyi sahədə
böyük nüfuz qazanıb. Söhbət əsnasında
sarayın rəhbərliyindən bir nəfər bizə
yaxınlaşaraq dedi: “Mədinə xanımsız heç
bir tədbirimiz olmur. Ən çətin
situasiyaları burada nizama salan odur. Mədinə
xanım Sülh və Həmrəylik Sarayının
döyünən qəlbidir”. Doğrusu
soydaşımız haqqında söylənən isti sözlər
məni məmnun etdi. Mədinə
xanımla xudahafizləşib konfransın keçiriləcəyi
məkana – Piramidanın sonuncu mərtəbəsinə, dairəvi
zala üz tutduq.
Beynəlxalq
forum Qazaxıstan prezidenti, cənab Nursultan Nazarbayevin
2013-cü ildə Azərbaycanın Qəbələ şəhərində
keçirilən Türkdilli Dövlətlərin III sammitində
irəli sürdüyü təşəbbüs əsasında
və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı
ilə gerçəkləşmişdir. Nüfuzlu elmi tədbirdə
Azərbaycandan, Türkiyədən, Polşadan, Rusiyadan,
ABŞ-dan, Yaponiyadan, Monqolustandan, Qırğızıstandan və
Özbəkistandan dəvət olunmuş elm, mədəniyyət
və ictimai xadimlər iştirak edirdilər.
Giriş
sözü ilə konfrans nümayəndələrini salamlayan
Beynəlxalq Türk Akademiyasının prezidenti, tarix elmləri
doktoru, professor Darxan Kıdırəli akademiyanın
yaranması tarixinə toxunaraq 3 oktyabr 2009-cu ildə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının Zirvə toplantısında bu istiqamətdə
qəbul edilən Naxçıvan bəyannaməsinin əhəmiyyətini
xüsusi vurğuladı. BTA-nın rəsmi olaraq 25 may 2010-cu
ildə açıldığını diqqətə
çatdıran prezident D.Xıdırəli az
zaman içərisində mühüm işlərin
görüldüyünü bildirdi, türk dünyasında
elmi, ədəbi-mədəni inteqrasiyanın zəruriliyindən
söz açaraq ortaq ədəbi abidələrin nəşr
edilməsi, ortaq layihələrin həyata keçirilməsi
istiqamətində düşüncələrini sərgilədi.
Növbəti məruzəçi Azərbaycan nümayəndəsi,
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli idi. O, “Böyük mütəfəkkir
Əli bəy Hüseynzadə və müasirlik” mövzusunda
dolğun və məzmunlu məruzə etdi. Böyük
düşüncə adamının anadan olmasının 150
illik yubileyi münasibətilə ölkədə bu istiqamətdə
yüksək səviyyəli tədbirlərin həyata
keçirildiyini diqqətə çatdıran məruzəçi
böyük mütəfəkkir haqqında ürək dolusu
söylədi: “Əli bəy Hüseynzadə Azərbaycan ədəbi-ictimai
fikrinin Türk dünyasına bəxş elədiyi görkəmli
ədəbi simalardan biridir. Türkiyədə, Azərbaycanda,
türk dünyasında onu, hər şeydən əvvəl,
türkçü və turançı ideoloq kimi qəbul
edirlər. Bunun bir çox səbəbləri
vardır. Birincisi, Əli bəy Hüseynzadə
türkologiya baxımından Türkiyədə, türk
dünyasında böyük yeri olan Ziya Gökalp tərəfindən
böyük müəllim kimi qiymətləndirilən,
türk dünyasının ümumi problemlərini elmi-fəlsəfi
cəhətdən, nəzəri dərinliyi etibarilə əks
etdirməyi bacaran nadir simalardan biridir. İkincisi,
Azərbaycanda türkologiyanı həm kulturoloji baxımdan, həm
ədəbiyyat və sənət istiqamətində Əli bəy
Hüseynzadə qədər geniş əhatə edən
ikinci böyük bir şəxsiyyət tapmaq, göstərmək
çətindir. Fikrimcə, Əli bəy Hüseynzadənin
fəlsəfi baxışlarını, ictimai-siyasi
görüşlərini, həm də ədəbiyyat
düşüncəsini mükəmməl şəkildə
ifadə edən ”Siyasəti–fürusət”
(“At oynatmaq siyasəti”) əsəri Azərbaycan ictimai fikri
tarixində, bütövlükdə türk dünyasında
böyük Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə
məktubları” ilə müqayisə oluna bilinən möhtəşəm
sənət əsəridir. Bu məqamda o,
proseslərə geniş baxmağı bacaran və dərin
elmi-ədəbi fikirləri ifadə edən çox dəyərli
mütəfəkkir ədibimizdir, böyük filosofumuzdur”.
