Qaradağ rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Ölkəmizdə
həyata keçirilən islahatlar, bir sıra ümummilli
proqramlar, mühüm infrastruktur layihələrin uğurla
reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini
əhəmiyyətli dərəcədə dəyişərək,
tarazlı inkişaf və davamlı yüksəliş
üçün möhkəm əsas yaradıb. Prezident
İlham Əliyev yürütdüyü siyasətin
reallığa adekvatlığını əməli işi
ilə sübuta yetirərək islahatların
davamlılığını,
ardıcıllığını təmin edərək ictimai
həyatın bütün sahələrində intibah və tərəqqinin
əsasını qoyub. Məhz həyata keçirilən
uğurlu islahatların nəticəsidir ki, təkcə son 10
ildə ölkə iqtisadiyyatının strukturu müsbətə
doğru dəyişərək, çoxşaxəli
iqtisadiyyata çevrilib və qeyri-neft sektorunun dinamik
inkişafı təmin edilib. MDB ölkələri üzrə
lider dövlət statusunu, nüfuzunu qoruyan Azərbaycanda sənaye
potensialı gücləndirilib, yeni istehsal sahələri
yaradılıb, minlərlə obyekt, bir milyondan artıq
iş yeri açılıb. Habelə sahibkarlığın
inkişafı üçün yeni-yeni imkanlar
yaradılıb. Ölkədə əldə edilən nailiyyətlərə
öz payını verməyə çalışan
Qaradağ rayonunda da sosial-iqtisadi sahədə parlaq göstəricilər
əldə edilib.
Qaradağın
yeni siması
Qaradağ
rayonu Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar
1923-cü ildə yaradılıb. Toponimlərimizin
özünküləşdirməsi məqsədini
reallaşdırmağa çalışan məkirli qüvvələr
bu rayona da Azərbaycana aidiyyəti olmayan şəxslərin
adını verməyə çalışıblar. Belə
ki, Qaradağ rayonu 1937-ci ilədək Mikoyanın, 1956-cı
ilədək Molotovun adını daşıyıb. 1956-63-cü
illərdə Qaradağ rayonu adlandırılsa da,
1963-66-cı illərdə dəyişdirilərək Əzizbəyov,
1966-cı ildən isə yenidən Qaradağ
adlandırılıb. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol
stansiyalarından hesab olan Qaradağın adı ilə
bağlıdır. Hazırda Qaradağ rayonunun inzibati ərazi
vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun ərazisi
1080 kvadratkilometr, əhalisinin sayı isə 120 min nəfərə
yaxındır.
Artıq
rayon özünün bir əsrlik simasını tamamilə dəyişərək
yeni görkəm alıb. Xüsusən, son on illiklər ərzində
rayonda müqayisə olunmayacaq tərzdə yeniliklər
baş verib. Bu dəyişikliklər rayonun infrastrukrturundan
tutmuş sakinlərin sosial rifah halına qədər
bütün sahələrdə aydın sezilir.
Qaradağ:
güclü sənaye mərkəzi
Prezident
İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan
regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət
Proqramları, həmçinin, Bakı şəhərinin və
onun ətraf qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramlarının uğurla
icrası paytaxt Bakı ilə yanaşı, ətraf rayon və
qəsəbələrdə də sıçrayışlı
inkişafını şərtləndirib. Məqsədyönlü
tədbirlər nəticəsində Qaradağ artıq
respublikanın mühüm sənaye mərkəzlərindən
birinə çevrilib. Geniş sənaye potensialı olan
rayonun iqtisadi göstəriciləri də qarşıya qoyulan
hədəflərin uğurla
reallaşdırıldığını və
Qaradağın ölkəmizin dinamik inkişafında öz
üzərinə düşən vəzifələrin öhdəsindən
layiqincə gəldiyini göstərir. Bütün bunları
nəzərə alaraq demək olar ki, Qaradağ rayonu Azərbaycanın
güclü sənaye mərkəzinə çevrilib.
