2014-cü ildə Azərbaycan müstəqil,
güclü və dinamik inkişaf edən ölkə statusunu
daha da möhkəmləndirib
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun 2014-cü ilin yekunları ilə bağlı AzərTAc-a müsahibəsini təqdim edirik.
- Əli müəllim, başa çatmaqda olan 2014-cü ili Azərbaycan üçün uğurlu il kimi qiymətləndirmək olarmı?
- Şübhəsiz. Hesab edirəm ki, 2014-cü il də Azərbaycanın müstəqillik tarixində uğur və nailiyyətlərlə zəngin növbəti il kimi öz layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu əvvəlki illərdə olduğu kimi, bu il də ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edib.
2014-cü ildə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu məqsədlə istehsal obyektlərinin və iş yerlərinin yaradılması, iqtisadi və sosial infrastrukturun qabaqcıl standartlara uyğun yenidən qurulması, regional inkişaf, şəhər, qəsəbə və kəndlərin simasının müasirləşdirilməsi prosesi davam etdirilib və artıq demək olar ki, yekun mərhələyə qədəm qoyub.
Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də sosial yönümlü siyasət həyata keçirilib, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, vətəndaşları narahat edən problemlərin həlli, onların istək və arzularının qarşılanması daim dövlətin diqqət mərkəzində olub, bu sahədə ardıcıl tədbirlər görülüb.
Başa çatmaqda olan bu il eyni zamanda enerji strategiyasının yeni konturlarının müəyyənləşdirilməsi və həyata keçirilməsi, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun yüksəlməsi baxımından mühüm il olub.
Azərbaycan regionda və dünyada humanitar mərkəz statusunu daha da möhkəmləndirib, multikulturalizm ideyasının təşviqinə, dinlərarası və millətlərarası dialoqun inkişaf etdirilməsinə öz dəyərli töhfəsini verib. Təsadüfi deyil ki, bu gün Azərbaycan bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanınır.
Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında həyata keçirilib və dövlətin suveren hüquqlarının, milli maraqlarının təmin edilməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə, habelə ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsinə yönəlib. Birmənalı demək olar ki, Azərbaycan öz müstəqil, balanslı siyasəti, beynəlxalq təşkilatlarda fəal iştirakı ilə seçilib, xarici aləmlə əməkdaşlıq əlaqələrini inkişaf etdirib və nüfuzunu artırıb.
Ümumilikdə, 2014-cü ildə Azərbaycan müstəqil, güclü və dinamik inkişaf edən ölkə statusunu daha da möhkəmləndirib.
- 2014-cü ildə ölkəmizin sosial-iqtisadi inkişafını necə qiymətləndirərdiniz və sizcə, bu sahədə hansı uğurları xüsusi qeyd etmək olar?
- Artıq 10 ildir ki, Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə dünyada lider ölkələr sırasındadır. Təqdirəlayiq haldır ki, bu dinamika 2014-cü ildə də qorunub saxlanıb, üstəlik bəzi istiqamətlərdə daha ciddi artım müşahidə olunub.
İlk növbədə qeyd edilməlidir ki, bu il Azərbaycanın dövlət büdcəsi təxminən 25 milyard dollar səviyyəsində olub və Cənubi Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil edib. Cari ilin 10 ayı ərzində ümumi daxili məhsul (ÜDM) istehsalı 2,8 faiz, qeyri-neft sektoru isə 6,6 faiz artıb. Son illər qeyri-neft sektorunda müşahidə olunan sürətli artım əyani şəkildə təsdiq edir ki, iqtisadi sahədə qarşıya qoyulmuş strateji vəzifələr tam həcmdə yerinə yetirilir. Ölkəmizin valyuta ehtiyatları 53 milyard dollar səviyyəsinədək yüksəlib. Bu gün Azərbaycanın xarici borclarının ÜDM-ə nisbəti cəmi 8,5 faiz səviyyəsindədir ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab edilir.
Azərbaycan Prezidenti dəfələrlə bəyan
edib ki, həyata keçirilən siyasətin, görülən
bütün işlərin başlıca məqsədi Azərbaycan
vətəndaşlarının layiqli həyat şəraitinin
təmin edilməsidir. Bu ilin ötən dövrü ərzində
işsizliyin səviyyəsi 5,2 faizə, yoxsulluq isə 5 faizə
düşüb ki, bu göstəricilərə görə Azərbaycan
dünyanın inkişaf etmiş bir çox ölkəsini
belə geridə qoyub. Statistikaya
əsasən, son 10 ayda əhalinin gəlirləri 4,7 faiz
artaraq 33,6 milyard manat olub. Əhalinin hər bir nəfərinə
düşən gəlir 3,4 faiz çoxalaraq 3 600 manata, orta
aylıq əmək haqqı isə 5,5 faiz yüksələrək
450 manata çatıb. İnflyasiya cəmi 1,5 faiz təşkil
etməklə əhalinin gəlirlərindən bir neçə
dəfə aşağı olub. Bu isə bilavasitə göstərir
ki, makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində
görülən tədbirlər çox yaxşı nəticə
verir.
