Şirməmməd Hüseynov
zirvəsi
Onun haqqında danışanda adının
önündə çoxsaylı
epitetlər qoymağa
çalışırlar. "Böyük alim","görkəmli
tədqiqatçı","jurnalistikamızın
patriarxı", "jurnalistika
elmimizin korifeyi",
"qeyrətli vətəndaş",
"fədakar insan",
"mehriban ailə başçısı" və
s. Beləcə, ildən-ilə
pərəstişkarları onun kimliyini, şəxsiyyətini layiqincə
xarakterizə edə biləcək daha nadir, daha bəlağətli, daha sanballı ifadələr axtarıb tapmağa və sanki bununla ona
olan, lakin özünün iddiasında
bulunmadığı bir mənəvi borcun öhdəsindən gəlməyə,
əvəzini verməyə
çalışırlar. Son günlərdə eşitdiyim
"millətin mühəndisi",
"müasir milli düşüncəmizin arxitektoru",
"millətin müəllimi"
kimi fəxri adlar da Şirməmməd
Hüseynova xalq sevgisinin, ziyalı rəğbətinin, tələbə
məhəbbətinin doğurduğu
ən səmimi duyğulardan qaynaqlanır.Bəxtiyar
Vahabzadə isə Şirməmməd Hüseynov
haqqında ən səmimi duyğularını
belə ifadə etmişdi:
Şirməmməd - əxlaqın, haqqın
öz səsi
Ləyaqət, dəyanət mücəssəməsi!
Bəli,
özünün ürək
dostu, qəlb sirdaşı, vicdan və məslək qardaşı Şirməmməd
Hüseynov haqqında
bu heyrətamiz misraları poetik düşüncənin ən
mükəmməl ifadə
tərzində yalnız
və yalnız dahi söz ustadımız
Bəxtiyar Vahabzadə
deyə bilərdi.
Çoxları onun haqqında çox dəyərli fikirlər söyləyir. Şirməmməd Hüseynova dahi kimi baxırlar, onun zəkasına həsəd aparırlar.
Doğrudan da, bir insanın on minlərlə insanı bir peşənin vurğununa və fədaisinə çevirməyi
bacarması böyük
düha tələb edir.Bu gün jurnalist peşəsini özünün həyat tərzinə çevirmiş,
özünü bütövlükdə
bu peşəyə həsr etmiş, öz varlığını
bu peşə fəaliyyətindən kənarda
təsəvvür etməyən
minlərlə tələbəsi
bu dühanın cəmiyyətimizdəki görüntüləri,
cəmiyyətin yoluna
işıq saçan
qığılcımlarıdır.
Ona "bənzəri
olmayan natiq"də deyirlər. Həqiqətən, minlərlə insanın
nəfəs dərmədən,
zamanı hiss etmədən,
yorulmadan, usanmadan qulaq asmağa hazır olduğu bir natiqə tarixdə çox nadir hallarda rast gəlinir.
O əsl natiqdir. İnamlı duruşu ilə,ona qulaq
kəsilənlərin gözlərinə
zillənən iti baxışları ilə
dediyi sözləri dinləyənlərin zehnlərinə
birdəfəlik həkk
etməyi bacaran bir natiq. Şirməmməd Hüseynov sadə bir natiq deyil.
O bəzən söylədiyi
fikirlərin arxasında
gizlətdiyi ən vacib məna və mahiyyət çalarlarını dinləyicisinə
səsinin ahəngi ilə, üzünün ifadəsi ilə asanlıqla anlatmaq kimi qeyri-adi bir məharətə sahib
olan natiqdir.Elə bir natiq ki,
söylədiyi hər
bir cümlə, hər bir fikir,
hər bir mülahizə təkzib olunması mümkün olmayan bir aksiomdur.
Ona "fədakar
araşdırmaçı" deyirlər. Çox tədqiqatçılar illərlə kitabxana rəflərində qalıb
toz basmış ədəbiyyatla çalışmaqdan,
indiyədək elmi dövriyyəyə çıxmamış
bilgiləri öyrənib
bu bilgilər əsasında yeni bir elmi əsər
ortaya qoymaqdan zövq alır və haqlı olaraq bununla fəxr edirlər. Şirməmməd Hüseynov isə
adi tədqiqatçı
deyil. O sadəcə
əsər yazmır,
o milli düşüncəmizin
keçmişində bu
günümüzü və
gələcəyimizi araşdırır.
O dahi Mirzə Fətəlinin,
Həsən bəy
Zərdabinin, Əli bəy Hüseynzadənin,
Əhməd Ağaoğlunun,
Ömər Faiq Nemanzadənin, Məmməd
Əmin Rəsulzadənin,
Üzeyir bəyin bu günümüzə gəlib
çatmış saralmış
arxiv sənədlərinin
hər sətrində
bu millət fədailərinin düşüncələrini,
arzu və istəklərini, sonsuz Vətən eşqini aşkar edir.Bütün bu bilgiləri öz qəlbinin genişliyindən,
öz dərrakəsinin
süzgəcindən və
öz ruhunun vətənpərvərliyindən keçirib bu günümüzə gətirir və bizimkiləşdirir. O özünün
elmi tapıntılarını
yalnız alimlərin oxuyacağı elmi əsərə yox, aydın və məntiqli şərhləri
ilə millətini sevən hər bir vətəndaşın
həyat amalına və fəaliyyət proqramına çevirə
bilir. Belə idrak, belə
peşəkarlıq, millətin
gələcəyi qarşısında
belə bir məsuliyyət hissi və nəhayət, belə bir vətənnsevərlik
bütün tədqiqatçılara
xas olan bir keyfiyyət deyil.
