Dünyadan bir şair keçdi, yaxud dərviş
qiyafəli şeirlər
Bugünlərdə
dünyadan köçən şair-publisist Dərviş
Cavanşiri tanınmış nasir Əlabbasın bir
yazısı ilə yad edirik. Bədii
yaradıcılığa XX əsrin 60-cı illərindən
başlayan, əvvəlcə Cavanşir Eloğlu, sonradan isə
Dərviş Cavanşir imzası ilə çap olunan
Cavanşir Musa oğlu Məmmədov 1990-cı ildən Azərbaycan
Yazıçılar Birliyinin, 1996-cı ildən Jurnalistlər
Birliyinin üzvü idi. Dərviş Cavanşir 2014-cü il
dekabrın 15-də 60 yaşında vəfat etdi,
Bakının Hövsan qəsəbəsində torpağa
tapşırıldı.
Bineyi-qədimdən
ona Cavan demişəm, hərçənd heç cavan
gününü görmədim. Otuz-otuz beş il əvvəl
olduğu kimi, son günlərinəcən də canla
cavanlıq eləməyindən əl çəkmədi. Amma
axır vaxtlarında ona bu adla müraciət etsəm, yəqin,
üzə vurmasa da, qəlbində inciyərdi; nə
vaxtdandı bir dərviş həyatı yaşayır və
deyirdi ki, təxəllüsünə çevrilmiş bu ismi
ona böyük mürşidi Əbülfəz bəy verib.
Fəziləti
nədədi Dərviş adının, bilmədim, bəlkə
bunu aramağa bir gərək də yox, intəhası bu
dünyanın daşı necə qoyulubsa, tərs kimi bir
çox şey elə addan başlanır... Məni
çaşdıran da odu ki, bu gün Dərviş adına
iddia edənlərin sayı bir deyil, beş deyil, nağdı
üçünü mən
tanıyıram: Vəli Xramçaylı, Murad Köhnəqala,
Cavanşir Eloğlu... Amma Tofiq Qaraqayanın, Alhüseyn
Cavadoğlunun, Əlizadə Nurinin, Əlisəmid
Kürün, Yafəs Türksəsin,
Aydın Uluxanlının, Rüstəm Behrudinin, Adil Mirseyidin,
Rəfail İncəyurdun, Şaiq Vəlinin, Əhməd
Oğuzun, Avdı Qoşqarın, Kəramətin bizim Dərvişlərdən
fərqi nədədi, onu da ayırd eləyə bilmirəm. Bəlkə
buna görə hərdən elə bilirəm şairlik də
elə bir cürə dərvişlikdi! Yaxud əksinə, dərvişlik
elə şairlikdi, əsl şair işidi.
lll
Bir yarpaq
xatirə: 1976-cı ildi. Azərbaycan (indiki Bakı) Dövlət
Universitetinin filologiya fakültəsində Əkrəm
Əylisli və Ramiz Rövşənlə görüş
keçirilir. Sona yaxın qara sağanaqlı eynəyini
alnının ortasınacan qaldıran dərvişlibas bir tələbənin
xitabət kürsüsündən gələn səsi az
qalır pəncərənin lay şüşələrini
yerə töksün:
Qurban olum
torpağına, daşına,
Qaldır
məni Əlincənin qaşına,
Qoy
dolanım, Vətən, sənin başına
Deməsinlər,
pərvanəsi çatışmır.
Ramiz
Rövşən olan yerdə şeir oxumaq? Özü də
otuz il əvvəl? Bəlkə də ovaxtkı o gurultulu
alqışlar məhz hər oğulun edə bilmədiyi cəsarətin
layiqli dəyəri olduğu üçün yaddaşımda
belə ilişib qalıb?..
Görüş
başa çatar-çatmaz, söz-sənət fakültəsinin
bahadırları məşvərətə başladı, nə
başladı... Qatı siqaret tüstüsündə daha
hansı fikirlər qaldı səslənməsin: "Əla
təbi var, Vətən təəssübünü
yaxşı poetikləşdirib, pərvanə məsələsi
də lap yerinə düşüb, amma azca pafos var, qaça
bilsə ondan, əvəzi olmayacaq" və sair.
Bax belə…
Öz sufi inancı ilə əksəriyyətdən fərqli
olaraq indi təxəllüsü adından da əvvəldə
gələn Cavanşirin dərvişlik deyibən yol
başladığını sözdən, sənətdən
az-çox başı çıxan öz
tay-tuşları da hələ
o vaxt duymuşdular.
lll
Qarşımda
bir kitab var: "Haqdan yanan bir çırağam". Mənim
üçün qətiyyən maraqlı deyil ki, bir-birindən
dəyərli şeirlər salınmış bu toplu, müəllifinin
neçənci kitabıdı, əslində bu elə bir əhəmiyyət
də kəsb eləmir, heç Vətən haqdakı o məşhur
şeir də bu kitaba daxil edilməyib, amma çox dəqiq
inamımdı ki, Cavan sözün köynəyindən məhz
o şeirlə keçmişdi və niyəsə o yaddan
çıxmayan günlərə qayıtdıqca elə
sanıram ki, Əkrəm Əylisli ilə Ramiz Rövşən
də o gün o təntənəli mərasimə
yaradıcılıq fakültəsinin tələbələri
ilə görüşdən də əvvəl, məhz
özünü sənətdə sınamaq istəyən bir
növcavanı sözün köynəyindən sağ-salamat
keçirməyə gəlmişdilər. O illər o qism
xeyr-dualar təzəcə qələmə sarılan hər
bir yeniyetmə üçün açılan qapılar demək
idi. Özü də necə qapılar?!. Yaxşı ki, adam
şəklində, insan cildində olan o cür qorxunc və bədheybət
qapılardan yoxdu daha... yoxdu...
