Azərbaycan-Ukrayna ədəbi əlaqələrində mühüm addım

 

 

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşəbbüsü və koordinatorluğu  ilə Ukraynanın məşhur “Vsesvit” jurnalı bütünlüklə bizim ədəbiyyata həsr olunmuş “Xüsusi Azərbaycan buraxılışı” hazırlayır. Əlamətdar cəhət budur ki, 90 illiyini qeyd edən jurnalın yubiley sayı məhz çağdaş Azərbaycan ədəbiyyatına həsr olunub. “Poeziya” blokunda Azərbaycanın onlarca çox maraqlı şairləri, o cümlədən Əli Kərim, Vaqif Səmədoğlu, Fikrət Qoca, Ramiz Rövşən, Oqtay Rza, Abbas Abdulla, Çingiz Əlioğlu, Hamlet İsaxanlı, Aydın Əfəndi, Adil Mirseyid, Səlim Babullaoğlu, Elxan Zal, Salam Sarvan, Qulu Ağsəs, Aqşin, Qismət, Fərid Hüseyn və başqaları təmsil olunub. “Poetik yarpaqlar” bölməsində daha 12 şairin şeirləri  yer alıb. “Nəsr” blokunda Anarın “Dantenin yubileyi” və Elçinin “Stalinin ölümü” povestləri, Çingiz Abdullayev, Kamal Abdulla, Afaq Məsud, Əjdər Ol, Natiq Rəsulzadə, Hüseynbala Mirələmov, Elçin Hüseynbəylinin hekayələri, Məqsəd Nurun “Şəhər meri” kamera romanı, Günel Anarqızının “Qarabağ hekayələri”, Rafiq Həşimovun, Mübariz Cəfərlinin, Alpay Azərin, Pərvin Nurəliyevanın, Mirmehdi Ağaoğlunun  müxtəlif əsərləri də xüsusi buraxılışa daxil edilib. “Xüsusi buraxılış”da Ukrayna oxucusunu professor Cavanşir Yusiflinin Azərbaycan poeziyası haqqında, Əsəd Cahangirin Azərbaycan nəsri  ilə bağlı məlumatlandıracaq panoram xarakterli icmal məqalələri, habelə professor Həsən Quliyevin, Qan Turalının yazısı var. Jurnalın üz qabığı üçün görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərindən istifadə edilib, eyni zamanda, Azərbaycanın görkəmli ədiblərinin heykəllərinin fotoşəkilləri gənc fotoqraf Orxan Əzimin rakursundan təqdim olunub.

 

Tərcümələrin hazırlanması və jurnalın nəşri Ukraynada yaşayan tanınmış həmyerlimiz, Kiyev Beynəlxalq Kadr Akademiyasının professoru Möhlət Yolçuyevin dəstəyi ilə mümkün olub.

 

Eyni zamanda Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli də “Xüsusi buraxılış”ın hazırlanmasında səylərini əsirgəməyib.

 

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bildirib ki, xüsusi buraxılışın hazırlanması həm Ukrayna, həm də Azərbaycan  ədəbi-mədəni üçün ciddi və əhəmiyyətli hadisədir: “Mən Kiyev Beynəlxalq Kadr Akademiyasının professoru Möhlət Yolçuyevə dəstəyinə və yaxından iştirakına görə dərin təşəkkür edirəm. O bu addımı ilə, hesab edirəm ki, çağdaş ədəbiyyat tariximiz üçün olduqca vacib, yaddaqalan  bir iş görüb. Bu dəstək olmadan belə bir layihəni gerçəkləşdirmək olmazdı. Nəzərə alsaq ki, Azərbaycan ədəbiyyatı bu həcmdə, müxtəlif ədəbi nəsilləri əhatə edən 62 müəllifin əsərləri ilə Ukrayna ədəbi mühiti üçün ilk dəfə təqdim olunur, onda bu hadisənin miqyası daha aydın görünər. Eyni zamanda, səfirimiz Eynulla Mədətliyə də dərin təşəkkür edirəm. Səfirliyin və şəxsən cənab səfirin səyi, dəstəyi bizim üçün çox vacib idi, açığı, belə bir dəstək olmasaydı, işimiz xeyli çətin olardı. Əlbəttə, belə layihələri gerçəkləşdirməkdə tərəfdaşlar çox vacibdir. Dostum və həmkarım, “Vsesvit” jurnalının baş redaktoru, tanınmış Ukrayna ədəbiyyatşünası Dmitro Drozdovskinin fədakarlığı, Azərbaycana olan həqiqi simpatiyası da bu işin təkanverici amilidir. Əlaqələndimə işlərində dostlar yaxından iştirak ediblər. Bu mənada, Azərbaycan televiziyasının Ukraynadakı xüsusi müxbiri Möhsüm Aslanova da təşəkkürlər düşür...”

