Hər kəsin qəlbində
bir bayatı var...
Ey ruh,
sevgilin kimdir, xəbərin
varmı? Ey qəlb, səndə müsafir olan kimdir, bilirsənmi?
(Mövlana)
Söz
qaldı el gələnə,
Çırmandı
sel gələnə.
Gözəl
bir bağ salmışam,
El gələ
kölgələnə.
Bir insan
ömründən qələmə aldığım fraqmentləri
bayatı ilə başlamağım qeyri-ixtiyari oldu. Şəksiz,
hər döyünən qəlbdə bir bayatı var... Hələ
eşidilməyən, hələ səslənməyən, səslənsə
belə hələ yaddaşlarda bardaş qurub oturmayan, şəxsin
özünə məxsus, ruhundan asılıb qalan bir
bayatı. Bayatılar da elə insan sevgisi kimidir, gah alışır,
acıdır və başlıcası, nəhayət,
könül xoşluğu, bir qəlb rahatlığı da gətirir.
Bayatı
çağıranda nədənsə iç dünyama
ilıq bir işıq süzülür. Gözlərim
önündə hay-haray meydanının kökdən qopan sal
qayanı çiyninə alaraq öz azman addımlarıyla
torpağı dizə qədər xışmalayıb yol gələn
ər kişilər canlanır.
Ömür
adlı bir karvanla səksən ildən bəri
enişli-yoxuşlu yol gələn insan yəqin ki, o yollarda
çox bayatılar çağırıb. Gah
alışdıran, gah göynədən, gah da könül
xoşluğu, qəlb rahatlığı gətirən
bayatılar.
İndi bu
qələmə aldıqlarım sanki dünyaya gəldiyim
gündən, necə deyərlər, yüz ildən bəri
tanıdığım bir insan haqqındadır.
Ancaq bu
insanın yüz yox, səksən yaşı tamam olur.
Ömrünün səksəninci qışını
növbəti bahara aparan həzin bir dönəmini
yaşayır.
Saçları
ağarmış insanları, adətən, başı
qarlı dağlara bənzədirlər. Elə haqqında
söz açdığım Hidayət Bəşirov da
keçdiyi ömür yolu, halında, xasiyyətində,
xarakterindəki saflığı, dupduru bulaq kimi şəffaflığı,
səmimiyyəti ilə başı qarlı dağlar kimi uca və
vüqarlıdır.
İnsan ədəbdən
ibarətdir, – deyib müdriklər. Ancaq bu kəlamın
ünvanı, əlbəttə, aqil olanlara, öz həyat,
ömür-gün yolunu düz seçənlərə, qəlbində
haqq, ədalət, duyğularında isə sevgi olanlara aiddir.
Hidayət müəllim də həqiqi mənada ədəb,
ehtiram, səmimiyyət ünvanıdır. Ağlı nəfsinə
üstün gələn kişidir. Onu sözünün ətri
ruhunun sakitliyi ilə ahəngdar təmas edən bir ozana, bir
nağıl qəhrəmanına da bənzətmək olar.
“Baharın
təsiri ilə daş yaşıllaşarmı?” Deyirlər,
torpaq ol ki, rəngarəng çiçəklər bitirəsən.
Hidayət müəllim də indiyəcən
gördüyü yaxşı əməlləri ilə, həm
də ocağında halal duz-çörəyi, o halal
duz-çörək qədər də halal öyüd-nəsihəti
ilə tərbiyə edib boya-başa
çatdırdığı, elə özü qədər
xeyirxah, yaxşı əməllər sahibi olan
övladları ilə rəngarəng çiçəklər
bitirən bir torpaqdır.
Hidayət
müəllim yaxşı ailə başçısı,
xoşbəxt atadır ki, layiqli vətəndaş olan gözəl
övladları var.
Mənim
tanıdığım Hidayət müəllim quruca
“salamından da müşk” qoxusu gələn bir kişidir.
Cani- dildən elə-obaya bağlı adamdır.
Onun
haqqında oturub fikirləşəndə mənə elə gəlir
ki, Hidayət müəllim yaşının bu ixtiyar
çağında da, indi də ömrünü elə
yollarda yürüyə-yürüyə yaşayır.
