Oqtay Sadıqzadə vəfat etdi
Azərbaycan
mədəniyyətinə ağır itki üz verib
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də axşam saat 22:30 radələrində vəfat edib.
Ömrünün 94-cü ilində əbədi gözlərini yuman mərhum rəssamla vida mərasimi bu gün saat 12:00-dan 14:00-a qədər Təzə Pir məscidincə baş tutacaq.
Xatırladaq ki, Oqtay Sadıqzadə 24 fevral 1921-ci ildə Oqtay Sadıqzadə 1921-ci il fevralın 24-də Bakının Novxanı kəndində anadan olub. O, tanınmış ədiblər - yazıçı Seyid Hüseynin və şairə Ümmügülsüm xanımın ailəsində dünyaya göz açıb. Valideynlərini repressiya illərində itirən Oqtay Sadıqzadə gənc yaşlarından rəssamlığa, ədəbiyyata maraq göstərməyə başlayıb. O, 1939-cu ildə Bakı Rəssamlıq Texnikumunu, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsini bitirib. O, rəssamlığın müxtəlif sahələrində çalışıb, uzun illər Azərbaycan təsviri sənətinin inkişafına yorulmadan xidmət göstərib.
1977-ci ildə "Əməkdar incəsənət xadimi", 1992-ci ildə "Xalq rəssamı" adına layiq görülüb . "Şöhrət" ordeni (1999), "Şərəf" ordeni (2011) və təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatı (2014) ilə təltif edilib .
Ölkəmizdə müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Oqtay Sadıqzadənin böyük xidmətləri var. O, tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq, qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutur.
Xalqımız görkəmli sənətkar Oqtay Seyid Hüseyn oğlu Sadıqzadənin xatirəsini daim qəlbində yaşadacaq.
Allah rəhmət eləsin!
S.Abdullayeva
525-ci qəzet.- 2014.- 23 dekabr.- S.3.