"Unutmayaq ki, unutmasınlar..."
XX
yüzilliyin 70-80-ci illərində Azərbaycanda kitab nəşri,
xüsusilə poliqrafiya sənayesi böyük sürətlə
inkişaf edərək Sovet dövründə heç zaman
çatmadığı bir zirvəyə yüksəldi. Bu, o
dövrdə müəyyən dövlət qayğısı
ilə bərabər, təcrübəli, sanballı
poliqrafçılar və onların yetişdirdiyi istedadlı
gənc mütəxəssislərin
işgüzarlığı sayəsində mümkün
olmuşdur. Təsadüfi deyil ki, o vaxt respublika mətbəə
sistemində çalışmış və təcrübəli
müəllimlərin, poliqrafçı ustadların, necə
deyərlər, əllərindən su içmiş gənclər
(təəssüf ki, onlar çox azdırlar) bu gün də
Azərbaycan poliqrafiyasını irəli aparan əsas qüvvədirlər.
Əgər bu gün Azərbaycanda poliqrafiya keçmiş
Sovet respublikalarının əksəriyyətindən daha
çox inkişaf etmişsə, hətta bəzi sivil ölkələrin
poliqrafiyasına daha çox yaxınlaşmışsa, bu
inkişafın da əsasını o dövrlə bağlamaq
daha düz olardı. Belə bir gözəl deyim də var:
"Unutmayaq ki, unutmasınlar..."
Küləkli
payız gecəsi... 1993-cü il. Ağır bir xəbər
bütün Bakını silkələdi. Rafiq Hüseynov 50
yaşında ürək infarktından qəflətən vəfat
etmişdir.
"Bəd
xəbər tez yayılar" - demişlər. Gecəyarısı
olmasına baxmayaraq, Bakının müxtəlif istiqamətlərindəki
binalarda işıqlar bir-bir yanmağa
başlamışdı. Poliqrafçılar, naşirlər
yaşayan ev və yataqxanaların isə demək olar ki,
bütün pəncərələrindən işıq gəlirdi.
Əhmədli
qəsəbəsindəki doqquzmərtəbəli binanın
ikiotaqlı mənzilindən zəif işıqla bərabər,
iki balasını bağrına basmış Rəna
xanımın tükürpədici fəryadı
qapı-qonşuların da həyəcanına səbəb
olmuşdu. Əslində, Rafiqin
həyatı ilə birgə bu evin gur parlayan
çıraqları da sönmüşdü.
Bir də...
Bir də Tərtərin (o
vaxtkı Mirbəşir) Sarov kəndindəki bir evin
işıqları səhərə qədər sönmədi.
Bu həyətdən gələn hayqırtı
qonum-qonşuları da oyatmışdı. Bu, həyəcanlı
səslər kəndin sayılıb-seçilən ağsaqqallarından
biri, qocaman müəllim, məktəb direktoru Hüseyn müəllimin
və Rafiqin boynubükük qalmış bacıları
İradə və Mehribanın "ay qardaş" deyən
naləsi idi.
Azərbaycanda
müasir mətbəə quruculuğu və poliqrafiyanın
inkişafında böyük əməyi olmuş istedadlı
mühəndis, təcrübəli poliqrafçı Rafiq
Hüseyn oğlu Hüseynov 1943-cü ildə füsunkar
Qarabağın Tərtər rayonunun Sarov kəndində
ziyalı ailəsində dünyaya göz
açmışdı. Bu ocaqda rayonun tanınmış
pedaqoqları Hüseyn və Mülayim müəllimin səkkiz
övladı (dörd oğlan və dörd qız)
böyüyürdü.
Rafiq evin
ilk övladı - böyük oğlu idi. Dərslərindən
yüksək qiymətlər alan Rafiqi kənddə təkcə
əlaçı, tərbiyəli uşaq kimi deyil, həm də
texnikaya, ədəbiyyata xüsusi maraq göstərən bir
yeniyetmə kimi də tanıyırdılar. Onun hobbisi isə
kitab idi. Kitab əlindən düşmürdü. Valideynlərinin
yaratdığı kiçik ev kitabxanası artıq Rafiqə
azlıq edirdi. Kitaba məhəbbət onu kənd
kitabxanasının ən fəal üzvünə
çevirmişdi. Bəlkə də, məhz kitaba belə
sevgi 1958-ci ildə orta məktəbi bitirən kimi müstəsna
hal kimi onun Sarov kənd kitabxanasına müdir təyin
olunmasına səbəb olmuşdu. Əlinə düşən
bu kitab bolluğu fürsəti Rafiqə təkcə Azərbaycanda
deyil, SSRİ-nin digər respublikalarında, hətta başqa
ölkələrdə nəşr edilmiş kitablarla daha
yaxından tanış olmaq imkanı verir. Bu müqayisədə
Azərbaycanda buraxılan kitabların xarici ölkələrdə,
eləcə də digər respublikalarda hazırlanmış
kitablardan poliqrafik cəhətdən xeyli aşağı səviyyədə
olduğu Rafiqin də diqqətini cəlb edir. Bəsit tərtibatda,
əksərən aşağı keyfiyyətli
kağızlarda çap edilib cildlənmiş və istifadəyə
davamsız, oxuduqca vərəqləri bozaran, qopub-tökülən
kitablar gənc Rafiqi düşünməyə vadar edir.