Ömrünün bu kövrək yaşında bəlkə də
övladlarına, adları dilindən düşməyən nəvələrinə
yaxın olsun deyə Bakıya köçüb. Ancaq
ayın-həftənin neçə gününü Bakıda
qaldığını deyə bilmərəm, bir ayağı
elə Lerikdədir. Bakıda axtarsan da çox vaxt
sorağı mütləq torpağının ətri ilə
cövhərinin yapılıb yoğrulduğu doğma eldən,
obadan gəlir.
...Yaxşı-yaman
başa düşən vaxtlardan, ağlım kəsən
günlərdən evimizdə Hidayət müəllimin
adını eşitmişəm. Xeyirxahlığı ilə
bağlı şəninə daim xoş sözlər deyilən
bu insanın həm də atamızın dostu olduğundan
qürrələnmişəm. Necə deyərlər, hələ
üzünü görməzdən bu kişini
tanımışam. Atamın rayon mərkəzindən hər
dönüşündə Hidayət Bəşirov adlı bir
dostu ilə görüşdüyünü, hansısa bir
qulluğunun, xahişinin elə onun vasitəsi ilə də
öz həllini tapdığını eşitmişəm.
Atamın
Hidayət müəllimlə
tanışlığının, onunla dostluğunun
tarixçəsini dəqiq deyə bilmərəm. Ancaq elə
bilirəm ki, ailəmizin Bəşirovlarla dostluğu da elə
mənlə yaşıddı. Çünki mən ötən
əsrin əllinci illərində doğulmuşam, atamın
da Hidayət müəllimin böyük qardaşı
Bağı Bəşirovu elə o illərdən
tanıyıb dost olduqlarını
öz dilindən eşitmişəm.
Yəqin
ki, atam Nəcəf kişi Hidayət müəllimi də
böyük qardaşının sayəsində
tanıyıb.
Bir
vaxtlar, Hidayət Bəşirovun məktəb direktoru
olduğu zamanlarda mən hələ orta məktəb
şagirdi idim. Ancaq onun direktor olduğu məktəbdə yox,
rayonun başqa səmtində, sonra isə daha dəqiq desəm,
qonşu Yardımlı rayonunda oxuyurdum. Lerik rayon Partiya Komitəsinin
təbliğat-təşviqat şöbəsinin müdiri olan
vaxtlardan o kişini tanımış, Təhsil şöbəsinin
müdiri işləyəndə görmüş, Rayon Partiya
Komitəsinin katibi olanda isə qismən rəhbərliyi
altında çalışmışam. Zaman-zaman vəzifələrini
dəyişsə də, halını-xasiyyətini dəyişməyən
Hidayət müəllimin sonralar internat məktəbinin
direktoru, rayon Mədəniyyət şöbəsinin
müdiri, Təhsil şöbəsi müdirinin müavini vəzifələrində
çalışdığı illərdə isə ailəmizin
xeyirxahı, ata dostu kimi hörmətini saxlayıb ehtiram
göstərmişəm.
Ata
dostuluğuna olan etibarımız, sədaqətimiz bizi
bir-birimizə sirdaş edib can qohumluğuna, qan qohumluğuna
yol açdı. Dost idik, qohum olduq. Taleyin qisməti ilə əzəl
binədən bizə beləcə əziz olan o insanı, indi isə istəkli nəvələrimiz
Turalın, Nicatın ata babası kimi sevirəm.
Lerik bir
neçə bölgəyə bölünməyi ilə sanki
özlüyündə
böyük bir diyar iddiasındadır.
Zuvand,
Dırıq, Piran, Hamarat, yarı hissəsi isə qonşu
Yardımlı rayonunun üstündə olan Pornəyim. Hidayət
müəllim isə sanki elə bil bütöv bir Lerikdir,
Lerikin xəritəsidir. Zuvandda, xoş soraqlı bir məkanda,
məmləkətimizin Cənub bölgəsindən tutmuş
Ərdəbiləcən məşhur olan qədim
Qışlaq kəndində anadan olub. Ömür-gün
yoldaşı, nəcib bir ailədən olan Şövkət
xanım Hamarat bölgəsindəndir. Dırıqlılarla,
Piranlılarla, elə mənim timsalımda Pornəyimlilərlə
də qohum olub.
