Vətəndaş olmaq
məsuliyyəti
Qulu Məhərrəmlinin 60 illik yubileyinə
Bir
zamanlar, hələ tələbəlik illərində
böyük rus şairi Nekrasovun "Sən şair olmaya bilərsən,lakin
vətəndaş olmaq borcundur" sözlərini
oxumuşdum. Bu sözlərin dəyərini o zaman yetərincə
qəbul edə bilmirdik və
düşünürdük ki, bu, Sovet vətənini bizlərə
sevdirmək üçün bir vasitədir. Zaman keçdikcə
və biz müstəqillik uğrunda mübarizəyə
başladıqda, ziyalılarımızın bu mücadilədə
müxtəlif xarakter xüsusiyyətlərinin (istər mənfi,istərsə
də müsbət) şahidi olduqca bir həqiqəti aydın
olaraq dərk etdik ki, elə insanda ən böyük keyfiyyət
onun vətəndaş olmaq bacarığındadır.
Əslində Vətən sevgisi də, vətənə
bağlılıq hissi də bu məsuliyyəti insanın dərk
etməsindən başlayır.
Yenə
bir dissident rus şairinin misralarını xatırlayıram:
"Mən vətəni sevmək istəyirəm, lakin buna imkan
vermirlər". Təsirli və ağrı dolu bir
etirafdır. Vətəni sevmək nə ilə
ölçülür? Bu ölçüləri
düzgün qiymətləndirən olubmu? Əslində
müxtəlif formalarda aşkarlansa da məzmun etibarı ilə
Vətən sevgisi bütün xalqlarda eynidir.Azərbaycanın
görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə
yazırdı: "Belçikalılarca-
yanmaq,dağılmaq,ölmək, qərq olmaq,amansız
düşmənin rəhmsiz həmlələrinə məruz
qalmaq bunlar hamısı məmləkəti müdafiəsiz
bir surətdə düşmənə təslim etməkdən
uludur(ilkindir,birincidir).Bu kiçik qitəli, fəqət
böyük qəlbli millətin düsturu iştə budur: Vətən
yolunda ölmək var,dönmək yoxdur!.
Vətənə
sevgi hissi ilə yaşayıb sözün həqiqi mənasında
ziyalı olmaq çox mürəkkəb işdir. Bir siyasətçi
tanışım keçmiş səhvlərinin fərqinə
varmadan "anlamıram ki, xalq məni niyə niyə dəstəkləmir?"
- deyə şikayət edirdi. Xalqın inamını qazanmaq və
onu qoruyub saxlamaq olduqca çətin bir məsələdir. Azərbaycanın
ziyalı mədəniyyəti
tarixinə diqqət yetirib heyrətedici faktlara rast gəlirik.
Ya millət yolunda özünü fəda edib o mövqeyə
ucalaqsan, ya da əsl ziyalı kimi qəbul edilməyəcəksən.
Bu bir həqiqətdir. Baxın Mirzə Fətəli Axundova, Həsən
bəy Zərdabiyə, Əlimərdan bəy
Topçubaşova, Əli bəy Hüseynzadəyə,
Əhməd Ağaoğluna, Məhəmməd Əmin Rəsulzadəyə
və digərlərinə. Hələ mən onu demirəm
ki, Vətən üçün özünü həqiqi mənada
fəda edən bu şəxsiyyətlərin heç birinin məzarını
Azərbaycana gətirməmişik.M.Ə.Rəsulzadənin məzarı
Türkiyədə-Ankarada, Əhməd Ağaoğlu -Ankarada,
Ə.Hüseynzadə - İstanbulda, Ə.M.Topçubaşov
Fransada-Parisdə.Ceyhun Hacıbəyli-Parisdə,Fətəli
xan Xoyskinin məzarı Gürcüstanda-Tbilisidə və s.
(Görkəmli mütəfəkkir Ə.Hüseynzadənin
İstanbuldakı qəbir daşı üzərindəki
sözləri də qaydaya salmadıq onun 150 illiyində. Qəbirdaşı
üzərində isə Türk dünyasının
böyük mütəfəkkiri kimi məlumat yox sadəcə
onun bir tibb uzmanı məlumatı qeyd edilib).
Əli
bəy Hüseynzadə kimi bir fikir nəhəngi M.Ə.Rəsulzadənin
böyüklüyünü etiraf etməyi də bacarıb bu
sözləri yazmırdımı: "Siz Azərbaycanın ən
böhranlı zamanlarında fəal bir mücahid sifətiylə
çalışdınız,bir çox mühüm hadisələri
yaxından gördünüz,müxtəlif cərəyanların
içərisində oldunuz və sərgüzəştlərlə
dolu bir həyat yaşadınız". Ə.Hüseynzadənin
bu səmimi sözləri ortalığa ziyalı
olmağın, əsl Vətən sevgisinə sahib olmanın
formulunu verir. Elə bu yanaşmanın digər təzahürünü
H.Zərdabinin taleyində də görürük. Erməni təşkilatlanır,yəhudi
təşkilatlanır, rus təşkilatlanır. Bir geridə
qalan bizim müsəlman toplumudur.1872-ci ildə "Müsəlman
Xeyriyyə cəmiyyəti"ni yaradan, bölgələrimizi
qarış-qarış gəzib insanları birliyə,maarifə,
elmə çağıran bu nurani insana kim dəstək oldu?
Özü sonradan yazırdı ki, insanlarımızı bir
araya gətirmək məqsədi ilə
açdığım o "qəltanlı" dəftəri
bağlayıb bir kənara qoydum.