Bildiyiniz
kimi, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib. Bundan əsas
məqsəd sənayenin modernləşdirilməsi və
qeyri-neft sənayesinin inkişaf etdirilməsi, o cümlədən
mövcud təbii və iqtisadi resursların təsərrüfat
dövriyyəsinə cəlb olunması, ənənəvi sənaye
sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin,
sənaye parklarının yaradılması, regionlarda sənaye
potensialının gücləndirilməsi, sənayenin
innovasiyalar əsasında inkişafının təmin edilməsidir.
Cari ildə sənaye potensialının gücləndirilməsi,
bu sahədə rəqabət qabiliyyətinin
artırılması, kadr potensialının inkişaf etdirilməsi,
müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi
ilə bağlı işlər həyata keçirilib, 200-dək,
o cümlədən 40-dan çox orta və iri sənaye
müəssisəsi açılıb. Ümumilikdə, son 10
ildə sənaye istehsalı 2,7 dəfə artıb.
Azərbaycanda
mövcud olan əlverişli sərmayə mühiti dinamik
iqtisadi inkişafı şərtləndirən əsas amillərdən
biridir. Bu ilin 9 ayında ölkə iqtisadiyyatına 19 milyard
dollar sərmayə qoyulub, nəticədə yüzlərlə
yeni istehsal obyekti yaradılıb, nəhəng infrastruktur layihələri
davam etdirilib, bir çox mühüm layihələr isə
başa çatdırılıb. Onların arasında Heydər
Əliyev adına Beynəlxalq Hava Limanının yeni
aerovağzal kompleksini, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Kompleksinin bərə terminalını, “Arpaçay-1” və
“Arpaçay-2” su elektrik stansiyalarını, Taxtakörpü və
Şəmkirçay su anbarları və digər bu kimi
böyük obyektləri xüsusi qeyd etmək olar. Həmçinin
hazırda Böyükşor gölünün və ətraf ərazilərin
ekoloji vəziyyətinin kompleks bərpası, “Ağ Şəhər”
və s. nəhəng layihələrin icrası davam etdirilir.
Cari ildə Prezident İlham Əliyev çoxsaylı istehsal,
emal, təhsil, səhiyyə, mədəniyyət, istirahət,
yol-nəqliyyat və digər obyektlərin
açılışında iştirak edib.
Bütün
bu layihələrin arasında illik yükaşırma
imkanı 25 milyon ton yük və bir milyon konteyner olan Yeni
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsinin
strateji əhəmiyyəti də xüsusi qeyd
olunmalıdır. Çünki Azərbaycan hökumətinin
qarşıya qoyduğu əsas vəzifələrdən biri əlverişli
coğrafi mövqeyə malik olan ölkəmizin tranzit
potensialının inkişaf etdirilməsidir. Hesab edirəm ki,
ötən ilin sentyabrında istifadəyə verilmiş Gəmiqayırma
zavodu, gələn il başa çatdırılması nəzərdə
tutulan Bakı-Tbilisi-Qars dəmir yolu və Beynəlxalq Dəniz
Ticarət Limanı Asiya ilə Avropa arasında
yükdaşıma sahəsində
Azərbaycanın tranzit imkanlarını tam realizə
etməyə imkan yaradacaq.
Cari ildə
regionların, Bakı və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrası ilə əlaqədar tədbirlər davam etdirilib,
bölgələrdə yüzlərlə iqtisadi, sosial, mədəniyyət
və infrastruktur obyektləri istifadəyə verilib,
aparılan quruculuq və abadlıq işləri nəticəsində
şəhər və rayonların siması müasirləşib.
Qarşıdan gələn növbəti 2-3 il ərzində
bu proqramlar çərçivəsində ölkə
qarşısında duran əsas infrastruktur layihələrinin
başa çatdırılması nəzərdə tutulur.
Regionlarda 82 mini daimi olmaqla 100 mindən artıq yeni iş yeri
yaradılıb. Ümumilikdə, son 10 ildə açılan
iş yerlərinin sayı 1,3
milyona çatıb.
2014-cü
ildə qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən genişmiqyaslı tədbirlər davam
etdirilib. Ağdam rayonu ərazisində 632 ailəlik,
Hacıqabulda 101 ailəlik, həmçinin Gəncədə
və Beyləqanda yeni və müasir qəsəbələrin
məskunlaşdırılması prosesi yekunlaşıb.
Ümumiyyətlə, 2001-2014-cü illər ərzində
bütün sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə
salınıb, 220 min qaçqın və məcburi
köçkünün mənzil-məişət şəraiti
yaxşılaşdırılıb.
2014-cü
ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları,
kosmik sənaye uğurla inkişaf edib. Dekabrın əvvəlində
“Bakutel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisi
çərçivəsində "Azersky" müşahidə
peyki "Azərkosmos" ASC-yə
təhvil verilib. Bu, artıq Azərbaycanın orbitə
çıxarılmış ikinci peykidir. "Azersky"
peykinin müdafiə, təhlükəsizlik, fövqəladə
hallar, təbii ehtiyatların tədqiqi və digər geniş
tətbiq sahələri var.
