“İnsan görünməkdən, görüntü yaratmaqdan həzz alan varlıqdır”  

 

Feyziyyə ilə Xəzərin sahilində

 

 

O gün müsahibə üçün görüşməli idik. Axşamdan vədələşmişdik. Daha doğrusu ta keçən həftədən zəngləşmişdik günü-günə sata-sata, gəlib həmin görüşməyə qərar verdiyimiz günün üzərində dayanmışdıq ki, həftə sonuna yazını çatdırım. Deyirdi, xəstəxanada müalicə alır, amma arada bir-iki saatlığa çıxa bilər, soyuğa düşməmək şərti ilə. Axı, necə ola bilərdi ki, biz heç vaxt uzaqdan olsa belə rastlaşmamışıq, Allaha şükür az qala hər gün tədbirlər olur, görüşlər keçirilir. Və ümumiyyətlə, ağacdələn kimi beynimizi döyən şeirlərin müəllifini görmək niyə ağlımdan keçməyib, bunu anlaya bilmirəm. Sonra fikirləşdim ki, biz sadəcə, yazılarında, fəaliyyətində sual doğan insanlarla görüşmək istəyirik ki, niyə, nə üçün, harda və sairə bu tipli suallara cavab almaq üçün. O isə necə deyim, elə bil, özü demişkən, min ildi yol gəlir, min ildi danışır. Və elə bil mən onun dediklərinin hamısını bilirəm. Sizə desəm ki, mənim o adama heç bir sualım yoxdur, soruşacaqsız ki, bəs naxoş şairin yaxasından niyə əl çəkmirsən? Hə. Eləcə görmək istədim. Kişi olsaydım, zəng edərdim ki, şair, axşam gedək içək bəlkə? Amma mən kişi deyiləm və mənim bəhanəm yoxdur görüş üçün. Hə, nəhayət o gün gəlib çatdı. Səhər oyanan kimi ilk işim pəncərəni açıb havanın necə olduğunu öyrənmək oldu. Hava nə hava. Bir yağış yağır ki, bir Rüstəm Behrudi istəyir hüsnünə şeir yaza. Ağac olmağım gəldi. Heyif deyil bitəsən düzün ortasında, yağış da yağa, özü də necə. Bir damla düşə bir yarpağına, piano dilləri kimi enib qalxa, sonra başqa damla o biri yarpağını endirə qaldıra, sonra yenə, sonra bir də.. bir yağış yarpaqlarınla elə musiqi çala ki, göy də guruldayıb oxuya, bir də şappıltıyla gölməçələrdən keçən addım səsləri qarışa səsə. Bax musiqi budur. Hamıdan xəbərsiz, dinləyicisiz çalınan musiqi. Hərdən pəncərədən havanı öyrənmək üçün boylananlar bir gün ağac olmaq istəyə, ya istəməyə, bəlkə o zaman təsadüfən qulağına xoş səslər gələ. Nəysə... Pəncərəni bağlayıb otağa qayıdanda fikirləşdim ki, Sumqayıtda belə yağırsa, Bakıda vəziyyət yaxşı olmaz. Ağac olmaq vaxtı deyil, birdən heç gedib çıxa bilmərəm. Sonra qayıdıb yenə pəncərəyə baxdım. Birdən kefim pozuldu. Xəstəxanadan təzə çıxıb axı, bu necə olacaqdı, necə görüşəcəkdik? Birdən elə bil bayaqkı mahnı kəsildi. Yağış yağmağına yağırdı, amma səsini eşidə bilmirdim daha, ayağının ucunda gəzən adamlar kimi elə bil astaca, ehmalca düşürdü düşmək istədyi yerə. Heç daha ağac olmağa da həvəsim olmadı. “Bir azdan səngiyər” deyib özümə ürək-dirək verdim. Bir-iki saat keçdi. Amma hələ də yağırdı. Artıq yoldaydım. Avtobusdan düşüb avtovağzala qədər yolda yağış məni necə tutdusa, içimə bir peşmançılıq hissi doldu.. “Adam xəstədir, özü də müalicədən yeni qayıdıb. Sonra peşmançılıq olar, özümü bağışlamaram”. Daldaya çəkilib, zəng elədim:

 

 

– Rüstəm müəllim, necəsiniz? Özünüzü necə hiss edirsiniz?

 

– Bir az yaxşıyam. Xəstəxanadan çıxandan sonra bir az babatam.

