Söz tilsimi, şair
nisgili, Aqil İman unudulmazlığı
İllər ömrümüzdən səhra qumları
kimi sovrulduqca, xatirələr keçən günlərə
yol almış qoca yolçu kimi - gah dumana düşür,
gah da çiskinə. Adam keçən günlərin xiffətini çəkə-çəkə
qarşıdakı yol bir az da uzanır.
Sonda xatirələrin işıq gələn tərəfinə
yeriyib toxtaqlıq tapırsan. İllərdi ürəyimin
başında əzizlədiyim xatirələrim var ki, onlar mənim
ilə üz-üzə könül sirdaşı,
ömür-gün yoldaşıdır. Yetmiş
ildir o xatirələrlə qol-boyun olub, dağlı, aranlı
ömür eləyirəm. Yaşımın bu
çağında o xatirələr səf çəkib
qoşun kimi üstümə gələndə, görürəm
- lələ köçüb, yurd ağlayır... Sağa-sola səpələnən ömrümün
çoxu gedib, azı qalıb. Dağlar
qoynunda doğulduğum yurd yeri - Göyçə mahalı əsirlikdə
göyüm-göyüm göynəyir. Ruhu
başımın üstündə pərvanə kimi dövr
eləyən atam Həsən Xəyallının məzarı
məchul bir nisgilə çevrilib. Hər sözümə
"can" - deyən dostlarımın, doğmalarımın
əksəriyyəti candan olub, əbədiyyətə
qovuşublar. İndi özümə təsəlli
vermək üçün baxıram - bir dərd, bir də məni
əlli ildi dillərdə söz eləyən bu qara qələm
qalıb.
Dərd
haqqında çox yazılıb, yazılacaq da! Dünya dərddən xali deyil, yaranmış binnət
olandan var; özü də yekəsindən. Dünyadan
dilgir getmiş Aqil İmanım yaxşı deyib:
İman,
ömür adlı qurduğun daxma,
Yüz
tufan görəcək, min şimşəkçaxma,
Üzü
dönük olan sevincə baxma,
İztirab
insanla ömürlük olur!
Bilmirəm hardan düşdü yadıma İmanın
bu müdrik misraları. Xeyli vaxt idi unutmuşdum yaddaşımda
utancaq-utancaq boy göstərən bu qənirsiz misraları.
Kim bilir, bəlkə də İmanın ruhuydu
pıçıldayan gözəgörünməzin lütfi
kimi bu poeziya örnəyini... Harda İmanın şeirini,
sözünü eşitsəm, ayaq saxlayıb keçən
günlərimə boylanıram: Hörük-hörük
uzanan yarğanlı dərələr, "qüdrətdən
səngərli, qalalı dağlar", quşqonmaz zirvələr,
güllü-çiçəkli laləzarlıq canlanır xəyalımda;
qartal qıyı, kəklik qaqqıltısı, bülbül
cəh-cəhi ötür qulağımda; sürü yaylaqdan
enir, elat yaylağa köçür, imran dilli
aşıqların hərbə-zorbası başlayır; qara
zurnanın şirin nəvası vahiməli zağalarda əks-səda
verir; Uzaq-uzaq toy mağarlarından kədərə
culğaşıq bir səs - Füzuli-Ələsgər
sözünün sehriylə şahə qalxır. Bunları heç də səbəbsiz
xatırlamadım.
Saydığım təbiət komponentləri və
mühitin formalaşdırdığı ədəbi-bədii
dəyərlər Aqil İman poeziyasında sözlə
reaksiyaya girərək, üzvü şəkildə tərənnüm
olunur. Aşıq gördüyünü çağırar
- deyib ərənlərimiz. Tifil İman
neyləsin? Göyçə kimi qutsal dəyərlərə
malik bir məkanda doğulub, sazla yatıb, sözlə oyanan kəsi
başqa cür təsəvvür etmək də mümkün
deyil. Gördüyü bütün gözəlliklər
qanadlı ilham iksiri içirmişdi bu bənövşə
nəfəsli şairə. Ona görə
də hər söz, hər misra köksündə nəhr
kimi çağlayırdı. Bu
çağlayışın özündə də
sirli-sehirli bir ofsun vardı:
Dözmək
olar dözüləsi beş ilə,
Beş -
dedim qorxuram bağrım deşilə!
Bu sevgini
mən udanda "şeş" ilə,
Gəlib sənin "yek" atıbdı həsrətin.
