Səxavət
Nizaməddin Şəmsizadənin 60
yaşına
Nizaməddin Şəmsizadənin 60 yaşı tamam
olur.
Obyektiv səbəblər
üzündən son on-on beş ildə
görüşlərimiz, ünsiyyətimiz barmaqla
sayılacaq qədər az olsa da, onun haqqında
danışmağa söz çoxdur.
Ədəbiyyata eyni vaxtda gəlmişik. Bakı Dövlət
Universitetində başlanan, Nizami adına
Ədəbiyyat İnstitutunda davam edən dostluğumuzun təmənnasızlığı,
həqiqiliyi və səmimiliyi o zamanlar yəqin ki, heç
kimdə şübhə doğurmurdu.
Pafoslu səslənsə də deməliyəm ki, bu
dostluğun əsasında sözə, ədəbiyyata xidmət
amalı dayanırdı. Yəni
bütün ünsiyyətimizin mayası,
saysız-hesabsız məclislərimiz,
səfərlərimiz, mübahisə və umu-küsülərimiz,
hətta biri-birindən qəribə macəralarımız bu
və ya digər dərəcədə ədəbiyyatla
bağlı idi.
Uzaq gənclikdə hədəf aldığımız,
haqqında danışmaqdan doymadığımız
böyük işlərin çoxunu görmədən
altmışa gəlib çatdıq.
Nizaməddinin 60 yaşını qeyd etdiyi bu günlərdə
ənənəvi bir yubiley məqaləsi də yaza bilərdim. Orada
qulağı yağır eləmiş bol-bol təriflər
söyləyə, əsərlərini təhlil edə,
haqqında deyilənlərdən, yazılanlardan sitatlar gətirə
bilərdim. Amma mən şablondan
qaçıb uzaq gənclik dostumun xarakterini, səciyyəsini
açan bir hadisəni oxucularla bölüşmək istəyirəm.
Sovet dövründə bu cür əhvalatlardan söhbət
gedəndə başlıqdan sonra mötərizə içərisində
mütləq bir “olmuş hadisə” anonsu verilirdi.
Mənim nəql edəcəyim də olmuş hadisədir.
Türk qardaşlarımız demiş, sənə 1985. İkimiz də
Ədəbiyyat İnstitutunun əməkdaşıyıq.
Dissertasiya müdafiə edib elmlər namizədi
olmuşuq. Ədəbi mühitdə
az-çox tanınırıq. Yazılarımız
qəzet və jurnallarda çıxır. Yaş otuzu keçsə də, “gənc tənqidçi”
damğası hələ üstümüzdən
götürülməyib. Amma
adımıza, imzamıza ehtiyac duyulur. Hətta bir vaxtlar əlçatmaz
saydığımız məşhurlar da eyhamla, işarə
ilə, bəzən də açıq mətnlə
kitabları haqqında yazmağımızı, radio və
televiziyada barələrində danışmağımızı,
əsərlərini redaktə etməyimizi istəyirlər. Redaksiyaların, redaktorların qapısını
şəstlə aça bilirik.
İkimiz də ailəli idik. Amma heç birimizin mənzili
yox idi. Əslində faciə də olmasa,
çox böyük problem sayıla bilərdi. Biz isə bunu özümüzə dərd eləmirdik.
Çünki gənclik elə sərvətdir
ki, onun qarşısında qalan bütün hər şey əhəmiyyətsiz,
sönük, solğun görünür. Lord Bayronun məşhur
misrasında deyildiyi kimi: “The days of our youth are the days of our
glory!” – Yəni “Gənclik günlərimiz bizim şöhrətimizin
günləridir!” Biz də eynən belə qənaətdə
idik.
Dəqiqliyinə
zamin ola bilmərəm. Səməd
Vurğuna isnad verilən kəlam var. Deyilənə görə,
böyük şairimiz gənclik məktublarının birində
yazıb: “Mən öz varlığımı əsrin bəbəklərinə
tıxamalıyam”. Və bunu edib. Biz də hərdən belə pafoslu kəlamlar
qırıldadırdıq. Gənclik
çağlarında kim belə
düşünmür ki?
Amma bir məsələ də var ki, sadəcə gəncliyimizə
güvənib gün keçirmək niyyətində deyildik. Onun verdiyi
imkanlardan maksimum yararlanmağa çalışırdıq. Daha çox yazmaq və
çap olunmaq, daha çox tanınmaq, şöhrət və
pul qazanmaq, bir sözlə, irəli getmək, üzdə olmaq
istəyirdik. Yaxşı yaşamaq,
yaxşı geyinmək, yaxşı vaxt keçirmək istəyirdik.