Əli bəy Hüseynzadənin istiqlal məfkurəsindən,
türkçülük və turançılıq
sevdasından zəngin faktlar əsasında söz açan
akademik İsa Həbibbəyli çağdaş Azərbaycan
cəmiyyətində böyük mütəfəkkirin yerini
və mövqeyini obyektiv dəyərləndirmişdir.
Beynəlxalq
Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli
cənabları “Məhəmməd Əmin Rəsulzadənin ədəbi-ictimai
fəaliyyəti” mövzusunda məruzə üçün bu
sətirlərin müəllifinə söz verdi. Fürsətdən
faydalanaraq vurğuladım ki, XX yüzillikdə Azərbaycan
xalqının türk dünyasına, azadlıqsevər bəşəriyyətə
bəxş etdiyi böyük şəxsiyyətlərdən
biri də xalqımızın müstəqillik
idealının gerçəkləşdirilməsində,
tarixi dövlətçilik ənənələri zəminində
milli dövlət quruluşunun dirçəldilməsində
müstəsna xidmətlər göstərmiş, görkəmli
ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadədir.
O, Azərbaycanda milli-azadlıq hərəkatının
ideoloqu, qurtuluş mücahidi, dövlət xadimi, İslam
dünyasında ilk Demokratik Respublikanın banilərindən
biridir.
Təsadüfi
deyildir ki, Azərbaycan Respublikasının Prezidenti, cənab
İlham Əliyevin sərəncamı ilə ədəbi-ictimai
fikir tariximizdə layiqli yer tutan, Azərbaycan Milli
Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin
130 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlər
planı təsdiqlənmişdir. İndiyədək
Respublikamızın əksər ali məktəblərində,
mədəniyyət ocaqlarında, qardaş Türkiyənin
Ankara şəhərində və yekun olaraq Azərbaycan
Dövlət Akademik Dram Teatrında bu döyük türk
oğlunun anadan olmasının 130 illik yubileyi təntənə
ilə qeyd edilmişdir. Astana şəhərində Türk
Akademiyasının “Türk dünyası: böyük şəxsiyyətlərin
irsi” mövzusunda keçirilən beynəlxalq konfransın
gündəliyinə Məhəmməd Əmin Rəsulzadənin
130 illiyinin daxil edilməsini prezident İlham Əliyevin sərəncamı
ilə bünövrəsi qoyulan yubiley tədbirlərinin
davamı kimi dəyərləndirir, bu münasibətlə
akademiyanın prezidenti, cənab Darxan Kıdıraliyə və
tədbirin təşkilatçılarına sonsuz təşəkkürlər.
Məhəmməd
Əmin Rəsulzadə dövrünün ziyalıları
arasında Mirzəbala Məhəmmədzadənin təbirincə
desək “qələm, kəlam və məfkurə ustadı”
kimi nüfuz qazanmış, özündən sonrakı nəslə
zəngin və dəyərli elmi, ədəbi-bədii və
publisistik irs qoyub getmişdir. Çoxşaxəli yaradıcılıq
sferasında fəaliyyət göstərən Əmin bəy
uzaqgörən siyasətçi, böyük mütəfəkkir,
mahir natiq, istedadlı jurnalist, təcrübəli qəzet və
jurnal redaktoru, geniş erudisiyalı ədəbiyyatşünas,
nəhayət şair və dramaturq idi.