 

– Şükür. Yaxşı olacaqsınız tezliklə. Rüstəm müəllim...

 

– Bəli.

 

– Bu gün gəlməyin. Hava yaxşı deyil.

 

– Hə, qızım. Bu yaxşı oldu. Bayaq istədim zəng edəm deyəm, sonra fikirləşdim ki, söz vermişəm.

 

Hə, bu həmin o gün idi ki, biz günü-günə sata-sata görüşməyimizə qərar vermişdik.

 

Və günlərin bir günü...

 

– Dünyada elmlə məşğul olan ən böyük adam Albert Eynşteyn olub. Hardasa oxumuşam ki, Eynşteyn Tövratı dönə-dönə oxuyub. Tövrat özü ədəbiyyat nümunəsidir, təkcə dini kitab deyil. İsrail düşüncəsindən ibarət nağıllardır. Yer üzündə ədəbiyyatdan başqa nə qalır ki?

 

Bu sualla başlamamışdıq söhbətə. Saat birdə görüşmüşdük, bir də baxmışdıq ki, saat beşdi. Arada zarafata salıb demişdik ki, bizə bütöv qəzet nömrəsi lazımdır bu söhbət üçün. Hələ söhbətin maraqlı yerində qəfil səs tonunu dəyişirdi ki, bax bunu yazma, ya da deyirdi, bunu yazarsan, amma mən öləndən sonra. Harda qalmışdıq. Hə... Mən bilmirəm Yer üzündə ədəbiyyatdan başqa nəsə qalır, ya yox? Mən bilmirəm, bəlkə heç ədəbiyyat da qalmır. Onu bilirəm ki, şeirin Allahı Füzulinin şairlikdən gileylənməsi ilə bağlı məşhur misranı Rüstəm Behrudi məndən çox-çox əvvəl oxuyub.

 

– İnsan düşüncəsinin yaratdığı ən böyük dəyərlər həm də dinlərdir. Bütün dinlərin hamısında söz Allaha bərabər tutulub. İncildə nə deyilir? “Başlanğıcda Söz vardı, Söz Tanrının mərtəbəsində idi, Söz Tanrı idi”. Söz Allah idisə necə boş şey ola bilər? Quranda deyilir ki: “And içirəm yanıb-sönən ulduzlara, seyr edib gizlənən səyyarələrə, qaranlıqda olan gecəyə və sökülməkdə olan dan yerinə ki, bu çox möhtəşəm olan bir elçinin bir kəlamıdır”. Adama elə gəlir ki, bu surədən bütpərəstlik yağır. Allah and içir, yanıb-sönən ulduzlara, gecənin gündüzlə görüşdüyü vaxta. Əslində, gör söz necə ucadır ki, Allah belə onun təsdiqi üçün, onun böyüklüyünü isbat etmək üçün and içir. Bundan sonra sözü necə boş adlandırmaq olar? Füzuli də gördüyü işləri təvazökarcasına qiymətləndirmək istəyirdi. Füzuli bilmirdi ki, nə yazır? Bir də bütün adamlar sözdən görünmək üçün istifadə edirlər. Mən, əksinə, özümü gizlətmək üçün şeiri yazıram. Mən şeirlərimdə özümü uzun illər gizlətdim. Əslində, tamam ayrı adamam. Nə yaxşı da gizlətdim, yoxsa məni çoxdan vurub öldürmüşdülər.

 

– Bəlkə, əksinə, əsl özünüz olmusunuz şeirlərdə. Bəlkə, öldürmək istədikləri siz deyildiniz?

 

– Baxır onu kim deyir. Mən deyirəmsə, özüm üçün haqlıyam, siz deyirsizsə, sizin öz həqiqətiniz var. Əslində, insan görünməkdən və görüntü yaratmaqdan həzz alan varlıqdır. Amma dünyada ən gözəl şey görünmədən, Allah kimi yaşamaqdır.

