Məlik Dadaşovun 90
illiyi qeyd edilib
Dövlət Akademik Milli Dram Teatrında teatr və kino aktyoru,
Xalq artisti Məlik Dadaşovun anadan olmasının 90 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirilib.
Xatirə
gecəsini açan Xalq artisti Hacı
İsmayılov Məlik
Dadaşovun Azərbaycan
teatr və kino sənətinə töhfələrindən danışıb:
"Məlik Dadaşov
təkcə Azərbaycanda
deyil, ölkəmizin hüdudlarından kənarda
da xalqımızı
təmsil edən nadir
sənətkarlardan olub.
Yüksək intellektə, mədəniyyətə
malik, aktyor sənətinin yüksək
texnikasına yiyələnmiş
bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaradıb. O, həm də gözəl pedaqoq olub. Məlik Dadaşov
ampula anlayışını
darmadağın edən
aktyorlardandır. Onun üçün
janr məhdudiyyəti
olmayıb. Sənətkarı maraqlandıran insan idi. Aktyorun hünəri odur
ki, insanın daxili aləmini aça bilsin. Məlik Dadaşov bu işin öhdəsindən
gəlməyi bacardı.
Tədbir iştirakçıları əvvəlcə teatrın
foyesində sənətkarın
həyat və fəaliyyətindən bəhs
edən fotosərgi ilə tanış olublar".
Sonra M.Dadaşovun
yaradıcılığını əks etdirən slaydlar nümayiş olunub. Sənətşünaslıq doktoru, professor Məryəm
Əlizadə, Xalq artistləri Azərpaşa
Nemətov, Lyudmila Duxovnaya
və başqaları
M.Dadaşovun yaradıcılığından
söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib
ki, Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan M.Dadaşov teatrda onlarla obraza səhnə həyatı verib, həmçinin kinoda da yaddaqalan,
maraqlı rollar yaradıb. Onun Azərbaycan aktyorluq
məktəbinin formalaşmasında
xüsusi xidmətləri
var. M.Dadaşov klassik
və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi
seçib. Vurğulanıb ki, "Ölülər"dəki
Şeyx Nəsrullah rolunu o dəfələrlə
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının səhnəsində
oynayıb.
Qeyd olunub ki, "Axırıncı
aşırım"dakı Qəmlo bütövlükdə
kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın
bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir.
Sənətkar "Dəli Kür"
bədii filmində böyük ustalıqla molla Sadıqın daxili aləmini açıb.
Görkəmli aktyor "Birisi
gün, gecəyarısı",
"O dünyadan salam", "Fəryad",
"Hacı Qara" kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.
Görkəmli aktyorun Azərbaycan mədəniyyətinə və
incəsənətinə verdiyi
dəyərli töhfələr
onu hər zaman yaddaşlarda saxlayacaq, unudulmağa qoymayacaq.
Məlik
Dadaşov "Özbəkfilm"in
istehsal etdiyi "Təyyarələr enmədi"
filmində Yəhya,
"Moldovafilm"in çəkdiyi
"Dmitri Kantemir" ekran
əsərində Vəzir,
"Belarusfilm"də istehsal
olunmuş "Müsahibə
götürən adam"
filmində Niyazxan rollarında çəkilib.
Xatirə gecəsində M.Dadaşovun
rol aldığı
film və tamaşalardan
fraqmentlər göstərilib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2014.- 23 dekabr.- S.7.