Bir hesablamalara görə M.Ə.Rəsulzadə
1903-1920-ci illərdə Azərbaycan mətbuatında 1200-dən
çox müxtəlif səpkili məqalələrlə
çıxış etmişdir. Onun 1922-ci ildə
çap etdirdiyi “Azərbaycan Cümhuriyyəti” əsəri
Azərbaycan Xalq Cümhuriyyətinə ucaldılmış
ilk və ən möhtəşəm ədəbi abidədir.
M.Ə.Rəsulzadə
mühacirətdə yaşadığı 1922-1955-ci illərdə
“Yeni Qafqasiya” (1923-1928), “Azər-Türk” (1928-1931), “Odlu Yurt”
(1929-1930), “Bildiriş” (1929-1931), “İstiqlal” (1932),
“Qurtuluş” (1934), “Müsavat bülleteni” (1936), “Azərbaycan”
və b. qəzet və jurnallarının baş redaktoru olmuşdur.
O siyasi publisistikanın ən görkəmli və məhsuldar
nümayəndələrindən biridir.
M.Ə.Rəsulzadənin “Haqq verilməz, alınar! Budur, türk
inqilabının təsdiq etdiyi əski Həqiqət!” –
müdrik kəlamı ilə məruzəni
tamamlayaraq sonda Qazaxıstana sürgün edilmiş Rəsulzadələr
ailəsini repressiyanın ağır dövrlərində
göz bəbəyi kimi qoruyan, qayğısını əsirgəməyən,
qədirşünas qazax xalqına bir daha minnətdarlıq
bildirməyi özünə mənəvi borc saydım.
M.Ə.Rəsulzadənin
həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti
türk dünyası üçün böyük əhəmiyyət
kəsb etdiyinə görə elmi konfransın gündəliyinə
Abay adına Qazax Milli Pedaqoji Universitetin dosenti, tarix elmləri
namizədi Səbit Şildebayın “Məhəmməd
Əmin Rəsulzadənin mühacirətdə xidmətləri”
adlı dolğun məruzə də salınmışdır.
Gənc tarixçi Səbit Şildebayın
M.Ə.Rəsulzadə haqqında düşüncələri
məlum faktlar əsasında formalaşsa da qənaətləri
və qiymətləndirməsi yeni və maraqlı idi. Şəxsi tanışlıq zamanı M.Ə.Rəsulzadənin
qazax tədqiqatçısı məndə xoş təəssüratlar
yaratdı. Səbit Şildebay namizədlik
dissertasiyasını da Azərbaycanın böyük
ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadəyə
həsr etmişdir.
Konfransda
İsmayıl bəy Qaspiralı nəslinin gənc nümayəndəsi
Gülnarə Yusif qızı Seyidvaniyeva,
Qırğızıstan EA-nın vitse-prezidenti, akademik
Əbdülcan Əhmədəliyev, ABŞ-dakı
Miçiqan Universitetinin professoru Timur Qocaoğlu, L.N.Qumilyov
adına Avroasiya Dövlət Universitetinin rektoru, professor Erlan
Sadıqov, Süleyman Dəmirəl adına Universitetin
professoru İlyas Əytimbet, Polşadakı Adam
Mitskeyeviç adına Universitetin professoru Henrix Yankovski,
Monqolıstan Arxiv agentliyinin baş mütəxəssisi,
professor Çuluun Daşdavaa, L.N.Qumilyov adına Avroasiya
Dövlət Universitetinin professoru Koyşığara
Salqaraylı, Xoca Əhməd Yasəvi adına Beynəlxalq
Kazax-Türk Universitetinin nümayəndəsi Nevzet
Şimşek, L.N.Qumilyov adına Avroasiya Dövlət Universitetinin
prorektoru, professor Dixan Kamzabəyli, Egey Universitetinin professoru
Fikrət Türkmən və b. çıxış edərək
türk dünyasının ortaq problemlərindən və
inkişaf meyllərindən danışaraq mülahizə və
qənaətlərini sərgilədilər.
