Firuz Mustafa: “Dövlətin teatrlara
qayğısını hər zaman təqdir edirəm”
Müsahibimiz
tanınmış yazıçı və dramaturq Firuz
Mustafadır. Söhbətimizin məğzini ölkə
teatrının hazırkı durumu, müsahibimizin bu
yaxınlarda “Azərbaycan” qəzetində çap olunan və
teatr xadimləri, oxucular tərəfindən birmənalı
qarşılanmayan “Azərbaycan
teatrının problemləri tezliklə həllini
tapmalıdır” məqaləsi ətrafında mülahizələr,
həmçinin yazıçının son
yaradıcılıq yenilikləri haqqında mükalimə təşkil
edir.
– Əvvəla
onu deyim ki, həmin məqalə bir növ elmi və nəzəri
doktrina səciyyəsi daşıyır. Yəni, məqalədə
qoyulan məsələləri qəzet və jurnallarda (eləcə
də “Mədəniyyət” qəzetində)
zaman-zaman demişəm, səsləndirmişəm.
İkincisi də, teatr öz mahiyyəti etibarilə ənənələrə
söykənir. Təbii ki, burada varislik prinsipi də
mühüm rol oynayır. Azərbaycan teatrı və
dramaturgiyası öz tarixi etibarilə nisbətən gəncdir.
Azərbaycanda professional teatr 1873-cü ildən fəaliyyətə
başlayıb. Azərbaycan dramaturgiyasının
hazırkı mənzərəsi barədə dəfələrlə
ətraflı danışmışam. İndiki halda qısaca
olaraq onu deyə bilərəm ki, bu, əsasən,
keçmiş ənənələr üzərində
yaranıb formalaşan bir dramaturgiyadır. Amma burası var ki,
artıq dramaturgiya özünün yeni mərhələsinə
qədəm qoymaqdadır. Bir ictimai-siyasi-sosial sistem digəri
ilə əvəz olunub. Tarixə gömülməkdə olan
sistemlə özünü təsdiq etməkdə olan sistemin
gizli və aşkar mübarizəsi gedir. Əslində bu
mübarizə həm də insanların düşüncəsində,
təfəkküründə, əxlaqında getməkdədir.
Miqyaslı əsərlərin meydana çıxması
üçün həm də müəyyən zaman
miqyası lazımdır. Hazırda ədəbi təsərrüfatımızda
və dramaturgiyamızda ciddi mövzu və janr
axtarışları gedir. Son illərdə modernist və
postmodernist meyillər özünü daha qabarıq şəkildə
göstərməkdədir ki, biz bunu da təbii hal kimi qəbul
edirik. Bir sözlə, mən teatr və dramaturgiyamızın
müasir durumunu məqbul hesab edirəm.
Dramaturqlarımızdan Elçinin, Əli Əmirlinin, Kamal
Abdullanın əsərlərinin sorağı yaxın-uzaq
xarici ölkələrdən gəlir. Afaq Məsud, Elçin
Hüseynbəyli, İlqar Fəhmi və başqaları
öz əsərləri ilə tamaşaçıların
diqqətini çəkməkdədir. Bunlar sevindirici faktlar və
hadisələrdir.
–Teatrların
tamaşaçı problemi haqqında fikirlərinizi bilmək
istərdik. Vəziyyəti teatrın xeyrinə necə dəyişdirmək
olar?
–Teatrlarla
bağlı reklam və təbliğat işi gücləndirilməlidir.
Niyə gizlədək, bu gün əksər telekanallarda daha
çox bayağı, mənasız, məzmunsuz əsərlərin
təbliği gedir. Nəticədə, səviyyəli
tamaşaçılar öz istəklərini başqa ölkələrin
ekran və efirlərində axtarmalı olurlar. Bir də dəfələrlə
dediyim kimi, tamaşaçıları hələ körpəlikdən,
uşaq vaxtlarından yetişdirmək lazımdır.
– Teatrla
bağlı söhbətlərdə daha çox dram əsərləri,
ssenari qıtlığı məsələsi
qabardılır. Hərdən də əksər teatrlarda eyni
dramaturqların əsərlərinin tamaşaya qoyulması
haqqında iradlar da səslənir.