Təsadüfi
deyil ki, "Standard & Poor's",
"Fitch Ratings", “Moody’s” kimi dünyanın
aparıcı beynəlxalq reytinq agentlikləri ölkəmizə
verilən investisiya səviyyəli kredit reytinqlərini bir daha
təsdiqləyiblər. Dünya İqtisadi Forumunun qlobal rəqabətlik
indeksində Azərbaycan 144 ölkə arasında 38-ci yerə
yüksəlib və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri
arasında birinciliyi əldə saxlayır.
-
2014-cü ili həm də Azərbaycanın enerji
strategiyasının həyata keçirilməsi
baxımından uğurlu il adlandırmaq olarmı?
- Bu il
sentyabrın 20-də 1994-cü ildə imzalanmış “Əsrin
müqaviləsi”nin 20 ili tamam oldu. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın
milli inkişaf strategiyasının mühüm tərkib hissəsi
kimi “Əsrin müqaviləsi” ilə başlanan enerji siyasəti
dövlət müstəqilliyinin təmin olunması, gələcək
inkişafın əsaslarının
formalaşdırılması baxımından müstəsna əhəmiyyətə
malikdir. İmzalanmış sazişlər həmin dövrdə
mürəkkəb ictimai-siyasi proseslərin cərəyan
etdiyi Azərbaycanda sabitliyin bərqərar edilməsi, cəmiyyətin
potensialının vahid məqsəd uğrunda səfərbər
olunması üçün ciddi zəmin yaratdı.
Dünyanın aparıcı şirkətləri Xəzər
dənizinin Azərbaycan sektorundakı karbohidrogen
ehtiyatlarının istismarına cəlb edildi, neftin dünya
bazarlarına çıxarılması üçün
marşrutlar müəyyənləşdirildi və qısa
müddətdə Azərbaycanın inkişafını təmin
edəcək mühüm işlər görüldü.
Əminliklə demək olar ki, “Əsrin müqaviləsi”
müstəqil Azərbaycanın bugünkü
uğurlarının təməlində duran qlobal miqyaslı
iqtisadi və siyasi hadisə olub.
Əlamətdar
hadisədir ki, 2014-cü il sentyabrın 20-də “Əsrin
müqaviləsi”nin 20 illik yubileyində müxtəlif dövlət
və hökumət başçılarının, rəsmi
şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin
iştirakı ilə digər nəhəng transmilli layihənin - “Cənub” qaz dəhlizinin təməlqoyma
mərasimi keçirildi. Məlumdur ki, 2011-ci ildə Azərbaycan
ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına
dair memorandum imzalandı. Bundan sonra 2012-ci ildə Türkiyə
ilə Trans-Anadolu (TANAP) qaz layihəsinə dair saziş
bağlandı, 2013-cü ildə isə Trans-Adriatik (TAP) layihəsi
əsas ixrac marşrutu kimi müəyyən edildi.
Bütün bunlar 2013-cü il dekabrın 17-də “XXl əsrin
layihəsi” adlandırılan “Şahdəniz-2” layihəsinə
dair yekun investisiya qərarının qəbul edilməsinə
şərait yaratdı.
“Şahdəniz-2”
və “Cənub” qaz dəhlizi layihələri Azərbaycanın
neft strategiyasına yeni nəfəs verməklə
yanaşı, həm də dünyanın enerji xəritəsini
dəyişdirəcək və Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında yeni bir vəziyyətin yaranmasına səbəb
olacaq.
- Ekspertlər
dünyada neftin qiymətinin sürətlə ucuzlaşmasının
bəzi enerji resursları hasilatçısı və
ixracatçısı olan ölkələrin iqtisadiyyatına
mənfi təsir göstərəcəyini
proqnozlaşdırırlar. Bu vəziyyət Azərbaycan
iqtisadiyyatına necə təsir edəcək?
- Neftin
qiymətinin kəskin aşağı düşməsi və
bu tendensiyanın bir neçə ili əhatə etməklə
davamlı xarakter daşıması iqtisadiyyatı tamamilə
enerji amilindən asılı olan ölkələrin
iqtisadiyyatına çox ciddi mənfi təsir göstərə
bilər. Təbii ki, enerji ixracatçısı kimi Azərbaycanın
da bundan ziyan çəkməsi istisna edilməməlidir.
Çünki Azərbaycan iqtisadiyyatında enerji amili hələ
də böyük rol oynayır və neftin qiymətinin
ucuzlaşması əldə olunan milli gəlirin səviyyəsinə
təsir edir. Bununla yanaşı, bir çox digər enerji
ixracatçısı olan ölkələrlə müqayisədə,
Azərbaycanın nəzərəçarpacaq
üstünlükləri də var ki, ölkə
iqtisadiyyatını ciddi neqativ təsirdən
sığortalayır.
İlk
növbədə qeyd edilməlidir ki, son 10 ildə həyata
keçirilən məqsədyönlü siyasət nəticəsində
Azərbaycan iqtisadiyyatı şaxələndirilib və
qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib.
Artıq bir neçə ildir ki, ÜDM istehsalında qeyri-neft
sektorunun çəkisi 50 faizdən çoxdur və
2014-cü ildə bu nisbət 59 faizə çatıb.
