Dərd şairi...

 

 

"...Dünyanın namərd olduğunu eşitmişdim. Sonra bu namərdliklə zaman-zaman üz-üzə gəldim. Lap sonra da o namərdliyin qurbanlarından birinə çevrildim. Əvvəlcə doğulduğum kəndi, ev-eşiyi itirdim - dünya səsimə səs vermədi. Qaçqınçılıq yaşadım - dünya hayıma çatmadı. Dostların yarpaq tökümü başladı - Vahid Əlifoğlunu itirdim, dünya susdu. Pərviz Əliyevlə vidalaşdım, dünya göz yumdu. Akif Səməd üçün göynədim - dünyanın tükü tərpənmədi. O boyda Məmməd Araz köç etdi, dünya səksənmədi. Səsinin vurğunu olduğum Məhəbbət Kazımovdan ayrıldım - yenə dünya lal qaldı. Yenə susdu dünya. Yenə kar oldu, zəlil oldu, cınqırı da çıxmadı. Məəttəl qaldım bu namərdliyə. İçimdən neçə yerə çat verdim, doğrandım, parçalandım, içimdə ağladım - yenə öz işində oldu dünya - namərd dünya".

 

...Sözlərində acı həqiqət var şairin. acı dərdlərini sevə-sevə çəkən, alışa-alışa, əriyə-əriyə, qovrula-qovrula qələmə alan, Əbülfət Mədətoğlu var. Gözlərində hər zaman silinməyən, kölgə olaraq gəzdirdiyi qayğı, əzab, DƏRD şairi, "Ədalət" qəzetinin mərhəmət, səmimiyyət elçisi... Sadəliyi, təvazökarlığı ilə o qapını açan, ora üz tutan hər kəsə nəsə kömək etmək üçün çabalayan, özü üçün deyil çevrəsindəkilərə xeyir vermək üçün çalışan şair....Kim tanımır ki, onu, böyüklə böyük, kiçiklə kiçik, kədərliylə kədəri, sevinciylə sevinci bölən ruh şairi. Deyirlər axı şairlər ürəkləri , hissləri ilə yaşayırlar. Bəli, Əbülfət Mədətoğlunun ürəyinin səsi ilə yazdığı...

 

"Səməni nəğməsi", "Nilufər çiçəyi", "Dərdini danışan adam", "Nişanə", "Ehtiyacın elçi daşı", "Döymək istədiyim qapılar", "Allah, məni unutma", "Ürəyimdəki sənsən", "Hər görüş bir ümiddir", "Sevgi pıçıltıları", "Yanan məktublar", "Mənim kimi sevə bilsən", "Gözləyənim var" şeirlər "Qəhrəman İbad", "Zəhmli polkovnik", "Üfüqdə görünən adam" sənədli povestlər kitablar müəllifi.

 

Kim tanımır ki, onu - bir az küskün, bir az gileyli, bir az narazı, bir az tutqun. Ən kədərli anında belə öz böyüklüyü ilə ətrafdakılara təbəssüm bəxş etməyə çalışan şair. 6 il az müddət deyil, "Ədalət" məktəbindən keçdiyim illər. Aqil Abbas təkrarsızlığı, İradə Tuncay əlçatmazlığı, Babək Yusifoğlu ciddiliyi... o kollektivdə yaşadığım, gördüyüm unutmadığım doğmalıq münasibəti. Çox insanlar girdi o qapıdan, oranın sakini olmaq üçün savadın, ləyaqətin, şərəfin olmalıydı. Orda çalışmaq, orda sağlam fəaliyyət göstərmək, bu gün fəxrlə "mən o məktəbi keçmişəm" demək hər kəsə nəsib olmur.

 

Pərviz Əliyev itkisində Aqil Abbas hönkürtüsü, Famil Mehdi ölümünün yaşatdığı Aqil Abbas sarsıntısı, Məmməd Arazın gəlişinin maraq həyəcanı.... o kollektin səmimiyyəti, Daşdəmir canfəşanlığı, məsuliyyəti, Tahirə səmimiyyəti, Mehriban tənbəlliyi, Ceyhun, Nicat, Zaur cütlüyünün macəraları... məndən əvvəl , sonra da yaşananların şahidi olan, bəzən bir gözüylə ağlayan, bir gözüylə gülən "Ədalət"in ədalətli Əbülfət Mədətoğlusu...