Onu da
vurğulamaq yerinə düşər ki, konfransın
proqramına salınmış, qazax xalqının
böyük oğlu, görkəmli ictimai-siyasi xadim Turar
Rıskulovun (1894-1938) anadan olmasının 120 illiyi dekabrın
26-da tamam olur və təəssüf ki, Qazaxıstandan məruzəçi
gündəliyə daxil edilməmişdir. T.R.Rıskulov
haqqında yeganə çıxışçı Monqolustan
Elmlər Akademiyası Beynəlxalq Əlaqələr
İnstitutunun professoru Kurmetxan Myxamedli onun Monqolustanda Kominternin
səlahiyyətli nümayəndəsi olduğu dövrdəki
(1924-1925) fəaliyyətindən danışdı.
Xatırladaq ki, Turar Rıskulov 1921-ci ildə Bakıda
RSFSR Millətlər Xalq Komissarlığının səlahiyyətli
nümayəndəsi idi. O, Qazaxıstan üçün misilsiz işlər
görmüşdür. 1937-ci ildə həbs edilərkən
onu 1934-cü ildə pantürkist “Ümumittifaq Birləşmiş
Mərkəz” yaratmaqda ittiham etmiş, 1938-ci il
10 fevral tarixində güllələmişlər. Azərbaycandan
bu təşkilatın üzvü kimi professor Bəkir
Çobanzadə, professor Əziz Qubaydullin tutulub güllələnmiş,
Mikayıl Rəfili isə eyni ittihamla həbs olunsa da, 1939-cu
ildə sərbəst buraxılmışdır.
lll
Ertəsi gün akademik İsa Həbibbəyli ilə Azərbaycan
Respublikasının Qazaxıstandakı səfirliyini ziyarət
etdik. Səfirliyimizin
əməkdaşlarından Elnur Novruzov, Zaur Qədiməliyev
iki dost, qardaş ölkə arasındakı mədəni,
elmi əlaqələrin inkişaf tendensiyası, Qazaxıstanda
yaşayan azərbaycanlıların ictimai mövqeyi,
sosial-iqtisadi durumu barədə məlumat verdilər. Görüş çox səmimi şəraitdə
keçdi. İsa müəllim Bakıdan
gətirdiyi nəfis hədiyyələri gənc
diplomatlarımıza bağışladı. Başı üzərində üç rəngli
bayrağımız dalğalanan səfirliyimizin ikimərtəbəli
binası kənardan hüquqlarımızın və
ideallarımızın müdafiə qalasını
xatırladırdı. Həmin
günün axşamı BTA-nın məsul əməkdaşı
Talqat Erbayın şəxsi qonağı olduq. Akademik Əbdülcan Əhmədəliyev,
professorlardan Timur Qocaoğlu, Fikrət Türkmən və b.
böyük zövqlə, qazax mətbəxinin zəngin təamları
ilə bəzədilmiş ziyafət stolunun arxasında yerlərini
tutmuşdular. Ailə mühitindəki səmimiyyət,
qonaqpərvərlik, istiqanlılıq bizi heyran etmişdi.
Yarızarafat təklif olundu ki, BTA türk xalqlarının zəngin
mətbəxi ilə bağlı sərgi və konfrans layihəsini
də nəzərdən keçirməlidir...
Astanada fəaliyyət
göstərən L.N.Qumilyov adına
Avroasiya Dövlət Universiteti Qazaxıstanın ən
böyük və nüfuzlu təhsil ocaqlarından biridir.
Burada oktyabr ayının 30-da “Türk dünyası: Mənəvi
mirasları və çağdaş kültürü”
mövzusunda keçirilən simpoziuma akademik İsa Həbibbəyli
ilə mən də dəvət olunmuşdum. Simpozium
işgüzar elmi şəraitdə keçdi. Bu elmi məclisin özəl xüsusiyyətlərindən
biri də o idi ki, türk respublikalarından gələn qonaqlar
öz dillərində danışırdılar və mütərcimə
ehtiyac yox idi. Zənnimcə ortaq türk dilinə
doğru yolda sağlam düşüncəyə dayalı
eksperimentlərin əhəmiyyəti az
deyil.