Bütün bunları reallığa çevirə bilən
qeyri-adi, gözəgörünməz qüvvə tanımadığından hər
şeyi özümüz eləməli idik.
Və deyəsən, heç də pis
yaşamırdıq. Soruşula bilər – necə? Kiçik elmi işçi maaşı ilə?
Burada bir zəruri arayış verməyə
ehtiyac yaranır.
1990-cı
ilin yanvarında Sovet rəhbərliyinin Bakıda törətdiyi
qanlı qırğından sonra beş il
sıralarında olduğum Kommunist partiyasının biletini
geri qaytaranda üzvlük haqları qrafasının ksero-surətini
çıxardım. İndi də hərdən
kağızlarımın arasından tapanda baxıram. Üzvlük haqqı verdiyim aylıq qazancım az-az
hallarda 600-700 manatdan (söhbət keçmiş Sovet rublundan
gedir – V.Q.) aşağı olmuşdu. Əgər həmin
dövrdə institut direktorunun 450, nazirlərin 500-600 manat maaş aldıqlarını xatırlatsam,
heç də kasıbçılıq içərisində
yaşamadığım ortaya çıxar...
Nizaməddin haqqında da eyni sözləri demək
mümkündür.
Canında təpər olan, özünü oda-közə
vuran, yaxşı əlaqələr qurmağı bacaran digər
dostlarımız, həmkarlarımız da halal zəhmətlə
babat qazanırdılar.
Haradan?
Qəzetlərdən, radiodan, televiziyadan, nəşriyyatlardan!
Həmin o qayğısız, nəşəli illərdə
nəşriyyatlar bizdən ötəri əsl Klondayk – tükənməz
qazanc mənbəyi idi.
Nəşriyyatlara yüzlərlə, bəlkə də
minlərlə əlyazması daxil olurdu. Təbii ki, çap
planlarının Moskvada təsdiq edildiyi, hər artıq
müəllif vərəqinin, yalan olmasın, Mərkəzi
Komitə səviyyəsində
müzakirəyə çıxarıldığı
şəraitdə onların 90 faizi geri qaytarılırdı.
Amma nəşriyyat hətta ən qrafoman şairin, imla qaydalarını
bilməyən yazıçının “əsərini” də dəlil-sübutla
əsaslandırmadan rədd edə bilməzdi. Yoxsa sonra Lenin mavzoleyinə qədər
baş alıb gedən şikayət ərizələri,
teleqram və məktubların qabağında duruş gətirmək
mümkün olmazdı. Burada köməyə rəyçilər
gəlirdilər. Onlar, necə deyərlər,
atəşi öz üzərlərinə
götürürdülər. Yazdığımız
mənfi rəy əsasında ürək
çırpıntısı ilə nəşriyyata gətirilmiş
qalın-qalın qovluqlar geri qaytarılırdı. Amma onu da tam əminliklə deyə bilərəm ki,
yaxşı əsərə heç vaxt pis rəy
yazmadım. Nəşriyyat işçilərindən də
mənə belə tapşırıq verən olmadı. Əslinə baxanda, bizim müsbət rəyimiz də
heç nəyi həll etmirdi.
Əvəzində rəyə görə yaxşıca
qonorar alırdıq. Nəsrin hər çap vərəqi 5
manat idi. Şeirə hansı meyarla qonorar
verildiyi indi yadımda deyil. Məsələn, deyək
ki, istedaddan yüz ağac uzaq bir
cızma-qaraçının 20
müəllif vərəqi həcmindəki “romanını”
çay içə-içə vərəqləyirdin,
bir-iki səhifəlik rəy yazırdın və həmin
dövrdə babat maaş sayılan 100 manatı bir gecəyə
qatlayıb cibinə qoyurdun.
Ayda bir-iki dəfə yolumuzu “Gənclik”,
“Yazıçı” nəşriyyatlarından salırdıq. Hazır “məhsulu”
təhvil verib pulumuzu alırdıq. Buradakı əməkdaşların
çoxu Nizaməddinlə möhkəm dost olduğumuzu,
aramızdan su keçmədiyini bilirdilər.
Nədənsə “Yazıçı”ya bir dəfə tək
getmişdim. Qonorarımı alıb çıxanda kassir
qadın “Bəlkə Nizaməddin müəllimin də pulunu
sizə verim? Ayın sonudur, cədvəli
bağlamalıyam”
– dedi. Təbii ki, qol çəkib
200 manatı götürdüm.