Hər
yaşın bir özəlliyi var. Hər yaşında
seçilməyi, həm də sevilməyi ilə el-obanın
diqqətində olanlar isə xeyirxahlığı, comərdliyi
və səmimiyyəti yaşadıqları ömrə məqsəd
edənlərdi. Bir də hər yaşın vədələri
var. Ömrün hansı vədəsində isə insan daha
çox xatirələrə üz tutur. İndi xatirələr
məni də öz qoynuna alıb Hidayət müəllimin
unudulmayan, yadda qalan xeyirxahlıqları ilə bağlı
ömrün ötən çağlarına aparır.
Ötən
əsrin 70-ci illərində ordu sıralarından, hərbi
xidmətdən qayıdandan sonra sovxozda fəhlə işləyirdim.
Aradan beləcə bir müddət ötüb keçəndən
sonra özümə daha
münasib bir iş tapa bilmədiyimdən şəhərə
getmək qərarına gəlmişdim. Hətta Sumqayıt
Şüşə zavodunda babat bir işlə təmin
olunacağım barədə danışıb razılıq
da almışdım.
Evdə
valideynlərim, xüsusən də anam bu fikrimi-istəyimi
müsbət qarşılamadılar. Hansı ana
övladının gözünün önündən kənar
olmasını istər ki? Atam isə özlüyündə
narazı qalsa da, “yox, olmaz” da demədi.
Bir
gün fikrimi qətiləşdirib pasport qeydiyyatından
çıxmaq üçün rayon mərkəzinə gedəcəyimi
bildirdim. Səhər evdən çıxanda atamı da
geyimli-keçimli, yola hazır vəziyyətdə
gördüm.
Hələ
mən: – Siz hara, nə əcəb belə geyimli-keçimdə,
yol gedən adam tədarükündəsiz, – deyə
soruşmamış, atam: “Mənim də bəzi işlərim
var, rayona gedəcəyəm, birlikdə gedək”, – deyib yola
düzəldi, mən də ardınca...
Beləcə
gəlib rayon mərkəzinə yetişdik. Rayon mərkəzindəki
meydanda bir-birimizdən ayrıldıq. Mən Polis şöbəsinə
(o vaxtkı Milis), atam isə nə bilim,
düşündüm ki, öz
işlərinin dalınca getdi.
Polis
şöbəsində qeydiyyatdan çıxmaq
üçün müvafiq sənədləri
hazırlayıb pasport xidmətinə təqdim etməyim o qədər
də vaxt aparmadı. Elə şöbədən
çıxmaq istəyirdim ki, arxadan səsləyib məni
geri qaytardılar. Pasport xidmətinin rəisi olan zabit sənədlərimi
özümə qaytarıb:
– Səni
raykomun katibi Bəşirov yoldaş çağırır, al
sənədlərini, get görüş, sonra bunları gətirib
gələrsən, – dedi.
Düzdür,
təəccübləndim, ancaq sənədlərimi
qaytarmasına etiraz da eləmədim.
Elə
ordaca ürəyimə damdı ki, yəqin atam evimizdə həmişə
xoş söz-söhbəti gəzən, necə deyərlər,
güvənc yerimiz olan o kişinin, raykomun katibinin yanına
gedib.
Raykoma gəldim.
Binanın girişində növbətçiyə Hidayət
Bəşirovun məni çağırdığını
söylədim. Binanın ikinci mərtəbəsindəki
kabinetində məni qəbul elədi.
Mən
qapıdan içəri girəndə yerindən qalxıb
gülə-gülə: – Cavan oğlan, xoş gəlmisən,
– dedi. – İndiyəcən haralardasan? Nə müddətdir əsgərlikdən
dönmüsən, bəs niyə bu vaxtacan gəlib heç əminlə
bir görüşməmisən? – və bu kimi xoş sözlərlə
məni qarşılayaraq görüşüb hal-əhval
tutandan sonra oturmaq üçün yer göstərdi.