Bu şeir bir el gözəlinin həsrət
ağrılarının qırmancından yaranıb. Eyni zamanda bu
şeirdə bir şair də doğulub. Burada işlədilən
"beş ilə", "deşilə",
"şeşilə" qafiyələri o qədər sadə
və təbiidir ki, şairin qanadlı ilhamı ipək
dilinin elastikliyindən xumarlanır, qafiyənin gətirdiyi
fikir gözəlliyi ekstaz yaradır, poetik ecaza çevrilərək
dilin cazibəsində cizginir. Hər misra
arasında sözlər sanki əl-ələ verib rəqs eləyir.
Belə şeirin havasına kim oynamaz ki? Aqil İmanın şeirlərini hansısa dəftərdən,
kitabdan oxuyub əzbərləməmişəm. Yaddaşıma köçənlər onu sevənlərin
dilində yağa - bala dönən misralarıdı. Bütün misraları bulaq suyu ilə
"qusullandığından" pak-pakizə şeirləri
asanca yaddaşlara köçürüb onu. Bir də ki, mən onun şeirlərini hardan oxuya bilərdim
ki? Bir dəfə də olsun qəzet,
jurnal redaksiyasının qapısını döyüb -
"mən şairəm, şeirimi çap edin" - demədi
qəbri nurnan dolmuş.
Eləcə
qəlbinə gələnləri hamıdan gizlicə
saxladığı yazdı öz könül dəftərinə...
Özünü "həvəskar"
adlandırdığından mətbuatdan qaçaq oldu. Ona görə də bugünkü oxucu
auditoriyası və media üçün bir qədər
pünhan qaldı Aqil İman imzası. Bütün
bunlara rəğmən özündən xəbərsiz
İman elimizin, obamızın dildə əzbər şairlərindəniydi.
İman sözün - ədəbiyyatın
içində doğulsa da, şeirlərini həmişə ədəbi
prasesin "çölündə" yazırdı. Bu məhcul çöllükdə nə geniş
oxucu kütləsi, nə də ədəbi tənqid var idi
onunçün. Aqil İman adlı bir saz
dəlisi, söz sevdalısı vardıydıkı oda bircə
onun ürəyinin "səsinə" qulaq asırdı.
Çünki şair Aqil İmanın ən
yaxşı oxucusu da, tənqidçisi də elə müəllif
Aqil İmanın özüydü. Yetərdi
ki, yazsın. Yaza-yaza ürəyindəki tikanı
çıxarıb mənəvi rahatlığına
qovuşsun!
İman gənc
olmasına baxmayaraq ilk görünüşdən qərinələri
yorub-yortmuş bir tale adamını xatırladırdı - Vədəsiz
ağarmış saçları, çatılmış
qaşlarının arasında sevincini qucaqlayan kədər
düyünləri və şeirə oxşayan şairanə
məhsum baxışları... İmanla
bağlı xatirələrim o qədər şirindi ki, onu
düşündükcə xəyallarım, yazdıqca qələmim,
danışdıqca dilim ballanır ağzımda. Çünki İman özü şirin
adamıydı - xatirələri, şeirləri kimi.
1989-cu ilin yanvar ayının şaxtadan qılınc
qurşayan bir vədəsində unudulmaz şairimiz Hüseyn
Arif başının dəstəsi ilə qonağım idi. Göyçəlilərin
sevimlisi kimi 1988-ci ildə Göyçədən
qaçqın gələn soydaşlarımıza yoluxmağa
gəlmişdi bizim kəndə.
Görüşün rəsmi hissəsi başa
çatandan sonra bədii hissəni bizim evdə keçirdik. Məclisdə
iştirak edən kənd ağsaqqallarının, xüsusən
Fəzi əmimin (Qəmgin Fəzi) məsləhəti ilə
məclisi İman aparası oldu. Bu təklif,
doğrusu, mənim də ürəyimdən idi. Çünki Hüseyn Arif
yaradıcılığını İman yaxşı bilirdi,
həm də gözəl natiq idi.
