Azərbaycan ordusu 2014-cü ildə: hərbi
əməkdaşlıq daha da genişləndi
Müasir dövrdə güclü ordunun
inkişafının əsas xüsusiyyətlərindən
biri də beynəxalq əməkdaşlıq və
qazanılmış təcrübədən
qarşılıqlı istifadədir. Azərbaycan Silahlı
Qüvvələrinin döyüş
hazırlığının yüksək saxlanılması,
müasir hərbi texnika və silahlarla təchizi məsələsində
region və digər dövlətlərlə münasibətlər
mühüm əhəmiyyət kəsb edir.
Bir
müddət əvvəl Azərbaycan Respublikasının
müdafiə naziri, General Polkovnik Zakir Həsənov AzərTAc-a
müsahibəsində ordumuzun beynəlxalq səviyyədə
geniş əməkdaşlıq proqramı tətbiq etdiyini
bildirib: "Aparıcı dövlətlərin Silahlı
Qüvvələrinin, xüsusilə NATO ölkələrinin
bu sahədə təcrübəsindən istifadə olunaraq
Silahlı Qüvvələrdə yeni tələblər və
standartlar müəyyənləşib, qoşunların
döyüş tapşırıqları dəqiqləşdirilib
və korrektə ediliib". Məlumdur ki, Azərbaycan
hərbi sahədə çox tərəfli əməkdaşlıq
siyasəti həyata keçirir. Respublikamız
həm NATO ölkələri ilə, həm də Rusiya ilə
sıx hərbi əməkdaşlıq xəttinə malikdir.
Hazırda qeyri-rəsmi formada NATO standartları
adlandırılan yüksək dünya standartlarının
ordumuzda tətbiq edilməsi, eyni zamanda hərbçilərimizin
beynəlxalq tədbirlərdə və təlimlərdə
iştirakı vacib məsələlərdəndir. NATO ilə fərdi tərəfdaşlıq üzrə
əməliyyat planı, Planlaşdırma və Analiz Prosesi
çərçivəsində nəzərdə tutulan tədbirləri
reallaşdıran Azərbaycan Rusiya ilə də hərbi sahədə
ciddi əlaqələrə malikdir. Hazırda
Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnika və
silahla təchizatı baxımından Rusiya ilə əməkdaşlığın
inkişaf dövründədir. Azərbaycanın
hərbi sahədə ən mühüm tərəfdaşı
qardaş Türkiyə Respublikasıdır. Respublikamızın əsas tərəfdaşı
olan Türkiyə beynəlxalq arenada daim Azərbaycanın
müdafiəçisi və tərəfdaşı kimi
çıxış edir. İkitərəfli
əlaqələr hərbi sahəyə də öz təsirini
göstərib. Türkiyə Azərbaycan ordusu
üçün kadrların hazırlanması, hərbi texnika
və silah təchizatçısı, eyni zamanda birgə müxtəlif
hərbi təyinatlı proseslərin
iştirakçısı kimi mühüm funksiyaları həyata
keçirir. Təsadüfi deyil ki, əvvəllər
olduğu kimi 2014-cü ildə də Azərbaycan müdafiə
sahəsində daha çox Türkiyə ilə əməkdaşlıq
edib.
Bu il
yanvar ayında müdafiə naziri general-polkovnik Zakir Həsənov
Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq
proqramına əsasən Bakıda səfərdə olan
Türkiyə Respublikası Silahlı Qüvvələrinin
Baş Qərargahının Maddi-Texniki Təminat Baş
İdarəsinin rəisi korpus generalı Atilla Gülanın rəhbərlik
etdiyi Türkiyə Silahlı Qüvvələrinin general və
admirallarından ibarət nümayəndə heyətini qəbul
etdi. Fevral ayında isə qardaş respublikanın ölkəmizdəki
səfiri İsmail Alper Coşqun, mart ayında Türkiyə
Respublikasının Quru Qoşunları Komandanı ordu
generalı Hulusi Akar, apreldə
Türkiyə Respublikası Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi ordu generalı Necdet Özellə
görüş keçirildi. Sentyabrda Zakir Həsənov
Türkiyənin Milli müdafiə naziri İsmət
Yılmaz, noyabrın 8-də Türkiyə Respublikası
Silahlı Qüvvələri Baş Qərargahının
Xüsusi Təyinatlı Qüvvələr komandanı diviziya
generalı Zekai Aksakallın, noyabrın 14-də Türkiyə Respublikasının Jandarma Baş
Komandanı ordu generalı Abdullah Atayla müzakirə
apardı. Bütün görüşlərdə
iki ölkə arasında hərbi sahədə əməkdaşlıqla
bağlı məsələlər müzakirə edildi.
