Azərbaycan klassiklərinin qürbətdəki doğma məkanı

 

 

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Tiflis ədəbi-ictimai mühiti ilə çoxcəhətli qarşılıqlı əlaqələrinin zəngin bir tarixi var. Hələ orta əsrlərdən başlayaraq Zaqafqaziya xalqlarının müştərək, mədəni mərkəzlərindən biri olan Tiflis Azərbaycan milli mədəniyyətinin inkişafında mühüm rol oynayıb. XI əsrdə Gürcüstan paytaxtında Hübeyş (Hüseyn) Tiflisi kimi görkəmli Azərbaycan filosofunun yetişməsi və onun öz əsərlərində qədim Şərq, yunan, habelə gürcü fəlsəfi fikrinin nailiyyətlərindən bəhrələnməsi xalqlarımız arasındakı ədəbi-mədəni və siyasi-mənəvi birliyin əsrlərin dərinliklərinə gedib çıxan kökləri olduğunu göstərir.

 

Tarixi təcrübə göstərir ki, xalqlar və ədəbiyyatlar arasındakı əlaqələr onların birgə mövcud olduqları, ünsiyyətə girdikləri ictimai-mədəni mühitin təbiəti və xarakteri ilə şərtlənir, yaranıb inkişaf edir. Qabaqcıl mühit bir qayda olaraq mütərəqqi ideyaların meydana gəlməsinə və geniş yayılmasına, yüksək sinfi şüura və ədəbi zövqə malik vətəndaş-sənətkarların yetişməsinə, müxtəlif milli mədəniyyətlər arasındakı qarşılıqlı əlaqələrin inkişafına müsbət təsir göstərir. Bu mənada XIX əsrin ilk onilliklərindən başlayaraq Rusiya ilə çox sıx təmasa girmiş Zaqafqaziya regionunda öz mütərəqqi təmayülləri ilə seçilən Tiflis ədəbi-ictimai mühiti təkcə gürcü mədəniyyəti üçün deyil, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və ictimai fikri üçün də başlıca mərkəzlərdən birinə çevrilib, bir çox görkəmli sənətkarlarımız bu mühitin köməyi ilə dövrün qabaqcıl ideyalarına, rus və Avropa mədəniyyətinə yiyələnib, yeni tipli yazıçı və xadim kimi yetişiblər.

 

 XIX əsrin 70-80-ci illərində Bakı kapitalist inkişafı yoluna düşüb Rusiyanın böyük şəhərlərindən birinə çevrilənədək Azərbaycan yazıçılarının bir hissəsinin ənənəvi Şərq təsirindən uzaqlaşmasında, yeni ictimai fikir cərəyanları ilə tanış olmasında Tiflis ədəbi-ictimai mühiti mühüm rol oynayıb. Qafqazın inzibati və mədəni paytaxtı Tiflis bir əsrə yaxın müddət ərzində bir sıra görkəmli yazıçı və ictimai xadimlərimizin fəaliyyət meydanı olub. A.Bakıxanov və İ. Qutqaşınlı, M. Ş. Vazeh və M. F. Axundov, Fazilxan Şeyda və Məmmədəli Səfiyev, Q. Zakir və Xurşidbanu Natəvan, H. Zərdabi və Ə. Haqverdiyev, İ. S. Şahtaxtinski və M. Şahtaxtinski, C. Məmmədquluzadə və Ö. F. Nemanzadə, Ü. Hacıbəyov və H. Minasazov, S.Vəlibəyov və M. Ş. Mirzəyev, E. Sultanov və H.Qəbulov- Şirvaniski, F.Köçərli və Abdulla Şaiq, M. Ə. Sabir və Ə. Qəmküsar, S. M. Qənizadə və M. Qarayev, Rəşidbəy və Abdulla Əfəndiyevlər kimi Azərbaycan ziyalılarının həyat və yaradıcılıqlarının bir sıra diqqətəlayiq səhifələri Tiflis ədəbi-ictimai mühiti ilə bağlı olmuş, onların çoxu bir müəllim, yazıçı, jurnalist, ictimai xadim, xalq işi uğrunda mübariz kimi ilk addımlarını bu şəhərdə atıb. Keçən əsrdə mütərəqqi ideyaların və demokratik hərəkatın mərkəzlərindən biri olan çoxmillətli Tiflis onların maarifçilik, demokratizm, inqilabi mübarizə mövqelərinə gəlib çıxmalarına təkan verib.