Digər
tərəfdən, Azərbaycan kifayət qədər
böyük valyuta ehtiyatlarına malikdir və buna görə
də iqtisadiyyatda və büdcə təminatında hər
hansı fors-major vəziyyət yarana bilməz.
Təcrübə
də göstərir ki, Azərbaycanın unikal iqtisadi modeli ən
mürəkkəb hallarda belə makroiqtisadi sabitliyin və
stabil iqtisadi artım templərinin qorunub saxlanmasını təmin
edir. 2008-ci ildə başlanmış və bir neçə
il davam edən ümumdünya iqtisadi böhranı zamanı
Azərbaycan iqtisadiyyatında müşahidə olunan artım
da bunu təsdiqləyir. Yeri gəlmişkən, həmin
dövrdə də neftin qiyməti kəskin aşağı
düşmüş və bir barelinə görə 30-40
dollar təşkil etmişdi.
Əksər
ekspertlərin rəyinə əsasən hazırda neftin qiymətinin
enməsi bir tərəfdən dünyanın aparıcı
ölkələrində iqtisadi artım səviyyəsinin
aşağı düşməsi və enerjiyə olan tələbatın
azalması ilə izah edilirsə, digər tərəfdən də
bu halın süni xarakter daşıdığı və
müəyyən siyasi məqsədlərə
hesablandığı vurğulanır. Onların qənaətinə
görə, bu proses davamlı xarakter daşıya bilməz və
bir müddət sonra neft bazarında qiymətlərin stabilləşməsi
müşahidə olunacaq.
Bütün
bunları nəzərə alaraq birmənalı şəkildə
demək olar ki, hazırda dünya iqtisadiyyatında və
enerji bazarında müşahidə olunan meyillər Azərbaycan
iqtisadiyyatına, makroiqtisadi sabitliyə, əhalinin sosial
durumuna mənfi təsir göstərməyəcək.
Əksinə, Azərbaycan hökuməti qarşıdan gələn
dövrdə də iqtisadi artımın təmin edilməsi
üçün müvafiq tədbirlər görmək əzmindədir.
- Başa
çatmaqda olan ildə ölkəmiz xarici siyasət sahəsində
hansı uğurlara nail oldu?
- Azərbaycan
dövləti ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə çoxşaxəli, balanslaşdırılmış
xarici siyasət kursu həyata keçirərək beynəlxalq
aləmə uğurla inteqrasiya olunub, region və dünya
ölkələri ilə səmimi, qarşılıqlı
hörmətə və əməkdaşlığa əsaslanan
çoxtərəfli və ikitərəfli əlaqələr
qurub. Həmin dövrdə əsası qoyulmuş təməl
üzərində yaradılan bugünkü böyük
iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyətin
həyatının bütün sahələrinin dinamik
inkişafı, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin
uğurla həll edilməsi bu gün Azərbaycana imkan verir
ki, tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət
yürütsün. Prezident İlham Əliyevin həyata
keçirdiyi xarici siyasətin məntiqi nəticəsidir ki,
dünyada Azərbaycanın tərəfdaşlarının,
bizə dost ölkələrin sayı getdikcə artır. Azərbaycan
regionun aparıcı ölkəsi olmaqla yanaşı,
dünyada sözü eşidilən, mövqeyi nəzərə
alınan güc amilinə çevrilir, qlobal məsələlərin
həllinə cəlb olunur. Bu mənada Azərbaycan 2014-cü
ildə də beynəlxalq aləmdə öz mövqelərini
əhəmiyyətli dərəcədə gücləndirib,
üzv və tərəfdaş olduğu beynəlxalq təşkilatlarla,
ayrı-ayrı ölkələrlə əməkdaşlıq
əlaqələrini dərinləşdirib.
Bu ilin may
ayından başlayaraq Azərbaycan
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib.
Azərbaycan bu müddətdə korrupsiya ilə mübarizəni
öz fəaliyyətinin prioritet istiqaməti seçib,
demokratiya, təhlükəsizlik, dinlərarası dialoq məsələlərinə
geniş diqqət ayırıb, bir sıra səmərəli
təşəbbüslərlə çıxış edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi üzrə məruzəçinin təyin
olunması, Azərbaycanın haqq səsinin Avropa ictimaiyyətinə
çatdırılması, Avropada rolunun, nüfuzunun
artması və digər məsələlər ölkəmizin
6 ay müddətində bu nüfuzlu qurumun ali orqanına rəhbərliyi
dövründə əldə etdiyi uğurlardır.
Bu ilin
iyununda Bakıda 300-dən artıq deputatın iştirakı
ilə ATƏT Parlament Assambleyasının sessiyası
keçirilib. Sessiyada qəbul olunmuş Bakı Bəyannaməsində
ölkələrin sərhədlərinin
toxunulmazlığı, ərazi bütövlüyü
prinsipi bir daha vurğulanıb.
