Musa Quliyev: "Dializ xəstələrinin sayı bizdə o qədər də çox deyil"

 

Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin "525"ə müsahibəsi

 

- Musa müəllim, son illər Azərbaycanda böyrək çatışmazlığı xəstəliyindən, dializdən əziyyət çəkən insanların sayı xeyli artmaqdadır. Digər xəstəliklərdən fərqli olaraq, bu xəstəlikdən əziyyət çəkənlərin müalicə-müayinə prosesi zamanı digər problemlər yaranır. Məsələn, bir xəstənin müalicəsi başa çatmamış digər xəstənin müalicəsi mümkün olmur bu da nəticədə daha böyük problemlə, fəsadla nəticələnir. Qeyd edək ki, bu məsələ dəfələrlə parlamentdə gündəmə gətirilib, xüsusilə, deputat Qənirə Paşayeva tərəfindən. Həmçinin,  ombudsman Elmira Süleymanova son büdcə müzakirələrində təklif etdi ki, dövlət büdcəsindən dializdən əziyyət çəkənlərə maliyyə vəsaiti ayrılsın. Ona görə böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərin müayinə müalicə prosesinin asanlaşdırılması üçün hansı addımlar atılmalıdır?

 

- Birinci növbədə onu deyim ki, Azərbaycanda dializ xəstələrinin sayı artmır, əhali nisbətinə götürüb böləndə, yəni,  bir ildə dünyadakı  mövcud rəqəmlərlə müqayisə edəndə dializ xəstələrinin sayı bizdə  o qədər   çox deyil.  Son illərdə bu sahədə müəyyən profilaktik işlər aparılır, xüsusən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması üçün  mobil su təmizləyici qurğuların qoyulması, Ceyranbatanda  yeni su təmizləyici qurğuların qurulması,  Qəbələ-Oğuz suyunun Bakıya gətirilməsi bu sahədə xeyli irəliləyiş əldə etməyə imkan verib. Amma eyni zamanda, bizdə ilbəil əhalinin sayı  artır, bir o xəstələr ki, dializdə qaldığına görə ömür müddətini uzadır,  bu baxımdan, yeni xəstələr bunların üstünə toplandığına görə say bu şəkildə artır. Amma ilkin dializə görə kəskin böyrək çatışmazlığı olan xəstələrin sayı o qədər çox deyil, onların sayı artmır müqayisədə.

 

İkincisi, deputat həmkarım Qənirə Paşayevanın qaldırdığı məsələnin mahiyyəti ondan ibarətdir ki, dializdənsə, biz böyrək köçürülməsi, yəni, böyrək transplantasiyası işini yaxşı quraq bu insanlar hər dəfə dializə gəlib pul xərcləməsinlər. Amma bunun iki başı var da. Mən onun tərəfdarıyam ki, bəli, bizdə böyrək köçürməsi işi genişlənməlidir bu insanlara böyrək köçürülməklə onların əziyyətləri azalacaq. Bununla belə, burada  dövlətin, vətəndaşın maliyyə xərci azalacaq. Çünki böyrək köçürülən hər bir insan müəyyən dərmanlar qəbul edir ki, yeni böyrək onun orqanizmində oturuşsun,  qopmasın, yəni, orqanizm ona əks reaksiya verməsin. O dərmanların da aylıq xərci min manatdan yuxarıdır ki, aşağı deyil. Bunu da toplayanda ilə gəlib 12 min manat edir   bu, hər halda dializ xərcindən az bir xərc deyil.  Demək istəyirəm ki, gərək məsələnin o tərəfini   göz önünə alaq. Amma ikinci bir tərəfi odur ki, bir insana böyrək köçürməkdən ötrü bir işləyən böyrək, canlı bir böyrək lazımdır. Canlı böyrəyi   gərək meyitin orqanizmindən  insan dünyasını dəyişən, böyrəyi sağlamkən  götürəsən, ya da sağlam adam gərək öz böyrəyini verə. Bir sağlam adamın böyrəyini vermək, təbii ki, artıq iki xəstə adam əldə etmək deməkdir. Bunun da mən tərəfdarı deyiləm. O ki qaldı  meyitdən işləyən böyrək götürmək, transplantasiya köçürmək, təbii ki, bu işlər ölkədə qurulmalıdır. Mən dəfələrlə bu məsələni qaldırmışam. Amma bu o qədər asan deyil. Bunun həm hüquqi tərəfləri var, həm texniki mənəvi tərəfləri var. Cəmiyyətimiz buna hazırdırmı? Tutaq ki, bu saat dövlət o qərarı qəbul etdi ki, meyitdən böyrək götürülüb xəstə adama böyrək köçürülsün, cəmiyyətimiz buna hazırdırmı, razı olacaqmı, onu qəbul edəcəkmi?