İlk
çıxışından hiss etdim ki, Hüseyn Arifi İman
ovsunlayıb. Onun Hüseyn Arifin şeirlərini əzbər
deməsi, yaradıcılığının məzmunu və
mahiyyəti haqqında (xüsusən "Dilqəm",
"Yolda" poemaları və Aşıq Alı
yaradıcılığına diqqəti, qayğısı
haqda) geniş və məzmunlu çıxışı,
Göyçə ədəbi məktəbinin nümayəndələrini
dəqiq təhlillərlə xarakterizə etməsi Hüseyn
müəllimi heyran qoymuşdu. Məclisin şirin yerində
Hüseyn müəllim üzünü mənə tutaraq
özünəməxsus incə bir tövrlə - ay Şiruyə,
başın haqqı, bu oğlan şair kimi danışır
- dedi. Məclis əhli də yerdən təsdiqlədilər
ki, bəli, bu oğlan şairdi. İman
şeir yazmağını nə qədər gizləməyə
çalışsa da, ağsaqqalların və Hüseyn Arifin
təkidi ilə bir neçə şeirini oxuyası oldu.
Şeirlərini dinləyəndən sonra Hüseyn müəllim
İmana bir könüldən min könülə
vurulmuşdu: "Başın haqqı, eynən mənim
dilimdi sənin şeir dilin" - deyib o, İmanı
özünə bir az da
doğmalaşdırdı. Hətta bir neçə şeirini yazıb
götürdü ki, Bakıda çap etdirsin. Amma sonralar nədənsə
o şeirlərdən bir səs-soraq çıxmadı...
İmanın mühəndis olduğunu biləndə Hüseyn
müəllim yenə öz zarafatından qalmadı: "Sən
hazır alimsən, şairsən, oğul, burax o tikintinin
başını, səndən "injiner" olmaz. Gəl
Bakıya, mən də kömək edəcəm, müdafiə
elə, alim ol. Özün də ki, mənim
yaradıcılığımı yaxşı bilirsən"...
İman təbiətin kövrək bir vədəsində
doğulmuşdu - 1958-ci ilin dekabr ayında. Taleyi də,
ömür yolu da elə payız fəslinə bənzəyirdi.
Adını atamız Həsən Xəyallı
adlar içində əzizlədiyi könül dostu, nakam
taleli böyük Növrəs İmana ehtiram əlaməti
olaraq İman qoymuşdu. İndi Aqil
İmanın şeirlərini oxuya-oxuya həm də Növrəs
İmanı xatırladım. Çünki
Növrəs İmanla Aqil İman poeziyası arasında
coğrafi bağlılıqla bərabər, bir ruhi
bağlılıq da hiss etdim.
Nədənsə taleyin sərt sınaqları bu iki
ömrügödək şairi sevincdən qabaq
"muştuluqlayıb" həmişə. Bir də ki, Aqil
İmanın poetik yaddaşında, nəfəsində Miskin
Abdal, Aşıq Alı, Ələsgər, Məmmədhüseyn,
Həsən Xəyallıyla bərabər Növrəs
İmanın da təsirinin olması təbiidi. Çünki
Aqil İman Göyçənin milli və mənəvi dəyərlərini
varlığında yaşadan ənənəyə
bağlı oğuz türküydü. Məzmun
və mahiyyəti yeni bir düşüncəyə modifikasiya
etməklə əksər şeirlərində klassik ənənəni
- formanı qoruyub - saxlamağa
çalışmışdı. Növrəs
İmanla Aqil İman poeziyasında bir oxşar cəhət də
var ki, o da gələcəkdə olacaq hadisələri
(xüsusən həyatdan tez köçmələri haqda!) təhtəlşüur
olaraq yazmalarıdı. Yazıqlar olsun ki,
mən də daxil olmaqla İmanın şeirlərindəki,
gizli ehyamların sağlığında heç birimiz fərqində
olmamışıq. Bilsək, neyniyəcəydik
ki, guya?
Şeirdi
də yazmışam - deyib alovumuzun üstünə su ələyəcəkdi
yəqin ki... Amma bir şeirinin iki misrasında özü hər
şeyi nişan verib, mənim demək istədiklərimi
deyib:
İman
çəkən zülüm təkdi, əzab tək,
Bağlı qaldım oxunmamış kitabtək.
Amma mən indi demək istəyirəm ki, yox, Aqil
İman, sən bağlı qalmadın. Qılman, Araz kimi
ocağının od qoruyanları səni
sevən könüllərdən misralarını
ağız-ağız toplayıb, saralmış vərəqlərdəki
şeirlərini çinləyib, dəstələyib
bağlı qalan istedadını bacardıqları qədər
açamağa nail oldular.
29 avqust
1996-cı il... O günü xatırlamaq
istəməsəm də, amma nədənsə hər
İman adı gələndə tez-tez xatırlayıram. Həmin
gün heç kimin yadına düşüb, ağlına gəlməyəcək
bir iş oldu - İmanın ürəyi qəfil susdu.