Qeyd edilməlidir
ki, son illər Azərbaycan tam müstəqil siyasət
yürüdən dövlət kimi
beynəlxalq aləmdə böyük nüfuz və
hörmət qazanıb. 2011-2012-ci illərdə ölkəmizin
BMT Təhlükəsizlik Şurasında təmsil olunması
və ümumilikdə iki ay müddətində həmin ali
quruma sədrlik etməsi, bu il isə Avropa Şurası Nazirlər
Komitəsinə rəhbərlik etməsi bu nüfuzun əyani
göstəriciləridir. Təsadüfi deyil ki, Azərbaycan
2015-ci ildə Türkiyədə keçiriləcək
“Böyük 20-lik” (G20) ölkələrinin
toplantısına dəvət alıb.
Eyni
zamanda, müstəqil siyasət Azərbaycana imkan verir ki,
öz milli maraqlarını daha effektiv müdafiə etsin,
müxtəlif xarici qüvvələrin ölkənin daxili
işlərinə qarışmaq, öz iradəsini diqtə
etmək cəhdlərinə tutarlı və layiqli cavab versin.
- Əli
müəllim, bu kontekstdə ayrı-ayrı dövlətlərin,
xarici təşkilatların Azərbaycanda insan hüquq və
azadlıqlarının vəziyyəti ilə bağlı
iddialarını necə qiymətləndirmək olar?
- Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə
bəyan edib ki, biz beynəlxalq təşkilatlarla və
dünya ölkələri ilə münasibətlərimizi
qarşılıqlı hörmət, etimad, səmərəli
əməkdaşlıq prinsipləri üzərində qururuq
və xarici siyasətimizdə bu prinsiplərin yerinə
yetirilməsinə çalışırıq. Bir-birinin
daxili işlərinə müdaxilə etməmək
ayrı-ayrı ölkələrlə əməkdaşlığımızın
başlıca şərtləri sırasına daxildir.
Azərbaycan
qanunun aliliyinin təmin olunduğu, hüquqi və demokratik
ölkədir. Azərbaycanda hər kəsin fikir, söz və
məlumat azadlığı təmin edilib, vətəndaş
cəmiyyəti institutlarının, müstəqil medianın
fəaliyyəti üçün zəruri şərait
yaradılıb. Hazırda Azərbaycanda yüzlərlə
QHT, media orqanı heç bir maneə olmadan, tam sərbəst
şəkildə fəaliyyət göstərir.
Azərbaycan
hökumətinin əsas tələbi ondan ibarətdir ki,
inkişaf etmiş Avropa ölkələrində olduğu
kimi, Azərbaycanda da QHT-lərin və medianın fəaliyyətində
demokratik azadlıqlardan sui-istifadə hallarına yol verilməsin
və bu sahədə qanunların aliliyi təmin olunsun. Nə
Azərbaycan qanunlarında, nə də beynəlxalq
qanunvericilikdə konkret cinayət əməli törətmiş
hər hansı peşə sahibi ilə bağlı xüsusi
imtiyaz nəzərdə tutulmayıb. Hər bir demokratik
ölkədə olduğu kimi, Azərbaycanda da məhkəmələr
qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin,
fərdlərin iddialarını, arzu və istəklərini
deyil, qanunun aliliyini əsas götürürlər.
Buna
görə də hesab edirik ki, son zamanlar ABŞ və Avropa
İttifaqının müəyyən dairələrinin, bəzi
beynəlxalq təşkilatların Azərbaycana qarşı
yürütdüyü qərəzli, ikili standartlar siyasəti
artıq bütün etik çərçivəni
aşıb və tərəfdaşlıq münasibətlərinə
sığmayan, qarşılıqlı əməkdaşlıq
prinsipinin ruhuna zidd, dözülməz hal alıb. Bəzi ölkələrin
rəsmi şəxsləri, bir sıra media orqanları və
vətəndaş cəmiyyəti institutları sanki mikroskop
altında Azərbaycanda problemlər axtarır, öz fəaliyyətlərini
büsbütün ölkəmizə qarşı qərəzli
kampaniyalar təşkil etməyə yönəldirlər.
Halbuki, həmin ölkələrin özlərində insan
hüquq və azadlıqlarının kobud şəkildə
pozulması, dini və irqi ayrı-seçkilik və digər
məsələlərlə bağlı ciddi problemlər var.
Məsələn, ABŞ-ın Ferqyuson şəhərində
qaradərili gəncin polis tərəfindən qətlə
yetirilməsindən sonra başlanan gərginlik
özünü “demokratiyanın beşiyi” kimi qələmə
verən bu ölkədə insan haqları sahəsində
çox ciddi çatışmazlıqların olduğunu
üzə çıxardı. Dinc etiraz aksiyalarının zor
tətbiq etməklə dağıdılması, peşə
borcunu yerinə yetirən jurnalistlərin döyülməsi və
həbsi, hüquq müdafiəçilərinin təzyiqlərə
məruz qalması və digər bu kimi hallar ABŞ-da insan
hüquqlarına necə “hörmətlə”
yanaşıldığını əyani şəkildə
göstərdi. Analoji hallar həm də Avropanın bir
çox inkişaf etmiş ölkələrində
özünü büruzə verir. Ksenofobiya, dini və irqi
ayrı-seçkilik, islamofobiya bir çox Avropa ölkəsi
üçün səciyyəvi hallardır. Buna görə də
hesab edirik ki, öz ölkələrində ciddi problemləri
“görməyənlər”in Azərbaycana barmaq uzatmağa və
yeri gəldi gəlmədi bizi tənqid etməyə
haqları yoxdur.