Qazaxıstanın Milli Muzeyi Asiya qitəsinin ən gənc
və böyük mədəniyyət ocaqlarından biridir. 2013-cü ilin
iyulunda açılan muzeyin tarix, etnoqrafiya, müstəqillik
dövrü zalları eksponatlarla zəngindir. Burada nümayiş etdirilən “Qızıl
döyüşçü” heykəli qazax xalqının qədimliyinin,
yüksək mədəniyyət ənənələrinin və
mübarizliyinin rəmzidir. Etnoqrafik mənzərələr
çox təbii və canlı təsir
bağışlayır. İsa müəllimin
kütləvi məzarlığı xatırladan, insan
sümüklərinin torpaqdan boy göstərən
görüntüsü önündə kədərli
dayandığını müşahidə etdim. Ona
yaxınlaşanda mənə dedi ki, ata və ana
qohumlarımdan altı nəfəri repressiya illərində
Qazaxıstana sürgün olunub. Onlardan yalnız bir nəfəri
sonralar Türkiyəyə gedərək xilas ola
bilib. Qalan beş nəfər qohumumun, əzizimin
sümüyü, ruhu Qazaxıstan torpağındadır. On minlərlə insanımızın, azərbaycanlımızın
cismi bu torpaqda uyuyur. Bu yerlər bizim üçün də
müqəddəs sayılmalıdır...
Təsirli
mənzərədən ayrılmaq çox çətindir...
Düşünürəm ki, repressiya illərində
xalqımızın sevimli istiqlal şairi Əhməd
Cavadın həyat yoldaşı Şükriyyə Axundzadə
və general Qanboy Vəzirovun xanımı İzzət Vəzirova
həbslərinin 8 ilini, Azərbaycanın 1-ci katibi işləmiş
Ruhulla Axundovun arvadı Vera Axundova və Azərbaycanın
Daxili İşlər Komissarı Novruz Rizayevin həyat
yoldaşı Firəngiz Rizayeva ömürlərinin 5 ilini
Akmolada, indiki Astanada həbs düşərgələrində
keçirmişlər. Bu nəcib, ləyaqətli
xanımların yeganə günahları Azərbaycanın
görkəmli şəxsiyyətlərinin həyat
yoldaşı olmaları idi...
Bakıya qayıtmağımızın zamanı
yetişirdi.
Bizi Astana hava limanına yola salmağa Beynəlxalq Türk
Akademiyasının prezidenti, professor Darxan
Kıdırəli cənabları özü gəlmişdi. Birgə görüləcək işlər barədə
ətraflı söhbət oldu. BTA-nın
Azərbaycandan namizədliyi irəli sürüləcək
vitse-prezidenti və işçi qrupu ilə bağlı
Bakıya gəlmək arzusunda olduğunu bildirdi. Qazaxıstan arxivlərində Rəsulzadələr
ailəsinin “cinayət iş”ləri barədə
qovluqların üzə çıxarılması təklifinə
professor Darxan Kıdırəli çox müsbət və səmimiyyətlə
yanaşdı.
Beynəlxalq Hava Limanına doğru irəlilədikcə
qardaş Qazaxıstanın yeni paytaxtı müasir üslubda
tikilmiş göydələn binaları ilə çox
möhtəşəm görünürdü. Hündür sarayların
memarlıq üslubunda ağ və şəffaf
material çeşidindən gen-bol faydalanan bəyaz örpəkli,
müstəqil və yüksələn, mühüm beynəlxalq
tədbirlərə evsahibliyi etməklə türk
dünyasının şimal qapısına çevrilən
Astana Bayterek abidəsini göylərə ucaldaraq elə bil
cahana boylanırdı.
Asif
Rüstəmli
525-ci qəzet.-
2014.- 20 dekabr.- S.10-11.