“Məqsədimiz Azərbaycan elminin beynəlxalq
platformadan çıxış etməsinə nail olmaqdır”
2013-cü
il Azərbaycan elminin tarixində
mühüm bir sənədin imzalanması ilə yadda
qaldı. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Bakı filialının rektoru,
AMEA-nın müxbir üzvü, professor Nərgiz
Paşayeva ilə Oksford Universiteti arasında birgə təşəbbüsün
nəticəsi olaraq 2013-cü il oktyabrın 28-də Oksford
Universitetində Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasına
dair anlaşma memorandumu imzalandı.
2013-cü ilin yay ayında Universitetin Bakı
filialının rektoru, professor
Nərgiz Paşayevanın
britaniyalı alimlərlə görüşü
zamanı məlum oldu ki, Oksford Universitetində Azərbaycan ədəbiyyatı,
tarixi və dili haqqda demək olar, heç bir məlumat,
araşdırma, tədris vəsaitləri, fənnlər
yoxdur. Bununla belə, universitetdə gürcü
və erməni dilləri öyrənilir. MDU-nun Bakı
filialının rektoru britaniyalı alimlərlə müzakirələr
zamanı təklif etdi ki, Oksford Universitetinin nəzdində
Elmi Mərkəz açılsın və bu Mərkəz gələcəkdə
Oksford Universitetinin bir hissəsi kimi tanınsın, elmi fəaliyyət
göstərsin və gələcək nəsillər bundan
istifadə edə bilsinlər. N.Paşayeva Mərkəzə
Nizami Gəncəvinin adının verilməsini təklif etdi.
Britaniyalı alimlər Oksford Universitetində Nizami Gəncəvinin
fars şairi kimi tədris edildiyini
vurğulasalar da, professor Nərgiz Paşayeva Nizaminin
simasında qurucu, birləşdirici bir şəxsiyyət
gördüyünü bildirdi: “Mən Nizaminin simasında millətləri
ayıran, etnik fikirləri bir-birinə qarşı qoyan bir
sima görmürəm. Nizaminin simasında fərqli
fikirləri və yanaşmaları bir araya gətirən
böyük düha, bəşəri bir sima görürəm.
Razılığa gəlsək işimizi bu
prinsiplə, bu siyasətlə, bu yanaşma ilə
aparacağıq. Mənə təklif etdilər
ki, bəlkə Mərkəzə Füzulinin adı verilsin.
Mən dedim ki, əlbəttə, Füzuli dahi şairdir, belə
yüksək müstəvidə elmi mərkəzin adına layiq böyük simadır. Lakin mən
çox xahiş edirəm ki, Mərkəzin adını dəyişməyək,
Nizaminin adına olsun”.
Qeyd edək ki, qədim tarixi və zəngin ənənələri
ilə məşhur olan Oksford Universiteti Böyük
Britaniyanın Oksfordşir qraflığında yerləşir. Universitet barədə
ilk yazılı məlumatlar 11-ci əsrə – 1096-cı ilə
aiddir. Oksford
təkcə universitet deyil həm də böyük bir elmi tədqiqat
mərkəzidir. Böyük Britaniyanın ən
böyük elmi kitabxanası burada yerləşir. Böyük
Britaniyanın 26 baş naziri, 30 beynəlxalq lider, 50 Nobel, 120
olimpiya medalı mükafatçısı məhz Oksford Universitetini
bitirib. Hal-hazırda Universitetdə 22 minə
yaxın tələbə təhsil alır.