– Əksəriyyəti
doğru iradlardır. Qeyd olunan sahələrdə nə qədər
“bolluq” olsa o qədər geniş çeşid və
seçim olar. Niyə gizlədək, bəzən
tamaşası özfəaliyyət dərnəkləri və
ya eksperimantal teatrlar üçün nəzərdə tutula
biləcək əsərlər professional sənət
ocaqlarına yol tapır. Rejissorların seçim etmək
imkanı daha geniş olmalıdır. Bunun üçün
kifayər qədər imkan var.
– Dövlət
səviyyəsində –Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən vaxtaşırı dram əsərlərinin
müsabiqəsi elan edilir, bu sahə ilə bağlı
müxtəlif stimullaşdırıcı tədbirlər
görülür. Sizcə, bütün bu tədbirlərə
baxmayaraq, gənclərin dramaturgiya sahəsinə
marağının az olması nədən qaynaqlanır?
– Bəli,
belə tədbirlər keçirilir. Bunu inkar etmək olmaz.
Amma açığını deyim ki, bu sahədə fəaliyyət
göstərən bir çox gənc yazarların ya
imkanları ilə iddiaları üst-üstə
düşmür, ya da iradələri zəif olur. Başqa
amillər də var. Məsələn, kinonun, kompyüterin,
televiziyanın sürəkli inkişafı dominantlıq təşkil
edir. Bütün bunlarsa teatr və dramaturgiyaya marağın
qismən səngiməsinə, azalmasına səbəb olur.
–Bölgələrdəki
teatrlara gedirsinizmi, region teatrlarının vəziyyətini qənaətbəxş
hesab etmək olarmı?
–Bəli,
vaxtaşırı bölgə teatrlarında oluram. Mövcud
vəziyyəti bir kəlmə ilə xarakterizə etmək
olmaz. Bu teatrların əksəriyyətində
axtarışlar gedir. Bölgə teatrları müəyyən
mənada “ucqarlarda” mədəniyyətin etibarlı
qarantıdır.
–Teatrla
bağlı məlum yazınızda bu sahənin
inkişafının hamıdan, bütün cəmiyyətdən
asılı olduğunu vurğulamısınız. Sizin bu
istiqamətdə hansı təklifləriniz ola bilər?
– Cəmiyyətdən,
onun inkişafından kənarda heç bir hadisə, o
cümlədən teatr hadisəsi baş verə bilməz.
Teatr nəsə vaakumda yaranan bir fenomen, bir hadisə deyil ki. Cəmiyyətin
digər sahələri necədirsə, teatr də elə o
cürdür. Burada bir səbəb və nəticə əlaqəsi,
qarşılıqlı rabitə zənciri var. Mövcud
faktları və fikirləri konstatasiya edərək belə
bir qənaətə gələ bilərik ki, bizim teatr və
dramaturgiya ümumbəşəri sənət estetikasından
kənarda mövcud deyil və mövcud ola da bilməz. Mən
indiyəcən bir çox yazılarımda vurğulamışdım,
yenə də təkrar edirəm: özəl teatrların
yaranmasına və yaşamasına diqqət və
qayğı göstərmək lazımdır. Azad rəqabət
şəraitində inkişaf daha güclü ola bilər.
– Sizin
yazınıza cavab olaraq, Dövlət Musiqili Teatrının
direktoru Əliqismət Lalayev bir çox məsələlərlə
bağlı fikirlərini mətbuat vasitəsilə
açıqlayıb: “Firuz Mustafanın yazdığı dram əsərləri
vaxtilə Gənclər Teatrında, Şuşa, Lənkəran,
Ağdam, Mingəçevir, Sumqayıt, İrəvan, Qusar
Dövlət Teatrlarında tamaşaya qoyulsa da, onların
heç biri teatral hadisə kimi qarşılanmayıb, bir
neçə dəfə oynanıldıqdan sonra,
tamaşaçı yığa bilmədiyi üçün
repertuardan çıxarılıb. Firuz müəllim etiraz
edib deyə bilər ki, əgər mənim əsərlərim
zəif idisə, onda teatrlar bu pyeslərə niyə o qədər
zəhmət və xərc çəkib tamaşaya qoyurdu?