İnstituta
qayıdanda Nizaməddinin koridorun aşağı
başında,
tennis masasının
yanında həmkarlarımızdan biri ilə söhbət elədiyini
gördüm. Sanki məni gözləyirmiş kimi tez
sözünü bitirib
yaxınlaşdı. Görüşüb hal-əhval
tutandan sonra:
– Ədib, – dedim, – belə gözəl havada (səhv
etmirəmsə may ayı idi) bu cansıxan məkanda boşuna
vaxt itirmək günahdır. Gedək yaxşı
bir yerdə oturaq, başımızı açaq, Əziz
müəllim demiş, bir qab araq içək.
–
Banqladeşə hazıram, – deyə Nizaməddin təklifimdən
sevinmiş halda dilləndi və inandırıcılıq
üçün tez əlini cibinə saldı.
Haşiyə
çıxıb deməliyəm ki, o zaman hansısa
hazırcavab pul atışıb (rusca məşhur “sobrazim”)
yeyib-içmək dərəcələrinin kod adını
müəyyən etmişdi. Bu koda görə
Banqladeş “beş-beş”, Vaşinqton isə “on-on” (söhbət
manatdan gedir) pul qoymağı ifadə edirdi. İndi Nizaməddin
Banqladeşə hazır olduğunu deyəndə hərəyə
beş manat qoyub məclis qurmağa
razılığını bildirirdi.
Mənim
beynimdə artıq plan hazır idi. Odur ki,
üz-gözümü turşudaraq onun qolundan
yapışdım:
– Ədib, nə vaxta qədər adımıza
yaraşmayan belə səviyyəsiz söhbətlər edəcəyik?
Gedək, bu gün mən qonaqlıq verirəm.
Haranı istəyirsənsə, seç.
Nizaməddin özünə xas insaflılıq göstərib
məsələnin 15-20 manatla həll oluna biləcəyi bir
neçə kafe və yeməkxananın adını çəkdi.
– Axı dedim ki, gərək bu gün əla bir məclis
quraq. Sən isə yenə Banqladeş, ən
yaxşı halda Vaşinqton təfəkkürü ilə
düşünürsən. Yaxşı,
yeri özüm seçirəm. Kağız-kuğuzunu
yığışdır, “Zümrüd”ə gedirik.
Nizaməddin
bir az heyrətlənən kimi oldu. Səkkizinci
mikrorayonda yerləşən “Zümrüd” o zaman
Bakının ən
bahalı restoranı sayılırdı. Bu səbəbdən seçimim ilk baxışdan
dostuma bəlkə də zarafat kimi
görünmüşdü. Çünki
neçə illərin məclis təcrübəsi bizi
biri-birimizə yaxşı tanıtmışdı. Kimin, hansı situasiyada necə hərəkət
etdiyi bəlli idi. Məsələn, həmişə
babat pulu olan Tahir Məsimovun kisənin ağzını
açması üçün ilk iki yüz qramı içməsi
kifayət idi. Rəhmətlik Bayram
Ağayev da təxminən eyni xasiyyətdə idi. Məclis qızışandan sonra Nizaməddinin
özü də hansısa kitabın arasında ehtiyat 100,
yaxud 50 manat saxlandığını yada salır, davama israr
edirdi. Mənə gəldikdə bilirdilər
ki, içkinin qədərindən asılı olmayaraq əvvəldə
hansı məbləği nəzərdə tutmuşamsa, o
çərçivədə hərəkət edəcəyəm.
İsrafçılıqla aram yoxdur. Küyə getmək də xasiyyətimdə deyil.
Bunları bildiyinə görə Nizaməddinin təəccüblənməyə
haqqı vardı.
İnstitutdan çıxanda Tahir Məsimovun Akademiya
bağındakı fontanın yanında var-gəl etdiyini
gördük.
– Bəlkə Tahiri
də götürək? – deyə
soruşdum.
“Zümrüdə” getmək, hələ üstəlik
qarşına çıxan dost-tanışı da
yığıb aparmaq? Bunun xərcinin altından çıxmaq olmaz ki! Mənim
birdən-birə nədən belə səxavət göstərdiyimi
heç cür anlaya bilməyən Nizaməddin:
– Gəl, bu gün ikilikdə oturaq,
– dedi.
Başa düşdüm ki, burada Tahirə
sayğısızlıqdan daha çox mənim xərclərimi
azaltmaq istəyi ön sıradadır.
Amma Tahirin vacib işləri varmış. Gürcüstandan
hansısa yaxın qohumu, bəlkə də qardaşı gələcəkmiş.