 

Yəni siz görünmək üçün yazmırsınız?sualını vermək istəyirsən, sonra yadına düşür ki, bu adam min illərdir yaşayan və danışan həmin o adamdı. O cavabı elə bil min il öncə deyib, sən onu bilirsən, eşitmisən, amma hansı cavab idi, cavabların içindən ayırd edə bilmirsən ki, bilmirsən:

 

– And olsun yerə, göyə ki, yox. Bəlkə də, uşaq vaxtı bir qıza yazdığım şeir görünmək cəhdinə hesablanmışdı. Nə yazıb, nə pozduğumu anlayandan sonra o şeylər mənim eynimə də olmadı. Sonradan məni görsünlər, məni eşitsinlər deyə bir istəyim olmayıb. İndi məni tənqid də edə bilərlər, tərifləyə də bilərlər. Çünki nə işlə məşğul olduğumu hamıdan yaxşı özüm bilirəm. Bir az ritorik səslənsə də, mən özüm üçün yazıram. Təbii, yazanların hamısı özü üçün yazır. Ancaq hansı məqsədlə özü üçün yazır? Məsələn, mən sözlə nəfəs alıb yaşayıram, şair olduğumu bilib yaşayıram. Son illər məni televiziya efirlərində, qəzet səhifələrində görə bilməzsiniz. Konfutsi deyib ki, ən ağıllı və dəyərli adam odur ki, böyük dəyişiklik dövründə gözə çarpmadan yaşamağı bacarsın. Gözə çarpmaq ova çevrilməkdir əslində, kim nə deyir, desin. Təkbaşına yaşamaq ətrafındakı adamlarla yaşamaqdan daha gözəldir. Heç kimə ziyan vurmadan, heç kimi aldatmadan.

 

Hə, elə bu idi. Bu cavab idi həmin o cavab. Mən bilirdim. Bilirdim axı, belə deyəcək. Duman gələrsə, həm də qatı-qatı gələrsə göz gözü görməz, hamını gizlədər, hər yeri əlçatmaz, hər şeyi ün yetməz edər. Amma özü ki görünər. Hamı tanıyır ki dumanı. Duman hardan ağlıma gəldi iki daşın arasında?

 

– Mən Allaha kosmik enerji kimi baxıram. Yəni, hər yer Allahdır. Allahı yanımızda görməyə biz özümüz can atmırıq, çünki qorxuruq. Allahın bizimlə bir yerdə olduğunu qəbul edə bilmirik. Adamların inandıqları Allah deyil mənim Allahım. Onların Allahında mələklər var, cinlər var, hurilər, qılmanlar var. Mənim Allahım isə təkdir. Hər bir insanın Allahı həmin insanın təsəvvüründə canlandırdığı Allahdır.

 

Mənim bir dostum var, adını deməyəcəyəm, milliyyətcə yəhudidir. Bakıdıda yaşayır, özü də çox məşhur adamdır. Mənə deyirdi ki, sən gəl türklərin dini kitabını yaz, ancaq imza qoyma. Ayrıca bir din yarat. İnsanlar sənə inanacaqlar. Bir neçə gecə yata bilmədim. Sonra düşündüm ki, mənim məqsədim həyatın nə olduğunu anlamaqdır. Yeni bir dini kitab yazıb camaatı təzədən işə salmaq istəmədim. Mən dinlərə İsanın, Musanın, Məhəmmədin anlatdığı çox möhtəşəm nağıl kimi baxıram. Mən də nağıl danışan adamam. Bütün nağıl danışanlar umur ki, sonda göydən düşən almalardan ona da pay düşsün. Mənsə mənim uydurduğum nağıllara qulaq assınlar deyə özüm mənə düşən paydan imtina elədim. Bütün dinlər insan tənhalığının məhsuludur, o tənhalığın gətirdiyi havadır.

 

Tanrım, uduza-uduza,

Çevirdin məni yalqıza

Apar soyuq bir ulduza

Kimsə dalımca gəlməsin.

 

Misra səs kimi qulağımda cingildəyir. Heç bilmirəm necə oldu ki, dinlər haqqında bu qədər danışası olduq. Hər dəfə söhbəti dəyişməyə cəhd etsəm də, söz sözü çəkirdi.

 

– Türkün mifik düşüncəsi, türkün ilkin insanın yaradılışı haqqındakı təsəvvürü reallığa daha yaxındır. Göy Tanrıda heç nə istəmirlər, heç nə uydurmurlar. O sadəcə, Tanrı olduğunu elan edir – mən Tanrıyam. Hətta türk Tanrısı tanrı olduğunu belə bilmirmiş, günlərin bir gününə qədər. Yer üzü sudan ibarət imiş. Tanrı darıxanda o suların üstündə otururmuş və Tanrı olduğunu bilmirmiş. Günlərin bir günü sudan Ağ Ana adlı bir qadın çıxır və Göy Tanrıya deyir ki, sən Tanrısan, mən sənə yaratmaq ilhamı verdim. Bütün xalqlarda qadın müqəddəs sayılır. Ancaq türklərdə olduğu qədər müqəddəs deyil. Bizim ana-bacılarımıza, qız uşaqlarına münasibətimiz tamam fərqlidir. Ona görə ki, bizim yaranışımızda ilkin rolu qadın oynayb, ilkin təkanı qadın verib.