Biz üzv
olduğumuz beynəlxalq təşkilatların haqlı
iradlarını həmişə nəzərə
alırıq, göstərilən nöqsanları aradan
qaldırmağa çalışırıq. Harada tənqidlər
qərəzli xarakter daşıyır və Azərbaycanın
maraqlarına zərbə vurmaq məqsədi güdürsə,
həmin tənqidlərin qəbul olunmazlığı
açıq şəkildə ifadə edilir. Azərbaycan
heç bir halda özünün dövlət və milli
maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların
və ya ölkələrin istək və arzularına qurban
vermək niyyətində deyil. Onlar anlamalıdırlar ki, Azərbaycan
müstəqil dövlətdir, öz siyasətini xalqın
iradəsinə, milli maraqlara uyğun şəkildə həyata
keçirir və bundan sonra da bütün təzyiq və təhdid
cəhdləri, qeyri-diplomatik ritorika heç bir nəticə
verməyəcək və bütün əsassız iddialar
adekvat şəkildə cavablandırılacaq.
-
2014-cü ili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli baxımından necə qiymətləndirirsiniz? Bu
il bir tərəfdən yüksək səviyyədə
danışıqlar prosesi davam etdirildi, digər tərəfdən
isə qoşunların təmas xəttində vəziyyətin
gərginləşməsi müşahidə olundu.
- Təəssüf
ki, 2014-cü ildə də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı konkret irəliləyiş müşahidə
olunmadı. Bunun da başlıca səbəbi odur ki, Ermənistan
rəhbərliyi öz ənənəsinə uyğun şəkildə
qeyri-konstruktiv mövqeyini davam etdirərək bütün səylərini
mövcud status-kvonu qoruyub saxlamağa yönəldir. Hesab edirəm
ki, Ermənistan rəhbərliyi qoşunların təmas xəttində
təxribatlar təşkil etməklə beynəlxalq ictimaiyyətin
diqqətini məsələnin mahiyyətindən
yayındırmağa və onu münaqişənin müxtəlif
neqativ təzahürləri üzərində
fokuslaşdırmağa cəhd göstərir.
Avqust
ayında erməni təxribatçı qrupların basqın
cəhdləri qabaqcadan planlaşdırılmış aksiya
olsa da, onlar qarşılarına qoyduqları məqsədə
nail olmamış və ciddi itkilər verərək geri
çəkilmişlər. Şübhəsiz, Ermənistan
hakimiyyəti və Dağlıq Qarabağdakı qondarma rejim
daxildə ictimai narazılığın artacağını
və cəmiyyətin ciddi təzyiqlərinə məruz
qalacaqlarını bildiklərindən, öz itkilərinin
miqyası barədə obyektiv informasiya verməkdən çəkindilər.
Bununla yanaşı, erməni işğalçıları
bir daha Azərbaycan Silahlı Qüvvələrinin
gücünü və yüksək döyüş qabiliyyətini
gördülər və əmin oldular ki, onların
qarşısında peşəkar, ən müasir silahlarla təchiz
olunmuş döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri
regionun ən güclü ordusudur və qarşısına
qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir.
Məlumdur
ki, məhz bu gərginlikdən sonra avqustun 9-10-da Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü
ilə Soçi şəhərində Azərbaycan və Ermənistan
prezidentlərinin növbəti görüşü
keçirildi. Doqquz aydan sonra ölkə rəhbərləri
səviyyəsində birbaşa təmasların bərpa
olunması, habelə digər formatlarda keçirilən
görüşlər Ermənistan-Azərbaycan,
Dağlıq-Qarabağ münaqişəsinin nizamlanma prosesinə
öz müsbət təsirini göstərəcəyi ilə
bağlı ümidləri artırdı. Bundan başqa,
oktyabrın 27-də Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü
ilə Azərbaycan və Ermənistan prezidentləri növbəti
dəfə görüşdülər. Cənab Olland da
hazırkı status-kvonun qəbuledilməz olduğunu qeyd etməklə
tərəfləri böyük sülh sazişinə dəvət
etdi.
Ancaq
danışıqlardan dərhal sonra Ermənistan silahlı
qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində,
qoşunların təmas xəttinin yaxınlığında
hərbi təlimlərə başlaması, bu təlimlərə
40 mindən artıq hərbçinin, ağır texnikanın
cəlb edilməsi bir daha əyani şəkildə göstərdi
ki, Ermənistan rəhbərliyi danışıqlar prosesinin
konstruktiv məcrada davam etdirilməsində maraqlı deyil və
sülhə aparan istənilən addımı, təşəbbüsü
əngəlləmək niyyətindədir. Üstəlik, təlimlər
zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələrini
təxribata çəkmək cəhdləri də
müşahidə olundu ki, bu da Ermənistan ordusuna məxsus hərbi
vertolyotun vurulması ilə nəticələndi.