Doğmaları onu "mehriban ata", "qayğıkeş
həyat yoldaşı",
"məsuliyyətli ailə
başçısı" adlandırırlar.Lakin o sadə
bir ailə başçısı deyil. O, həm
də həyatının
hər gününü
sevdiyi peşəni başqalarına sevdirməyə
həsr edən,bilik və bacarığını əsirgəmədən
bölüşən bir
müəllimdir.Şirməmməd müəllim onu sevən on minlərlə tələbənin, bir ölkədə bir peşə fəaliyyətində
çalışan bütün
insanların mənəvi
atasıdır. Onu prinsipial, mübariz, üsyankar kimi də sevirlər.Çünki
o gördüyü işin
doğruluğuna inanan
və həm də inandıran,fədakar
və mübariz ruhlu siyasi-ictimai xadimdir. Adətən belə insanlar
haqqında deyirlər
ki, onlar özləri üçün
yaşamır. Şirməmməd
Hüseynov da bu qəbildən olan, lakin adi
bir ictimai-siyasi xadim qəlbində olmayan bir şəxsiyyətdir.İçərisində
bulunduğu cəmiyyətin
çatışmazlıqlarına dözməyən və qəzəblənən, eyni
zamanda yeri gəldikcə sözü
və əməlləri
ilə başqalarını
qəzəbləndirən, heç bir təzyiq qarşısında,heç zaman,
heç bir halda öz inamından
dönməyən üsyankar
birisinin evin kandarından içəridə
- ailə ocağında
mərhəmətli bir
insana, güzəştli
və sevimli bir ataya, qayğıkeş
bir həyat yoldaşına çevrilməsi,doğrudan
da inanılmaz bir iradə, qibtə olunacaq bir dözüm və nəhayət, nəcabət dəyərlərinə
əsaslanan yüksək
əxlaq tələb edir. Bu mənada
Şirməmməd Hüseynovun
ailə məhəbbəti,
doğma ocaq sədaqəti əsrlərin
təcrübəsindən yoğrulmuş
milli əxlaq mərtəbəsinə yüksəlir
və onun etalonunu özündə əks etdirir.
Milli fikir və milli
inkişaf tariximizdə,
milli istiqlal mücadiləmizdə və
milli əxlaq xəzinəmizdə millət
başını ucaldan,
milli qürur gətirən, zaman-zaman fəth olunmuş şöhrət zirvələrimiz
var. Bu zirvələrdə Nizami,
Nəsimi, Mirzə Fətəli, Həsən
bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məmməd
Əmin Rəsulzadə,
Üzeyir bəy Hacıbəyli kimi mütəfəkkirlərimiz dayanır.
Öz həyatı, mübarizəsi,
ictimai fikir cərəyanı ilə bu sırada qərarlaşan və öz varlığı ilə milli sərvət xəzinəmizi
daha da zənginləşdirən
şöhrət zirvələrimizdən
biri də Şirməmməd Hüseynov
zirvəsidir. Bu elə bir möhtəşəm
zirvədir ki, bu günkü və gələcək ziyalı nəsillərimiz
üçün belə
bir yüksəkliyi bir daha fəth
etmək ölümsüz
görünür. Ona görə
də bu zirvələrdə dayananlar
ölümsüzlərdir.
Bütün bunlara baxmayaraq,
Şirməmməd Hüseynov
özü haqqında
danışmağı xoşlamır.Jurnalistlər
nə qədər çalışsalar da tərifdən və onun şəxsiyyətinə
səmimi pərəstişdən
xoşhal olduğunu sezmək, verəcəyi cavabların başında
onun dilindən "mən" sözünü
eşitmək mümkün
deyil. Onun haqqında yazılmış
çoxsaylı məqalələrdə,
dəyərli ziyalılarımızın
çıxışlarında "istiqlal aşiqi", "qeyrət simvolu", "haqq-ədalət carçısı"
adlandırılan bu böyük İnsanın
ətrafında baş
verən və onun şəxsiyyətinə
sevgidən doğan pərəstiş həyəcanlarına
reaksiyası təəccüb
doğuracaq dərəcədə
sadədir. Buradan da onun portretinə yeni bir cizgi, adının
önünə isə
yeni bir epitet yaranır - Təmənnasız İnsan.
Şirməmməd Hüseynova "təmənna"
anlayışı yaddır.
O "təmənna" adlı
hissiyyatdan çox uzaqlarda və çox yüksəklərdə
dayanan bir İnsandır.Bu günkü
ziyalılarımız arasında
yaşından asılı
olmayaraq elə bir insan tapmaq
çətindir ki, nədə isə Şirməmməd Hüseynova
oxşamaq arzusunu ürəyindən keçirməsin.
Amma bir məsələdənə
bu sətirlərin müəllifi, nə də Şirməmməd Hüseynovu sevən on minlərlə insanlar nə qədər çalışsaq da ona oxşaya bilməyəcəyik.Bu da
elə təmənna məsələsidir. Şirməmməd Hüseynovdan danışarkən,
onun haqqında düşünürkən təmənnasız
olmaq mümkün olmur. Təmənnamız isə ondan
ibarətdir ki, ana Təbiət Şirməmməd Hüseynova
uzun ömür, möhkəm cansağlığı
bəxş etsin, bu böyük ustada hələ uzun illər yazıb-yaratmaq xoşbəxtliyi
və ən müqəddəs arzularına
qovuşmağı nəsib
etsin.
Millətin şərəfini uca
tutmağı özünün
şərəf işi
hesab edən,"Şərəf"li
millət müəllimimiz
Şirməmməd Hüseynova
90 illik yubileyi münasibətilə ən
səmimi arzularla,
Cavanşir FEYZİYEV,
Fəlsəfə
doktoru, millət vəkili
525-ci qəzet.-
2014.- 23 dekabr.- S.4.