Bütün təkidlərimə baxmayaraq ürəkdən heyfsilənib bizə
qoşula bilməyəcəyini dedi. Harada
olacağımızı soruşub bəlkə sonra gələcəyini
vəd etdi. Yeri desəm də, gəlib
çıxmadı. Yəqin, “Zümrüd” məsələsi
ağlına batmadı. Sadəcə, iz
azdırdığımızı, ya da onunla məzələndiyimizi
düşündü.
Akademiyanın həyətindən çıxanda Nizaməddin
sola, 127 saylı avtobusun dayanacağına tərəf dönmək
istədi.
Qolundan yapışdım:
– Dedim
axı, bir günlüyə də olsa, qənaətcilliklə
qurtarmışıq. Həm də “Zümrüdə” avtobusla getmək
çox məntiqsiz görünür.
Taksi saxladıq. Əyləşib ünvanı dedik.
Nizaməddin dərhal əlini cibinə salıb
bir şax üçlük çıxardı.
– Heç olmasa, qoy onda xırda xərcləri
mən çəkim, – dedi.
– Yox, olmaz. Bir qəpik
də xərcləyə bilməzsən. Mənim
qonağımsan!
–
Çox sağ ol, ədib. Vallah,
bu gün səni heç tanımaq olmur, – deyə Nizaməddin
hələ də təəccüb oxunan nəzərlərlə
mənə baxdı.
– Hər
şey həmişə eyni qaydada davam edə bilməz. Bəzən
monoton həyatı dəyişmək üçün nə
isə fərqli, plansız, gözlənilməz iş görmək
lazımdır. Yəni balaca bir inqilab! Həm də
imkanımız varsa niyə ürəyimiz istəyən kimi
yaşamayaq?
Restoranda da Nizaməddini təəccübləndirməkdə
davam edirdim. Ən nəfis qəlyanaltılar, yeməklər, o
zaman dəbdə olan qrafində “Zolotoe koltso” arağı.
Dostumun bir az hallanandan sonra siqaret çəkmək
şakəri vardı. Bu dəfə də
iki-üç qədəhdən sonra ofisiantdan siqaret istədi.
Cavan oğlan əlində BT qutusu
qayıtdı. Ömrümdə siqaret çəkməsəm
də BT-nin o qədər də keyfiyyətli sayılmadığını bilirdim. Odur ki, sifətimi turşudub:
– Bu nədir?
– dedim. – Get “Marlboro” gətir. Özü də
iki qutu. Müəllimin evdə də
çəkməyə bir şeyi olsun.
Məlumat üçün bildirim ki, o vaxt əl altdan
satılan “Marlboro”nun qutusu 10 manata idi. Bu pula üç nəfər
normal nahar edə bilərdi.
Nizaməddin bəlkə də sərxoşluq
havasına ağlıma gələn sifarişləri verdiyimi
düşünüb xeyli etiraz etdi. Amma sonda “Marlboro”nu
götürdü. Siqaretin birini
yandırıb bu gün mənim tarix yazmağım, gələcək
həyatımızın modelini cızmağım barəsində
uzun-uzadı danışdı. Bu epizodu gənclik illərimiz
haqqında materiallarını indidən topladığı
romanında mütləq əks etdirəcəyini dedi.
Məclisimiz neçə saat idi ki, davam edirdi. Bir-birimizin sağlığına dediyimiz
tostların sayını itirmişdik. Artıq
bitirmək vaxtı idi.
Mən ofisiantı çağırıb hesabı gətirməsini
xahiş elədim. Sonra sonuncu qədəhi
götürdüm, sınayıcı nəzərlərlə
Nizaməddinə baxıb soruşdum.
– Ədib, ürəyindən bir şikayətin yoxdur ki?
– Yox. Niyə soruşursan?
– Həyatdır.
Hər şey ola bilər. Birdən
gözlənilmədən gəlib sənə bəd xəbər
verə bilərlər. Sarsılıb-eləməzsən
ki?
Nizaməddin sanki bir anda ayıldı.
– Deyəsən,
səndə söz var. Düzünü de, bəlkə evdə
bir hadisə baş verib? Bəlkə atamgildən,
ya da qardaşımdan nəsə eşitmisən?
– Yox, yox,
evlə, ailə ilə bağlı məsələ deyil.
– Bəs
onda nə olub?
–
Heç nə olmayıb. Möhkəm dayan!
Qonaqlığı sən verirsən.
Nizaməddin
özünü itirən kimi oldu.
– Axı
bayaq bura gələndə dedim. Üstümdə
cəmisi 10-15 manat var.
– Narahat
olma, bu gün qonorarını mənə veriblər, – deyə
200 manatı çıxarıb onun qarşısına qoydum.
