Müharibə və onun nəticələrinə
təsir edən amillər
(Əvvəli
ötən şənbə sayımızda)
Strategiyanın
elementlərinə mənəvi xüsusiyyətlər,
silahlı qüvvələrin miqdarı, döyüş gedən
yerin şəraiti, hakim mövqe tutan məntəqələr,
dağlar, çaylar, meşələr, yollar daxildir. Bunlar həm
də ordunun təchizatında mühüm əhəmiyyət
kəsb edir.
Ordunun
döyüş igidliyi sadə fərdi qocaqlıqdan fərqlənir.
Cəsarət, möhkəmlik, sayca üstün olma, qəflətən
hücum, hiyləgərlik qələbənin
çalınmasına xidmət edən cəhətlərdir.
Böyük və ya kiçik ordu hissəsinin komandiri məkanda
qüvvələrin cəmlənməsində öz
ustalığını nümayiş etdirməlidir.
Müharibənin
taleyini çox vaxt görkəmli sərkərdələr həll
edirdilər. Yuxarıda sadalananlara II Dünya müharibəsinin
görkəmli sərkərdələri olan Jukovu, Rokossovskini,
Montqomerini, Aleksanderi, Makarturu, Eyzanhaueri əlavə etmək
olar. Onlar natsist Almaniyası və militarist Yaponiya üzərində
qələbəyə öz dövlətlərinin liderləri
Stalin, Çörçill və Ruzvelt kimi böyük
töhfə vermişlər. Hər bir döyüş onlar
üçün əslində bir yaradıcılıq
sınağı olmaqla yanaşı, həm də onlara layiq
olduqları şöhrət çələngi gətirirdi.
Döyüşə
komandanlıq edənin hərbi istedadından, strateji
düşüncəsindən və taktiki
ustalığından çox şey asılıdır. Hələ
qədim yunanlar deyirdilər ki, şir sürüsünə
qoyunun başçılıq etməsindənsə, qoyun
sürüsünə şirin başçılıq etməsi
yaxşıdır. Pis komandan və ya komandir təkcə məğlubiyyətə
səbəb olmur, həm də çoxlu canlı qüvvə
itkisinə yol verir. Britaniya ( bura Avstraliya, Yeni Zelandiya, Hindistan
qüvvələri də daxil idi ) və fransız
qoşunlarının I Dünya müharibəsində, 1915-ci
ildəki Dardanel əməliyyatında məğlubiyyəti hər
şeydən çox həmin əməliyyatın
yaxşı hazırlanmaması və daha pis şəkildə
həyata keçirilməsi ilə əlaqədər idi. Bu
iri miqyaslı hərbi əməliyyat Britaniyanın dəniz
naziri Uinston Çörçillin təşəbbüsü
olmaqla, boğazlarla birlikdə Türkiyənin paytaxtı
İstanbulu tutmaq məqsədini güdürdü. Əməliyyatın
uğuru quru və dəniz qüvvələrinin birgə tətbiq
edilməsi ilə mümkün ola bilərdi.
Hələ
1914-cü ilin noyabrında ingilis və fransız gəmiləri
boğazın fortlarını qısa müddətdə
bombalamışdılar. Türklər bundan sonra Dardanelin
müdafiəsini gücləndirmişdilər. Sonra buraya 80 gəmidən
ibarət ingilis-fransız eskadrası göndərildi. 1915-ci
ilin yanvarında qərara alındı ki, donama Dardaneldə
müstəqil qaydada, ordunun köməyi olmadan
vuruşacaqdır. Fevralda donanma Osmanlı fortlarını atəşə
tutmağa başladı. Türklər boğazın
sularına qoruyucu minalar qoydular və martda eskadra boğaza
daxil olanda türklərin atəşi altına
düşdü. Üç gəmi batırıldı,
üçü isə zədələndi. Türklərin
itkisi isə elə əhəmiyyətli deyildi.
Sonra
Qallipoli yarımadasına desant düşürmək istədilər.
Desant 81 min adamdan, 178 topdan ibarət idi. Alman-türk (onlar da əks
tərəfdə müttəfiq idilər)
komandanlığı Dardaneli müdafiə etmək
üçün əlavə ordu yaratdı. Apreldə
yarımadaya desant salınmasına başlandı. Lakin bir
gün sonra türklərlə baş verən
döyüşdə çoxlu itki verildiyindən, Britaniya
qoşunları geri çəkilib, gəmilərə
oturdular. Yarımadanın digər sahillərində də
desant vaxtı britaniyalıların itkisi böyük idi.
