Məliklinin "Nazim Hikmət"i
Professor Tofiq Məliklinin
rusca yazılmış"
Nazim Hikmət. Poeziya və
poetika" kitabı
"Şeir inqilabçısı
Nazim Hikmet" adıyla və İsmail Çetinin tərcüməsində Türkiyədə
çap olunub. İstanbulun
"Saylanqoz" nəşriyatında
işıq üzü
görən kitaba Türkiyənin böyük
şairi və alimi Ataol Bəhramoğlu
önsöz yazıb.
Həmin
önsözü oxuculara
təqdim edirik.
Tofiq Məlikli
yaşıdım, dostum,
qardaşımdır. Dostluğumuz illər öncəsinə,
70-ci illərin əvvəllərinə
uzanır. O illərdə
yaşadığım Parisdən
Sovet İttifaqına
ilk ayaq basdığımda
məni Moskva vağzallarından birinin peronunda qarşılayan uzun boylu, uzun
qara paltolu, çox gənc, dimdik, yumşaq gülümsəyişli, danışığı
da eyni ölçüdə
yumşaq və mehriban gənc adam indi də
gözlərimin önündədir.
Aradan keçən
illər Tofiq Məliklinin görünüşündə
də, sağlam dünyagörüşündə və ədəbiyyat sevgisində də bir dəyişiklik yaratmadı.
Bir neçə
ay öncə Bakıda
yazarların toplantısında
görüşdüyümüzdə də, qarşımdakı
yenə yumşaq gülümsəyişli, dimdik
duruşlu gənc adamdı.
Ancaq artıq
o, çoxdandır, dünya
türkoloji elmində
adı sayqınlıqla
anılan, bir çox dəyərli əsərlərin müəllifi,
tanınmış bir
ədəbiyyat bilicisi,
eyni zamanda da öz sahəsində
də tələbələr
yetişdirmiş və
yetişdirməkdə olan
professor Tofiq Məliklidir.
Rusiyadakı ilk qarşılaşmamızda çağdaş
ədəbiyyatımız, özəlliklə şeirimizlə
bağlı uzun-uzun söhbətlərimiz oldu. O illərdə
Nazim Hikmət və Fazil Hüsnü
Dağlarca üzərinə
tədqiqatlar aparmaqdaydı.
Şairlərindən biri olduğum
60-cı illər türk
şeiriylə də maraqlanırdı.
Sovet İttifaqında
Nazim Hikmət üzərinə çalışan
başqa türkoloqlar
da vardı əlbəttə. Lakin o gündən bu
günə Fazil Hüsnü Dağlarca deyiləndə ağla ilk
və tək gələcək olan türk ədəbiyyatı
bilicisi Tofiq Məliklidir. Belə
ki, bu il Rusiyada "Dühanın tənhalığı"
adıyla işıq üzü görən və Fazil Hüsnü
Dağlarcaya həsr olunmuş çox dəyərli əsəri,
indi əlinizdə tutduğunuz Nazim Hikmət kitabı kimi türkcəyə gecikmədən qazandırılmalıdır.
lll
Məliklinin "Nazim Hikmət.
Poeziya və Poetika" adıyla 2010 ilində Moskvada çap olunan kitabı, XX yüzilin başlarındakı
türk ədəbiyyatına
baxışla başlayır.
Bu qısa və
dərin girişdə
Nazim Hikmət şeirinin üzərində
yüksəldiyi ictimai,
siyasi, mədəni və ədəbi alt yapının sağlam bir axışını və incələnməsini
tapırıq. Bu alt yapının
yanı sıra, gənc şairin Anadoluda xalqın yoxsul yaşayışıyla
və daha sonra da Rusyada
inqilabla və ədəbiyyatla qarşılaşmasının,
onun "şeirin inqilabçısı" olaraq
türk və dünya şeirinə qazandırdıqlarının hekayəsini
oxuyuruq.