O yandan da
Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza kimi
ustadlardan çəkinməyib Vətəni o cür pafosla vəsf
eləmək!.. Bu da hər kəsin hünəri deyildi. Hər
halda faktdı ki, o şeir az vaxt içərisində 70-ci illərin
ikinci yarısının dəbdə olan, indiki ifadə ilə
demiş olsaq, ən bərkgedən şeirlərindən birinə
çevrildi.
O vaxt o
şeiri Cavanşir Eloğlu yazmışdı, bu şeiri isə
Dərviş Cavanşir yazıb:
Tənha,
yalqız bir ulu yurd,
Bir mən
qaldım, bir quru yurd
İçimdə
boz qurd uluyur,
Çölümdə
quzu mələşir...
Bunu da:
Gizlədərəm,
özgə bilməz,
Çəkərəm
gizlicə, bilməz.
Min
ağıllı çəkə bilməz
İndi
bir dəli dərdimi.
Bunu
da:
Gözüm
könlümə aynadı...
Fələk
balamı aldadır,
Qazanımda
daş qaynadır,
Daşdan
çıxır çörəyim də...
Bunu da Dərviş
yazıb:
Köhnə
yaram qövr edir,
bağrım
olur qan gedir,
Neçə
təxti-Süleyman əlində fərman gedir,
Saxlayın
bu karvanı...
məndə
olan can gedir,
Çərxi
dönsün fələyin,
bu nə
gərdişdi, keçir?
lll
Mən bu
adamı başdan-binadan dərviş libasında
görmüşəm. Dəli könlü havalananda da, hətta
"bir solan yarpağa söz demək taqəti olmayanda"
da... Bəlkə də ondandı ki, qələmindən
çıxan nə varsa, bu gün də gözümə dərviş
qiyafəsində dəyir, onu həmişə tünlüklərdən,
cahıl yığnaqlarından gen gəzən, qərib
görürəm. Lap dost-doğmalar arasında, izdiham
içində olanda da... Burda heç o fikir yadıma da
düşmür ki, şairin sinnini onun şeirlərinin
yaşı təyin edir. Ona qalsa, Eloğlu dünənin
uşağı olmalıdı. 1976-cı il bəyəm belə
uzaq bir tarixdi?! Gördüyüm, bildiyim odu ki, Cavan
özünü həmişə bu poeziyanın ögey və
qərib balası sanıb. Nəinki tənqidçi və tədqiqatçılar,
ən yaxın dostları belə unudub ki, bu adamın neçə
yaşı var, hardadı, nə işlə məşğuldu,
günü-güzəranı necə keçir? Bax,
sorğu-sualın bu yerinə çatanda dərvişlik mənimçün
təkcə şairliyin yox, elə insanlığın da,
ömrün də bir ali məqamına çevrilir.
Bu adam
otuz-otuz beş il əvvəl olduğu kimi, axıracan da
başını aşağı salıb öz işini
görür, yazı-pozusu ilə vaxt keçirirdi, heç xəbəri
də yoxdu ki, ondan min dəfə yaxşı günü,
dirriyi olanlara hardasa nəsə verirlər, az da olsa bir diqqət
göstərirlər. Eşidəndə də gülür,
heyrətdən gözləri dörd olur, deyir, dostlar
zarafatcıl olub gediblər, elə də şey olar?
Bu yerdə
şübhəmi qalar ki, "mən qəribin
qardaşıyam" kəlmələrini gec-tez ağ vərəq
üstə gətirən də elə o duyğu olmayıb?
Hörün
məni divarlara,
Divarlar
uca görünsün,
O
ucalıqdan baxanda,
Bu
qapı-baca görünsün.
Ölüm
ikilikdən olub,
Dirim
dirilikdən olub.
Demə
igidlikdən olub
Ürəyim
haça görünsə.
Çay
daşı, çaylaq daşıyam,
Aranda
yaylaq daşıyam...
Mən qəribin
qardaşıyam,
Qınama
qoca görünsəm.
lll
Nə
vaxt ki, köynəyinin boynu didilmiş, şalvarının
dizi süzülmüş, köhnədəb, enliburun
başmağının dabanı yeyilmiş adam görürəm,
vacib deyil ki, o, söz-sənət adamı, lap elə şair
olsun, niyəsə yadıma Cavanın sözləri
düşür:
Şairin
ərköyünü fələkdən küsər,
Uşağın
ərköyünü çörəkdən...