 

Kim tanımır ki, onu...Ciddiliyində zarafatı, zarafatında ciddiliyi gizlənən Dərd şairi. "Ədalət " məktəbinin veteranı... "Sən özün bir məktəbsən, səmimiyyət məktəbi”.

 

Həyat hər zaman üzə gülmür, amma sən dərdlərini sətirlərə çevirərək şeirlərinlə, yazılarınla həyatın üzünə güldün... gülmək istəməsən güldün güldürməyə çalışdın kimlərisə. Bu dərd yükü çəkən şairin dünya boyda dərdini , nöqtəyə çevirib həyata meydan oxumağı idi.

 

Yurd həsrətli, Vətən dərdli, dost iztirablı DƏRD şairi... şeirlərin ürəyinin göynərtiləri, yazıların ruhunun iztirabları oldu. Ölümü görüb gələn şair, sən ölümü belə səmimi zarafatla qəbul edəcəksən. Çünki dəyişməyən Əbülfət Mədətoğlu təbiiliyi, səmimiliyi bu yaşa qədər qorunubsa deməli bundan sonra da heç dəyişə bilməz... Oqtay müəllimin itkisini eşidəndə  ruhum sarsıldı. Dünyanın etibarsızlığını bilirdim, ana, ata, qardaş... doğmaların itgisinin yanğısı hələ keçməyib... İçimizdə közü qalan odumuz da artıq mənən yaxın bildiyimiz insanların itkisini, yoxluğunu gördükcə sönür. Yaz Əbülfət müəllim, yenə yaz, yaz ki,

"....Vətən bizim üçün qədər doğmadırsa, bizim güvəndiklərimiz , həyatımızı paylaşdıqlarımız da, talelərimizi birləşdirdiklərimiz həqiqətən bizim üçün Vətəndi. Mən bunu oxuduğum o isti son dərəcə səmimi fikirlərdən sonra bir daha özüm üçün anladım, dərk etdim. Amma onu da anladım ki, şəxsən mən Vətəndə bir parça işğal altındakı torpağam! Ona görə mən ilk öncə işğaldan qurtulmağa, sonra isə onun vətəni olmağa iddialı olmalıyam. Təbii ki, buna ömrün vəfa edib-etməyəcəyi yenə tale, qədər, alın yazısının əlindədi..."

 

Mən öz sözümün üstə

Çox çəkdim başağrısın

Ürəyimə tuşlanan

Neçə cür daş ağrısın.

 

Sığmayıb qəfəsimə

Od qatıb nəfəsimə

Qoymadın əvəzimə

Bircə yol daş ağrısın.

 

Yanılmadım seçimdə

Dünya boyda, biçimdə

Bol sevincin içində

Sirdaş, yoldaş ağrısın...

 

Dost, sirdaş,insanlıq .... DƏRD şairi... İçində "dağı -arana, aranı-dağa" aparan, gözlərində kədər-qayğı yükü gəzdirən şair...

 

O kollektivdən ayrıldığım 10 ildir, amma mənim üçün ilk yerim olduğu üçün yaddaqalan, maraqlı, səmimi illərlə yanaşı, həm Sizin kimi ata, qardaş bildiyim səmimi insanları tanıdım bununla fəxr edirəm. Bu gün sizlərlə üz-üzə gələndə doğmalığı, səmimiyyəti gördükcə illərimin hədər getmədiyini anlayıram. Bu gün əlimə qələm alıb yazdığım hər bir yazımda Sizin haqqınız var, "Ədalət" məktəbi mənim üçün OCAQDI... sönməyən ocaq....

 

Ömrünüzün 56 - baharı mən tanıdığım Əbülfət Mədətoğlunun "QIŞ" ömrünə bahar gətirsin! Yeni il Sizə xoş sürprizlər, yaradıcılıq uğurları gətirsin!

 

Ad gününüz mübarək olsun, DƏRD şairi!

 

Gülşən BEHBUD

şairə-jurnalist, "Atilla" jurnalının baş redaktoru

525-ci qəzet.- 2014.- 25 dekabr.- S.8.