Üzünü
mənə tutub istiqanlılıqla:
– Sən
cavan oğlansan, orduda da yaxşı xidmət etmisən, orda
partiya sıralarına daxil olmusan,
bu çox mühüm uğurdu, – deyib bunu bir xüsusi
qeyd edərək: – İndi buralardan hara getmək istəyirsən?
Gənc kadr kimi bizə lazım olacaqsan. Hələlik döz,
bir az səbr elə, nə olar sovxozda fəhlə işləyəndə.
Çalış, işə qatlaş, özünü
tanıt, biz sənə vəzifə də verəcəyik-
dedi. Sonra da qətiyyətlə: – Rayondan çıxıb
getmək fikrindən birdəfəlik daşın, get, hələlik
öz işinlə məşğul ol, – deyə dönə-dönə
tapşırıb elə əvvəlki səmimiyyətlə
də məni yola saldı. Daha mən də əlavə
heç bir söz demədim. Təşəkkür edib yanından çıxdım.
Bildim ki,
səhər maşından düşüb ayrılandan sonra mən
Polis şöbəsinə gedəndə atam da Hidayət
müəllimin yanına yollanıbmış.
Beləcə,
o kişinin müdaxiləsindən sonra mən də rayonda
qaldım. Aradan az müddət keçmişdi ki, rayon Mədəniyyət
şöbəsində işə düzəldim, bir neçə
ay sonra isə onun xeyirxah dəstəyi ilə rayon Komsomol komitəsinin
ikinci katibi vəzifəsinə tövsiyə olundum.
Aradan illər
keçəndən sonra dönə-dönə çox
düşünmüşəm. Hidayət müəllim o
zaman məni yoldan saxlamaqla əslində daha uğurlu bir yolun
yolculuğu üçün bani-xeyirlik eləyib... Necə ki,
müdriklər deyiblər: “İstəklər səbrlə
hasil olur, tələsməklə yox”.
İctimai
həyata atılmağımın başlanğıcında
göstərdiyi bu xeyirxahlığı məgər
unutmaqmı olar?..
Hidayət
müəllimin doğulduğu, əzəməti ilə təravəti
bir-birini tamamlayan Qışlaq kəndinin ab-havası elə
ruhunun paklığının da, qəlbinin
saflığının da cilası olub. Lerikin Qışlaq kəndi
Dövlət yasağı olan Diabar çökəkliyinin ən
səfalı hissəsində yerləşir. Həmin o Diabar
çökəkliyi də ərazisinin hər yerindən zirvələri
daim qarla örtülü olan Savalanla qucaq-qucağadır.
Qışlaq kəndinin güney baxarı Savalanla
baş-başa, quzeyi isə Talış dağları ilə
çiyin-çiyinə, dəniz səviyyəsindən
hündürlüyü 2496 metr olan Kömürgöyün
sinəsindədir. Ötən əsrin əllinci illərində
sərhədlərin bədnam möhkəmləndirilməsi
adı ilə Zuvandın köçürülən 26 kəndindən
ən böyüyü Qışlaq olub. Kəndin sol tərəfində
yüz hektarlarla ərazisi olan, baharda xonça lalələri
göz qamaşdıran “Meydan”, sağ çiynində isə
imperiya vaxtında kəndi ortadan kəsib keçən
tikanlı məftillərin əhatəsində dustaq
qalmış yüz hektarlarla yaylalar vadilər boyu bir ucu ulu
Savalanın ətəklərinə qədər uzanıb
gedir. Məftillər arxasında qalan o əraziləri,
hörmətli Hidayət müəllimin ayaq tutub yeridiyi,
uşaqlıq və yeniyetməlik illərində hər
daşına baş qoyduğu, hər gülünün rayihəsini
məftunluqla ciyərlərinə çəkdiyi o
yaylaları Lerikdə işlədiyim vaxtlar qulluq mövqeyimdən
istifadə edib ilin bütün fəsillərində dönə-dönə
gəzmişəm. Min bir dərdin dərmanı olan
çiçəklərini qucub ətrini, qoxusunu udmuşam.