Cavabını açıqlayım: sadəcə sizin və
siz qəbildən olan bəzi “dramaturqların” bəxti onda gətirdi
ki, o dövrdə teatrlara yenicə sərbəstlik
verilmişdi, bütün sənət ocaqları repertuar
seçimində sərbəst idilər və siz də bu
fürsətdən yararlanırdınız... “ Bu fikirlərə
münasibətiniz...
– Mən
hər kəsin fikrinə hörmətlə yanaşıram.
Amma bu fikirlərdə ziddiyyətli məqamlar var. Necə yəni,
“o dövrdə teatrlara yenicə sərbəstlik verilmişdi,
bütün sənət ocaqları repertuar seçimində sərbəst
idilər”?
Əvvəla,
mən belə hesab edirəm ki, teatrlar sərbəstdir və
sərbəst olmalıdır. İkincisi, Firuz Mustafanın
pyesləri təkcə “o vaxt” yox, bu vaxt da da səhnəyə
qoyulmaqdadır. Üçüncüsü, bir pyesin səhnəyə
qoyulması “təsadüf” ola bilər, otuz-qırx pyesin
oynanılmasını bu cür “qiymətləndirmək” isə
istər-istəməz adamda bir az təbəssüm
doğurur. Dördüncüsü, “hadisə” üzdə
zahirdə olmur, mahiyyətdə, kvintessensiyada olur. Və nəhayət,
mən özüm dəfələrlə demişəm ki,
bizdə “hadisəyə” çevrilən tamaşalar az qala
yoxdur. Həmin yazıda bu suala da cavab var: Bəyəm
Şekspirin, Molyerin, Çexovun əsərləri əsasında
qoyulan tamaşalar hadisəyə çevrilir?
–
Yazılarınızda tez-tez teatrlarda rejissor probleminə də
toxunursuz.
– Bizdə
istedadlı rejissorlar çoxdur. Amma təəssüf ki, məhz
ən yaxşı əsəri belə “hadisəyə”
çevirənlər azdır. Mən yazılarımın bir
çoxunda “rejissor şəxsiyyəti” barədə söhbət
açıram. Bəziləri bu anlayışı “şəxsiyyətli
rejissor” anlayışı ilə qarışdırırlar.
Düzünü deyim ki, mənim əksər yazılarım,
o cümlədən haqqında söhbət
açdığınız məqaləm dərc olunduqdan
sonra ünvanıma çoxlu sayda mülahizə, fikir və rəylər
gəlib. Hətta, mənimlə bir qədər “soyuq
münasibəti” olan teatr direktorları və rejissorların
da müsbət mülahizələrini eşitmişəm. Yəni
bu və ya digər məsələ barədə mülahizə
söyləmək belə “zərərlidir”?
– “Mənim
anlamadığım bir məqam da budur ki, Firuz Mustafa teatrlara
dövlətin bu qayğısından niyə belə
qıcıqlanır ki?” –Əliqismət Lalayevin yazıda sizə
ünvanlanmış bu sualına cavabınız nə
olardı?
–
Görünür, burada nəsə bir anlaşılmazlıq
var. Əksinə, mən dövlətin teatrlara
qayğısını hər zaman xüsusi olaraq təqdir
edirəm. Kiminsə qayğıdan inciməsi,
“qıcıqlanması”, “narahat olması” – bu, lap absurd
teatrın paradiqmalarını xatırladır. Bu qayğı
nə qədər çox olarsa, teatr və aktyorların maddi
və mənəvi stimulu o qədər möhkəm olar.
– Firuz
müəllim, teatrla bağlı belə polemikaların təşkili
bu sahənin inkişafına hansısa formada xeyir verə bilər?
–
Bütün polemikalar sənətin inkişafına xidmət
edir. Əlbəttə, müvafiq strukturların, eləcə
də hər bir teatrın rəhbəri öz fəaliyyətini
günün tələbləri səviyyəsində
qurmağa çalışır. Bu, adi bir məntiqdir: kim istər
ki, rəhbərlik etdiyi sahədə uğur qazanmasın? Amma
daim hər bir uğuru təbii olaraq bir problem də təqib
edir. Və bu problemlər elə uğurun öz mahiyyətindən
doğur. Nədənsə, bizdə bir çoxları bu
sözü, “problem” sözünü qətiyyən
xoşlamır. Bəzən deyirlər ki, nə bizim ölkəmizin,
nə incəsənətimizin, nə ədəbiyyatımızın
(o cümlədən dramaturgiyamızın), nə də təhsilimizin
problemi var. Gəlin unutmayaq ki, ölkəmiz problemsiz deyil.