O
dövrdə başqaları ilə müqayisədə Azərbaycan
poliqrafiya sənayesinin xeyli aşağı səviyyədə
olmasını o, həm kitabsevər, həm də bir azərbaycanlı
gənc kimi qüruruna sığışdıra bilmirdi. Yəqin
ki, elə bu hisslər onu gələcək taleyini bu şərəfli,
vacib sahə ilə bağlamağa vadar etmişdir. Rafiq
poliqrafçı olmağa qərar verdi. Bu minval onu Bakıya
gətirir. Rafiq Hüseynovun gələcək
karyerasının başlanğıcı 1960-cı ildən - Azərbaycan
EA-nın mətbəəsində fəhləliklə
başlamışdır. 1961-ci ildə o, Moskva Poliqrafiya
İnstitutuna daxil olur və 1967-ci ildə həmin institutu
bitirərək mühəndis-mexanik ixtisasına yiyələnir.
Ali təhsilini uğurla başa vurduqdan sonra ona Moskvanın məşhur
mətbəələrində önəmli vəzifələr
təklif etsələr də, o, doğma Bakıya
qayıdır. 1968-ci ildə Rafiq Azərbaycanın o dövrdə
ən böyük, sayılıb-seçilən mətbəəsi
olan 26 Bakı Komissarı (sonralar 1¹-li mətbəə
adlandırıldı) adına mətbəədə
ofset-çap sexinin mühəndis-mexaniki kimi işə
başladı. Çox keçmədi ki, o, mətbəənin
baş mexaniki, daha sonra isə baş mühəndisi kimi məsul
vəzifələrə irəli çəkildi. Rafiq
Hüseynovun parlaq istedadı, işgüzarlığı,
poliqrafiya proseslərində müasir
texnologiyanın tətbiqi sayəsində istehal
gücünün daha da artırılması və poliqrafik
keyfiyyətin yüksəldilməsi sahəsindəki inamlı
addımları və digər uğurları təbii ki,
Dövlət nəşriyyat və poliqrafiya komitəsinin, eləcə
də ölkə rəhbərliyinin nəzərindən
yayınmırdı. Ona görə də 1977-ci ildə
Bakıda müasirtipli, böyük istehsalat gücünə
malik "Yeni kitab mətbəəsi"nin qurulması Rafiq
Hüseynova etibar edildi və Azərnəşrkomun
Kollegiyası onu həmin mətbəənin ilk direktoru təyin
etdi. Çox keçmədi ki, "Yeni kitab mətbəəsi"
Azərbaycanın ən müasir, böyük istehsal
gücünə malik nümunəvi mətbəəsinə
çevrilir. Heç şübhəsiz ki, bu, Rafiq
Hüseynovun böyük əməyi, yorulmaq bilmədən
işgüzarlığının və bir də onun
düzgün seçdiyi gənc mütəxəssislərin və
300 nəfərdən çox işçi qüvvəsinin
böyük əməyinin nəticəsi idi.
1950-80-ci
illərdə Azərbaycanda mətbəə quruculuğunun
görkəmli nümayəndəsi, çoxları kimi Rafiqin
də həmişə özünə müəllim və
ağsaqqal hesab etdiyi tanınmış poliqrafçı Musa
Nəbiyev Rafiq Hüseynov haqqında deyirdi: "Rafiqin gəncliyi,
demək olar ki, mənim gözlərim önündə
keçib. Çox işgüzar, sözü ilə əməli
düz gələn, qaynar təbiətli, qayğıkeş
bir insan, peşəsini yaxşı bilən, professional bir
poliqrafçıdır. Rafiqin şəxsində ağıl,
istedad, yüksək əxlaqi dəyərlər və məsuliyyət
bir yerə cəmlənmişdir. Səmimiliyinə, sədaqətinə
də söz ola bilməz. Mən onu övladım kimi
çox istəyirəm".
Doğrudan
da, Rafiq qayğıkeş, mehriban bir insan idi. Böyüklə
böyük, uşaqla uşaq idi. O dərəcədə səmimi
idi ki, təkcə qohumları, dostları deyil, həm də rəhbərlik
etdiyi çoxsaylı kollektivin üzvləri belə dərd-sərini
onunla paylaşmaqdan çəkinməz, bir çətinlikləri,
problemləri olanda Rafiqin üstünə qaçardılar. O
da əlindən gələn köməkliyi əsirgəmir, hər
kəsə qayğı ilə yanaşardı. Hətta ona
qarşı edilən haqsızlıqların belə bir az
deyinməklə üstündən keçər, yaddan
çıxarmağa çalışardı.