Türk artilleriyası sahilə əsgərləri
çıxarmaq üçün gəmilərdən endirilən
çox sayda qayıqları da sərnişinləri ilə
birlikdə məhv etmişdi. Desant əməliyyatının
birinci günü müttəfiqlərin itkisi böyük
idi,18 min nəfərə çatırdı. Sonrakı
hücumlar da uğur gətirmədi. Avqustda əlavə 10 min
nəfər əsgər gətirildi. Lakin ingilis-fransız
qüvvələri irəliləyə bilmirdilər və
artıq aydın oldu ki, Dardanel əməliyyatı
uğursuzluğa düçar olur. Qallipolidən desantın
evakuasiyası başlandı və bu ağır iş dekabrda
başa çatdı. İngilislərin itkiləri 120 min nəfər,
fransızlarınkı isə 26 min həfər idi. Osmanlı
imperiyasının da itkiləri heç də az deyildi.
Müttəfiqlərin Dardanel əməliyyatı, beləliklə,
ciddi uğursuzluqla nəticələndi. Əməliyyatın
təşəbbüskarı kimi Çörçil istefaya
getməyə məcbur oldu.
Çörçill
isə öz növbəsində Müttəfiq qüvvələrinin
baş komandanı general-mayor Çarlz Monronu təqsirləndirirdi.
O, özünün “Dünya böhranı” əsərində
vaxtilə Sezarın Pontdan göndərdiyi “veni, vidi, vici” – “gəldim,
gördüm, qalib gəldim” sözlərindən ibarət xəbəri
bir qədər dəyişərək, Monro haqqında istehza şəklində
guya onun öz dilindən gələn sözləri belə
yazır: “gəldim, gördüm, təslim oldum”.
Klauzevitsin
əsəri bütövlükdə tarixə müraciət
etsə də, öz dövrünün müasir
döyüş strategiyası və taktikası sahəsində
daha çox Napoleon müharibələrinə əsaslanır.
Həmin müharibələrdən iki əsrə bərabər
bir zaman məsafəsi keçmişdir. Bu dövrdə hərb
sənəti, hərb elmi və təcrübəsi xeyli irəliləmiş,
əvvəllər heç vaxt özü barədə
hansısa bir anlayışın belə olmadığı
yeni silah növləri meydana çıxmışdır. XIX əsrin
ortalarında ABŞ-da meydana çıxan, əvvəlcə
xəzinəli, sonra isə avtomat şəklindəki
vinçester tüfəngləri quruda aparılan əməliyyatlarda
mühüm rol oynadı. Bu silahdan istifadə hesabına XIX əsrin
son rübündə Amerika Birləşmiş Ştatların
preriyalarındakı bizon sürüləri
amansızcasına məhv edilirdi. Hindular ağlarla mübarizədə
bu silah hesabına ağır itkilərə məruz qalmaqla
yanaşı, özlərinin bizon əti şəklindəki əsas
ərzaq ehtiyatlarından məhrum olmaqla sürətli məğlubiyyətlərə
düçar olurdular. Vinçester silahı Afrikanın
müstəmləkəçilik qitəsinə çevrilməsində
mühüm rol oynadı və qitənin cənubunda müstəmləkəçilərə
müqavimət göstərən zənci əhalisi və
şimalda əsl müharibəyə qalxan sudanlılar
geniş qırğına məruz qalırdılar. Yaxud, XIX əsrin
80-ci illərində icad edilən pulemyot yer, aviasiya və tank
növlərinə malik olmaqla avtomat silah kimi daha məhvedici
atəş gücünə malik idi. İmperializmin təşəkkülündə
mühüm rol oynayan bu silah elə imperializmin
özünün məhvində də eyni rolu oynadı. Birinci
Dünya müharibəsində isə ilk dəfə tanklardan
və hərbi aviasiyadan istifadə edildi. Almanlar Londonu və
İngiltərənin şərqini bombalamaq üçün
həmçinin tseppelinlərdən istifadə edirdilər.
1916- cı ildə isə ingilislər müharibədə ilk
dəfə tırtıllı tanklardan istifadə etməyə
başladılar, lakin onun səmərəliliyi hələ az
idi.
XX əsrdə
isə silah istehsalının gur inkişafı onun ticarətini
xeyli genişləndirməklə, böyük dövlətlərə
nəhəng qazanc gətirməyə başladı. XXI əsrin
başlanğıcında isə bu ticarətin miqyası daha
da böyüməklə, silah istehsal edən dövlətlər
arasında kəskin rəqabətin meydana gəlməsinə
səbəb oldu.
