Ağalar Mirzəni anarkən...

 

"Dünya, səndən kimlər keçdi" silsiləsindən

 

 

Biz onun səsinə, sözünün kəsərinə, şeirlərinin havasına və özünə öyrəşmişdik. Azərbaycan televiziyasında bir sıra gözəl verilişlərin təşəbbüsçüsü və müəllifiydi. Xüsusilə televiziyanın xalq yaradıcılığı redaksiyasında hazırladığı verilişlər hamının rəğbətini qazanmışdı. Ağalar Mirzənin verilişləri elmi-publisistik səpgidəydi və o verilişlər həm gözəl bir tamaşaydı, həm də ariflərin söz məclisiydi, burda onlar xalqımızın milli-mənəvi dəyərləri, tükənməz folkloru, aşıq sənəti, xalq yaradıcılığı barədə  aqilanə söhbətlər aparırdılar. Elə bir məqam yetişdi ki, Ağalar qubalı el şairi Tağı Xaltanlının şeirlərini topladı, onun yaradıcılığı haqqında bir sıra məqalələr yazdı və çox keçmədən bu mövzunu elmi-tədqiqat işinə çevirdi, namizədlik dissertasiyası müdafiə etdi. Şirvan aşıq sənəti barədə doktorluq dissertasiyası da hazır kimiydi, amma amansız ölüm 54 yaşında onu haqladı.  Gözəl bir şairi, tədqiqatçını, televiziya bilicisini itirdik.

Bir şeirində yazırdı ki:

 

Hər şey keçib gedəcək,

Dağlarda duman da, çən də.

Hər şey keçib gedəcək,

Dərdlər keçib gedəndə.

 

Hər şey keçib gedəcək,

Vaxt bizi saya salmayacaq.

Sevgisiz canımızı

Əzrayıl da almayacaq.

 

Hər şey keçib gedəcək,

Kimlər ki, kam almayacaq.

Dünyaya bel bağlama,

O da bizə qalmayacaq.

 

Neçə il öncə, 1997-ci ildə çap olunan "Tanışlıq" şeirlər kitabında Ağaların ölümlə bağlı şeirləri ilə qarşılaşdım. Hələ onda Ağalar Mirzə sapsağlam idi, necə deyim, ona baxanda "bu adamın canı buz baltasıdır" deyə fikirləşirdin. Çox ciddi idi, hətta mən onun gülməyini də görmədim. Amma bu ciddilikdə azacıq da olsa təkəbbür, yalançı amiranəlik yox idi. Sadəcə olaraq həmişə ona tapşırılan işi professionallıqla yerinə yetirməyə çalışırdı.  O ki qaldı ölüm haqqında yazdığı şeirlərə, deyim ki, o, ölüm xofuna, vahiməsinə boyun əymək istəmirdi, ölümü insan ömrünün təbii bir hadisəsi kimi qəbul edirdi və deyirdi ki: "Düşüb əllərimdən bir şüşə kimi Sınsaq da, qalsaq da, ölüm bizimlə...Ölüm içindədi, ölümü gəzmə, Gəzsən də, bezsən də, ölüm bizimlə".

 

Ağalar Mirzə 1980-1986-cı illərdə radioda dinləyicilərin böyük rəğbətlə qarşıladığı "Bulaq" verilişinin redaktoru oldu, o verilişin əvvəlki gözəl ənənəsini yaşatdı. Ümumiyyətlə, onun xalq şeirinə, folklora məhəbbəti şairliyi ilə bir doğulmuşdu. Elə şeirlərində də folklordan əsən mehi, o çeşmədən axan büllurluğu aydınca hiss etmək olur. Onun qoşma və gəraylıları klassik aşıq sənətinin, ustadların nəfəsini XX əsr poetik təfəkkürü ilə yenidən cilalamağın gözəl nümunələri idi. Budur, bir nümunə:

  

Vaxt bizi divara hörür,

Bu dərdi mələklər görür.

