Azərbaycanda turizm: ilin yekunları

 

 

Turizmin inkişaf səviyyəsi daha effektli dövlət tənzimləmə mexanizmləri tələb edir

 

Qeyri-neft sahələri arasında prioritet mövqelərdən birini tutan turizm sənayesinin inkişafı üçün Azərbaycan özünəməxsus resurslara və potensiala malikdir. Sözügedən sahə üzrə bu günə qədər həyata keçirilən Dövlət Proqramları və digər normativ-hüquqi sənədlər ölkənin turizm sahəsində əsas inkişaf prioritetləri, perspektivləri və problemlərin həlli istiqamətində atılan mühüm addımlar olub.

 

Son illərin turizm statistikası sənayenin bu növünün ölkəmizdəki inkişaf səviyyəsinə və dinamikasına əyani bir sübutdur. Təsadüfi deyil ki, turizm sahəsindəki inkişaf tempinin əsas göstəriciləri kimi qəbul edilən gəlmə turistlərin sayı, onların Azərbaycanda turizm məqsədilə çəkdikləri xərclər, yerləşdirmə vasitələrinin, turizm müəssisələrinin, mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmələrin və yerləşdirilmiş şəxslərin sayı və bir sıra digər göstəricilərdə artım müşahidə edilib. Belə ki, 2006-cı ildən bugünə kimi ölkəmizə gələn xarici vətəndaşların sayı 1 193 742 nəfərdən 2 508 904 nəfərə, onların turizm məqsədilə ölkəmizdə çəkdikləri xərclər 91 mln. manatdan 1,2 mlrd. manata, ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 288-dən 527-ə, sözügedən obyektlərdə yerlərin ümumi sayı 24 706-dən 34 731-ə, turizm sahəsində çalışan işçilərin sayı isə 5 117-dən 9 847-ə çatıb.

 

İnkişafın bu mərhələsində müasir turizm sənayesinin iqtisadi, sosial, ekoloji və digər tələblərə cavab verməsinin, eləcə də davamlı inkişafının təmin edilməsi dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir.

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üçün "Turizm haqqında" yeni Qanun layihəsi hazırlanıb. Ümumdünya Turizm Təşkilatının və Avropa İttifaqının "Tvininq" layihəsinin ekspertlərinin təklif və tövsiyələrinin yer aldığı "Turizm haqqında" yeni Qanun layihəsində müasir turizm sənayesinin daha effektli idarə olunması üçün mühüm institusional, tənzimləyici yeniliklər və qabaqcıl təcrübələr öz əksini tapıb.

 

Qanun layihəsində institusional yeniliklər kimi, turizm və rekreasiya zonalarının, turizm bürolarının, sosial turizm komissiyalarının, dövlət mülkiyyətində olmayan turizm informasiya mərkəzlərinin və turizm informasiya-biznes mərkəzlərinin yaradılması, elmi tədqiqatların aparılması üçün müvafiq qurumların təsis edilməsi və s. müddəalar yer alıb.

 

Həmçinin, tənzimləyici yeniliklər kimi, "turizm sahəsində qanunvericilik" maddəsinin genişləndirilməsi, korporativ idarəetmə standartlarının hazırlanması və onların turizm sahəsində dövlət tənzimləməsinin əsas prinsiplərdən biri kimi müəyyən edilməsi, dövlət turizm reyestrinin yaradılması və aparılması, turizm sahəsində fəaliyyət və xidmət növlərinin yeni təsnifatının nəzərdə tutulması, turizm və yerləşdirmə fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, turizm sahəsində bağlanan əqdlərin təsnifatının verilməsi, turizm təhlükəsizliyi konsepsiyasının hazırlanması və həyata keçirilməsi və s. müddəalar əks olunub.

 

Qeyd olunan Qanunun tətbiqi Azərbaycanın turizm potensialının daha da inkişaf etdirilməsi, turizm sahəsində biznes proseslərinin səmərəli istifadəsi və dövlət tərəfindən turizm fəaliyyətinin tənzimlənməsi və turizm sənayesinə verilən dəstəyin artırılmasında geniş imkanlar yaradacaq.

 

Azərbaycanın turizmi sənayesinin yaxın on il üçün əsas inkişaf istiqamətlərini müəyyən edən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış digər bir mühüm sənəd "2015-2024-cü illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası"dır.

 

Turizmin inkişaf strategiyası Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları və bu əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm inkişaf istiqamətlərini əks etdirən sənəddir.

 

Hər iki sənəd hal-hazırda daxili proseduralardan keçir və sonra həm ictimaiyyətə, həm də Milli Məclisə təqdim ediləcək.

 

İnanırıq ki, qeyd olunan sənədlərin tətbiqi ölkəmizdə həyata keçirilən turizm siyasətində, bu sahənin inkişafında, eləcə də turist axının və turist gəlirlərinin artmasında, Azərbaycanın turizm bazarının dünyanın turizm bazarına inteqrasiya olunmasında uğurlar qazanılmasını təmin edəcək.