 

Göy Tanrı insana insan kimi yaşamağı öyrədir və insandan heç nə istəmir. Bir şeirimdə dediyim kimi, “Axar su kimi Allahdan da heç nə istəmədən yaşamaq”.

 

Təklif edir ki, çay içək. Fürsətdən istifadə edib bir neçə zəngə cavab vermək istəyir:

 

–Bəli, qardaş. Başım hərlənə-hərlənə yaşayıram. Mənim başım Yer kürəsindən daha sürətlə fırlanır. Necə? Müvəffəqiyyətdəndir?

 

Yarızarafat söhbətdən hiss olunur ki, yaxın dostdur telefonun o üzündəki. Narahatdır şairdən əlbəttə ki. Keçər, düzələr hamısı. Bəs niyə söhbətdəki bəzi məqamları ölümündən sonra yazmağımı istədi?

 

Məzarlıqda bitən yovşan,

bağrım yenə oldu şan-şan.

Gördüm boş bir məzara

Yenə məndən danışırsan.

 

Misra yadıma düşəndə üşənirəm. Yoox, deyirəm, nə bilmək olar, bəlkə mən daha tez öldüm. Ölsəm...

 

Daş deyil ki, burdakılar, bacılarım, qardaşlarım – məzarlıqda bitən dil bilməz, söz anlamaz yovşanla öləndən sonra bu cür danışmaq olar. Yenə fikirlərim qarışdı...

 

– Bir gün Musa peyğənbər Tur dağına Allahla söhbət etməyə gedir. Və təbii ki, yolda yorulur. Süfrə açıb yeməyə hazırlaşmaq istəyəndə bir qara böcək çörəyin üstündən aşıb gedir. Və Musa Allahdan soruşur ki, əgər mənim kimi bir peyğəmbər yaradacaqdınsa qara böcəyi neynirdin? Allah Musaya cavab verir ki, üç gün öncə bir qara böcək də məndən soruşdu ki, mənim kimi bir böcəyi yaratmışdın, Musa nəyinə gərək idi? Biz onların dilini bilmirik ki, onların nə düşundüyünü bilək. Bəlkə onlar bizdən qat-qat çox şey bilir.

 

Hər halda onların bildiklərinin insandan fərqli olaraq təbiətə, canlıya zərəri olmayıb. Onların bildirdikləri, məhv etməyib, gözü yaşlı qoymayıb.

 

– Allahın insanı cənnətdən qovması təkcə almanı yediyinə görə deyildi. Bu həm də, azadlığa, tanımağa, bilməyə can atması üçün idi. Mələklə insanın fərqi nədir, bilirsizmi? Mələklər Allahın yalnız onlara öyrətdiyi şeyləri bilirdi. Adəmlə Həvva Allahın öyrətdiklərindən başqa özlərinin öyrənmək istədiklərinin üstündə cənnətdən qovulmuşdu. Allah insanın azadlıq düşüncəsini və elm öyrənmək qabiliyyətini qəbul etmək istəmirdi. İnsanın günahı bundaydı, meyvəni yeməkdə deyildi. Yer üzündən bir almaya görə insanı qovub sonra həmin Yerdə yüz cür alma növü yetişdirməyin anlamı nədir, bunu anlaya bilmirəm?

 

...Uşaq vaxtı Füzulini oxumuşdum və elə bilirdim şeir Allaha oxunan duadır. Üstündən bir qədər keçəndən sonra Nəsimini oxudum, çox böyük şairdir, amma burda dua adına heç nə yoxdur. Burda üsyan və etiraz var. Sonra Cavidi oxudum. Caviddə həm üsyan vardı, həm dua vardı. Sonra özüm də şeir yazdım. Gördüm ki, məndə həm dua var, həm etiraz, həm də bunların qarışığı var. Düşündüm ki şeir insanın Allah, ölüm və əbədiyyətlə görüşmək anının heyrətindən doğan hissin məhsuludur. Hava Yer ilə göy üzü arasında nədirsə, şeirdə bədənlə ruh arasındakı Odur. Biri yer ilə göy arasındakı boşluğu, digəri bədənlə ruh arasındakı uçurumu doldurur. Əgər o uçurumu doldurmaq gücündə deyilsə, şeir deyil.