 

Azərbaycan ədəbiyyatının rus və Avropa ədəbiyyatları ilə qarşılıqlı əlaqələri sahəsində yeni, ardıcıl, inamlı addımlar da 19-cu əsr Tiflis ədəbi-ictimai mühiti şəraitində atılıb. Düzdür, klassik Azərbaycan poeziyasının gözəl nümunələrinin öyrənilməsində Avropada və Rusiyada ciddi maraq hələ orta əsrlərdən başlanmışdı, lakin həmin maraq ardıcıl və sistemli xarakter daşımırdı. Tiflis isə sözün həqiqi mənasında XIX əsrin əvvəllərindan başlayaraq zəngin Azərbaycan folklorunun və yazılı ədəbiyyat nümunələrinin nəşr və tədqiq edildiyi mərkəzlərdən birinə çevrilmişdi. Şifahi xalq ədəbiyyatımızın bir sira diqqətəlayiq nümunələri hələ XIX əsrin 40-cı illərindən etibarən “Tiflisskiye vedomosti”, “Zakafkazski vestnik”, “Kavkaz” “Novoye obozreniye” qəzetlərində, sonralar isə SMOMPK nəşrlərində çap edilib, məşhur “Koroğlu” qəhrəmanlıq eposu, “Aşıq Qərib” və başqa məhəbbət dastanları, Azərbaycan xalq nağılları, lətifələri və s. folklor nümunələri məhz Tiflis mühiti vasitəsi ilə Rusiyaya və Avropaya yol tapa bilib.

 

Azərbaycan və gürcü xalqları arasındakı tarixi dostluq və əməkdaşlıq Zaqafqaziyanın Rusiya tərkibinə daxil olmasından sonra daha da möhkəmlənmiş, yeni məzmun və mündəricə ilə zənginləşmişdi. Bu da ilk növbədə Azərbaycan və gürcü mədəniyyətlərinin qabaqcıl nümayəndələrinin Lomonosovlar və Puşkinlər Rusiyasına üz tutmalarında özünü göstərmişdi. Tiflis ədəbi-ictimai mühiti Azərbaycan yazıçılarının təkcə rus dilini və rus mədəniyyətlərini öyrənmələri üçün deyil, onların demokratik, mütərəqqi Rusiya ilə əlaqələr yaratması üçün də çox əlverişli zəmin idi.

 

Dahi Azərbaycan mütəfəkkir yazıçısı Mirzə Fətəli Axundovun yetişməsində həmin mühitin xüsusilə böyük rolu olub. M. F. Axundovun istedadının tam şəkildə meydana çıxması, ən başlıcası isə onun maarifçilik və demokratizm, xəlqilik və ateizm cəbhəsinə doğru istiqamətlənməsi üçün Tiflis mühiti çox münasib idi. Məhz Tiflisdə qabaqcıl rus, gürcü və rus yazıçıları ilə əməkdaşlıq şəraitində M. F. Axundov Azərbaycan ədəbiyyatının və ictimai fikrinin tamamilə yeni istiqamətdə inkişaf etməsi zərurətini başa düşmüş və özünün əvvəldən axıra kimi Tiflisdə keçən təxminən yarım əsrlik fəaliyyəti ilə həmin istiqamətin əsasını qoymuşdu. Bir müəllim və yazıçı, filosof və ictimai xadim, jurnalist və əlifba islahatçısı, tarixçi alim və xalqlar dostluğunun carçısı kimi o burada özünün bütün Şərqə səs salan məşhur dram əsərlərini və “Aldanmış kəvakib” povestini, ərəb əlifbasının islahatı və dəyişdirilməsi ilə əlaqədər layihələrini, “Kəmalüddövlə məktubları” traktatını qələmə almışdı. M. F. Axundovun yüksəldiyi zirvə bilavasitə 19-cu əsrin 40-70-ci illərində Tiflis ədəbi-ictimai mühitinin zənginliyi və mütərəqqi mahiyyəti haqqında aydın təsəvvür yaradır.