M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı filialının
rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri
professor Nərgiz Paşayevanın
ötən il oktyabrın 28-də dünyanın ən qədim və
nüfuzlu universitetlərindən biri olan Oksford Universitetinə
səfər edir. Professor
N.Paşayeva Universitetin Şərqünaslıq fakültəsində
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
yaradıcılığı və elmi irsi haqqında elmi
seminarda məruzə ilə çıxış edir. Çıxış böyük maraqla
qarşılanır və geniş fikir mübadiləsinə
səbəb olur. Seminarda Oksford
Universitetinin Şərqşünaslıq İnstitutunun
İranşünaslıq bölməsinin rəhbəri
professor Edmund Herzig, habelə həmin fakültənin Ərəb
dili və ədəbiyyatı üzrə professoru Culiya Brey,
Fars dili və ədəbiyyatı üzrə doktoru Dominik
Brukşo, klassik Ərəb ədəbiyyatı üzrə
professor Geert Yan van Gelder, Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar
Mərkəzinin professoru Robert Hoyland, Şərqi
xristianlıq bölməsinin professoru Teo van Lint və Türk
dili və ədəbiyyatı üzrə doktoru Loran Minyon, eləcə
də Bodleyn kitabxanasında Şərqşünaslıq
departamentinin rəhbəri doktor Gilyan Evison, Aşmolean muzeyinin
İslam incəsənəti qalereyasının kuratoru doktor
Françeska Leoni, Bodleyn muzeyində Yaxın Şərq və
İslam əlyazmalarının kuratoru doktor Alastar Vatson iştirak edirlər.
Bu tədbirə
professor Nərgiz
Paşayevanın dəvəti ilə Azərbaycan Milli Elmlər
Akademiyasının akademiki, şərqşünas-alim, BDU-nun
İlahiyyət fakültəsinin dekanı Vasim Məmmədəliyev
də qatılır. Professor
Paşayeva alimlərin suallarını cavablandıraraq
çıxışını belə
yekunlaşdırır: “Bizim iki qürur mənbəyimiz varsa,
onlardan biri Nizami Gəncəvidir”.
Qeyd edək ki, Mərkəz Azərbaycanın və onun
yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin
öyrənilməsi üzrə Böyük Britaniyada Oksford
Universitetinin nəzdində Azərbaycanın təsis
olunacağı ilk elmi-tədqiqat ocağıdır. Nizami Gəncəvinin
adını daşıyan bu elmi mərkəz, Azərbaycanın
ədəbi, elmi, tarixi irsinə və mədəniyyətinə
aid uzunmüddətli elmi-tədqiqat layihələrin, müxtəlif
mədəni və ictimai tədbirlərin, müntəzəm
sürətdə ictimai elmi mühazirələrin və
müzakirələrin aparılmasını və digər tədbirlərin
həyata keçirilməsini məqsəd olaraq
qarşısına qoyur. Mərkəz Oksford
Universitetində Azərbaycandan və həmçinin digər
ölkələrdən müxtəlif ixtisas sahələri
üzrə tələbə və akademik proqramlarını həyata
keçirməyi də nəzərdə tutur.
Anlaşma
memorandumunun imzalanmasının ardınca Oksford Universitetinin rəhbərliyi
adından qonağın şərəfinə universitetinin qədim
Krist Çörç kollecində görüş təşkil edilir. İşgüzar səfər
zamanı Oksford Universitetin təhsil imkanları və burada həyata
keçirilən təlim-tədris prosesi ilə tanış
olan professor Nərgiz Paşayeva
universitetin Şərqşünaslıq İnstitutunun
İranşünaslıq bölməsinin rəhbəri
professor Edmund Herzig və Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar
Mərkəzinin professoru Robert Hoylandın müşayiəti
ilə dünyanın qədim və ən nüfuzlu
universitetləri sırasına daxil olan bu təhsil
ocağının nəzdində fəaliyyət göstərən
məşhur Aşmolean muzeyində onun üçün təşkil
edilmiş İslam və Qədim Yaxın Şərq
zallarına baxış keçirir.
Sonra qonaq Oksford Universiteti və dünyanın ən qədim
və zəngin kitabxanalarından hesab olunan məşhur
Bodleyn kitabxanasını ziyarət edərək, Orta Əsrlər
dövrünə aid burada saxlanılan bir sıra dünya,
xüsusilə Şərq klassiklərinin, o cümlədən
dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin
əlyazmaları və onlara aid illüstrasiyalarla tanış
olur. Bu məqsədlə Oksford Universitetinin rəhbərliyinin
təşəbbüsü ilə muzeydə qonaq
üçün xüsusi ayrılmış Hersoq Hemfri
zalında Nizami Gəncəvinin əsərlərindən ibarət
nadir əlyazma nüsxələri və dahi şairin “Xəmsə”sinə
aid müxtəlif illüstrasiyalar nümayiş etdirilir.