Bu mənada
Prezident İlham Əliyevin "Qaradağ rayonu Azərbaycanın
güclü sənaye mərkəzinə çevrilir. Burada
yaradılan müəssisələr və tikilməkdə
olan zavodlar rayonun iqtisadi gücünü artıracaq, yeni
iş yerlərinin açılmasına gətirib
çıxaracaq" fikirləri də çox şeyi ifadə
edir.
İşsizliyin
uğurlu həlli
Qaradağ
Rayon İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılovun rəhbərliyi ilə həyata keçirilən
tədbirlər nəticəsində rayonda işsizlik problemi
uğurla həllini tapmaqdadır. Rəsmi strukturların
statistik məlumatına görə, paytaxt rayonları
arasında daha çox iş yeri məhz Qaradağda
yaradılıb.
Rayonda
yeni istifadəyə verilən, habelə tikintisi davam edən
müəssisələr eyni zamanda, işsizlik probleminin həllində
də mühüm rol oynayır. Hazırda Ələt qəsəbəsində
Beynəlxalq Dəniz Limanının inşası uğurla
davam etdirilir. Puta qəsəbəsində Metanol zavodunun
tikintisi başa çatıb və açılışa
hazır vəziyyətdədir. Zavod nəinki
respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng
özəl müəssisələrdən biri sayılır.
Rayonun Səngəçal qəsəbəsi ərazisində
Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması
üçün 1875 hektar yer ayrılıb (ümumi sahəsi
3850 hektar). Kompleksdə təqribən 2000 nəfər işlə
təmin olunacaq.
Təhsil
və səhiyyəyə xüsusi diqqət
Sözügedən rayonda təhsil və səhiyyə sahələrinin inkişafına da xüsusi diqqət yetirilir. Xüsusən son aylar Qaradağda yeni-yeni təhsil, səhiyyə və mədəniyyət müəssisələri inşa edilərək sakinlərin istifadəsinə verilib. Dövlət Proqramına əsasən təhsil sahəsi üzrə 8 körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri başa çatıb, 2 uşaq bağçası üçün yeni bina, 2 məktəb üçün isə əlavə tədris korpusu tikilib. Eyni zamanda 7 nömrəli Bakı Peşə məktəbi üçün yeni binanın tikintisi başa çatdırılıb. Qobustan qəsəbəsindəki körpələr evi-uşaq bağçası əsaslı təmir olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun 3 qəsəbəsində yeni uşaq bağçasının tikintisinə başlanılıb. Ümumilikdə isə rayonda 25 orta məktəb, 4 lisey və peşə məktəbi, 3 musiqi məktəbi, 1 xüsusi internat məktəbi fəaliyyət göstərir. Uşaq bağçaları və körpələr evinin sayı isə 22-ə çatıb. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Səhiyyə Nazirliyi tərəfindən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində uşaq poliklinikası üçün yeni binanın inşası nəzərdə tutulub. Bununla yanaşı Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Lökbatandakı yeni müasir xəstəxana binalarının istifadəyə verilməsi üçün tamamlama işləri aparılır. Rayon ərazisində 7 xəstəxana, 6 poliklinika, 2 müstəqil poliklinika, 1 stomatoloji poliklinika, 1 özəl klinika, 1 uşaq sanatoriyası, 1 doğum evi, 2 təcili və təxirə salınmaz tibbi yardim stansiyası, eyni zamanda, Respublika Güzəm xəstəxanası və Ələt Dəmiryol xəstəxanası fəaliyyət göstərir. Müvafiq Dövlət Proqramına əsasən bu ilin may ayında Müşfiqabadda mədəniyyət evi əsaslı təmirdən sonra istifadəyə verilib. Eyni zamanda, Lökbatandakı 9 saylı musiqi məktəbi üçün yeni bina inşa olunub. Bütövlükdə rayonda mədəniyyət və istirahət mərkəzlərinin sayının artırılmasına xüsusi diqqət ayrılır. Rayonda 8 mədəniyyət evi, 1 muzey, 10 kitabxana, 10 mədəniyyət və istirahət parkı, 1 dövlət qoruğu fəaliyyət göstərir. Habelə Qaradağ rayonu ərazisində olan 15 tarixi abidə var ki, onun da 4-ü respublika, 1-i isə dünya əhəmiyyətlidir.