Əks
qüvvələrin düzgün qiymətləndirilməməsi,
ağılsız dəlisovluq acı məğlubiyyət
anları ilə üzləşməmiş
ötüşmür. 1853-1856-cı illərin Krım
müharibəsi daha çox Balaklava döyüşündə
Britaniya Yüngül Briqadasının özünü intihar
şəklindəki hücumu ilə xatırlanır, ingilislər
və fransızlar bu müharibəyə 1854-cü ildə
qoşulmuşdular. Bundan da “yüngül süvari hücumu”
şəklindəki ironiyalı söz birləşməsi
meydana gəlmişdir. Yaxud, 1939-cu ilin sentyabrında Hitler
qoşunları Polşaya hücum edəndə, polyak
süvariləri guya igidlik nümayişi kimi alman
tanklarının üzərinə qılıncla hücum
edib, məhv oldular.
Müharibədə
baş döyüş çox sayda məsələlərin
həllinə yol açır. Hannibal İtaliya ərazisi ilə
irəliləyəndə, Roma ordusunun komandanı Maksim Fabi
(ona “ləngiyən”, “ləng” mənasını verən
“Kunktator” ləqəbi vermişdilər) hər vəchlə
baş döyüşə girməkdən
qaçırdı, o, bu vaxt Kann döyüşünün
ağır dərsini nəzərdə tuturdu, bunun əvəzində
Karfagen ordusuna xırda toqquşmalarda “ağcaqanad sancması”
ilə cavab verirdi. Böyük Aleksandr, Hannibal, Sezar, Napoleon isə
baş döyüşlərə möhkəm aludə idilər,
onun uğurlu nəticəsinə əmin olduqlarından
düşməni belə döyüşə girməyə məcbur
edirdilər.
Rus ordusu
Napoleonla baş döyüşdən, iri miqyaslı
toqquşmadan daim qaçmağa səy göstərsə də,
1812-ci ilin 7 sentyabrında
feldmarşal Mixail Kutuzov Borodinoda belə döyüşə
girməyə məcbur oldu. Ruslar Borodino
döyüşündən sonra məğlub olub geri çəkilsələr
də, artıq strateji qələbə onların tərəfində
idi. Kutuzov Moskvanı da tərk edib, Napoleona təslim etsə də,
ordunu məhv olmaqdan xilas etməklə, dahi fransız sərkərdəsi
çarəsizlikdən Rusiyadan qaçmağa üz tutanda,
ona xırda zərbələrlə ağır itki verməyə
məcbur etməsini davam etdirdi.
Dağlarda,
meşələrdə, düzənlikdə, səhralarda
müdafiə öz xüsusiyyətlərinə malikdir.
Dağlarda vuruşmağı bacaran xüsusi qüvvələr
yaradılmalı və onlar döyüş şəraitinə
yaxın olan mövqelərdə məşq etməklə, bu
döyüş sənətinə yiyələnməlidirlər.
Dağlıq ərazilərdə döyüş və nəqliyyat
helikopterlərindən istifadə olduqca təhlükəlidir,
çünki bir daşın arxasında gizlənən
düşmən əsgəri müasir silah işlətmədən
belə adi atəşlə helikopteri məhv edə bilər.
Müharibə
dövründə strateji obyektlərin qorunması ən vacib
şərtlərdən birinə çevrilir, çünki həmin
obyektlərə vurulan zərbə fəlakət
dalğası yarada bilər. Bundan işğalçıları
qovmaq üçün istifadə edilməsi faktları da
vardır. 1576-cı ildə Hollandiyanın Leyden şəhərinin
sakinləri ispan işğalçılarına qarşı
mübarizədə qalib gəldilər. Onlar
qonşuluqdakı Xarlem şəhərinin taleyinə
yaxşı bələd idilər, şəhər yeddi
aylıq mühasirədən sonra ispanlar tərəfindən
tutulduqda sakinlər yaşından və cinsindən
asılı olmayaraq asılmış və ya suda
batırılıb öldürülmüşdülər.
Leydenlilər demişdilər ki, onlar ərzaqları qurtarana qədər
vuruşacaqlar, ehtiyac yarandıqda isə sol əllərini
yeyib, sağ əlləri ilə vuruşacaqlar. Həqiqətən
də şəhər qəhrəmancasına müqavimət
göstərdi. Mübarizə üçün heç bir
vasitə qalmayanda müdafiə qüvvələri bəndi(dambanı)
dağıdıb, ispanların düşərgəsini və
özlərini suda batırıb məhv etdilər. Şəhərə
çox böyük ziyan dəydi, lakin ispanlar
uzaqlaşmağa məcbur oldular.
İşğalçını öz torpağında məhv
etmək üçün onun həqiqi sahibinə hər
cür vasitədən istifadə məqbuldur, bunu leydenlilər
öz fədakar nümunələrində sübut etmişlər.
Vuruş
prosesində belə obyektlərin kövrəkliyinə əminlik
hiss edildikdə, onları hədəf seçib, əks tərəfə
daha böyük zərbə vurmağa
çalışılır. Ona görə də bu obyektlərin
müdafiəsi üçün əvvəlcədən
bütün tədbirlər həyata keçirilməlidir.