 

Azərbaycanın turizm təhsilində builki nailiyyətlər

 

"Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli 972 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 1.6-cı bəndinə əsasən turizm sektorunda kadr çatışmazlığının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli Qərarı ilə Azərbaycan Turizm İnstitutu və Mingəçevir Turizm Kolleci yaradılmışdır.

 

Ölkəmiz sürətlə inkişaf edir, neft strategiyasının uğurları, özünü artıq qeyri-neft sektorunda göstərir, dövlətimiz Azərbaycan-2020 gələcəyə baxış konsepsiyası ilə qarşıda konkret hədəflər qoyur. Turizm və digər xidmət sahələri ölkənin gələcək inkişafında mühüm sahə kimi nəzərdə tutulur və bu böyük hədəflərə ölkəni məhz gənclər aparacaqdır. Belə bir inkişaf üçün ilk növbədə peşəkar kadrların olması şərtdir və bu ehtiyacı ödəmək üçün Azərbaycan Turizm İnstitutu (ATİ) ilə yanaşı digər ali təhsil ocaqları, eləcə də 2011-ci ildə yaradılmış Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kolleci peşəkar kadr hazırlamağa çalışır.

 

Ötən 8 il ərzində Azərbaycan Turizm İnstitutunda keyfiyyətli, turizm əmək bazarının ehtiyaclarına uyğun təhsil təşkil etməklə məşğul olmuşdur. Buna Avropa Kredit Transfer Sisteminin tətbiqi, ikili diplom proqramı, Erasmus, Tempus layihələrində iştirakı, praktika semestrinin təşkili, tətbiqi tədqiqatları, qısamüddətli treninqlərin təşkilini misal göstərmək yerinə düşərdi.

 

ATİ-nin 2008-2016-cı illəri əhatə edən strateji planına uyğun olaraq artıq 11 ixtisas üzrə kadr hazırlamağa başlamış, peşə, qısamüddətli kurslar, bakalavr, magistr və doktorantura üzrə kadr hazırlığını həyata keçirir. ATİ Azərbaycanda turizm sahəsində ixtisaslaşmış yeganə təhsil, treninq və tədqiqat mərkəzidir. Avropa Kredit Transfer Sistemi və çoxballı qiymətləndirmə sistemini Azərbaycanda tam tətbiq edən ilk dövlət ali təhsil müəssisəsidir.

 

Hazırda ATİ-də 11 ixtisas üzrə bakalavr pilləsində 1527 nəfər təhsil alır. Turizm sahəsində əmək fəaliyyəti ilə məşğul olan, ixtisas təhsili başqa sahədən olan 30-dək sektor nümayəndəsi ATİ-də ikinci ali təhsil alır. Magistratura pilləsi üzrə isə 15 ixtisas üzrə 146 nəfər təhsilini davam etdirir. Doktorantura proqramı üzrə 10-dan çox ixtisasda 55 nəfər fəlsəfə doktorluğu üzrə elmi kadr hazırlanır.

 

Avstriyanın Krems Universiteti ilə müqavilə çərçivəsində Azərbaycanda ikili diplom proqramı həyata keçirən ilk ali məktəbdir. İngilis dilində həyata keçirən bu proqramdan bakalavr səviyyəsində 93 nəfər məzun olub, o cümlədən onlardan 3 nəfəri artıq magistratura üzrə ikili diplom alıb. Hazırda 100-dən çox tələbə isə təhsilini ikili bakalavr və magistr proqramlarında davam etdirir.

 

Son 5 ildə ATİ-dən məzun olanların sayı 995 nəfərdir. Məzunların əksəriyyəti ölkədə yeni yaradılmış turizm müəssisələrində və 5 ulduzlu mehmanxanalarda əmək fəaliyyətinə başlamışdır.

 

Tələbələr üçün ixtisaslar üzrə Türkiyə, Yunanıstan, İsrail, Çexiya, Almaniya və digər ölkələrdə təcrübə proqramları (8-20 həftəlik) təşkil olunur.

 

İnstitut 30 xarici ali məktəb və 34 beynəlxalq təşkilatla geniş və səmərəli əlaqələr qurmuşdur. Fəaliyyətə başladığı gündən 10-dan çox beynəlxalq təhsil şəbəkəsi və assosiasiyanın üzvü olub. 2008/2009-cu tədris ilindən ATİ-də Ümumdünya Turizm Təşkilatının və "Themis Fondu"nun idarə etdiyi "TedQual" proqramının tətbiqinə başlanılmışdır. ATİ 2011-ci ildən Ümumdünya Turizm Təşkilatına qoşulmuş və Bilik Şəbəkəsinin üzvüdür.

 

ATİ-də Turizm Təlim Mərkəzi "Bələdçi", "Turoperator və turagent" və "Qeydiyyat/Ön büro" peşə istiqamətləri üzrə kurslar təşkil edilir. Artıq bu kursları 80 nəfər bitirmiş, 15 nəfər isə təhsilini davam etdirməkdədir. ATİ-də Tədqiqat və İnkişaf Mərkəzi müxtəlif qurumların sifarişi ilə turizm sahəsində 20-yədək müxtəlif tədqiqat layihələri həyata keçirmişdir.