Zuvandın
başqa kəndləri kimi Qışlaq kəndinin də qədimdən-qədim
evlərinin yurd yerləri aradan illər keçsə də,
dağılaraq yox olmayıb. Palçıq kalovlar, yurd, ocaq
nişanələri təbiətin saflığı, bu yerlərin rütubətsiz mühiti sayəsində indiyəcən də duruş gətirib
dözə bilib.
Ötən
əsrin 90-cı illərində Qışlaqda vur-tut bircə
ailə yaşayırdı, kəndin adı ilə bərabər
özünü də yaşadır, ocağını,
çırağını yandırırdı. Qədim kəndlə
üz-üzə yalın dibində, şirəsini
başı buluddan əmmaməli dağların göbəyindən
götürən, sal qayaların qoynundan süzülüb gələn
köhnə kəhrizin ayağında Hidayət müəllimin
özündən böyük qardaşı Pişan kişi
yurd salmışdı. Qonaq-qaralı, səxavətli, dost
soraqlı, ruhu kimi dilindən də “can” kəlməsi əskik
olmayan kişi öz evini qədim ata-baba ocağı ilə
üz-üzə binə etmişdi.
Həyətindən,
evinin eyvanından, yəqin ki, hər səhər-axşam
tikanlı məftilin bir üzündə dam-daşı, o biri
üzündə isə həyət-bacaları qalan yurd yerinə baxa-baxa qalırdı.
Pişan
kişinin kimlər qonağı olmayıb? Elə mən də
dəfələrlə ən əziz qonaqlarımla sadə,
ürəyi dağ boyda, “malının, tikəsinin əsl
düşməni” olan o kişinin həyətinə
düşmüşəm...
Hidayət
müəllimlə Qışlağın arxasındakı
qayaların dibində binə olan Hiledərdə böyük
qardaşı Bağı kişinin, xaloğlusu Nəcəfin də az qonağı
olmamışam.
Söz ki
Hidayət müəllimin qardaşlarından düşdü
– burasını da deyim ki, qardaşı, filologiya elmləri
doktoru Bəşir Bəşirov bizim ucqar Lerikdə, necə
deyərlər, əyalətdə çalışıb
müəllim işləyə-işləyə elmlə məşğul
olub, alim adını alandan sonra Bakıya, Ali Pedaqoji
İnstituta dəvət alaraq ömrünün sonunadək
özünü pedaqogika elminin inkişafına həsr elədi.
Hidayət
müəllimin dilinə “yox” və “olmaz” kəlmələri
heç vaxt, heç vədə gəlməz. Dilində
heç acı söz də yoxdur.
“Mərifət
nə, bilirsənmi? Daşlara baxan gözlərin
çiçəkləri görməyi”. Aqillərin bu kəlamı,
elə bəlkə də Hidayət müəllimin ruhunun
cilası, canının cövhəsidir.
Bir dəfə Hidayət müəllim çevrəsini
zəhərləyən yalançı və bədxahın
biri haqqında “Hə, onun abrını yaman ətəyinə
bükdüm, rüsvay elədim”, – dedi.
Təəccübləndim,
dönüb diqqətlə üzünə baxdım. Bu
baxışlarımla sanki özüm üçün dəqiqləşdirmək
isəyirdim ki, doğrudanmı mənim
tanıdığım Hidayət müəllim kiməsə
ağır söz deyə bilər? Bunu bacararmı?
Elə o
təəccüblə də: “Nə dedin”, – deyə
soruşdum.
Hidayət
müəllim şəstlə:
– Dedim ki,
sən çox pis adamsan...
– Elə
bu? Sən buna acı söz deyib biabır eləmək deyirsən? Ay-hay, o adamın ürəyinə
su səpmişəm desənə, – deyə o ki var, güldüm.
Hidayət
müəllim ağlı, idrakı ilə hikmətin çiyin daşı,
iradəsi, ədalətiylə isə həqiqətin
daşıyıcısıdı.
