Ədəbiyyat İnstitutunda
Rəfiq Zəka Xəndan anılıb
Dekabrın 24-də AMEA-nın Nizami
adına Ədəbiyyat
İnstitutunda Azərbaycan
poeziyasının tanınmış
nümayəndəsi, Dövlət
mükafatı laureatı,
Əməkdar İncəsənət
Xadimi, professor Rəfiq
Zəka Xəndanın
75 illik yubileyinə həsr olunmuş "Çağlayan şair"
mövzusunda Dəyirmi
masa keçirilib.
AzərTAc xəbər verir
ki, tədbir Azərbaycan Respublikası
Prezidentinin Rəfiq Zəka Xəndanın 75 illik yubileyinin keçirilməsi haqqında
Sərəncamına əsasən
Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Nizami adına Ədəbiyyat İnstitutunun
birgə təşkilatçılığı
ilə reallaşdırılıb.
Tədbiri giriş sözü
ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru İsa Həbibbəyli Azərbaycan
ədəbiyyatına dərindən
bələd olan Rəfiq Zəka Xəndana həsr olunan "dəyirmi masa"nın əhəmiyyətini qeyd edib.
Bildirib ki, klassik poetik ənənələrin layiqli davamçılarından biri olan Rəfiq Zəka Xəndan zəngin ədəbi fəaliyyəti dövründə milli poeziyamıza dəyərli töhfələr verib. Onun yaradıcılığının əsas istiqamətləri Vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılıq, azərbaycançılıq və istiqlal ideyalarının tərənnümündən ibarətdir.
Rəfiq Zəkanı 1960-90-cı illər romantik ədəbiyyatımızın nümayəndəsi kimi xarakterizə edən İsa Həbibbəyli vurğulayıb ki, ədib əsərlərində türk düşüncəsini, türklüyə məhəbbətini ifadə edib.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov ədəbiyyatda, ədəbiyyatşünaslıqda öz sözünü demiş Rəfiq Zəkanın özünəməxsus poeziyasının geniş oxucu rəğbəti qazandığını, onun 300-dən çox şeirinə mahnılar bəstələndiyini söyləyib.
Bildirilib ki, Rəfiq Zəka Xəndanın əsərləri nəinki Vətəni Azərbaycanda, qardaş Türkiyədə də böyük sevgi ilə oxunur. O, Türkiyə Folklor Akademiyasının fəxri akademiki seçilib, Beynəlxalq Atatürk Mükafatı laureatı olub, qardaş ölkənin bir çox bədii jurnallarının redaksiya heyətində təmsil olunub. Kitabları Ankara və İstanbulda kütləvi tirajlarla çap edilib. Qeyd olunub ki, mərhum poeziya ustasının irsinin öyrənilməsi hamımızın ümdə borcumuzdur.
Tədbirdə Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, Əməkdar jurnalist Flora Xəlilzadə, Ədəbiyyat İnstitutunun XX əsr ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Şirindil Alışanlı məruzələrlə çıxış ediblər. Ədibin həyat və yaradıcılığı barədə məlumat verən məruzəçilər R.Z.Xəndanı həm şair, həm də alim kimi xarakterizə ediblər. R.Zəkanın çap olunan ilk şeirlər kitabının adı "Çağlayan" olduğu diqqətə çatdırılaraq vurğulanıb ki, həmin kitab Mikayıl Müşfiqə ithaf edilib.
Görkəmli ədibin şəxsi keyfiyyətləri barədə geniş söhbət açılaraq onun klassik ənənələrə sadiqliyi, Vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılığını yüksək dəyərləndirilib, mədəniyyətimizin inkişafındakı xidmətləri qeyd edilib.
Diqqətə çatdırılıb ki, Rəfiq Zəka ədəbiyyatımızın müxtəlif problemlərinə aid onlarla məqalənin, bir sıra dərs vəsaitinin müəllifi, ötən əsrin ədəbiyyat tarixinin mötəbər və nüfuzlu tədqiqatçılarından biri kimi tanınır. Həmçinin Rəfiq Zəkanın iti hafizəli bir insan olduğu vurğulanıb.
Görkəmli ədibin həyat yoldaşı, Bakı Slavyan Universitetinin dosenti Nailə Xəndan şairin yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncama görə dövlətimizin başçısına minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına təşəkkür edib.
525-ci qəzet.-
2014.- 25 dekabr.- S.7.