 

 Qabaqcıl Azərbaycan ziyalılarının Tiflis mühitində dekabrist yazıçılarla və inqilabi-demokratik rus fikrinin digər nümayəndələri ilə geniş yaradıcılıq əlaqələri saxlamaları Azərbaycan ədəbiyyatının forma və mündəricə etibarı ilə yeniləşməsinə və zənginləşməsinə şərait yaradıb, rus dilli Azərbaycan publisistikasının və jurnalistikasının meydana gəlməsi üçün başlıca amillərdən biri olub. Əsası XIX əsrin 20-ci illərində A. Bakıxanov tərəfindən “Tiflisskiye vedomosti”qəzetinin səhifələrində qoyulan rus dilli Azərbaycan jurnalistikası, sonralar uzun zaman Tiflisdə fəaliyyət göstərən və yazıb-yaradan M. F. Axundovun, M. Səfiyevin, İ. S. Şahtaxtinskinin, M. Şahtaxtinskinin, E. Sultanovun, F. Köçərlinin, Ə.Ağayevin, S. Mehmandarovun, S. Ağamalıoğlunun, T. Bayraməlibəyovun, Ə. Cavanşirin, C. Məmmədquluzadənin, M. Ş. Mirzəyevin, A. Əfəndiyevin, H. Minasazovun, H.Qəbulov-Şirvanskinin, M. Qarayevin və başqalarının coşğun bədii-publisist fəaliyyətlərində daha da inkişaf etdirilib. Səciyyəvidir ki, ilk rusdilli Azərbaycan mətbuat orqanı da 19-cu əsrin 70-ci illərində Tiflisdə, 60-cı illərdə şöhrət tapmış gürcü demokrat xadimləri ilə sıx əməkdaşlıq şəraitində yaradılmışdı. “Kavkazski almanax” adlanan nəşrin redaktoru görkəmli alim, publisist və ictimai xadim İ. S. Şahtaxtinski idi. Ümumiyyətlə, hələ milli mətbuatın mövcud olmadığı, yaxud da onun verdiyi tribunanın yaratdığı imkanların zəif olduğu dövrdə Azərbaycan yazıçıları Zaqafqaziyanın rusdilli mətbuat orqanlarından milli ədəbiyyat və mədəniyyətin təbliği üçün, Azərbaycanda maarifin və qabaqcıl ictimai fikrin inkişafı, yayılması üçün istifadə edir, özlərinin rus dilində qələmə aldıqları bədii və publisist əsərlərində, məqalə və müxtəlif yazılarında xalqın ehtiyaclarından, onun qarşılaşdığı müxtəlif maneə və çətinliklərdən bəhs edirdilər. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi və etik-fəlsəfi fikrinin bir sıra diqqətəlayiq nümunələri ilk dəfə Tiflis rusdilli mətbuatı səhifələrində işıq üzü görüb, həmin mətbuat Azərbaycan ədəbiyyatının öz beynəlmiləl əlaqələrini genişləndirməsinə imkan yaradıb.

 

Bu ədəbi-ictimai mühit Azərbaycan milli-mətbuatının yaranmasına da güclü təkan verib. Qabaqcıl ziyalılar Qafqaz Senzura Komitəsi ilə kəskin mübarizə şəraitində anadilli mətbuatın yaradılması və öz fəaliyyətini genişləndirməsi uğrunda bir sıra mühüm işlər görmüşdülər. XX ilk Azərbaycan mətbuat orqanı olan “Şərqi-Rus” fəaliyyətə Tiflisdə başlamış, bütün Yaxın Şərqdə məşhur olan “Molla Nəsrəddin” jurnalının nəşri də bilavasitə burada mümkün olmuşdu.

 

Tiflisdə Azərbaycan və rus dillərində çap olunan qabaqcıl mətbuat ətrafında toplaşan azərbaycanlı müəlliflər digər xalqların qabaqcıl xadimləri ilə əlbir iş şəraitində Qafqazda hakim millətçiliyin və şovinizmin qarşısını almaq üçün ciddi fəaliyyət göstərib, xalqlar dostluğunun ağır sınaqlardan çıxmasına qələmləri ilə kömək ediblər.

 

Mahiyyətinə və xarakterinə görə beynəlmiləlçilik prinsipləri ilə seçilən Tiflis ədəbi-ictimai mühitində rus, Azərbaycan, gürcü və digər xalqların tərəqqipərvər nümayəndələrinin yaxınlaşıb, eyni məqsəd və amal uğrunda birgə mübarizə aparmaları bu xalqların ədəbiyyatlarının da beynəlmiləl ruhda inkişafına gözəl imkan yaratmışdı.

 

Ümumiyyətlə, vahid dünya mədəniyyətinin ilk rüşeymləri yaranmağa başladığı XIX əsrdə Azərbaycan və gürcü xalqları və ədəbiyyatları arasında əsrlərdən bəri mövcud olan dostluq əlaqələri daha da güclənmiş və mahiyyət etibarı ilə yeni xarakter almışdı.Bu isə öz növbəsində gürcü poeziyasının, nəsrinin və dramaturgiyasının Azərbaycan xalqına, onun həyat və məişətinə olan marağının daha da güclənməsinə təkan vermişdi.