"Türk sərbəst şeirinin banisi" başlıqlı bölüm,
deyə bilərik ki, bu sahədə
yazılmış ən
ayrıntılı, geniş,
dərin tədqiqatdır
və Nazim Hikmət şeirinə olduğu qədər ümumiyyətlə şeirin
struktur problemləriylə
maraqlanan hər kəsə yeni üfüqlər açan
orijinal və önəmli bir incələmədir.
Kitabın "20-30-cu illərdə Nazim Hikmət şeirinin" araşdırıldığı
bölümünü, böyük
şairin türk ədəbiyyatında "yeni
şeirin yerini və öncüllüyünü
qüvvətləndirmək" üçün verdiyi mübarizəni ələ
alan bölüm
izləyir. Xüsusiylə
onun "Rəsimli
ay" dərgisinin səhifələrindəki
yazıları və şeirləriylə apardığı
"Büdləri yıxırıq"
hərəkatı, çağdaş
türk şeirindəki
ən radikal yeniləşmə və yenilənmə savaşının
mahiyyətini göstərməkdəydi.
Sonrakı bölümdə " - Nazim Hikmətin həbsxana lirikası"nda
isə şairin həyatındakı faciəli
dönəmdə yazılmış
əsərlər incələnməkdədir.
Burada, inqilab şairinə faşizan idarənin yaşatdığı acılara
baxmayaraq, onun şəxsindəki və
şeirindəki əyilməməzliyinin,
şeirinin daha dərin və anlamlı insan sevgisinə, daha bəşəri bir səsə yüksəlişinin
sürəclərini izləyə
bilirik. "Yeni epik şeir"
başlıqlı bölümdə
isə dövrün məhsulu olan "Məmləkətimdən insan
mənzərələri"nin, bu nəhəng əsərin şairin zehnində fikir olaraq doğuşu və inkişafı,
"Nazim Hikmətin ideoloji və estetik görüşlərindəki"
yeniliklər araşdırılmaqdadır.
Bu əsər, həqiqətən də,
fövqəladə bir
istedad və təcrübənin, XX yüzil
türk və dünya ədəbiyyatına
qazandırdığı əmsalsız
bir ədəbi abidədir.
lll
"Nazim Hikmət
Moskvada" başlıqlı
son bölüm, şairin
faciəli həyatında
yeni bir dönüş sürəcinin
hekayəsidir.
Həbsxana illərindən sonra
bu dəfə yurdundan, Türkiyəsindən,
dostlarından, ailəsindən
qoparılmış olmanın
acısına bir də gerici iqtidarın təyziqlərinin
əlavə edilməsinə
baxmayaraq, böyük
inqilabçı şair
vətənindən uzaqda
son nəfəsinə qədər
inamına bağlı
qalmış, öz ölkəsində olduğu
kimi, qonaq qaldığı Rusiyada, gəncliyinin və ideallarının ölkəsində
də gördüyü
axsaqlıqlara və nöqsanlara qarşı ən sırt tənqidlərini yönəltmişdir.
Məliklinin kitabının bu
bölümündə Nazim
Hikmətin mübarizəsini
əks etdirən şeir, məqalə və pyesləri, xüsusilə "Saman Sarısı" adlı unudulmaz şeirində meydana çıxan yeni şeir dilinin özəllikləri,
şeirlə nəsr arasındakı körpülərin
ortadan qaldırılması
və sevgi motivinin önə çıxması kimi şeirində və həyatında baş verən yeniliklər və uğurlar üzərində durulur.
Sayılı ədəbiyyat düşünürü
və bilimçisi, dəyərli türkoloq,
professor Tofiq Məliklinin
"Nazim Hikmət"inin
böyük şairin
həyatını və
əsərlərini anlamaq,
dərk etmək istəyənlər üçün
baş əsər olacağına inanıram.
Nazim Hikmətin
həyatını və
əsərlərini bir
bütün olaraq görmək və incələmək, iyirminci
əsri və bu əsrin fərdinin
ictimai və özəl həyatıyla
birlikdə bəşəri
hekayəsini anmaq deməkdir.
Noyabr 2014
Ataol BƏHRAMOĞLU
525-ci qəzet.-
2014.- 26 dekabr.- S.7.