Həssas insan və
peşəkar jurnalist
ömrünün 50 ili
Yaradıcı adamlar və qurumların fəaliyyətinin
cəmiyyətə çatdırılması,
ictimaiyyətin diqqətinin
onlara yönləndirilməsi
vacib və məsuliyyətli işdir.
Bu işin öhdəsindən
vicdanla gələn jurnalistlər, televiziya aparıcıları, piar mütəxəssisləri sırasında
əsl ziyalı və qələm adamı kimi Ağahüseyn Şükürovun
öz yeri var. O, respublikada çox az sayda olan
yaradıcı insanlardandır
ki, uzun müddət bu sahədə fədakarlıqla
fəaliyyət göstərib.
Tərcümeyi-halına nəzər
salsaq, bunu aydın görərik.
Ağahüseyn Məmmədhüseyn oğlu Şükürov
1964-cü il dekabrın
21-də Masallı rayonunun
Qasımlı kəndində
anadan olub. 1972-1982-ci illərdə Yeddioymaq kənd orta məktəbini əla qiymətlərlə oxuyib.
Üçüncü sinifdə
oxuyandan "Azərbaycan
pioneri" qəzetində,
"Pioner" jurnalında,
sonradan Masallıda çıxan "Çağırış"
qəzetində və
digər mətbuat orqanlarında məqalələri
dərc edilib. 5-ci sinifdə oxuyarkən
"Azərbaycan pioneri"
qəzetində "Fəal
müxbirlərimiz" rubrikası
altında haqqında informasiya ilə birgə şəkli çap olunub. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında (keçmiş Pribaltika Hərbi Dairəsi) həqiqi hərbi xidmət zamanı Riqada çıxan "Za Rodinu" qəzetində vaxtaşırı
olaraq çıxış
edib, burada "Gənc hərbi müxbir" qiyabi məktəbində oxuyaraq
vəsiqə alıb.
1985-ci-1991-ci
illərdə Azərbaycan
Dövlət Universitetinin
(indiki BDU) Jurnalistika fakültəsində təhsil
alıb. 1988-ci ildən
əmək fəaliyyətinə
başlayan A.Şükürov
həmin ilin oktyabr ayından 1992-ci ilin oktyabrınadək Masallı rayonunda çıxan "Çağırış"
qəzetində əvvəlcə
ədəbi işçi,
sonra məsul katib işləyib. Sonra bir müddət
bir sıra respublika qəzetlərində
korrektor, ədəbi işçi, müxbir kimi fəaliyyət göstərib. 1999-cu ildən
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) və Azərbaycan Respublikasının
Prezidenti yanında Ali
Attestasiya Komissiyasının
orqanı olan "Elm"
qəzetinə müxbir
qəbul edilib, 2007-ci ilədək burada məsul katib, baş redaktorun müavini vəzifələrində,
həmçinin AMEA Mətbuat
xidməti rəhbərinin
müavini, AMEA Mərkəzi
Aparatında Elmi informasiya şöbəsinin
rəis müavini,
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun nəzdində
"Elm" internet agentliyinin müxbiri, məsul katibi vəzifələrində
çalışıb.
Milli Məclisin təsisçiliyi
ilə nəşr olunan "Azərbaycan"
qəzetində korrektor
(2001-2007), 2007-ci ildən 2010-cu ilədək yenə burada məsul katibin müavini işləyib. 2010-2013-cü illərdə
yenidən "Elm" qəzetində
müxbir, 2013-cü ilin
oktyabrından 2014-cü ilin
mart ayınadək AMEA Nizami
adına Ədəbiyyat
İnstitutunda mətbuat
xidmətinin rəhbəri
olub. 2004-2012-ci illərdə
AMEA-nın Həsən
Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi vəzifəsində çalışıb.
Akademik Budaq Budaqovun "Coğrafiya elminin uğurları" çoxcildliyinin redaktorudur.
Bir sıra elmi, elmi-kütləvi və bədii kitabların redaktoru, tərtibçisi, bədii
redaktoru, korrektoru olub.
Ağahüseyn Şükürov 2003-cü ildən indiyədək paralel olaraq Yazıçılar Birliyinin
orqanı olan "Azərbaycan", eləcə
də 2014-cü ildən
"AMEA-nın Xəbərlər
Məcmuəsi" jurnallarının
əməkdaşıdır. O, 2000-ci ildən indiyədək Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyasında, müqavilə
üzrə, imtahan rəhbəri kimi də çalışır.
2014-cü ilin mart ayından
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəylinin köməkçisi
vəzifəsində işləyir.