Ardınca Oksford Universitetinin adından professor Nərgiz
Paşayevaya XVI-cı əsrə aid Nizami Gəncəvinin “Xəmsə”sinin əlyazmasının
elektron surəti hədiyyə olunur. Öz növbəsində
Nərgiz Paşayeva
kitabxanaya Azərbaycan tarixi və mədəniyyətinə
aid kitablar hədiyyə edir. Daha sonra Bakıda 2013-cü ilin
noyabrın 21-də M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Bakı filialında “Oksford
Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan
və Qafqazşünaslıq elmi mərkəzi” mövzusunda dəyirmi
masa keçirilir. Tədbirdə Baş nazirin
müavini, Xalq yazıçisi Elçin Əfəndiyev,
AMEA-nın tanınmış alimləri, tarixçilər,
şərqşünaslar, linqvistlər və ictimaiyyət
nümayəndələri iştirak edirlər.
Həmin
tədbirdə çıxış edən Nərgiz
Paşayeva qonaqların diqqətinə çatdırır ki,
belə bir Mərkəzin yaradılmasında əsas məqsədlərdən
biri Sovet dövründə beynəlxalq aləmdə
özünü yetərincə anlatmayan, biruzə verməyən
və sübut etməyən Azərbaycanın elmini
tanıtmaqdır: “Bu boşluğun obyektiv səbəbləri
o idi ki, Sovet dönəmində heç bir ictimai – humanitar elm
sistemi senzuradan azad şəkildə fəaliyyət göstərə
bilməzdi. Ümumiyyətlə, tarix, şərqşünaslıq,
ədəbiyyatşünaslıq kimi elmlər həmişə
təzyiq altında idilər və elmi kitablar, əsərlər
rus dilindən savayı heç bir Avropa dillərinə
yüksək səviyyədə tərcümə edilməmişdir”.
N.Paşayeva
qeyd edir ki, Azərbaycan alimlərinin, şərqşünaslarının,
türkoloqlarının dəyərli əsərləri var:
“Bu əsərlər Oksford Universitetində tədris edilən
kitablardan – almanların, ingilislərin, fransızların
yazdıqları kitablardan elmi tutumuna görə az əhəmiyyətli
deyildir”.
Bu il iyul
ayının 21-də professor N.Paşayevanın dəvəti ilə Oksford
Universitetinin alimləri Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun İranşünaslıq bölməsinin rəhbəri
professor Edmund Herzig, Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar
Mərkəzinin professoru Robert Hoyland, Şərqşünaslıq
İnstitutunun ərəb filologiyası və ərəbşünaslıq
üzrə müəllimi doktor Culyan Foltles ilə Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialında olurlar. Universitetdə
keçirilən görüşdə Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət
məsələləri şöbəsinin müdiri Fatma
Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın
müxbir üzvü Nizami Cəfərov, digər tanınmış elm, ictimai-siyasi, mədəniyyət
xadimləri iştirak edirlər. Səfər
çərçivəsində Oksford Universitetinin alimləri
Nazirlər Kabinetində Baş nazirin müavini, Xalq
yazıçısı Elçin Əfəndiyev ilə
görüşürlər.
Baş
nazirin müavini dünyanın ən qədim və nüfuzlu
təhsil ocaqlarından biri sayılan Oksford Universitetində
Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin
yaradılmasını Azərbaycan ədəbiyyatına və
mədəniyyətinə verilən ən böyük qiymət
adlandırır. Elçin Əfəndiyev bu əlamətdar
hadisənin Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti
ilə yanaşı, gələcək nəsillərin elmi
potensialının zənginləşdirilməsi
baxımından xüsusi önəm
daşıdığını söyləyir.
Görüşdə
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru, AMEA-nın
müxbir üzvü, professor Nərgiz Paşayeva Oksford
Universiteti ilə əməkdaşlığın uğurlu nəticələrinin
olacağına inandığını qeyd edir.
Uğurlu
əməkdaşlığın davamı olaraq professor Nərgiz
Paşayeva bu il dekabrın 4-də Oksford
Universitetinin dəvəti ilə Böyük Britaniyaya səfər
edərək burada Oksford Universitetinin nüfuzlu alimləri ilə
görüşlər keçirib. Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun və Nyu York Universitetinin Antik Araşdırmalar
Mərkəzinin professoru, Nizami
Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq elmi mərkəzinin Böyük
Britaniya tərəfdən rəhbəri, Robert Hoyland ilə
görüşü zamanı mərkəzin fəaliyyətindən,
qarşıda görüləcək işlərdən, eləcə
də qarşılıqlı maraq doğuran məsələlərdən
bəhs edib. Görüşə qatılan Saint Cross kollecinin
rəhbəri, 10 il Albert və Viktoriya
muzeyinin direktoru vəzifəsində
çalışmış ser Mark Cons professor Nərgiz
Paşayevayanı salamlayaraq mərkəzin işində uğurlar
arzulayıb.