Gəl sinəm üstündən yeri,

Yol sal, təzə yolun olum.

 

İşığına göz vermişəm,

Qədəminə iz vermişəm.

Mən ki sənə söz vermişəm,

Qoy sözümün qulu olum.

 

Sirrini bilə bilmədim,

Dərdini belə bilmədim,

Sahibin ola bilmədim,

Al çiyninə, ölün olum.

 

Çox təəssüf ki, içi mən qarışıq, tənqidçilər o zaman Ağalar Mirzənin şeirləri barədə ciddi, tutarlı bir şey yazmadılar. Doğrusu, indi bunun dərin peşimançılığını çəkirəm. Halbuki, Ağalar Mirzə təkcə bir tədqiqatçı-folklorçu və gözəl verilişlərin müəllifindən ziyadə həm də maraqlı bir şair idi. O, hər şeirində təzə bir söz deməyə, fikrini obrazlı şəkildə ifadə etməyə can atırdı, deyilmişləri təkrar etməməyə çalışırdı. Vətəndən danışanda mikrafon bağırtısıyla "Vətən" deyə qışqırmırdı. Belə yazırdı:

 

Qəlbimizdə rişə verib,

Dilimizdə bitən Vətən.

Dilimizə dil öyrədib

Dərdi-dili ötən Vətən.

 

Cümləmizi bir elədin,

Ruhumuzu hürr elədin,

Bakıda zühur elədin,

Xocalıda batan Vətən.

 

Gözlərimiz ağlar, gülər,

Başımızdan od tökülər,

Dönüb biçarə bülbülə,

Hey oxuduq: "Vətən, Vətən!".

 

Ağalar Mirzə Dəvəçidə - indiki Şabranda doğulmuşdu, fəhlə ailəsində dünyaya göz açmışdı. Onun şeirlərində o yerlərin təbiəti, gözəl mənzərələri, qədimliyi, torpağı, havası, suyu təsvir olunurdu. Sonralar şəhərə köçsə də, şeirlərindən kənd havası çəkilmədi, özünü həmişə qərib hiss elədi. "Doğma Vətənində qərib adamlar Qəribə olsa da, günəbaxandı", - dedi. Amma qəribliyin, içindəki Vətən həsrətinin hüdudları təkcə Bakı-Dəvəçi sərhədləri ilə məhdudlaşmırdı. "Təsəlli" şeirində yazırdı ki: "Naxçıvanda yaxın olur Təbriz həsrəti, Dərdə yaxın ömr eləmək çətindi, çətin... Naxçıvanda məni vurdu Təbriz havası, mən Yesenin deyiləm ki, inadkar olum, Təsəlliyçün seçdim "Təbriz" mehmanxanasın".

 

Şeirdə müəyyən obrazlar var ki, şairlərimiz onları yenidən, öz poetik təfəkkürü ilə mənalandırmağa can atırlar. Məsələn, "Daş" obrazı. Bu obrazın Məmməd Araz, Əliağa Kürçaylı, Ramiz Rövşən poetik təfsirləri var. Ağalar Mirzənin də DAŞı özünəməxsus bir tərzdə diqqəti cəlb edir:

 

Başımız üstündə tale günəşi,

Tarixin yaddaşı daş altındadı.

Kimi bu daşların altını eşir,

Kimi bu daşlara baş qoyub yatır.

 

Yatır Oğuzların daş yuxusunu,

Eşir Şöklü Məlik, eşir daşları.

Tarixin aynası beləcə sınır,

Gərdişin beləcə düşür dişləri.

 

Vurub qəzəbiylə salıbdı daşı,

Ovlayıb ovunu aparır indi.

O doğma xalqına ögey alqışı

Mənim şöhrətimdən qoparır indi.

 

Tutub beləsini atından salın,

O hara aparır yazılı daşı?

Xalqın tarixini oğurlayana

Bir qaya daşından yonun başdaşı!

 

Ömrü yaşayırdıq başı aşağı,

Bu daşlar oyatdı heyrəti bizdə.