Ölmüşdü
fələyin anası,
Şair
nazı çəkə...
Guya, o bu
fikrə gəlməzdən əvvəl bilmirdi qələm
onu ağ günə çıxaran deyil? Çıxaran idisə,
Məhəmməd Hadini, Hüseyn Cavidi, Mikayıl
Müşfiqi niyə çıxarmırdı? Hələ o
vaxt, cavanlıq dəmlərində anasına
yazdığı bitiyin bir yerindəki kəlmələri guya
havaya-zada deyirdi?
Ata
ocağının nuru, atəşi,
Salam,
kövrəkqəlbli, nigaran anam,
Darıxma,
qurtarıb bir para işi,
Tezliklə
yanına qayıdacağam.
Amma
qayıtmadı. İşi qurtarsa da, qayıtmadı. O vaxt ki,
daha hər şeyə arxa çevirib, bezib, usanıb
qayıtmaq olardı, onda da qarşısını ayrı
şey kəsdi:
Cavanşir
bir qoca dərviş,
Sənnət
almasını dərmiş
Ölümə
qalsa, ölərmiş,
Qorxur,
düşmən sevindirə.
İndi gəl
inan ki, şairi elə bu cür nəsnələr dərviş
eləmir... İndi gəl inan ki, bəxt, qismət deyilən
şey yoxdu, alın yazısı yalandı... Niyəsə hərdən
elə bilirəm, taleyin Cavan qədər sınağa çəkdiyi
ikinci bir şair yoxdu yer üzündə! Onu da mən deməmişəm
ki:
Mən dərdə,
kədərə öyrəncəliyəm,
Hər
işi nəhs gələn işgəncəliyəm,
Barı
heç olmasa öz əcəliynən,
Ölməyi
şairə, nəğməkara yaz.
Əslində
günlərin bir günü "Qız ağacı, qoz
ağacı" dediyi elə şeir ağacıydı,
heç də hamını yarıtmayan şeir
ağacı... O da qalmışdı, sözün bir qara
quruşcan dəyəri qalmayan günlər ola...
Bu
ağacın cevizi yox,
Gövdəsində
bir izi yox.
Bu
ağaca selbə atma,
Sənə
layiq cehizi yox...
lll
Cavana
"uğurlu yol"u ustad Məmməd Araz
yazmışdı. Bu, çox və ciddi mətləblərdən
xəbər verirdi. Əvvəla, Məmməd Araz hər yetənə
təqdimat yazan deyildi, ikinci də, o haqqı Cavan özü
qazanmışdı. Öz damarlı şeirləri ilə...
Sözə ustad baxışı ilə... Xalq dili xəzinəsindən
gərəyincə bəhrələnməklə… və nəhayət,
şeirinə xüsusi zinət verən ifadə tərzindəki
təzəliklə. Çox güman, məhz elə buna
görədi ki, kitabda Cavanın bir dənə də
boyatımış şeirini görmədim. Hərçənd
min illərlə tarixi olan poeziya ənənələrinə
sadiqlik, ola bilsin, bu gün bir çoxuna köhnə gələ
bilər və təəssüf ki, gəlir də. Nə etmək
olar, bu ki bizdən asılı deyil. Kimin ədəbiyyatda
qalıb-qalmayacağını da əski forma, təzə və
ya köhnə qəliblər müəyyən eləmir.
Tüstüsü düz çıxan mətləblər var
ki, yaşı az qala gedib min ilə dayanır, buna nə deyəsən:
Əzizim
tatar məni,
Qul edib
satar məni,
Vəfalı
yarım olsa,
Axtarıb
tapar məni.
lll
O şey ki,
bir zaman Cavanın qələm dostlarını haqlı olaraq əndişələndirirdi,
zaman keçdikcə gənclik illərinin od-alovu kimi onlar
şeirlərdən öz-özünə çəkilib
getdi, o illərin şeirinə xas səs-küyün,
ritorikanın yerini təmkin və xoş bir ritm tutdu. Bu, Cavan
şeirlərinin çox vacib, fərqli və fərdi bir
elementinə çevrildi:
Bu sənsənmi,
yoxsa mələk?
Elə
bil yuxu görürəm.
Yayını
gizlətmə, fələk,
Atdığın
oxu görürəm.
Fələk
onsuz da hərənin başını bir cür aldadır və
bir zaman baxırsan ki, gün qürubdadı. Bəyəm zaman
gözümüzün qarşısındaca
dostlarımızın azını ikiqat eləyib?
Elə
onu da əyə bildikcə əydi, əydi, amma sındıra
bilmədi. Əgər haqdan yanan bir çıraqsansa, gərək
hər ötərgi bad ilə sönməyindən qorxmayasan -
görəsən, Cavanı ayaqda saxlayan bu hiss idi, ya dərvişliyin,
necə deyərlər, bir türfə əlaməti də elə
budur?..
ƏLABBAS
525-ci qəzet.- 2014.- 24 dekabr.- S.6.