Onu da
deyim ki, ürəyiaçıq, əliaçıq Hidayət
müəllimə Tanrı yetərincə nəvə payı
verib. Nəticəsini də dizinin üstə alıb oynadacaq,
inşallah.
Sözümün
əvvəlində dediyim kimi, Tural və Nicat hər ikimizin
müştərək nəvələrimizdir. Oğul nəvələrim
Nəcəflə Bəhruz ana babalarından danışanda əvvəlcə
adını önə çəkib sonra “baba” hissəsini
deyirlər: “Əbülfəz baba”. Turalla Nicat isə mənə
birbaşa “baba”, ata babalarına isə “Hidayət baba” deyirlər.
Yəqinimdir
ki, Hidayət müəllim bunu qəti qısqanmır. Bəlkə
də bu ona daha çox xoş gəlir, çünki məni
də çox istəyir.
Xatirələrin
izinə düşüb ötənləri yada salıb gah qəhqəhə
çəkib gülmək, gah da duyğulanıb gözləri
yaşaranadək xəyallanmaq yaşa dolduqca adamın
sirdaşına, yoldaşına çevrilir.
Hər kəs
yaşının hansısa bir
mərhələsini isə daha çox yada salır.
...
Əlbəttə, Hidayət müəllim də öz
ömür yolunda çalışdığı vəzifələrin
əziyyət qarışıq, yəqin ki, ləzzətini də
dadıb. Ancaq keçmişə, ötənlərə
üz tutanda nədənsə söz-söhbətlərində
daha çox gənclik illərini, bir zamanlar Siyov kənd orta məktəbinin
direktoru işlədiyi vaxtları, o illərdə ünsiyyətdə
olduğu, oturub-durduğu, yoldaşlıq etdiyi adamları, səhər-axşam
gedib-gəldiyi o dolanbac kənd yollarını,
keri-kürü kəsib keçən dar
cığırları xatırlayıb ən çox elə
onlardan danışır.
Bunun bir səbəbi
bəlkə elə bu günəcən səadətlə
yaşadığı əsil-nəcabətli bir
xanımı, ömür-gün yoldaşını, elə o
eldə sevib seçməsi ilə bağlıdı...
Deməli,
Hidayət müəllim həm də ruh aşiqi, duyğu
adamıdı.
Onu da
deyim ki, Hidayət müəllim elə cavanlığından
hal əhli, məclis adamı olub. Dostunu süfrəsinin
başında oturdub. Heç indi də dəyişməyib,
yaşının bu ahıl çağında da eləcədir.
İndi də özü dost soraqlıdır,
“salam-ixtilatı” saxladıqları da onun
görüşün arzusundadırlar.
Hidayət
müəllim mənim at həvəskarı olduğumu
bilir. Necə ki, mənim də
onun, özünü indi peşəkar adlandıranlara rəğmən,
əsl atçı olduğunu bildiyim kimi. Atdan söz
salıb danışanda əlbəəl o kişinin ruhu
qanadlanır, sanki uçmaq istəyir, gözlərinin
içinəcən duyğulanır.
Axı
bir zamanlar, sovetlərin vaxtında atası Yusubəli
kişinin sərhədlərin qorunması xidmətində
olduğundan, dağlarda yaşadıqlarından,
uşaqlığı oralarda keçib.
Onun
Qışlaqdan başı yuxarı, ta ki Şanişinəcən
on kilometrlərlə ərazidə at üstündə
ötüb keçmədiyi cığır, dizini yerə
söykəyib diş göynədən suyundan içmədiyi
bulaq qalmayıb.
Hidayət
müəllim indi bəzən Talış
dağlarının sinəsi ilə Peştəgər
sıra dağlarının tən ortasından boy verən,
zirvələri “Cıdır” meydanı Şanişinəcən
at çapmağından, baharda o dağların
yalında-yamacında qucaq-qucaq tər çiçək
qomlarına balınc əvəzi baş qoymağından,
yayda kəklikotu, sancıgülü, payızda zirinc
toplayıb yığmağından, qışda isə dizəcən
qarda bata-bata ov ovlamağından özünəməxsus təmkinlə,
təvəzökarlıqla “xırda-xırda” söhbətlər
də edir...