Millətə savad, bilik, yeni düşüncə
vermək istəyən yüksək Avropa təhsilli
Ə.Ağaoğlunu təhqir edib elə vəziyyətə
saldılar ki, sonda faytona qoyub evə apardılar.
Ziyalılarımızın bu acı tale məqamları təəssüflər
ki, həmişə onları
izləyib və yenə təəssüflər ki çox
zaman toplum adi seyrçi rolunda çıxış edib.
Bir
zamanlar Qız qalasına baxıb
təəccüblə: "Bu qalanı tikən insanın
adı məlum olmasa da o xoşbəxtdir. Çünki
özündən sonra millətə ölməz bir abidə
qoyub gedib" - deyən Üzeyir Hacıbəyli elə o
dövrdə "Leyli və Məcnun" operasını
yazıb tarixdə əbədi yaşamaq haqqını
aldı. Üzeyir bəyin vətəndaş mövqeyini
araşdırıb həmişə nümunə olacaq məqamlar
tapmışam.Baxaq rəqəmlərə.1920-ci ilə qədər
600-dən çox məqalə yazıb nəşr etdirən
Ü.Hacıbəyli Sovet hakimiyyəti dövründə
yalnız 48-ə qədər məqalə yazdı və
bununla da bu rejimi o qədər də sevmədiyini bildirdi.Amma o
bir iş də etdi ki bu onun millətə əvəzsiz xidmətinə
çevrildi.Sovet dövründə Üzeyir bəy
bütün fəaliyyətini Azərbaycan musiqisinin
yaşadılmasına həsr etdi.Yəni Üzeyir bəyin
timsalında sübut olundu ki,əsl ziyalı vətənə
harda və necə xidmət etməyi də bacarmalıdır.
1908-ci
ilin 15 aprelində M.Ə.Rəsulzadə "İrşad"
qəzetində yazırdı:"Ah... nə zaman bir
mücahid özünü fəda etdi ki,cəmaət onun qədrini
bilmədi? Cəmaətə qədr bilməyi fədakarlığın
ilə gərək öyrədəsən. Əvəzsiz
heç nə alınmaz.Fəda ol,qədr gör!".Əslində
bu sözlərlə və bu yanaşma ilə Azərbaycan
ziyalılarının fəaliyyəti tarixində yeni bir
dövr başlayırdı: yəni şikayət yox, əməl!
Göz yaşları yox,fəaliyyət!Yəni vətəndaş
olmaq üçün hər şeyi özündən
başlamalısan və millətdən də narazı
qalmamalısan.
M.Ə.Rəsulzadənin
bu yanaşması (əslində vətəndaş olmaq
konsepsiyasını) çox
sayda ziyalıların fəaliyyətində artıq görünməyə
başlamışdı. Parisə Azərbaycanı tanıtmaq
üçün gedən və ağır mühacirət həyatı
yaşamağa məcbur olan,qaldığı evin kirayəsini
bəzən verə bilməyən Ə.M.Topçubaşov
şikayətlənmədən yalnız bir fikir söyləyərmiş:"yəqin
ki, bir gün Vətəndə bizi yada salarlar".
Ə.M.Topçubaşovun irsini araşdıran bir xanım tədqiqatçı
isə söyləyir ki. Ə.M.Topçubaşovun
yaşadığı ünvanlara baxdıqca gördüm ki o
hər il şəhərin mərkəzindən kənarlarına
doğru gedib yaşamaq məcburiyyətində
qalıb.Çünki maddi imkanı şəhər mərkəzində
yaşamaq imkanı verməyib.Ancaq Ə.M.Topçubaşov
bir siyasətçi və ziyalı olaraq öz mövqeyindən
də geri çəkilməyib.
Bir
neçə ay əvvəl Azərbaycan mətbuatında
"ziyalı necə olmalıdır" problemi müzakirə
edildikdə acınacaqlı faktlar qoyuldu ortalığa.Hətta
bəzi tanınmış ziyalılarımız deyirdi
ki,"bir şəxs şairdirsə,
yazıçıdırsa onu günah işlətsə də
bağışlamaq olar". Məmnun qaldığım məqam o oldu ki, məhz gənc nəslə
məxsus düşüncə
adamları bu mövqeyə ciddi etiraz etdilər.Və mən qəribə
bir nəsil "davası"nın", "müxtəlif
düşüncələr dartışmasının"
şahidi oldum. Belə görünürdü ki,
keçmiş nəsil hələ də Sovet şüurundan
xilas ola bilmir, elə Sovet insanı kimi də hadisələrə
yanaşır.Yeni nəsil isə Sovet rejimini və
qaydalarını görmədiyindən başqa dəyərlərə
sahibdir. Əslində bizim bir toplum olaraq ən ciddi problemimiz cəmiyyətimizi
Sovet şüuru təsirindən xilas edə bilməməyimizdir. Belə bir
statistikanı da acı təəssüf hissi ilə bildirirəm.
Hesablanıb ki, əgər keçmiş Sovet məmləkətlərində
ciddi islahatlar aparılmasa 2045-ci ilə qədər orada Sovet
şüurunun zərərli xüsusiyyətləri qalacaq və
insanlara problemlər yaradacaq.
Ziyalı
olmaq, vətəndaş olmaq çox çətin və
ağır bir işdir.Ancaq bu dəyərlərə sahib
olmadan yaşamağın da bir mənası
yoxdur.Ömrünün 60 ilini artıq arxada qoyan Qulu müəllimin
həm ziyalı, həm də vətəndaş adını
daşımağa mənəvi haqqı var. O bu şərəfli
yolu inamla getməkdədir.
Nəsiman Yaqublu
525-ci qəzet.- 2014.- 30 dekabr.- S.7.