Bütün
bunları nəzərə alaraq, birmənalı şəkildə
demək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin indiyə kimi həll
olunmamasının başlıca səbəblərindən
biri də beynəlxalq birlik tərəfindən
işğalçı Ermənistana qarşı ciddi
sanksiyaların tətbiq edilməməsidir. Bu gün Ukrayna
hadisələri fonunda bu ölkənin separatçı
bölgələrinə, Krıma və Rusiyaya qarşı tətbiq
olunan sanksiyalar ilk növbədə 1992-ci ildən BMT-nin qəbul
etdiyi dörd qətnamənin icrasını qulaqardına vuran
işğalçı Ermənistana və separatçı
Dağlıq Qarabağ rejiminə şamil edilməli idi. Ermənistana
qarşı təzyiqlər və sanksiyalar həm də
bütün regionda təhlükəsizliyin təmin
olunması üçün vacibdir. Üstəlik, dünyada
analoji halların təhlili təsdiq edir ki, təcavüzkarı
dayandırmağın ən effektli yolu ona qarşı təsirli
praktiki tədbirlərin görülməsindən keçir.
Beynəlxalq aləm, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər,
BMT Təhlükəsizlik Şurası başda olmaqla
bütün aparıcı beynəlxalq təşkilatlar
mövcud vəziyyətə diqqəti artırmalı və
regionda qarşıdurmanın yenidən alovlanmaması
üçün Ermənistanı destruktiv fəaliyyətdən
çəkindirəcək real tədbirlər görməlidirlər.
- Həmin
insidentlər eyni zamanda Azərbaycanda informasiya təhlükəsizliyinin
təmin edilməsi məsələsini
aktuallaşdırdı və Azərbaycan Prezidenti müvafiq Sərəncam
da imzaladı. Bu sahədə görülən işlərlə
bağlı nə deyə bilərsiniz?
- Hesab
edirəm ki, Azərbaycan ictimaiyyəti Ermənistanın vəziyyəti
gərginləşdirmək cəhdlərinə birmənalı
olaraq düzgün yanaşma nümayiş etdirdi. Bu da cəmiyyətimizdə
həmrəyliyin, müxtəlif xarici təzyiq, təhdid və
təxribatlara qarşı vahid mövqeyin olduğunu göstərdi.
Bir daha sübut olundu ki, heç bir problem Azərbaycanda
mövcud milli birliyi sarsıtmaq gücündə deyil.
Eyni
zamanda, etiraf olunmalıdır ki, avqustda qoşunların təmas
xəttində yaranmış gərginliklə bağlı bir
çox internet media resursları qeyri-adekvat, anlaşılmaz
mövqe tutdular. Məhz bu resurslar yanlış, qeyri-obyektiv
informasiyaların mənbəyinə çevrildilər, bəzi
hallarda isə bilərəkdən və ya bilməyərəkdən
erməni mediasının təxribat xarakterli məlumatlarını
Azərbaycan ictimai rəyinə daşıyaraq cəmiyyətdə
çaşqınlıq, ruh düşkünlüyü
yaratmağa xidmət etdilər. Bununla yanaşı, bəzi
siyasi qruplar, onların nəzarətində olan azsaylı QHT-lər
və media öz ənənələrinə sadiq qalaraq,
anti-milli mövqe tutdular, erməni təbliğatının
ruporu qismində çıxış etdilər, əsas hədəf
kimi düşmən ölkəni deyil, Azərbaycan hakimiyyətini
seçdilər.
Mövcud
vəziyyət cəmiyyətin informasiya təhlükəsizliyi
məsələsini bir daha aktuallaşdırdı və bu sahədə
təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini
zəruri etdi. Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi
ilə dövlət orqanlarının mətbuat xidmətlərinin
və kütləvi informasiya vasitələri rəhbərlərinin
müşavirəsi keçirildi. Həmin tədbirdə
informasiya təhlükəsizliyi ilə bağlı
hazırkı durum hərtərəfli təhlil edildi,
mövcud problemlər və onlardan çıxış
yolları göstərildi.
Sentyabrın
24-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Ermənistan Respublikası Silahlı Qüvvələri ilə
təmas xəttində bəzi təhlükəsizlik tədbirləri
haqqında” Sərəncam imzaladı və cəmiyyətin
informasiya təhlükəsizliyinin təmin olunması ilə
bağlı qarşıda duran vəzifələr, həyata
keçiriləcək tədbirlər müəyyənləşdirildi.
Sərəncamdan dərhal sonra müvafiq dövlət
orqanları tədbirlər planı hazırlayaraq həyata
keçirməyə başlayıblar. Lazımi vəsaitlər
və təlimatlar hazırlanır, maarifləndirmə işləri
və müzakirələr aparılır. Hesab edirik ki, Azərbaycan
Respublikası Prezidentinin Sərəncamında qarşıya
qoyulan vəzifələrin yerinə yetirilməsi nəticəsində
informasiya təhlükəsizliyi sahəsində mövcud
çatışmazlıqlar aradan qaldırılacaq.
- Əli
müəllim, 2014-ci il Azərbaycan cəmiyyəti və
ölkəmizin ictimai-siyasi həyatında daha hansı əlamətdar
hadisələrlə yadda qaldı?