 

Səlim Babullaoğlu onu da bildirib ki, Azərbaycan tərəfindən isə, Ədəbi Əlaqələr Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin Ukrayna xüsusi sayı hazırlanıb: “Ukrayna ədəbiyyatına aid xüsusi sayın hazırlanmasında bizə dəstək vermiş Ukrayna parlamentinin deputatı Sergey Alekseyeviç Tarutaya minnətdarlığımı çatdırıram. Sözsüz ki, bu nəşr haqda jurnalın baş redaktoru Seyfəddin Hüseynli daha ətraflı məlumat verə bilər. Mən isə indilik bunu deyim ki,  yanvar ayında hər iki jurnalın həm Kiyevdə, həm də Bakıda təntənəli təqdimat mərasimləri gözlənilir. Zəhməti keçmiş bütün adamlar həm Yazıçılar Birliyi və onun Ədəbi Əlaqələr Mərkəzi, həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılacaqlar”.

 

Ukraynanın “Vsesvit” jurnalının baş redaktoru, II və III Bakı beynəlxalq humanitar forumlarının nümayəndəsi Dmitro Drozdovki AzərTac-ın xüsusi müxbiri Zeynal Ağazadəyə verdiyi müsahibəsində iki ölkənin ədəbi əlaqələri ilə bağlı bir çox maraqlı məqamlara toxunub:

 

“Mətnlərin sayına görə Ukraynada indiyə qədər müasir Azərbaycan ədəbiyyatının bu miqyasda bir antologiyası olmayıb. Bütün əsərlər Ukrayna dilinə yaxşı səviyyədə tərcümə olunub. Belə maraqlı əsərlərlə işləmək bizim üçün böyük məsuliyyət və eyni zamanda böyük sevinc deməkdir. Biz bu layihədə İqor Pavlyuk və Lesya Mudrak kimi tanınmış Ukrayna şairlərini də iştiraka dəvət etdik, onlar tərcümələri bədii baxımdan daha da canlandırdılar”.  “Azərbaycanlı həmkarlarınızdan kiminlə dostluq və yaradıcılıq əlaqələri saxlayırsınız?” sualını isə D.Drozdovski belə  cavablandırıb: “Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, istedadlı şair-filosof  Səlim Babullaoğlu ilə çox səmimi münasibətlərimiz var. Jurnalımızın Azərbaycana həsr edilmiş xüsusi nömrəsinin hazırlanmasında göstərdiyi dəstəyə görə cənab Babullaoğluya minnətdaram. O, layihənin müəllifi və yaradıcı əlaqələndiricisi olub. Əvvəlcə mənə elə gəlirdi ki, biz bu cür geniş miqyaslı layihəni, üstəlik belə mürəkkəb şəraitdə reallaşdıra bilməyəcəyik. Lakin “Vsesvit” jurnalının 90 illiyi (15 yanvar 2015-ci il ) ərəfəsində biz müasir Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi buraxılışı çap edəcəyik. Jurnalın 90 illik tarixi ərzində biz ilk dəfə belə bir layihə həyata keçiririk. Azərbaycan Yazıçılar Birliyi ilə səmimi əməkdaşlıq münasibətlərimiz yaranıb. Zəmanəmizin heyrətamiz dərəcədə həssas və dərin ədiblərindən olan Anara çox böyük hörmətim var. Orta nəslə aid olan Azərbaycan ədibləri Məqsəd Nur və Rafiq Həşimovla tanışıq, onlara da hörmət bəsləyirəm. Onlarla Bakıda, beynəlxalq humanitar forumda tanış olmuşam. Azərbaycan yazıçılarının əksəriyyəti çox təmiz və işıqlı adamlardır. Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi ilə bizim jurnalın dostluğu çoxdan, xüsusən cənab Eynulla Mədətli səfir olan vaxtdan inkişafdadır. O, Azərbaycan-Ukrayna dostluğunun möhkəmlənməsi, ölkəsinin ən yaxşı mədəni nailiyyətlərinin Ukraynada təmsil olunması üçün çox iş görür. Jurnalımızın xüsusi nömrəsinə Azərbaycan səfirliyinin də dəstəyi vardır və mən onlara də dərin təşəkkürümü bildirirəm...”