 

Siqaretini yandırıb duruxur. Başını aşağı salar-salmaz baxışları masada hansısa nöqtəyə ilişib qalır. An, bir an bəs edir, xəyal insanın yaxasından tutub istədiyi yerə aparsın.

 

– Əbədi olmaq qorxuludur. İnsan əslində, nəyinsə sonunu görmək üçün yaşayır. Sonu görməmək qorxusu var insanlarda. Bir filosof tələbəsi ilə söhbət edir. Tələbəsinə deyir ki, ölüm qorxulu deyil, çünki o gələndə biz olmayacağıq. Amma mən düşünürəm ki, o filosof düz demir. Ölümlə qalımın, həyatın görüşdüyü bir an var. İnsan bu dünyadan ölümlə görüşməzdən öncə getmir ki.

 

Beləcə söhbət gəlib çıxdı Rüstəm müəllimin gənc şairlərlə dostluğuna. Deyir, buna görə “facebook”a minnətdarıq həm də.

 

– “Facebook”u yeni öyrənmişəm. Gənclərin nə yazdığını oxumaq üçün arada baxıram. Bax sən də şairsən, elə səndən soruşuram. Hər gün necə şeir yazmaq olar? Hər gün bir poema üzərində, bir romanın üzərində işləmək olar? Bu uşaqlar hər gün yeni şeir paylaşırlar. Təbii ki, bu şeir deyil. Mən onları “facebook” şairləri adlandırıram. Mən fikir vermişəm, hər gün paylaşılan şeirləri yetmiş nəfər “like” eləyir. Demək bunlar eyni adamdırlar. Bu paylaşır o bəyənir, o paylaşır bu bəyənir. Şeir kollektiv məhsul deyil. Kollektiv olan hər şeyin sonunu gördük. İnsan tək doğulur, tək yaşayır, tək də ölüb gedir. Buddistlər deyir ki, fərd fenomenir. İstənilən tək adam fenomendir. Və böyük ədəbiyyatı tək adamlar yarada bilərlər.

 

Rüstəm müəllimin ürəyi gənc şairlərlə bağlı yaman dolu imiş. Söz düşmüşkən fürsəti əldən vermədi:

 

– Söz oyunları heç kimə lazım deyil. Məsələn, Salam Sarvanın şeirinin ətrafında dolanan onlarla şeir ölüb gedəcək, amma Salamın öz şeiri qalacaq, orijinal, nümunə kimi. Son on-on beş ildə ədəbi hadisə kimi yadda qalan şeir nümunəsi göstərin mənə. Elə bir şeir olsun ki, bütün Azərbaycan onu oxusun və bəyənsin. İndi deyə bilərsiz ki, hamının bəyəndiyi şeir şeir deyil. Ancaq bir zövq məsələsi də var axı. Ancaq iyirmi il bundan qabaq vardı. Vaqif Bayatlının vardı, Ramiz Rövşənin, Vaqif Səmədoğunun, Sabir Rüstəmxanlının, Əjdər Olun, Əlisəmidin, Ramiz Qusarçaylının və adını unutduğum muəlliflərin elə şeirləri varıydı ki.

 

Ədəbiyyat yolunda olan gənclər var, ancaq bu gənclər ədəbiyyatdan daha çox dedi-qodu ilə məşğuldurlar. Ancaq analmırlar ki bir müddətdən sonra bu dedi-qodular keçib gedəcək. Aqşin Yenisey var, istedadlı şairdir. Mənim əleyhimə yazı da yazıb. Xəstələnəndə narahat olmuşdum... İstedadlı olduğu üçün. O da arada bəzi şeylərə qoşuldu. Ancaq deyəsən, artıq başa düşüb ki, bu, ədəbiyyat yolu deyil. Bu gənclərin hamısı şairdir. Ancaq bilmək olmaz bunlar böyük ədəbiyyatla məşğul olacaqlarmı, yoxsa bir az sonra yazıda söz oynadacaqlar. Söz oyunu ilə oxucunun başını bir gün, iki gün aldatmaq olar.

 

– Qadından, sevgidən çox az yazmısınız.