- Cəmiyyət
həyatında mühüm hadisələrdən biri kimi bu il
keçirilmiş bələdiyyə seçkilərini
göstərmək olar. Seçkilər demokratik, şəffaf,
beynəlxalq standartlara uyğun, seçicilərin fəallığı
şəraitində baş tutdu. Səsvermə günü
seçki məntəqələrində proseslərin əvvəldən
axıradək izlənilməsi məqsədilə respublika ərazisini
tam əhatə etməklə, 1000 seçki məntəqəsində
veb-kameralar quraşdırılmışdı. Seçki
prosesinin müxtəlif mərhələlərinin
qanunauyğun şəkildə keçirilməsi
üçün zəruri şərait təmin edilmişdi.
Seçkilərdə 8 siyasi partiya iştirak etmiş, üzvləri
seçkilərdə iştirak edən siyasi partiyaların
sayı isə 30 olmuşdur. Ümumilikdə ölkə
üzrə 1607 bələdiyyədə 15035 yerə 37077 nəfər
namizədliyini irəli sürmüşdür ki, bu da həm əhali
arasında bələdiyyələrə böyük maraq
olduğunun, həm də rəqabətin yüksək
olduğunun göstəricisidir. İlkin məlumata görə,
seçici fəallığının 38,9 faiz olması da
deyilənləri təsdiq edir.
Yerli və
xarici müşahidəçilər seçki
komissiyalarının fəaliyyətini, səsvermə
prosesini, səslərin hesablanmasını müsbət qiymətləndirib
və seçkilərin nəticələrinə təsir
göstərə biləcək qanun pozuntularının
müşahidə olunmadığını bəyan ediblər.
Keçirilmiş exit-poll da seçkilərin nəticəsi
ilə üst-üstə düşüb.
Bu il
noyabrın 1-2-də müxtəlif ölkələri təmsil
edən nüfuzlu dövlət xadimlərinin, dünya elminin
parlaq simalarının, tanınmış şəxslərin
iştirakı ilə keçirilmiş lV Bakı Beynəlxalq
Humanitar Forumu həm regionda, həm də dünyada
böyük maraqla qarşılanıb. Bu da bir daha təsdiq
edir ki, Azərbaycan artıq dövrün aktual məsələlərinin
müzakirə edildiyi ümumdünya səviyyəli humanitar mərkəz
kimi qəbul olunur.
İl ərzində
keçirilmiş XXl Azərbaycan Beynəlxalq Telekommunikasiya və
İnformasiya Texnologiyaları Sərgi və Konfransı , XlV
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi,
XlV Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi,
XXll Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, l Azərbaycan
Beynəlxalq müdafiə sənayesi (“ADEX-2014”) sərgisi və
dünyanın aparıcı şirkətlərinin
iştirakı ilə keçirilmiş digər
çoxsaylı tədbirlər həm müxtəlif sahələrdə
Azərbaycanın zəngin potensialını nümayiş
etdirməyə şərait yaradıb, həm də ölkəmizə
böyük marağın olduğunu bir daha göstərib.
l Avropa
Oyunlarına hazırlıq uğurla həyata keçirilir,
Bakıda yeni, müasir idman arenaları tikilib istifadəyə
verilir. Tədbirlə bağlı Azərbaycana gələcək
idmançıların, turistlərin yerləşdirilməsi
üçün müvafiq işlər görülür, təhlükəsizlik,
nəqliyyat və digər vacib məsələlər kompleks
şəkildə həll edilir. Əminliklə demək olar
ki, l Avropa Oyunları müstəqil Azərbaycanın tarixində
ən mühüm hadisələrdən biri olacaq və
ölkəmizi dünyaya dinamik inkişaf edən, müasir
dövlət kimi təqdim edəcək.
2014-cü
ildə diqqətəlayiq hadisələrdən biri kimi Azərbaycanda
iqtidar-müxalifət dialoqunun bərpa edilməsi və siyasi
partiyaların rəhbərləri ilə görüşün
keçirilməsi qeyd olunmalıdır. Bundan əvvəlki
dövrdə vətəndaş cəmiyyəti institutları
və media rəhbərləri ilə də görüşlər
keçirilib, irəli sürülən təkliflər
öyrənilib, ümumiləşdirilmiş və həlli
mümkün olan məsələlərlə bağlı
müvafiq tədbirlər görülüb. Azərbaycan
hakimiyyəti siyasi opponentləri, qeyri-hökumət təşkilatları
və media ilə konstruktiv
dialoqa həmişə açıq olub və bundan sonra da bu
siyasət davam etdiriləcək.
Hesab edirəm
ki, 2014-cü ilin yekunları qarşıdan gələn 2015-ci
ilə nikbinliklə baxmağa tam əsas yaradır. Azərbaycan
iqtidarı xalqın dəstəyinə arxalanaraq gələcəkdə
də üzərinə düşən vəzifələri ən
yüksək səviyyədə həll etməyə, Azərbaycanı
yeni, möhtəşəm
uğurlara doğru aparmağa hazırdır.
yap.org.az
Səs.- 2014.- 26
dekabr.- S.5-6.