Oksford
Universitetinin Saint Cross kollecində keçirilən
görüşlər zamanı hər iki alim – Britaniya tərəfdən
Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun
professoru Robert Hoyland və Azərbaycan tərəfdən
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru,
AMEA-nın müxbir üzvü, Professor Nərgiz
Paşayeva jurnalistlərə müsahibə veriblər.
AzərTac müsahibələri təqdim edir.
Oksford
Universitetinin Şərqşünaslıq İnstitutunun və
Nyu York-Universitetinin Antik Araşdırmalar Mərkəzinin
professoru Robert Hoyland ilə müsahibə:
–
Mümkünsə, Oxford Universiteti nəzdində Nizami Gəncəvi
adına Azərbaycanşünaslıq və
Qafqazşünaslıq proqramı ilə bağlı təşəbbüsün
haradan və necə meydana gəlməsi barədə
danışardınız.
–
2013-cü ildə arxeololoji yerlərə baxmaq məqsədilə
Azərbaycana getmişdim və orada məni professor Nərgiz
Paşayevə ilə tanış etdilər. Onunla görüş
zamanı geniş müzakirə və fikir mübadiləsi
apardıq və belə bir qənaətə gəldik ki, bizi
ümumu maraqlar xüsusilə təhsil və onun müsbət
təsiri birləşdirir və bu müasir dünyada bir
çox məsələlərin həllində insanlara
yardım edir.
Nəticədə öz fikirlərimizi konkret olaraq necə
və hansı formada həyata keçirə biləcəyimizi
düşündük. Beləliklə, Azərbaycanın və
geniş mənada Cənubi Qafqaz bölgəsinin tarixi boyunca ətraf
dünya ilə əlaqə və münasibətlərini
öyrənib tədqiq etməyi qarşısına məqsəd
qoyan tədqiqat mərkəzinin yaradılması təşəbbüsü
belə meydana gəldi.
Şeyx Zayed bir vaxtlar deyib ki, keçmişi olmayan hər
hansı bir şəxs özünün nə indiki, nə də
gələcək halından düzgün bəhrələnə
bilməz və bu özü-özlüyündə gözəl
və ruhlandırıcı bir kəlamdır. Beləliklə, biz Mərkəzin
yaradılması işinə başladıq və bu
insanları, xüsusilə Oksford Universiteti və Azərbaycan
tərəfdən alim və tələbələri bir araya gətirməklə
yanaşı birgə tədqiqat işinin həyata
keçirilməsini və bu bölgənin tarixinin öyrənilməsini
təmin edəcəkdir.
– Sizcə
bu proqramın Oksford Universiteti və Azərbaycan
üçün əhəmiyyəti nədən ibarətdir?
– Oksford Universitetində əslində Qafqaz bölgəsinin
müasir dövrə qədərki çağları
lazımi dərəcədə öyrənilib tədqiq
edilmir. Müasir dövrün tədqiqinə isə
geniş yer ayrılır və bu tədqiqatlar əsasən
hazırda mövcud olan fikir ayrılıqlarının,
mübarizələrin və problemlərin öyrənilməsinə
yönəlmişdir. Bunu nəzərə
alaraq, Oksford Universitetinin əvvəllər öyrənib tədqiq
etmədiyi müasir dövrə qədərki məsələlərin
araşdırılmasına çox vaxt ayırmaq fikrindəyik.
Bu baxımdan İran və Orta Şərq
öyrənilmişdir, lakin Cənubi Qafqaz əhatə edilməmişdir.