Bəlkə
də doğma yurdun təbiətinə olan o sonsuz sevgisindəndir
ki, Hidayət müəllim cavan yaşlarında özünə
təbiət elmini ixtisas seçib, bioloq olub.
O, el-oba
adamıdır. Bir də, düşünürəm ki, Hidayət
müəllim dövlət vəzifələrinə hansı
məsuliyyətlə yanaşıbsa, elə ictimai işə,
ictimai vəzifəyə də münasibəti elədir.
İşin altına çiyin verənlərdəndir. Lerikin
veteranları onu rayon şurasının sədri seçiblər.
Hidayət müəllim də bu ictimai vəzifəsinə elə
dövlət qulluğu qədər məsuliyyətlə
yanaşır. İclas, tədbir oldumu, özünü
hökmən rayona çatdırır.
Bir insan
ömrü üçün səksən il az yaş deyil.
İnsan bu illər boyu nələrlə üz-üzə gəlib
qarşılaşmaz ki...
İllərin
arğını, yolların yorğunu olan at haracan
yürüyə bilər...
Mən
indi yaşımın altmışının
arğınlığını, yorğunluğunu ruhumda hiss
edir, ləngərlə daşıyıram. Səksənə
yetmək isə mənə görə, bir əfsanədir.
Ömür
Allah payıdır. Əziz Hidayət müəllim, arzu edirəm
yüzü haqlayasınız. Uca Xalıq də mənə səksənəcən
qıymasın. Sizin yüzüncü təntənənizi
görüm və öz əfsanəmə yetişim.
...Yorub
yolları əldən salmış yolçu
yorğun-yorğun yol gəlirdi. Günəş göydən
od yağdırır, torpağın istisi ayaqlarını
yandırırdı. Tozlu-torpaqlı sir-sifətindən,
saç-saqqalından tər-su damcılayır, istidən-bürküdən
ayaqlarını çəkə-çəkə gəlirdi.
Və
birdən alnına dəyən sərin mehdən diksinən
kimi oldu yolçu. Başını qaldırıb, hövllə
gözlərini dolandırıb dörd ətrafa boylandı.
Az qala sönüb öləzimiş olan gözlərinə
birdən-birə işıq, nur gəldi. Aclıqdan-susuzluqdan
cadar-cadar olmuş dodaqlarını qurumuş dili ilə
islatmağa çalışıb əllərini göyə
qaldırdı: ”Şükür sənə, Allah, min
şükür!
İrəlidə
qollu-budaqlı, köklü-köməcli bir meyvəli
ağac ona “gəl-gəl” deyirdi.
Ağacdan beş-on metr aralıdakı çeşmənin buz kimi şərbət suyu yolçunun yanğısına şəfa, məlhəm oldu. Ağacın dadlı, şirin meyvələri qarnını doydurdu. Ağacın kölgəsi yolçunu sərinlədib dirçəltdi.
Özünə gəlib yoluna davam edən yolçu ayrılmaq məqamında üzünü ağaca tutdu. “Sənə necə alqış edim, dedi, şəninə nə deyim, nə söyləyim”. Yarpaqların yaşıl-yaşıl. Kökün yerin yeddi qatında. Barın-bəhərin bol. Nə şaxta-boran qorxudur səni, nə külək, tufan. Gecələr də laylanı bulaq çalır. Qaim-qədim ol, səni həmişə beləcə görüm! Budaqların qurumasın, yarpaqların xəzəl olmasın, kölgən əskik olmasın!...
Hidayət müəllim də belə bir ağacdır! Necə varsa, yüzündə də belə qalsın.
Beləcə alqış edə-edə dilimdə bir bayatı da haray salır:
Çatılıb qaşın dağlar,
Bilinmir yaşın dağlar,
Hicran sənə də düşdü,
Ağardı başın dağlar...
Amma nə qəm! Geridə ləyaqətlə, ağayana yaşanmış bir ömür, irəlidə isə ömrün müdrik çağları...
Novruz Nəcəfoğlu
525-ci qəzet.- 2014.- 27 dekabr.-
S.18;31.