Bir anın içində kabus kimi bütün
el-obanı ağzına aldı bu qara xəbər. Heyrətindən
bu xəbəri eşidənlər "kar", görənlər
isə "kor" olmuşdu. Heç kim
eşitdiyi xəbərə inanmaq istəmir, vaxtsız gələn
bu əcəl payını İmana
yaraşdırmırdı. Avqust ayı isti
olmağına baxmayaraq, təbiət də İmanın bu
vaxtsız itkisinə yas saxlayırdı.
Günün günorta çağı göy
üzü qapqara dolmuşdu. Külək bağrını yaran
bulud az qalırdı ki, hönkürüb
leysan ələsin. Əsən xəfif meh
qohumların, dostların çəkdiyi naləyə, dediyi
ağılara qoşulub İmanın vaxtından tez
ağarmış gümüşü saçlarına
sığal çəkirdi. İndi hər
o günü xatırlayanda İmansız günlərimi
bayatıya çevirib öz-özümə gümüldənirəm.
Əgər buna gümüldənmək demək olarsa:
Sərrafam,
İman dərdi,
Din dərdi,
iman dərdi,
Gözümnən
suvardığım,
Gülləri İman dərdi.
Sərrafam,
qardaşı yar,
Yar olsun,
qardaşı, yar!
İman
odumu görsə -
Quzeydən qar daşıyar.
İmansızlıq əzabımı nə qədər
sözə çevirməyə çalışsam da, elə
hallar olur ki, söz də bəzən əzaba çevrilir.
Həyatda
axtarıb tapa bilmədiklərim kimi...
Ürəyimdə o qədər dərdlər var, bilmirəm
hansını yazım, hansını yazmayım. Hardan başlayım,
harda qurtarım. Dərd andırdakı nə
çəkməklə, nə də yazmaqla qurtarır.
Hər dəfə
dünyadan vaxtsız getmiş doğmalarımın -
qardaşlarım Nəbinin, İmanın,
qoşalaşmış məzarlarını ziyarət edəndə
deyirəm: Bezdinizmi mənə arxa-dayaq olmaqdan? Ürəyimin
infarktı, gözlərimin yaşı olmağa nə tez tələsdiz?
Bu suallar ətrafında daşa dönmüş şəkilləri
ilə pərişan-pərişan söhbət edib sonda
ürəyimdə göyərən bu misralarıca ağ kağıza pıçıldaya bilirəm:
Dərdinizi
çəkənmirəm,
Dərdi daşan qardaşlarım.
Qızılquştək
qanad çalıb,
Dağlar aşan qardaşlarım.
Tez solan
bostan oldunuz,
Qohumdan, dostdan oldunuz.
Dilimdə
dastan oldunuz,
Dastan qoşan qardaşlarım.
Boğdu
məni bu qəm, qəhər,
Suyum zəhər, havam zəhər.
Cazibəmdə
axşam, səhər,
Hey
dolaşan qardaşlarım.
Gözlərimdə
yaşa döndüz,
Uçub gedən quşa döndüz.
Bir
cüt dilsiz daşa döndüz,
Qoşalaşan qardaşlarım.
İzi
qalan bu daşlarda,
Sözü
qalan sirdaşlarda,
Ürəklərdə,
yaddaşlarda,
Qayalaşan qardaşlarım.
Ömrü
cavan, fikri ahıl,
Dili şirin, dolğun ağıl.
Sədaları
dastan, nağıl,
Təbi coşan qardaşlarım.
Hey
baxdıqca baş daşına,
Dönürəm qəm sirdaşına.
Şiruyənin
göz yaşına,
Ay,
yaraşan qardaşlarım.
Nə
yaxşı ki, Aqil İman itkisini dərin düşüncəli
şeirləri ilə bizə unutdurmağa
çalışan, atasının poetik nəfəsini
yaddaşında, adını təxəllüsündə
yaşadan, ədəbiyyatımızın işıqlı
nümayəndəsi Qılman İmanımız var. Aqil
İmandan bu dünyada xoş əməlləri ilə bərabər
özünü və sözünü sevənlərə
qara sazın laylası qədər həlim, kövrək
şeirləri, bir də mənzilinə heç vaxt yetilməyəcək upuzun həsrəti
qaldı.
Sərraf
ŞİRUYƏ,
şair-publisist
525-ci qəzet.-
2014.- 23 dekabr.- S.6.