Bu müəyyən mənada Oksford tərəfindən
mövcud boşluğu tamamlamaq məqsədi
daşıyır. Bu, həmçinin
Oksford Universitetinin Şərqşünaslıq İnstitutunda
mənim apardığım tədqiqatları yetərincə
tamamlaya bilər. Bu İnstitutda biz
iranşünaslıq, ərəbşünaslıq və
türkşünaslığı öyrənirik, lakin Cənubi
Qafqazla və xüsusilə Azərbaycan ilə bağlı
öyrənilməmiş məsələlər çoxdur. Bu baxımdan artıq
dediyim kimi, bu həm mövcud boşluğu tamamlaya, həm də
inkişaf edən və dünya əhəmiyyətli hadisələrin
baş verdiyi və günü-gündən əhəmiyyəti
artan bölgə və sivilizasiya ilə münasibətlərimizin
genişlənməsinə gətirib çıxara bilər.
– Son
olaraq bilmək istərdik ki, proqram vasitəsilə hansı
layihələr həyata keçiriləcək və növbəti
beş il üçün
planlarınız nədən ibarətdir?
– İlkin mərhələdə biz üç
kiçik layihə ilə işə başlamağı
planlaşdırırıq. İlk öncə Bərdə
şəhərində arxeoloji tədqiqat və
qazıntılar aparmağı düşünürük. Biz ona görə bu
yeri seçmişik ki, mənbələrdə bu şəhər
milad tarixi ilə yeni minilliyin ilkin dövrlərində
mövcud olan və xristian dininə sitayiş edən Qafqaz Albaniyasının
paytaxtı olmuşdur. Sonrakı dövrlərdə
müsəlman ərəblər Cənubi Qafqazda buranı
istehkam kimi istifadə etmişdir. Beləliklə
bu yer mədəni cəhətdən müxtəlif olmuş və
əslində bizim məqsədimiz də Azərbaycanın
kifayət qədər zəngin və rəngarəng tarixini
üzə çıxarmaqdan ibarətdir. Bu
baxımdan bu yer ilk baxışdan məni özünə cəlb
etdi.
İkincisi,
biz Azərbaycan tarixinə aid rus və azərbaycan dilində
olan əsərlərin üzə çıxarılaraq
seçilməsini və nəticə etibarilə ingilis dilinə çevrilməsini
həyata keçirəcəyik. Çevrilmiş
əsərləri mərkəzimizin internet səhifəmizə
yerləşdirməklə dünyanın istənilən
yerindən onların təmənnasız əldə edilməsini
təmin edəcəyik.
Üçüncüsü,
Azərbaycan tarixinin müxtəlif aspektlərini öyrənilməsini
və onun müasir dövrə qədərki çağlarda
ətraf aləmlə münasibətlərini öyrənməyi
təmin edən tələbə təqaüdlərinin verilməsini
nəzərdə tuturuq.
Bizim gələcəyə doğru yönəlmiş
çoxlu ideyalarımız var. Artıq qeyd etdiyim kimi, hər
bir ölkədən alim və tələbələrin
iştirakı ilə birgə tədqiqatların aparılması,
habelə hər bir ölkənin tədris müəssisələrində
tədrisin həyata keçirilməsini qeyd etmək olar. Bundan əlavə,
müvafiq sahələr üzrə alimlik dərəcəsi
olan tədqiqatçıların spesifik post-doktorantura layihələrinə
cəlb olunması ilə Azərbaycanın müasir dövrə
qədərki tarixinə aid müxtəlif aspektlərin
araşdırılıb ərsəyə gətirilməsi də
yaxşı olardı. Beləliklə, gələcək
üçün çoxlu ideyalarmız var, lakin
başlanğıc üçün nəzərdə
tutduqlarımız yetərlidir.
M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru,
AMEA-nın müxbir üzvü, professor Nərgiz
Paşayeva ilə müsahibə:
– Mərkəzin
gördüyü işlər, indiyəqədərki fəaliyyəti
və gələcək planları haqqında
danışmağınız maraqlı olardı.