İnkişafın sirri
Qaradağ rayonunun statistik göstəriciləri kifayət qədər yüksəkdir. Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov cari ilin doqquz ayının yekunları barədə danışarkən bunları deyib: "Rayon üzrə sənaye məhsulunun ümumi həcmi 447, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7 milyon manat olub. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 403,7 milyon manat investisiyadan istifadə edilib. İstifadə olunmuş vəsaitin 312,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 430 min ton xam neft və 653,3 milyon kubmetr təbii qaz hasil edilib. Rayon üzrə 1,4 milyon ton sement, 97,2 min ton mişar daşı istehsal olunub. Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,7 milyon manat təşkil edib. Pərakəndə əmtəə dövriyyəsi 1,4 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 84,7 milyon manat olub. Ötən dövr ərzində rayonumuzda orta aylıq əməkhaqqı 765 manatdır. Rayonda əhalinin məşğulluq probleminin həlli üçün də əsaslı işlər görülüb. Əhalinin daimi iş yerləri ilə təmin olunması rayon rəhbərliyinin xüsusi diqqət ayırdığı məsələlərdən biridir".
Heydər Əliyev Fondundan qayğı
Qaradağ rayonunda əhalinin və sosial obyektlərin davamlı olaraq qaz, su, elektrik enerjisi və kommunal xidmətlə təminatı məqsədilə də çox böyük işlər görülüb. Rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 6 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılıb, 144 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılıb, 61 min metrdən çox müxtəlif diametrli kabel və hava xətləri çəkilib. Qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə müxtəlif diametrli 168 min paqometr mövcud qaz xətti yenisi ilə əvəz olunub. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən bu istiqamətdə işlər davam etdirilir. Ötən qış mövsümündə rayon üzrə 96 bina, 10 orta məktəb, 4 uşaq bağçası və 3 səhiyyə obyekti istiliklə təmin olunub.
Rayonda aztəminatlı ailələrdən olan məktəbli uşaqlara da vaxtaşırı yardımlar edilir. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayondakı imkansız, maddi durumu ağır olan ailələrin orta məktəblərdə təhsil alan 200 nəfərdən çox uşağa yeni məktəbli formaları və 160 nəfər birinci sinif şagirdi məktəb ləvazimatları ilə təmin olunub. Eləcə də İcra Hakimiyyəti rayonun əlil sakinlərindən heç vaxt zəruri qayğısını əsirgəmir. Məsələn, son olaraq dekabrın əvvəllərində İcra Hakimiyyətində əlil sakinlərlə görüş keçirilərək 200-ə yaxın əlil vətəndaşa ərzaq yardımı paylanıb.
Qaradağ ekspert gözü ilə
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov son illər Azərbaycanın mühüm inkişaf yolu keçdiyini bildirib: "Geridə qoyduğumuz 10 ilin təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsində regional inkişaf üzrə Dövlət Proqramları mühüm rol oynayıb. İcrası başa çatmış iki Dövlət Proqramı çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, geniş və ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib. Bu müsbət inkişaf dinamikası Qaradağ rayonunda da özünü göstərir. Rayonda həyata keçirilən uğurlu tədbirlər nəticəsində istehsal sahələrinin dinamik və effektiv fəaliyyəti təmin olunub, sənaye potensialı əsaslı şəkildə gücləndirilib. Rayonda ən müasir texnologiyaların tətbiq olunduğu və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlər yaradılıb. İstehsal müəssisələrində işlə təmin olunan vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Rayonda çox geniş infrastruktur şəbəkəsi yaradılıb, yeni müasir tipli müəssisələr, xidmət obyektləri, istirahət və yaradıcılıq guşələri, parklar, səhiyyə, təhsil, idman qurğuları və s. həm rayonun inkişafına töhfələr verir, həm də vətəndaşların güzəranının daha da yaxşılaşmasında ifadə olunur".
İsgəndər
HƏSƏNOV
Yazı
Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun birgə
keçirdiyi müsabiqəyə təqdim edilir.
525-ci qəzet.- 2014.- 24 dekabr.- S.8.