Aprel ayında Türkiyəyə səfər edən
müdafiə naziri, general-polkovnik Zakir Həsənov
Çanaqqala döyüşünün 99-cu
ildönümü ilə bağlı tədbirlərdə
iştirak etdi. Azərbaycan-Türkiyə hərbi
əməkdaşlığı çərçivəsində
sentyabrda keçirilən birgə təlimlər bölgədə
siyasi rezonansa səbəb oldu. Azərbaycan
Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri
zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin
aviasiya vasitələri ölkəmizə gələrək təlimlərdə
iştirak etdi. Təlim zamanı müxtəlif
döyüş tapşırıqlarını Azərbaycan Hərbi
Hava Qüvvələri ilə birgə icra edən türk hərbi
pilotları general-polkovnik Zakir Həsənov da qəbul etdi.
Müdafiə naziri birgə təlimlərinin böyük əhəmiyyət
daşıdığını qəbul zamanı belə ifadə
etdi: "Hər iki ölkənin Silahlı Qüvvələrinin
məqsədi bölgədə sülhə və əmin-amanlığa
nail olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz və gücümüz birliyimizə
bağlıdır".
2014-cü ilin avqustunda regional əməkdaşlıq
çərçivəsində Azərbaycan, Türkiyə və
Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda
keçirilən görüşü mühüm əhəmiyyət
kəsb edirdi.
Məlumdur ki, hər 3 ölkə çox
sıx əməkdaşlıq edirlər. Bakı-Tbilisi-Ceyhan
neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti və.s
iri beynəlxalq əhəmiyyətli layihələr, həmçinin
xarici siyasətdə uyğunluqlar bu ölkələrin daha
yaxından əməkdaşlıq etməsini şərtləndirir.
Müdafiə nazirlərinin Naxçıvan
görüşü isə artıq hərbi sahədə
genişmiqyaslı əməkdaşlıqdan xəbər
verirdi. Təsadüfi deyil ki, bir çox
ekspert artıq regionda Azərbaycan-Türkiyə-Gürcüstan
blokunun yarandığını deyir. Gürcüstan
müdafiə naziri İrakli Alasaniya, Türkiyənin Milli
müdafiə naziri İsmət Yılmazla bir çox məsələləri
müzakirə edən general-polkovnik Zakir Həsənov
üçtərəfli əməkdaşlığı
yüksək qiymətləndirir: "3 ölkənin
Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin
artırılması və qarşılıqlı əməliyyat
uyarlığının əldə edilməsi məqsədilə
üçtərəfli birgə təlimlərin keçirilməsi,
birgə seminar və konfransların təşkil edilməsi, hərbi
təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın
üçtərəfli formatda təşkil edilməsi, neft və
qaz boru kəmərlərinin mühafizəsi üzrə
üçtərəfli təlimlərin keçirilməsi, əməkdaşlıq
sahələrinin genişləndirilməsi üçün
üç ölkə mütəxəssislərinin ekspert
görüşlərinin təşkil edilməsi məqsədəuyğun
hesab olunub". Görüşün digər
mühüm qərarı bu formatda görüşlərin hər
altı aydan bir keçirilməsi idi.