– Mərkəzin
yaradılmasına dair elmi layihəmiz böyük iddialara köklənən
bir layihədir. Çünki Oksford Universiteti ilə
əməkdaslığın nə demək olduğu hər kəsə
yaxşı aydındır. İlk olaraq bu
böyük məsuliyyətlə bərabər
professionallıq, elmi təmkin, elmi qaydalara uyğun prosesin
davamlı təşkilini tələb edir. Biz Oksford
Universitetinin alimləri ilə bərabər bir il
müddətində mərkəz haqqında fikir mübadiləsi
aparmışıq. Bu müddət ərzində
bir neçə görüşlərimiz olub. Mənim oktyabrın 28-də
Oksford Universitetinə səfərim zamanı məramnamə
imzaladıq, bundan sonra
hazırlıq prosesi başladı. Bunun nəticəsi
olaraq biz 2015- 2020-ci illəri əhatə edən tədris və
elmi proqramı hazılrayıb ortaya qoymuşuq. Bu Oksford Universitetinin Şərqşünaslıq
İnstitutu tərəfindən
bəyənilib, qəbul edilib. Uğurlarımızın
kökü ondadır ki, bizim istək və təşəbbüsümüz
nəticəsində bu layihə ilə Azərbaycan elmini,
ictimai fikrini, müasir elm potensialını, nəhayət ki,
dünya elmi müstəvisinə çıxarmağa nail
oluruq.
Məqsədimiz Azərbaycan elminin tək öz dar məkanından
deyil, dünya müstəvisinə çıxa bilən
platformadan çıxış etməsinə nail olmaqdır. Beləliklə
biz dünya elmi məkanının bir hissəsinə
çevrilmək imkanını qazanmış oluruq. Bu imkanı əldən vermək olmaz. Oksford
Universiteti ilə
müştərək əməkdaşlığımız
məqsədimizə nail olmaq üçün lazımi
imkanları yaratdı. Mən Oksford Universitetinin
Şərqşünaslıq fakültəsinin 20-yə
yaxın professoru ilə görüşlər keçirdim.
Bu görüşlərdə Nizami və onun
yaradıcılığı haqda
geniş fikir mübadiləsi apardıq. Bunun üçün
professor heyətinə və layihənin Britaniya tərəfdən
həmsədri professor Robert Hoylanda xüsusi təşəkkürümü
bildirirəm.
Çox gözəl haldır ki, mərkəz daxilindəki
proqram həm tədris tutumu, həm də elmi yönlü
istiqamətlərə malikdir. 5 ildə 3 aspirant, 3 magistrant
yetişdirməyi,müəyyən elmi nəzəri
kitabları tərcümə etməyi nəzərdə
tutmuşuq. Təəssüflər olsun ki, Azərbaycan alimlərinin
yaratdığı elmi əsərlərin heç biri akademik
səviyyədə Avropa dillərinə tərcümə olunmayıb,
bu isə ciddi boşluqdur. Müasir dünyada tərcümələrin
olmaması və elmi mərkəzlərdə, kitabxanalarda,
universitetlərdə təmsil olunmaması görülən
işləri sual altına qoyur. Beləliklə,
bizim qədəm qoyduğumuz yol böyükdür və əziyyətlidir. Lakin
başlanğıc çox şərəfli və tarixi bir
başlanğıcdır.
Bu mərkəzin adının dahi Nizaminin adını
daşıması da simvolikdir. Bizim təqdimatımızda
Nizami birləşdirici bir simvol olmalıdır. Şeyx Nizami dar çərçivəyə, dar
coğrafi, etnik mülahizərəyə sığan fiqur
deyil, o böyuk Şərqin böyük mütəfəkkiridir.
Bununla bərabər, o dünya mədəniyyətinin
görkəmli nümayəndəsidir. Nizaminin
Azərbaycan alimləri tərəfindən işlənmiş
yetərli qiymətli əsərləri Oksfordda tədricən
yayılmalıdır. Ümumiyyətlə, Azərbaycan
Nizamişünaslığı dünyada öz ədalətli
yerini tuta biləcək potensiala malikdir. Bu
işlərin hamısı bizə bağlıdır,
müştərək fəaliyyətimizin əsas qayəsidir.
Onu da qeyd etmək istərdim ki, əgər hər
hansı bir tutarlı mərkəzin hüquqi əsası
yoxdursa, o bir keçici, formal, ani xarakter daşıyır.
Sanki bir nümayəndəçilik
funksiyasına bənzəyir, çünki müasir dünyada
hər hansı bir universitetlə əməkdaşlıq etmək,
tədbirlər həyata keçirmək çox asandır.