 

– Sevən adam şeir yaşaya bilməz.

 

– Sizdən dərvişanə cavab gözləyirdim. Elə bildim deyəcəksiz ən böyük sevgi sözədir, Tanrıyadır.

 

– Bax, cavan qızsan, sevib-sevilən vaxtındır. Allaha sevgini necə izah edərsən? Bu dindarların uydurduğu riyakarlıqdan başqa bir şey deyil. Qadını sevərlər.

 

Sevgi nədir? Bunun fəlsəfi izahı var. Özü-özündə olan bir şey özü özündə bir şeydir. Öz mahiyyətini ifadə edir. Bir də özü özündə olmayan, aralıq mahiyyəti daşıyan şeylər var. Sevgi özü özündə  bir şey olmayan, aralıq mahiyyəti daşıyan fəlsəfi anlayışdır. Ümumiyyətlə, bütün bəşəri anlayışlar aralıq mahiyyət daşıyr. O ola da bilər, olmaya da bilər. Bu dostluğa da aiddir, qəhrəmanlığa da, haqq-ədalətə də. Bunların önündə və arxasında, yaxud da, sağında və solunda nələrsə dayanır. Məsələn, sevgidə bir tərəfdə abır və həya, bir tərəfdə ehtiras dayanır. Sevgi aralıq mahiyyəti daşıdığından, ya o tərəfə yıxılmalıdır, ya bu tərəfə. Bütün hallarda sevgi ehtiras tərəfə yıxılır və məğlub olur. Ancaq insanlar bu məğlubiyyəti qələbə kimi qələmə verirlər. Aralıq mahiyyəti daşıyanda sevgi heç bir şey ifadə eləmir. Qəhrəmanlıq da belədir, mənim dediyim qəlbin içindədir. Ancaq istisnalar da var. Əksər hallarda qəhrəmanlığın bir tərəfində qorxaqlıq dayanır, bir tərəfində dəlilik. Çox vaxt böyük qəhrəmanlıqları qorxaqlar və dəlilər edir. Xeyirxahlıq da aralıq məna daşıyır. Bunun bir tərəfində xəsislik dayanır, bir tərəfində paylaşmaq duyğusu. Yadında saxla, zəngin adam heç vaxt xeyirxah ola bilməz. İnsan özündə olanı paylaşmaq istəməz. Orta səviyyədə olan insanlar xeyirxah ola bilərlər. Zənginlər ona görə zəngindirlər ki, onlar heç vaxt heç nəyi paylaşmırlar.

 

– Və siz ona görə sevgi haqda az yazmısınız ki...

 

–... mən onu yaşamışam.

 

– Neçə dəfə sevmək olar?

 

– Bir dəfə.

 

– Bir dəfə?  –heyrətdən gözüm böyüyür və içimə fərəh dolur. Nəhayət ki, ömründə yalnız bircə dəfə sevən kişi tapıldı.

 

– Qadın bir dəfə, kişi çox.

 

– Yoox, bu olmadı, – eh, xəyal qırıqlığına uğrayacağımı təxmin etməliydim,- Rüstəm Behrudi bütün kişilərin dediyini deyə bilməzdi. Burda dostluğumuz pozulacaq, Rüstəm müəllim.

 

Gülüşürük. Söhbət uzun və ağır mövzu ətrafında getsə də, zarafatla, xoş əhvalla yekunlaşır.

 

– Həqiqəti deyirəm. Kişi çox şey edə bilir. Ancaq qadının ürəyinin taxtı var ha, bax o taxtda ancaq bir kişiyə yer var.

 

– Kişilərin qəlbinin taxtı yoxdur ki?

 

– Yoxdur. Onlarda hava alanı kimi bir şeydir ürək.

 

Bu görüş, günləri sata-sata görüşəcəyimiz və baş tutmayan o yağışlı gündən bir həftə sonra oldu. Mənsə şeir əzbərləmək bacarığım olmasa da, günlərlə beynimin içinə zəli kimi yapışan misralardan qopmaq istəyirdim. Yağış yağsaydı...

 

Heç bir kəs tanımaz məni dünyada,

Dərd deyil qoy olsun, sən tanı barı.

Bil ki, mən qəribi Tanrı göndərib

Göndərib ovudum ayrılıqları.

 

 

Feyziyyə

525-ci qəzet.- 2014.- 27 dekabr.- S.24-25