Daşlar qubar olub düşməni yıxır,

Bəs hanı bir daşın qeyrəti bizdə?

 

Ağalar Mirzənin mənsub olduğu ədəbi nəsil durğunluq dövrünün fəsadları içində şeirə gəlmişdilər və onlar ("yetmişincilər") dərk edirdilər ki, həyatın, gerçəkliyin bu təzadlı mənzərələri qarşısında susmaq olmaz.

 

Onlar bir ədəbi nəsil kimi "altmışıncılar"dan çox şey öyrəndilər, amma heç də onları təkrar və təqlid eləmədilər. Hərə öz istedadı müqabilincə şeirdə təzə söz deməyə, öz ədəbi nəslinin adından danışmağa cəhd etdilər və çox zaman buna nail oldular.

 

Hər kəsin bir nəğməsi var,

Oxuyur öz nəğməsini.

Bəlkə də özündən özgə,

Eşidən yoxdu səsini.

 

Dünya onların ən çox müraciət etdikləri, üz tutduqları bir məkan idi. Onlar dünyaya meydan oxumurdular, dünyanı lənətləmirdilər, dünya onlar üçün başaçılmaz bir tamaşaydı, amma dünyanı sevirdilər . Ağalar Mirzə bunu belə ifadə edirdi ki:

 

Dünyaya hardan düşmüşük,

Dünyadan çıxa bilmirik?

Könüllü dərdə düşmüşük,

Dünyadan çıxa bilmirik.

 

Ölümüz var, dirimiz var,

Biri gedib, birimiz var,

Yer altda ki, yerimiz var,

Dünyadan çıxa bilmirik.

 

Onların sevgi dünyası da qəribəliyiylə seçilirdi. Sevgidə Məcnunluğa, "dəliliyə" şövq, gözəllik qarşısında heyrət onların şeirlərinin məğzi idi. Sevgi onlar üçün dünyanın ən müqəddəs duyğularının fövqündə idi:

 

Uzaq adalardan səsinə gəldim,

Gözləri gözümdə batan sevdiyim.

Mən səni sevəndə Vətən bilmişəm,

Deyirlər sevgidi Vətən, sevdiyim.

 

Düşdüm bu eşq ilə yolun ağına,

Vüsal yaylasına, həsrət bağına,

Şahlar qabağına, qul qabağına

Məni qolubağlı qatan sevdiyim.

 

Eşqinlə dünyaya mən binə saldım,

Köç desən, köçərdim, qal dedin, qaldım,

Məni Allahımın əlindən aldın,

Səfil bəndəsinə satan sevdiyim.

 

Ağalar Mirzənin bu il, dekabrın 25-də altmış yaşı tamam olur. Heyif, o, sıralarımızda deyil. Ürəyindən gedən Ağalar ürəyincə yazdığı şeirləriylə unudulmur.

 

Xalq yazıçısı Elçinin "Bülbülün nağılı" əsəri özbək mətbuatında Daşkənddə özbək dilində çap olunan "Kitob dunyasi" qəzetində Azərbaycanın Xalq yazıçısı Elçinin "Bülbülün nağılı" hekayəsi dərc edilib.

 

Hekayəni özbək dilinə Azərbaycan ədəbiyyatının yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar tərcümə edib.

 

2012-ci ildə "Jaxon adabiyyatı" jurnalında U.Kuçkarın tərcüməsində Xalq yazıçısı Elçinin "Baladadaşın ilk məhəbbəti" və "Baladadaşın toy hamamı" əsərləri "Baladadaşın povestləri" adı altında dərc olunmuşdu.

Hazırda U.Kuçkar Elçinin əsərlərindən ibarət iki kitabı çapa hazırlayır. Kitabın birinci cildinə yazıçının povest və hekayələri, ikinci cildinə isə "Mahmud və Məryəm" və "Ağ dəvə" romanları daxildir.

 

Vaqif YUSİFLİ

525-ci qəzet.- 2014.- 25 dekabr.- S.7.