Azərbaycanın hərbi sahədə və xarici siyasətdə
mühüm tərəfdaşlarından biri də Pakistan
İslam Respublikasıdır. Pakistan daim beynəlxalq
arenada ölkəmizi dəstəkləyir və dəfələrlə
açıq şəkildə bəyan edib ki, Azərbaycan
işğal olunmuş torpaqlarını azad etmək
üçün hərbi əməliyyatlara başlasa hər
cür kömək edəcəkdir. Fevralda İslamabadda
Azərbaycan-Pakistan işçi qrupunun 5-ci
görüşündə iştirak etmək
üçün bu ölkəyə səfər edən
Müdafiə Nazirliyinin nümayəndələri
pakistanlı həmkarları ilə bir sıra məsələləri
müzakirə etdilər və görüşün nəticəsi
olaraq "Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli
5-ci görüşünün Protokolu" və "Azərbaycan
Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam
Respublikası Birləşmiş Qərargahı arasında
2014-cü il üçün İkitərəfli Hərbi
Əməkdaşlıq Planı" imzalandı. Mart
ayında Zakir Həsənov ölkəmizdə səfərdə
olan Pakistan İslam Respublikasının Qlobal Sənaye və
Müdafiə Həlli təşkilatının baş
direktoru cənab Zubair İqbal Malikini, apreldə isə bu
ölkənin Hərbi Hava Qüvvələri Komandanı
aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul etdi. Noyabrda
Zakir Həsənov Pakistan İslam Respublikasında rəsmi səfərdə
oldi. Səfər zamanı Zakir Həsənov
Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin
sədri ordu generalı Rəşad Mahmud, müdafiə naziri
Xavaca Məhəmməd Asif və Pakistan İslam Respublikasının
Prezidenti Məmnun Husseyn ilə görüşərik iki
ölkə arasında münasibətləri, təhlükəsizlik,
hərbi əməkdaşlıq məsələlərini
müzakirə etdilər.
Azərbaycanın müdafiə sahəsində geniş
miqyaslı əməkdaşlıq etdiyi ölkələr
sırasında Rusiyanın xüsusi yeri var. Azərbaycan
ordusunun hərbi texnika və silah-sursatla təchizində bu
ölkənin hərbi-sənaye müəssisələri
yaxından iştirak edir. Həmçinin MDB
çərçivəsində də müxtəlif səviyyəli
əməkdaşlıq mövcuddur. İl
ərzində iki ölkənin hərbi strukturlarının
qarşılıqlı səfərləri münasibətlərin
inkişafına töhfə verib. Aprel ayında Rusiya
Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah
rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi
nümayəndə heyəti MDB-nin üzvü olan dövlətlərin
Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin
növbəti iclasında iştirak etmək üçün
ölkəmizə səfəri zamanı Zakir Həsənov və
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin
Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin
Sadıkov tərəfindən qəbul edildi. MDB-nin
üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin
Qərargah Rəisləri Komitəsinin iclasında Azərbaycan
Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası,
Qazaxıstan Respublikası və Qırğızıstan
Respublikası Silahlı Qüvvələrinin nümayəndə
heyətləri iştirak edirdilər. May
ayında Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik
üzrə konfransda iştirak edən Zakir Həsənov
Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə
görüşərək iki ölkə arasında hərbi əməkdaşlıq
məsələlərini müzakirə etdilər. İyulda isə Zakir
Həsənovda Müstəqil Dövlətlər Birliyi
Müdafiə Nazirləri Şurasının Astanada
keçirilən iclasında iştirak etdi. Oktyabrda Rusiya
Federasiyasını müdafiə naziri ordu generalı Sergey
Şoyqunun ölkəmizə səfəri zamanı iki ölkə arasında hərbi
sahədə əməkdaşlıq müzakirə edildi. Rusiyalı həmkarı ilə
görüşən general-polkovnik Zakir Həsənov mətbuata
açıqlamasında bildirdi ki, Rusiyanın və Azərbaycanın
Hərbi Dəniz qüvvələri arasında əməkdaşlıq
haqqında razılaşma əldə olunub və Xəzərdə
birgə komanda-qərargah təlimlərinin və taktiki təlimlərin,
hərbi dəniz qüvvələri arasında əməkdaşlıqla
bağlı bir sıra tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulur. Həmçinin
danışıqlar zamanı hərbi-texniki, hərbi
kadrların hazırlanması, Rusiyadan müasir silah və hərbi
texnikanın alınması məsələləri də
müzakirə edildi.