 

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli isə dərginin yeni sayı üzərində işin artıq tamamlandığını bildirib. Jurnalın bu sayının Ukrayna ədəbiyyatına həsr olunduğunu vurğulayan S.Hüseynli deyib ki, sözügedən nəşr Ukrayna ədəbiyyatının Azərbaycanda kifayət qədər geniş həcmdə, əhatəli miqyasda, toplu və sistemli halda ilk təqdimatıdır. Dərginin bu sayında Ukrayna ədəbiyyatı, xüsusən onun Azərbaycanda az bilinən müasir dövrü, son bir neçə onillikdəki ədəbi proseslərin nəticələri ətraflı əksini tapıb.

 

Seyfəddin Hüseynli jurnalın bu sayı üçün məhz Ukrayna ədəbiyyatının seçilməsinin səbəblərini belə izah edib: “Ukrayna özünün tarixi taleyi, milli dərdləri və qayğıları ilə Azərbaycana çox oxşayır. Bu ölkə öz mədəniyyətinin, ən çox da ədəbiyyatının xarakterinə, inkişaf səviyyəsinə  görə Azərbaycanla yaxından səsləşir. Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin artıq bəlli bir tarixi, möhkəm təməlli keçmişi var. Bu yöndə mühüm addımlar atılıb, təmaslar yaradılıb, qarşılıqlı tərcümələr edilib. Xüsusən, “Dünya ədəbiyyatı”nın ilk baş redaktoru, indi isə ədəbi Əlaqələr Mərkəzinin rəhbəri olan dəyərli şairimiz Səlim Babullaoğlunun təşəbbüsləri, Azərbaycan Yazıçılar Birliyinin davamlı dəstəyi nəticəsində son illər Ukrayna ədibləri ilə güclü və effektiv təmaslar qurulub. “Dünya ədəbiyyatı”nın Ukrayna xüsusi sayını məhz həmin əlaqələrin hesabına qısa bir müddətdə hazırlaya bildik”.

 

Ukrayna ədəbiyyatını mümkün qədər əhatəli təqdim etməyə çalışdıqlarını deyən baş redaktor S.Hüseynlinin bildirdiyinə görə, jurnalda otuza yaxın müəllifin yaradıcılığından nümunələrə yer verilib: “Ümumilikdə, Ukrayna ədəbiyyatının Taras Şevçenko, Vasıl Stus, Vyaçeslav Klyokov, Pavlo Movçan, Vasıl Gerasimyuk, Mixail Slaboşpitski, Boris Oleynik, Yuri Andruxoviç, Lyubov Qolota, Yuri Buryak, Sergey Qrabar, Kost Moskalets, Oksana Paxlyovska, Mariya Matios, İqor Pavlyuk, Dmitro Drozdovski, Aleksandr Kabanov, Dmitro Stus, Aleksey Zaraxoviç, Marianna Kiyanovska, Vladimir Kostelman, Sergey Jadan, Alyona Malyuqa, Lesya Mudrak, Dmitro Çistyak, Janna Bezpyatçuk, Miroslav Layuk kimi, müxtəlif ədəbi nəsillərə mənsub dəyərli nümayəndələrini bu sayımızda Azərbaycan oxucusuna təqdim etmişik. Bədii materiallar – poeziya və proza nümunələri Ukrayna ədəbiyyatının həm keçmişi, həm də bugünü ilə bağlı nəzəri-təhlili, icmal-təqdimat məzmunlu yazılarla müşayiət olunur. S.Hüseynli bildirib ki, tezliklə çapdan çıxacaq sözügedən saydakı materialları ana dilimizə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə, “Dünya ədəbiyyatı” jurnalıyla fəal əməkdaşlıq edən tanınmış imzalar çeviriblər: “Yaradıcılığına yer verdiyimiz ukraynalı müəlliflər kimi, onların əsərlərini dilimizə çevirən Azərbaycan ədiblərinin də siyahısı geniş və sanballıdır. Taras Şevçenkonun jurnalın “Klassik tərcümələr” rubrikasında çap etdiyimiz əsərlərini Azərbaycan dilinə vaxtilə Əhməd Cavadla Mikayıl Müşfiq çeviriblər. Digər materialların tərcüməçiləri sırasında Səyavuş Məmmədzadə, Cavanşir Yusifli, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, Rəbiqə Nazimqızı, Qismət, Mətanət Vahid, Könül Həsənqulu, Günel Şamilqızı, Şəfiqə Şəfa və başqa ədiblərimiz var”.

 

Cavid QƏDİR

525-ci qəzet.- 2014.- 27 dekabr.- S.23.