 

- Sizcə, hazır deyil?

 

- Təəssüf ki, hələlik hazır deyil. Məsələn, böyrək kimin meyitindən götürüləcək? Sağlam, gənc bir oğlandır, avtomobil qəzasına düşüb, beyni zədələnib, ölüm keçiribo saat onun meyiti isti-isti yarılmalı, böyrək çıxarılıb verilməlidir xəstə  insana. Bizim vətəndaşımız buna hazırdırmı? Buna hazır deyil. Bundan ötrü həmin insanın özünün vəsiyyətnaməsi olmalıdır. Ya da ki, onun qohumlarının, ailə üzvlərinin razılığı olmalıdır. Bizdə ailə üzvləri həmin anda razılıq verəcəkmi? Düşünürəm ki, 99 faiz  razılıq verməyəcəklər. Yadınızdadırmı, hardasa 3 il bundan qabaq Qənirə xanım belə bir təşəbbüslə çıxış etdiözüöz orqanlarını vəsiyyət etdi. Allah etməsin ki, Qənirə xanım dünyasını tez dəyişsin, Allah etsin Qənirə xanım bundan sonra da 100 il yaşasın. Amma sabah Qənirə xanımın başına bir gəlsə, mən bilmirəm ki, onun orqanını köçürməyə imkanlar varmı? Yoxdur. Amma hansısa insan,  vətəndaş sağlığında orqanını vəsiyyət etsə, ola bilsin ki, həmin o travma anında,  dünyasını dəyişən anda heç qohumları bunu qoymaz ki, mənim ölümü, meyitimi verin, aparım basdırım. Sən bunun qaraciyərini və ya böyrəyini niyə kəsib çıxarırsan? Bu məsələ də var. Bu, məsələnin mənəvi tərəfidir. Texniki tərəfi nədir? Gərək Bakıda və respublikanın digər böyük şəhərlərində elə bir mərkəzlər yaradılsın ki, həmin mərkəz o xəstə bioloji ölümə düşən andan və 1-2 saat ərzində onun orqanını götürsünlər başqa adama aparıb köçürsünlər. Bu da çox çətin bir məsələdir. Asan bir texnologiya deyil, asan bir proses deyil.

 

- Bəs məsələnin əsas hüquqi tərəfi nədən ibarətdir?

 

- Hüquqi tərəfi isə odur ki, belə bir komissiya yaradılmalıdır ki, burada  iki hüquqşünas, iki nəfər həkim- ekspert, ondan sonra  həmkarlar təşkilatının , qeyri-hökumət təşkilatlarının üzvü sair olsun. Amma bəzən  dünya praktikası göstərir ki, insan tam dünyasını dəyişməmiş, onun bəlkə dünyaya yenidən qaytarmaq imkanları olduğu halda, ona primitiv, bioloji ölüm faktı qoyub böyrəyini, qaraciyərini,  ürəyini satırlar. Bu da əslində çox ciddi hüquqi problemlər yarada bilən bir məsələdir. Bunun deyilişi yaxşı görsənir, amma praktikaya gələndə, bu, çox çətindir.  Eyni zamanda, təbii ki, bu məsələ zaman istəyir. Bu məsələ indi bizim hökumətin   diqqətindədir. Yəni, Səhiyyə Nazirliyində oturanlar, yaxud Nazirlər Kabinetində oturanlar öz xalqının, vətəninin ən azı bu sahədə inkişafını bizdən az istəmirlər ki?! Bunlar gərək gəlsin yetişsin. O ki qaldı dövlət büdcəsindən vəsait ayrılmasına, əslində dövlət büdcəsindən ilbəil vəsait ayrılır. Bu məsələnin koordinal həlli, mən düşünürəm ki, icbari sığorta işə düşəndən sonra baş verəcək. Çünki icbari sığorta işə düşəndən sonra köçürmə əməliyyatına, onun sonra çox saxlanmasına  vətəndaş, dövlət pul xərcləyəcək, bu vəsait  sığortadan qarşılanacaq. Əgər icbati tibbi  sığorta işə düşəcəksə, onda vətəndaş istəyər özəl tibb müəssisəsi ilə müqaviləsini bağlayar, istəyər dövlət klinikası ilə müqaviləsini bağlayar, onda da bu növbələr azalar azalacaq.

 

Kamil HƏMZƏOĞLU

525-ci qəzet.- 2014.- 30 dekabr.- S.4.