Bizim ən azı Qarabağ boyda problemimiz var. Əgər təhsilimizdə
problem olmasaydı, Təhsil Problemləri İnstitutu fəaliyyət
göstərməzdi. Əgər ədəbiyyatımız
problemlərdən xali olsaydı, ədəbi problemləri
öyrənən dərgilərə ehtiyac duyulmazdı. Bir
çox ölkələrdə teatr problemlərini tədqiq
edən elmi mərkəz və institutlar mövcuddur. Əminəm
ki, lap yaxın gələcəkdə bizim ölkədə də
belə qurumlar yaransın. Problem zəiflik əlaməti deyil,
əksinə, inkişafın təzahürüdür.
Yalnız ölülərin problemi olmur.
– Sonda
oxucularımıza yaradıcılığınızdakı
yeniliklər haqqında məlumat verməyinizi istərdik.
– Əvvəla
onu deyim ki, Mədəniyyət və Turizm Nazirliyi
yaradıcılığıma həmişə diqqət
yetirib, həssaslıqla yanaşıb. Mən əməli və
yaradıcılıq fəaliyyətimlə ölkə rəhbərliyinin,
müvafiq nazirliyimizin mədəniyyət siyasətini daim dəstəkləmişəm.
Adətən
yaradıcılığımda “keçmiş” zaman haqda
danışmağı xoşlayıram. Çünki gələcək
bir az dumanlı, mücərrəd, irrealdır. Sualla
bağlı qısaca onu deyə bilərəm ki, ölkəmizdə
mövcüd olan bütün teatrlara pyeslərimi təqdim
etmişəm. Əminəm ki, həmin əsərlər
öz səhnə həllini tapacaq. Bir sıra qonşu ölkələrin
teatrları ilə əlaqələrim var. Hesab edirəm ki, həmin
teatrlarda da əsərlərim tamaşaya qoyulacaq.
Bildiyiniz
kimi, mən uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul
olmuşam. Üzümüzə gələn il yeni monoqrafiyam
işıq üzü görəcək. Arada nəsrə də
müraciət edirəm. “Dəniz köçü” povestimin
yeni nəşrini gözləyirəm. Bu əsər artıq
bir neçə dilə çevrilib. “Cənnət
çiçəyi” adlı romanım rus və Azərbaycan dilində
nəşr olunacaq. Bu əsərdə, insan beyninin yaddaş
kartına köçürülməsi problemi (yenə də
problem!) üzərində işləyən bir alimin həyat
və fəaliyyətindən bəhs edilir. Romanın qəhrəmanı
öz kəşfinin gətirəcəyi faciələrdən
xofa düşür, əzab çəkir. Axı bu kəşfin
nəticəsi elə də yaxşı şeylər vəd
etmir. Çünki bir çox insanların beynində qorxunc
fikirlər, ideyalar yaşayır, “ilan-çayanlar”
oynaşır. Elə ona görə də tərəddüdlər
içində yaşayan alimin və əsərin ideyası
belədir: “İnsanlar haqqında yalnız yaxşı
şeylər düşünün”. Zira günlərin bir
günü beyindəki qaranlıqlar işığa
çıxa bilər. Açığı, bu, elə mənim
də həyat kredom, ömür manifestimdir.
Sözümün
sonunda deməyi özümə borc bilirəm ki, “525-ci qəzet”in
daimi müəllif və oxucularından biriyəm. Vaxtilə
bu qəzet populyar “Teatr Meydanı” romanımı, eləcə
də elmi, publisistik və bədii yazılarımı dərc
edib. Elə haqqında söhbət açdığım “Cənnət
çiçəyi” romanından parçalar da ilk dəfə
sizin qəzetdə çap olunub.
Fürsətdən
istifadə edib qəzetinizin bütün əməkdaşlarını
və oxucularını qarşıdan gələn Yeni il
münasibəti ilə təbrik edirəm.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 27 dekabr.- S.11.