Azərbaycan-NATO
əlaqələrinin inkişafı baxımından
2014-cü ili müsbət qiymətləndirmək
olar. İl Ərzində Silahlı Qüvvələrimizin
nümayəndələri çox sayda NATO təlim və
kurslarında iştirak etdilər. Həmçinin
Azərbaycan Təhlükəsizliyin Dəstəklənməsi
üzrə Beynəlxalq Qüvvələrinin əməliyyatlarında
iştirak etdiyindən ISAF-la bağlı tədbirlərdə
fəal iştirak edir. Zakir Həsənov
fevralda Brüsseldə Əfqanıstanda Təhlükəsizliyin
Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin
(ISAF) əməliyyatına töhfə verən qeyri-NATO
ölkələri ilə müdafiə nazirlərinin
toplantısında iştirakı zamanı bir sıra
görüşləri keçirdi.
İl ərzində NATO ilə müxtəlif proqramlar
çərçivəsində birgə həyata keçirilən
fəaliyyətlər tərəfdaşlar tərəfindən
yüksək qiymətləndirildi. May ayının 5-də
Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi
üzrə təlimi başladı. Təlimi izləyənlər
arasında olan NATO-nun Türkiyə Respublikasının
İzmir şəhərində yerləşən Quru
Qoşunları Komandanının müavini general-leytenant
Qordon Messencer Zakir Həsənov tərəfindən qəbul
edilən zaman təlimdə iştirak edən Azərbaycan
Ordusunun şəxsi heyətinin peşəkarlığını
və hazırlığını yüksək qiymətləndirmişdi.
NATO ilə
əməkdaşlıq proqramı çərçivəsində
Bakı şəhərində may ayının 14-dən dənizdə
neft platformalarının mühafizəsi, döyüş gəmilərində
şəxsi heyətin peşəkarlıq səviyyəsinin
artırılması, gəmi komandirləri və onların
köməkçilərinin təlim və təhsildə
bacarıqlarının yüksəldilməsi məsələlərinin
müzakirəsi ilə bağlı Hərbi Dəniz Qüvvələrinin
zabitləri ilə NATO-nun Hortvud Hərbi Dəniz Qüvvələri
Komandanlığı nümayəndələrinin birgə
ekspert qərargah görüşü keçirildi. Həmçinin
may ayında Azərbaycan Respublikasının Müdafiə
nazirinin birinci müavini - Silahlı Qüvvələrin
Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Brüsseldə
NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri
səviyyəsində İSAF və post-2014 Qətiyyətli Dəstək
üzrə formatlarında keçirilən iclaslarında
iştirak etdi. Azərbaycan Respublikasının Müdafiə
naziri general-polkovnik Zakir Həsənov NATO-nun baş katibi
Anders Foq Rasmussenin dəvətilə Şimali Atlantika
Şurasının Əfqanıstanda Təhlükəsizliyin
Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin
(ISAF) əməliyyatına töhfə verən qeyri-NATO
ölkələri ilə müdafiə nazirləri səviyyəsində
iclasında iştirak etdi. Səfər zamanı müdafiə naziri NATO-nun
Avropadakı Müttəfiq Qüvvələri
Komandanlığı Qərargahına da baş çəkdi.
Azərbaycan NATO ilə yanaşı bu təşkilata üzv
olan ölkələrlə də ayrılıqda hərbi sahədə
əməkdaşlıq edir. Bu əməkdaşlıq
ordumuzun müasir hərbi standartları mənimsəməsinə,
modern yenilikləri tətbiq etməsinə şərait
yaradır.
Emin HƏSƏNLİ
525-ci qəzet.-
2014.- 23 dekabr.- S.2.