Lakin bu
qaydalarla Oksfordla əməkdaşlıq etmək
mümkünsüzdür. Ona görə ki, bu
mötəbər təhsil ocağının kifayət qədər
öz sərt tələbləri mövcuddur. Oksfordun
qanun və qaydalarına uyğun olaraq yaratdığımız mərkəz
artıq onun qəbul edilmiş tərkib hissəsinə
çevrilmək imkanını əldə edib. Bu isə
böyük nailliyyətdir!
–
Qarşıdakı işlərinizdə, həmçinin
internet resurslarının yaradılması da
planlaşdırılır. Bu barədə nə
deyə bilərsiniz?
–
Görülən işlər haqqında hər ilin sonunda
mütəmadi olaraq məlumat verilməlidir. Bunun
üçün hazırda professor Robert Hoylandla müştərək
vebsayt hazırlayırıq. Saytımızda
layihə və mərkəz haqqında məlumatlar yerləşdiriləcək,
informasiya mütəmadi olaraq yenilənəcək, hər ilin
sonunda Şərqşünaslıq fakültəsinə elmi
işlərimiz haqqında məlumat veriləcək. Bu məlumatlar əsasında Şərqşünaslıq
İnstitutu tərəfindən mərkəzin işi qiymətləndiriləcəkdir.
Görülən işin sanbalı yüksək olduqda
elmi mərkəzin də nüfuzu yuksək olacaq. Qarşıdakı məqsədlərə
düzgün istiqamətlə, doğru elmi
baxışla getsək, bu nüfuzu Oksfordda qazansaq, bu Azərbaycan
elmi və mədəniyyətinə tutarlı töhfə ola
bilər. Odur ki, Oksford
Universitetində yaradılan Nizami Gəncəvi adına
Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzi
misilsiz dəyərə malik, gələcək nəsillər
üçün tarixi bir başlanğıc açan layihədir.
Onu da qeyd etmək istərdim ki, Oksfordda dünyanın ən
böyük nəşriyyatı yerləşir və burada hər
gün 16 kitab çapdan çıxır. Çoxşaxəli fəaliyyətimizin
istiqamətlərindən biri də odur ki, mərkəzimizin fəaliyyəti
nəticəsində Azərbaycan elmi fikrinə,
düşüncəsinə aid olan elmi-nəzəri əsərlər
Oksfordun nəşriyyatında çap olunaraq işıq
üzü görsün.
Bizdə
bir gözəl məsəl var: “Zər qədrini, zərgər
bilər”. Bu elmi mərkəz bir zərdir və
bu zərin qədrini həqiqi, əsl elm fədailəri biləcəklər. Mərkəzin mühüm cəhətlərindən
biri də odur ki, biz bir yol açırıq,
baslanğıcda biz varıq, amma bu keçici xarakter
daşımır. Bu, perspektivli layihədir,
davamçıları gənc alimlərimiz, aspirantlarımız
olmalıdır. Mərkəzin adından da aydın olur
ki, qafqazşünaslıq dedikdə ədəbiyyatşünaslıq,
şərqşünaslıqdan başqa biz bir çox
ixtisaslar – tarix, arxeologiya, diyarşünaslıq və s.
üzrə araşdırmalar, tədqiqatlar etməyi nəzərdə
tutmuşuq. Universitetlə bağlı olan hər
kəsin üzərinə böyük bir missiya
düşür. Qoy bu yolda bizi uğur həmişə hifz etsin.
Müsahibənin sonunda Professor Nərgiz Paşayeva
qarşıdan gələn yeni ildə, Oksford Universiteti Şərqşünaslıq
fakültəsinin heyətinə və mərkəzin Azərbaycan
tərəfdən olan işçi qrupuna uğurlar arzu etdi. Oksford Universitetinin “Dominus
illuminatio mea” (Tanrı, yolumu işıqlandır) devizini
xatırladan N.Paşayeva layihənin 5 illik təqvim
planının uğurlu olmasını arzu etdi: “Bu əbədi
və əzəli dəyərlərə bağlı bir devizdir.
Bu maddiyyatdan kənar, mənəviyyata
bağlı devizdir. Və bu deviz
altında Oksford Universiteti ilə birgə
çalışmaq, mühüm və yenilməz işlərə
qol atmaq, xidmət etmək böyük bir şərəfdir”.
525-ci qəzet.-
2014.- 20 dekabr.- S.8-9.