 

İnstitutda 12.000-dən çox turizm sahəsi üzrə zəngin kitab fonduna malik olan Kitabxana-İnformasiya Mərkəzi mövcuddur.

 

2012-ci ildən Bakı Turizm Peşə Məktəbi şagird qəbuluna və fəaliyyətə başlamışdır. Növbəti 5 ildə Qusar, Zaqatala, Şəmkir, Göygöl və Masallıda regional turizm peşə məktəblərinin yaradılması nəzərdə tutulub. Fəaliyyətə başladığı gündən bu günədək 12 turizm peşə ixtisası üzrə 845 nəfər şagird məzun olub. Hazırda da Peşə Məktəbində 460 nəfər şagird təhsilini milli və BMT-nin İnkişaf Planı ilə davam edən beynəlxalq layihə üzrə davam etdirir.

 

Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilən "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" layihəsi 2013-cü ildən fəaliyyət göstərir. Ötən ilin noyabr ayından cari ilin fevral ayına qədər Layihə tərəfindən yaradılmış Təlim Tədris Mərkəzində Bakı Turizm Peşə Məktəbinin tələbələri üçün turist agenti, ofisiant-barmen, mehmanxana qeydiyyatçısı və aşpaz ixtisasları üzrə təlim tədris kursları keçirilmişdir. Təlimlərdə ümumi - 123 tələbə iştirak etmişdir, onlardan 62 nəfər uğurla təlimlərdən keçmiş və müvafiq Sertifikatla təltif edilmişlər.

 

Bütün bunlar məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasında turizm, menecment və digər xidmət sahələrində müşahidə olunan sürətli inkişafı, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 dekabr 2014-cü il tarixli Sərəncamla Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb.

 

Turizmlə bağlı reklam çarxları böyük maraq doğurub

 

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2014-cü ildə Rusiya telekanallarında nümayiş olunan reklam çarxları və verilişlərə MDB ölkələrindən və Baltikyanı dövlətlərdən 50 000 000-a yaxın tamaşaçı izləmişdir.

 

Azərbaycanın turizm potensialının Rusiyanın turizm bazarında təbliğ olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ölkəmiz haqqında müxtəlif reklam çarxları və verilişlər hazırlanaraq "Rossiə-1", "Rossiə-2", "Moə planeta", "CTC" və digər telekanallarında nümayiş olunub.

 

Verilişlər siyahısına hər biri 26 dəqiqə olmaqla 2 hissədən ibarət "Nespokoynoy noçi" verilişinin Bakı şəhərinin gecə həyatını əks etdirən buraxılışlarını qeyd etmək olar. Həmin buraxılışlar efirə getdiyi gündən etibarən verilişə qısa zaman ərzində youtube vasitəsilə 300 000-ə yaxın baxış olub.

 

Həmçinin, mart ayında ölkəmizdə təntənəli qeyd olunan "Novruz Bayramı" haqqında ümumi 78 dəqiqədən ibarət 3 film hazırlanmış və "Planeta vkusov" layihəsində nümayiş olunmuşdur. Filmin hazırlanmasında əsas məqsəd Novruz Bayramını Rusiya və MDB ölkələrində daha da tanıtmaq və bu bayram ərəfəsində ölkəyə daha çox turist axınını təmin etməkdir.

 

Bundan əlavə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti əsasında "Za kadrom" televiziya layihəsinin geniş tərkibdə çəkiliş qrupu ölkəmizə səfər etmiş və Azərbaycana həsr olunan buraxılışlar "Rossia-1", "Rossia-2" nümayiş etdirilib. Çəkilişlər paytaxt Bakı ilə yanaşı Quba və Xızı rayonlarında aparılıb və veriliş 26 dəqiqədən ibarət olub.

 

Qeyd etmək istərdik ki, 2014-cü ilin noyabr ayının əvvəllərində Göyçay rayonunda qeyd olunan "Nar Bayramı" zamanı Rusiyadan dəvət olunan çəkiliş heyəti tərəfindən geniş veriliş hazırlanıb və 2015-ci ilin mart ayından etibarən "Ne jiznğ, a prazdnik: Prazdnik qranata" layihəsində nümayişi nəzərdə tutulub. Həmin layihə 44 dəqiqədən ibarət olacaq. Məlumat üçün bildiririk ki, çəkilişlər zamanı milli dəyərlərimizdən olan lavaşın hazırlanması və digər incəlikləri də öz əksini tapıb.

 

Qeyd etmək istərdik ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2014-cü ildə Rusiya telekanallarında nümayiş olunan reklam çarxları və verilişlərə MDB ölkələrindən və Baltikyanı dövlətlərdən 50 000 000-a yaxın tamaşaçı izləyib.

 

Azərbaycanın turizm və mədəniyyət potensialının Rusiyada təbliğatının vacibliyini nəzərə alaraq, 2015-ci ildə də bu ölkənin televiziya kanalları və sosial şəbəkələri vasitəsilə təbliğat işi davam etdiriləcək.

 

525-ci qəzet.- 2014.- 26 dekabr.- S.7.