İndi sərsəm ağıllar əks tərəfdəki
belə obyektləri raket zərbəsinə məruz qoymaqla hədələyirlər,
lakin onu nəzərdən qaçırırlar ki, öz
ölkələrində təkcə bir strateji obyekt hədəf
kimi seçilsə, bu daha iri miqyaslı fəlakətin
baş verməsinə, böyük sayda insan tələfatına
səbəb ola bilər.
Müharibədə
bütün amillər nəzərə alınmalıdır
Müharibədə
dəqiq hesablamaların yerini hansısa bir ümid
parıltısı tutsa, bu, gözlənilənin diametral əksi
olan nəticəyə gətirib çıxarır. Sərkərdəlik
dühası hesab edilən, döyüş səhnələrində
40 qələbə çalmış, Austerlits, Yena və
Vaqram döyüşlərindəki parlaq qələbələri
ilə hərb tarixini və təcrübəsini görünməmiş
qaydada zənginləşdirən Napoleon belə, 1812-ci ildə
yürüşündəki hesablamalarında ciddi səhvə
yol verdi. O, güman edirdi ki, Moskvanı işğal etdikdən
sonra Rusiya imperatoru I Aleksandr sülh müqaviləsini
bağlamağa məcbur olacaqdır. Lakin Aleksandr onun bu təkliflərinə
məhəl qoymayıb, hansısa bir ən əlverişli
müqaviləni də imzalamaqdan imtina etdi. Çünki o, rus
xalqının qətiyyətinə bələd idi və əgər
belə bir sənədə imza atsaydı, xalq hökmən
onu lənətləyərdi. Moskvaya yox, Napoleon lap Sibirə qədər
də getsə belə, müqavilə heç vaxt imzalana bilməzdi.
Napoleon bu oyuna böyük bir ümidlə girmişdi, ona
görə də çox uzağa getdi, apardığı
kampaniya isə canlı qüvvə tələfatı
nöqteyi-nəzərindən izafi bədxərcliyə səbəb
oldu və Moskvadan bir qədər gecikmiş şəkildəki
qaçma isə ona olduqca baha başa gəldi.
ABŞ hərbi
dairələri Vyetnamdakı, SSRİ rəhbərliyi ilə
Əfqanıstandakı müharibələrin hansı şəraitdə
gedəcəyinə o qədər də əhəmiyyət
vermədiklərindən, hər iki ölkədə ciddi, taqətdən
salan müqavimətlə qarşılaşdılar.
Vyetnamdakı cəngəlliklər yerli müdafiə qüvvələrinin
işini asanlaşdırdığı halda, amerikan
aviasiyasının bombardmanlarının effektini xeyli
aşağı salırdı, Vyetnam
döyüşçüləri və partizanları isə
daha uğurla vuruşurdular. Sovet qoşunları dağlıq ərazidə
əfqan mücahidlərinin apardığı mübarizə
xüsusiyyətlərinə yaxşı bələd
olmadıqlarından, nizami ordu onların pərakəndə zərbələri
şəklində olan ağlasığmaz çətinliklərlə
üzləşirdi. Ən müasir silahlara malik olan iki
fövqəldövlətin qoşunları əsasən
primitiv silahlardan istifadə edən yerli qüvvələr
qarşısında öz zəifliklərini hiss etməyə
başladılar və həmin müharibələri
dayandırmaq məcburiyyətində qaldılar.
Hazırda ABŞ aviasiyası, Fransa və İngiltərə də ona qoşulmuşdur, “İslam dövləti”nin” (İraq-Levant İslam dövləti və ya İraq-Şam İslam dövləti də adlanır) İraqın şimalındakı və Suriyadakı qüvvələrinə hava hücumları edərək, onlara ağır zərbələr vurur. Əlbəttə, Vyetnamdakı müharibədən fərqli ollaraq bu ərazilərdə hava bombardmanları aparmaq nisbətən asandır, çünki qatı İslamçı qüvvələr ( radikal sünnülər) əsasən düzənlik ərazidə vuruşduqlarından, bu hücumlar qarşısında müdafiəsiz vəziyyətdə qalırlar. Əfqan mücahidlərini ABŞ “stinqer” silahı ilə təmin etdiyi halda, “İslam dövləti” qüvvələri təyyarələri vurmaq üçün belə səmərəli silaha malik deyillər. Burada elə böyük dağlıq ərazi, meşə, cəngəllik də yoxdur ki, həmin terrorçuların müdafiə imkanlarına müəyyən ölçüdə köməklik göstərə bilsin.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2014.- 27 dekabr.- S.27.