Həmin gün özüm də xeyli qonorar
almışdım. Əgər dostumun üzündə kiçik bir narazılıq
ifadəsi oxusaydım, təbii ki, xərci çəkəcəkdim.
Nizaməddin isə əksinə, pulu görən kimi dərhal
dirçəldi. Özünü vəziyyətin
ağası kimi aparmağa başladı. Ofisiantı
çağırıb yeni sifarişlər verdi.
Qurduğum ssenari onu əsla pəjmürdə
eləməmişdi. Əksinə, dosta pul xərclətməyin
orijinal üsulunu tapdığıma görə xeyli
gülüb ünvanıma yeni sağlıqlar dedi.
Sonda restoranın haqq-hesabını çəkmək
üstündə kiçik mübahisəmiz düşdü. Nizaməddin pulu mənim verəcəyim
təqdirdə çox incəliklə, xalis bir novella kimi düşünülmüş bu
maraqlı kombinasiyanın pozulacağını, hər
şeyin ləzzətinin qaçacağını deyib
hesabı artıqlaması ilə özü ödədi.
Yadımdadır ki, sonra indi yerində “Alov qüllələri”
ucalan keçmiş “Moskva” mehmanxanasının barında gecədən
xeyli keçənə qədər oturduq. Həyatımızın
həqiqətən də xoş, gözlənilməzliklə
dolu bir gününü başa vurduq.
Üstündən
30 il keçməsinə baxmayaraq
bütün detalları ilə yadımda qalan bu hadisəni niyə
xatırladım?
Məncə, insan övladının, ilk növbədə
isə kişinin təqdirəlayiq cəhətlərindən
biri onun səxavətli olmasıdır. Təbii ki, “səxavət”
dedikdə sadəcə əliaçıqlığı,
sağa-sola pul xərcləməyi nəzərdə tutmuram.
Bura əliaçıqlıq da, ürək
genişliyi də, mərhəmət də, mənəvi böyüklük
və ucalıq da daxildir. Geniş mənada
səxavətli insan xırda hisslərin, cılız
duyğuların fövqündə dayanmağı bacaran
insandır. Təkcə cibinin pulunu deyil,
ürəyinin istisini, qəlbinin hərarətini də
dostları, yaxınları ilə, ehtiyaca düşənlərlə
bölüşməyə qadir olan insandır.
Orta əsrlər fransız filosofu Rene Dekart səxavəti
fərdin azadlığı ilə sıx əlaqəyə
malik mənəvi-əxlaqi anlayış kimi dəyərləndirirdi. Onun nəzərində
səxavətli olmaq – azad olmaq, öz daxilində
xırdaçılığı, həsədi,
acgözlüyü, hərisliyi, paxıllığı, təkəbbürü,
iddianı boğmaq anlamına gəlirdi. “Səxa
mülkü” Şərq, habelə klassik Azərbaycan ədəbiyyatında
da uzun əsrlər boyu bəşər övladının can
atdığı mənəvi ucalıq, yüksəklik kimi dəyərləndirilib.
Allah Nizaməddinə hər şeyi səxavətlə
bəxş edib. Boy-buxun, görkəm, ağıl, istedad,
zəhmətsevərlik, yaxşı ailə, gözəl
övladlar verib. O da Yaradanın
qarşısında borclu qalmayıb. Səxavətlə
aldığı bu payı eyni səxavətlə xərcləyib.
Və ömrünün on illərini
sözün, ədəbiyyatın ön sırada
dayandığı belə munis mühitdə keçirib.
Təcrübəmdən bilirəm – 60 yaş qorxulu
yaş deyil. İçini iddia qurdu gəmirməyən, sadə,
işıqlı, səxavətli adamlar üçün bəlkə
də ömrün ən yaşanmalı
çağıdır. Gənclik dostum,
tanınmış tənqidçi-ədəbiyyatşünas,
professor Nizaməddin Şəmsizadəyə də, türklər
demiş, bu yaşın keyfini çıxarmağı arzu
edirəm.
Qoy həyatının
ayrılmaz yol yoldaşı olan səxavət hissi ondan
heç vaxt uzaq düşməsin! Amma əsl ədəbiyyata,
sözə dəxli olmayan adlara, əsərlərə
münasibətdə 60 yaşın gətirdiyi müdrikliyə
dayanaraq xəsisliklə davranmağı da unutmasın. Dərin
düşünəndə əslində bu da sənət
qarşısında məsuliyyətin səxavət
ölçüsüdür...
Dekabr, 2014-cü il.
Budapeşt
Vilayət QULİYEV
525-ci qəzet.-
2014.- 27 dekabr.- S.22;26.