Bugünlərdə Ağahüseyn Şükürov filologiya
üzrə fəlsəfə
doktoru dissertasiyasını
uğurla müdafiə
edib. Azərbaycanda, eləcə də xaricdə çap olunmuş çoxsaylı
elmi və elmi-publisistik məqalənin
müəllifidir. Ədəbiyyatşünaslıq
üzrə bir monoqrafiyası çapa hazırlanır. Azərbaycan
milli mətbuatında
elmi jurnalistikanın tanınmış nümayəndələrindən
biridir. 1999-cu ildən
elmi jurnalistika sahəsində fəaliyyət
göstərir. İndiyədək
elmi informasiya, müsahibə,
reportaj, icmal kimi jurnalistika
janrlarında 200-dən çox
məqaləsi "Azərbaycan",
"Respublika", "Xalq
qəzeti", "525-ci qəzet",
"Kaspi", "İki
sahil", "Palitra",
"Elm" və başqa
qəzetlərdə, eləcə
də bir sıra jurnallarda dərc edilib, Azər TAc, APA informasiya agentliklərinin,
elm.az portalının və
digər müxtəlif
xəbər saytlarının
elektron səhifələrində
işıq üzü
görüb, televiziya
və radio verilişlərində
səsləndirilib.
2004-cü
ildə AMEA Rəyasət
Heyətinin Fəxri fərmanını alıb.
Yeni Azərbaycan Partiyasının
və Azərbaycan
Jurnalistlər Birliyinin
üzvüdür.
Ağahüseyn müəllim həm
də gözəl ailə başçısı,
fədakar, qayğıkeş
atadır.
Onun həyat və fəaliyyətinə Zaman
və Məkan baxımından diqqətlə
nəzər yetirəndə
məlum olur ki, yuxarıda sadalananlara heç də asan başa
gəlməyib: A.Şükürov
həyatının bütün
dövrlərində çətinliklə
üzləşsə də,
onun şəxsiyyəti kölgədə,
arxa planda qalmayıb, siması dəyişilməyib. Ömrünün
50-ci pilləsində də
əsl ziyalı, vətəndaş və qələm adamı kimi mövqeyini qoruyur, fəaliyyətini davam etdirir.
İman
gətirən bir insan Allahı böyük coşğu, həyəcanla sevər. Allaha olan sevgisindən
ötrü Allahın
yaratdıqlarına qarşı
da böyük sevgi və məhəbbət
duyar. Allahı çox sevdiyi üçün Allahı
sevən imanlı insanlara qarşı böyük sevgi duyar. Bu fikirləri Ağahüseynə də
şamil etmək olar.
Həyatda elə insanlar var ki, ömrünün
çox az hissəsini özünə
həsr edir. Qalan hissəsini isə başqalarının
işinə yarımaqla,
onlara kömək etməklə, dərd-sərinə
şərik çıxmaqla,
acılarını bölüşməklə,sevinclərini
paylaşmaqla keçirir.
Uzun illərdən bəri xarakterinə və şəxsiyyətinə
yaxından bələd
olduğum jurnalist, yaradıcı insan Ağahüseyn Şükürov
da həyatının
mənasını başqalarına
kömək etməkdə
görən insanlardan
biridir. Mən onu 30 ildən çoxdur ki, tanıyıram. O, insana xas olan ən
gözəl keyfiyyətləri
özündə cəmləşdirən,
yoldaşa, dosta etbarlı, sədaqətli,
sözübütöv bir
şəxsdir. Vaxtilə onunla "Azərbaycan"
qəzeti redaksiyasında bir yerdə işləmişik. Kimsə
çətinliyə düşərdisə Ağahüseyn dərhal
ona kömək etməyə tələsərdi. Bu xüsusiyyətlərinə
görə redaksiyadakıların hörmət və rəğbətini
qazanırdı. İstər işçilər olsun, istər
oxucular, istərsə də redaksiyaya müraciət edən
adi insanlar - Ağahüseyndən həmişə razılıq
edirdilər. Çünki o, adamları başa
düşür, onları həmişə səmimi və
gülərüzlə qarşılayırdı. Heç bir
zaman kiminsə könlünü qıran görmədim
Ağahüseyni. Onun şəxsiyyəti haqqında çox
danışmaq olar. Qarşıdan Ağahüseynin 50 illik
yubileyi gəlir. Doğrudan da yaşa dolduqca insanın
gücünü anlamağa başlayırsan; bu, xüsusilə
yaradıcı, qurucu, düşündürücü və
xeyirxah işlərlə bağlı olanda daha əzəmətli
güc olur. Adam belə insanların keçdiyi ləyaqətli
ömür yoluna heyrət etməyə
bilmir. Hər şey ötüb gedir - uşaqlıq, gənclik,
...., vəzifə, hakimiyyət, ehtiras, sevgi... hər şey..,
lakin insanın yaratdığı və qurduğu işlərlə
bağlı iki şey
-yaxşı ad və imza əbədi
qalır. Ağahüseyn Şükürov bu əlli ildə hər
ikisinə nail olub. Biz də
bütün qohumları, ailəsi, həmkarları və
yaxın dostları adından Ağahüseyni 50 illik yubileyi
münasibətilə təbrik edir, ona
cansağlığı, uzun ömür və əlbəttə
ki, yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
Daşdəmir
TAĞIYEV
525-ci qəzet.-
2014.- 24 dekabr.- S.7.