Elinə,
obasına, valideynlərinə (xüsusilə anası
Mülayim xalaya), bacı-qardaşlarına (əsasən də
qardaşı Rəfailə), dostlarına çox
bağlı idi. Xüsusilə gənc mütəxəssislərə
qayğı göstərər, "Azərbaycan
poliqrafiyasının gələcəyi onlarla
bağlıdır" deyə düşünən Rafiq bu
mütəxəssisləri başına toplamağa və
onların peşəkarlığının
artırılmasına, irəli çəkilmələrinə
çalışardı. Gözəl ailə
başçısı idi. Oğlanları Elşən və
Ceyhunu çox sevərdi. Həmişə kiçik oğlu
Ceyhunun canına and içərdi.
Hamı
da Rafiqi çox sevərdi. Çünki onu sevməmək
üçün əsas tapmaq çox çətin idi. Buna
baxmayaraq, Rafiqin qazandığı uğurlar, onun
çoxları tərəfindən sevilməsi Rafiqin vəzifəsinə
göz dikmiş bəzi paxıl insanları narahat edirdi. Sovet
hökumətinin bəzi nataraz, qeyri-obyektiv qanunları belə
cürətsiz, qara qəlbli adamlara şərait
yaradırdı. Onlar özlərini gizlətməklə
imzasız (anonim) və ya saxta imzalı məktublarla Rafiqi
gözdən salmağa, vəzifəsindən
çıxarılmasına çalışırdılar. Təbii
ki, bu arasıkəsilməyən lüzumsuz yoxlamalar, izahatlar,
ən əsası isə imzası saxta və ya imzasız məktubların
əksəriyyətinin məzmununa, üslubuna və s. görə
kimlərin tərəfindən təşkil olunduğunun
(sübutu mümkün olmasa belə) məlum olması Rafiqə
mənəvi cəhətdən pis təsir edirdi.
Bəzi
yoldaşların, həmkarların, hətta həmişə
onun köməyini, qayğısını görmüş,
çörəyini yemiş bəzi adamların belə nakişilikləri onu
üzürdü.
Heç
vaxt vəzifə düşkünü olmayan, harda işləməsindən
asılı olmayaraq, üzərinə düşən vəzifəni
şərəflə yerinə yetirməyə
çalışan Rafiq Hüseynov ərizə ilə
müraciət edib əvvəlki işinə, 26-lar adına
(sonra 1 ¹-li) mətbəəyə baş mühəndis
keçirilməsini xahiş etdi. Orada bir qədər işlədikdən
sonra tanınmış poliqrafçı Musa Nəbiyevin təklifi
ilə Rafiq Hüseynov Azərbaycan KP MK-nin "Kommunist", indiki
Azərbaycan Prezident Administrasiyasının "Azərbaycan"
nəşriyyatına baş mühəndis (müavin) təyin
edildi və ömrünün sonuna qədər bu məsul vəzifədə
çalışdı.
Çox
ürəyiaçıq, yaman da zarafatcıl idi. Maşın
sürməyi, bir də şux rəqs havalarına
oynamağı çox xoşlayardı. Ona görə də
iştirak etdiyi məclislərin yaraşığına
çevrilirdi Rafiq.
O gün
də belə oldu. O dövrdə çox tanınan hörmətli
bir mətbu orqanın yubiley gecəsi idi... Rafiq Hüseynova
söz verildi... O, təmsil etdiyi çoxsaylı kollektiv və
öz adından yubilyarları təbrik etdi, xoş sözlər
söylədi. Həmişə olduğu kimi zarafatından da
qalmadı və təbii ki, dostları ilə gözəl
şux bir rəqs də edib yerində əyləşdi.
Lakin... lakin qəflətən onun çöhrəsi tutuldu,
üzündəki təbəssüm cizgiləri bir anda dondu.
Keçirdiyi infarktın zədələdiyi kövrək qəlbi
bu dəfə əbədi olaraq dayandı və o nə
çox sevdiyi ailəsini, nə övladlarını, nə
dostlarını, nə də... nə də heç kimi
görə bilmədi.
...
Göy məsciddən Tərtər istiqamətində hərəkətə
başlamış maşın karvanı yenicə
doğmağa başlamış Günəşin
işartısında Qarabağ bölgəsinə
yaxınlaşırdı. Yavaş-yavaş, hüznlə hərəkət
edən bu uzun maşın karvanı Azərbaycan
poliqrafiyasının görkəmli nümayəndəsi,
gözəl insan, ömrün payızına yenicə qədəm
basmış 50 yaşlı Rafiq Hüseynovun cənazəsini
doğma diyara, son mənzilə aparırdı.
Allah sənə
rəhmət eləsin, Rafiq müəllim!
BƏHRUZ
525-ci qəzet.- 2014.- 30 dekabr.- S.8.