 

Çarizm Qafqazdakı müstəmləkəçilik siyasətinə qarşı yekdil, vahid mübarizə şəraitində Azərbaycan xalqının Koroğlu, Qaçaq Kərəm, Səttarxan kimi tarixi qəhrəmanları gürcü xalqının da sevimli ədəbi qəhrəmanlarına çevrilmişdilər. Ümumiyyətlə, gürcü ədəbiyyatında Azərbaycan mövzusunun güclənməsi iki qardaş xalqın yaradıcı qüvvələri arasında əməkdaşlığın getdikcə daha səmərəli xarakter almasından irəli gəlirdi. Gürcü ədəbiyyatının Azərbaycan varlığına müraciəti, gürcü şair və dramaturqlarının yaradıcılığında Azərbaycan xalq qəhrəmanlarının bədii surətlərinin yaradılması və eyni prosesin Azərbaycan ədəbiyyatında da sürətlənməsi ilk növbədə Tiflis ədəbi-ictimai mühitinin hər iki xalqın sənətkarlarına aşıladığı beynəlmiləlçilik, xalqlar dostluğu hissinin nəticəsi idi. Xüsusən əsrimizin əvvəllərində, çarizmin Qafqazda milli ədavət törətmək üçün heç bir cinayətdən çəkinmədiyi bir şəraitdə Azərbaycan və gürcü ədəbiyyatlarının qabaqcıl nümayəndələri öz tarixi dostluqları haqqında daha gur səslə danışır, bu dostluğa yeni-yeni əsərlər həsr edirdilər.

 

Təxminən bir əsrə yaxın Tiflis ədəbi-ictimai mühiti Azərbaycan mədəniyyətinin və ictimai fikrinin müxtəlif sahələrinə yeniləşdirici təsir göstərib. Təkcə ədəbiyyatımızın deyil, mədəni həyatımızın bir sıra digər sahələri də – milli jurnalistikanın inkişafı, milli teatrın meydana gəlməsi, qadın təhsili və ali təhsil, ilk dünyəvi Azərbaycan məktəblərinin yaradılması, xeyriyyə cəmiyyətlərinin təşkili də bu və ya başqa dərəcədə həmin mühitlə bağlı olub. İnqilabdan əvvəl doğma xalqının mədəni dirçəlişi uğrunda mübarizə aparan Azərbaycan maarif və mədəniyyət xadimlərinin böyük bir qrupu Qoridəki Zaqafqaziya müəllimlər seminariyasında və Tiflis Aleksandr Müəllimlər İnstitutunda təhsil alıb və bu mütərəqqi xarakterli maarif müəssisələrində açıqfikirli, qabaqcıl dünyagörüşlü ziyalı kimi formalaşıb.

 

Bilavasitə Azərbaycan torpağında yetişib, fəaliyyətləri də doğma milli şəraitdə davam etmiş bütün qabaqcıl azərbaycanlı ziyalılar kimi, Tiflis ictimai-mədəni mühitində yaşayan və işləyən ziyalılarımızın tarixi xidmətlərindən biri özlərinin ən yaxşı əsərləri və işləri ilə Zaqafqaziya xalqlarının mədəni, ədəbi həyatına nüfuz etmələri, onun Şərq ədəbiyyatı motivləri ilə zənginləşməsində, habelə rus ədəbiyyatının klassik Şərq ədəbiyyatı ilə əlaqələrinin genişlənməsində özünəməxsus vasitəçi rolunu oynamasıdır. M. F. Axundovun bir sıra əsərlərinin hələ keçən əsrdə rus, gürcü və başqa dillərə tərcümə olunması və Qafqaz teatrlarının səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulması, ümumiyyətlə, Azərbaycan ədəbiyyatı klassikinin yaradıcılığına ciddi maraq təkcə M. F. Axundovun deyil, bütövlükdə Azərbaycan ədəbi-bədii fikrinin bu mühitdə böyük nüfuza və əhəmiyyətə malik olduğunu göstərir.

 

Azərbaycan ədəbiyyatının Tiflis ədəbi-ictimai mühiti ilə bağlı səhifələri onun çoxəsrlik orijinal inkişaf tarixinin mühüm dəyişikliklərlə səciyyələndirən parlaq bir mərhələsini təşkil edir. Bu əlaqələrin daha geniş və kompleks şəkildə tədqiq olunmasının milli mədəniyyət tariximiz üçün böyük əhəmiyyəti var.

 

Almaz YURDSEVƏR

525-ci qəzet.- 2014.- 27 dekabr.- S.30-31.