"Azərbaycan multikulturalizmi bəşəri dəyərlər
sisteminə çox şey
verə bilər"
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın AzərTAc-a müsahibəsi
- Hörmətli Kamal
müəllim, 2014-cü ilin
əvvəllərində Prezident
İlham Əliyevin Fərmanı ilə millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşavirliyi
xidməti yaradıldı. Ölkə Prezidentinin
Sərəncamı ilə
siz bu Xidmətə
rəhbər təyin
olundunuz. Bu müddət ərzində
Xidmət ölkəmizin
müxtəlif rayonlarında,
şəhər və
qəsəbələrində, həmçinin Bakı şəhərində dini,
milli və multikulturalizm istiqamətində
faydalı, çoxşaxəli
tədbirlər həyata
keçirdi. Yeni 2015-ci ildə
davam etdirəcəyiniz
işlər barədə
konkret məlumat vermək istərdinizmi?
- Mart ayından fəaliyyətə
başlayan Xidmət, əslində, Prezident İlham Əliyevin Azərbaycanın ideoloji həyatının ahəngdar
inkişafını təmin
etmək istiqamətindəki
düşüncələrinin real təzahürüdür.
Doğru qeyd olundu ki,
gördüyümüz işlər
çoxşaxəlidir və
onlardan yalnız biri ilə bağlı
xüsusi danışmaq
istərdim.
Prezident İlham Əliyev daim qeyd edir
ki, multikulturalizm vətənimizdə özünəməxsus
həyat tərzinə
çevrilib. Eyni zamanda, multikulturalizm
dövlət siyasətinin
əsas xətti kimi dünya ölkələrinin də
xüsusi marağına
səbəb olur və biz bu sahədəki təcrübəmizi
hamı ilə bölüşməyə hazırıq.
Azərbaycan multikulturalizmi həm
siyasi, həm sosial təcrübəsi ilə bəşəri dəyərlər sisteminə
bu gün çox şey verə bilər.
Möhtəşəm Heydər Məscidinin açılışı zamanı
Prezident İlham Əliyev bir məsələyə toxundu. Dünya
siyasətçiləri, ictimai,
elmi xadimlər, mədəniyyət nümayəndələri
çox zaman belə bir sualla
müraciət edirlər
ki, necə ola bilir,
Azərbaycanda müxtəlif
dinlərin nümayəndələri,
ruhani başçıları
bir-birinə qarşı
bu cür səmimi və xeyirxah qardaşlıq münasibətilə yaşaya
bilirlər?! Bunun səbəbini soruşurlar.
Əlbəttə ki, bu fenomenin ciddi səbəbini elmi araşdırmalar aparıb
vermək də mümkündür. Amma məncə,
bunun səbəbini elmi araşdırma aparmadan da açmaq
olar. Cavab budur: Prezident İlham Əliyevin şəxsiyyəti! Bəli, məhz
Prezident İlham Əliyevin müxtəlif
din xadimlərinə eyni
səmimi münasibəti,
eyni diqqət və qayğısı onların dövlətə
və bir-birinə səmimi münasibətini
formalaşdıran həm
insani, həm də siyasi səbəbdir. Bunun isə
əsasında Ulu öndər Heydər Əliyevin şəxsi nümunəsi durur. Siyasi və insani varislik bu şəkildə
öz təntənəsini
yaşayır.
- Azərbaycan multikulturalizmin
bir fənn kimi ali
məktəblərdə tədrisinə
başlanılacağı ilə
bağlı cəmiyyətdə
artıq müəyyən
məlumat var. Bu məsələ
haqqında xüsusi olaraq nəyi qeyd etmək istərdiniz?
- Bu gün Azərbaycan multikulturalizmi şaxələri,
istiqamətləri, qatları
ilə artıq elmi-nəzəri və praktik tədqiqat obyektinə çevrilmə
mərhələsinə qədəm
qoyub desək, səhv etmərik. Onun mənəvi, mədəni,
siyasi əsaslarının
öyrənilməsi, dünya
multikultural ənənə
və təcrübəsinin
mühüm məqamları
ilə faydalı mübadilə potensialı
bu istiqamətin ictimai, fəlsəfi, siyasi elmlər sırasında öz yerini tutmasını şərtləndirir. Biz öz təcrübəmizi,
Ulu Öndərin bu sahədəki yorulmaz fəaliyyətini dünya səviyyəsində
ortaya qoymalıyıq.
Ölkəmizin multikultural təhlükəsizliyinin
qarantı kimi çıxış edən
Prezident İlham Əliyevin fəaliyyətini
örnək kimi öyrənməli və öyrətməliyik.
Bu məqsədlə Xidmət
tərəfindən iki
tədris proqramı hazırlanıb. Onlardan biri bakalavr səviyyəsi üçün
"Multikulturalizmə giriş"
proqramıdır. Digəri magistratura
səviyyəsi üçün
"Azərbaycan multikulturalizmi"
proqramıdır. Bu proqramlar həm Azərbaycan, həm də xarici ölkə universitetlərinin
tələbələri üçün
nəzərdə tutulur.
Təsəvvür edin, müxtəlif
xarici ölkələrdə
bu istiqamətdə çoxlu tədbirlər
- konfranslar, dəyirmi
masalar, sərgilər,
konsertlər təşkil
edilir, xeyriyyəçilik
aksiyaları həyata
keçirilir. Bunlar çox
yaxşıdır. Eyni zamanda,
bəzi əlavələrə
də ehtiyac var. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
bu istiqamətdə öz missiyasına uyğun konkret addımlar atmağa hazırlaşır. Qarşıdakı semestrdən etibarən Avropanın bir neçə universitetində
həm də "Azərbaycan multikulturalizmi"
fənni tədris olunacaq. Artıq Rusiyanın, Litvanın, İtaliyanın, Gürcüstanın,
İsveçrənin, Türkiyənin,
Bolqarıstanın bəzi
tanınmış universitetləri
onlara təklif edilən bu fənnin tədrisinə razılıq veriblər. Fənn yeni olduğundan onu tədris edəcək mütəxəssislər
üçün Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzi hazırda
hazırlıq məşğələləri
keçirir. "Azərbaycan multikulturalizmi"
fənni ya xarici ölkə universitetlərinin mütəxəssisləri
tərəfindən tədris
ediləcək, ya da həmin fənn
üzrə müəllim
buradan göndəriləcək.
İndi bu böyük işin hazırlığı
gedir. İnanıram ki, ildən-ilə
həm xaricdə, həm də ölkə daxilində bu tədris ocaqlarının sayı artacaq və daha çox xarici ölkə gənci Azərbaycan barədə məlumat alacaq, onun dostuna
çevriləcək.
Digər tərəfdən belə bir universal fənnin Azərbaycan gəncliyinə də təqdim edilməsinə ehtiyac var. Multikulturalizm xalqın tarixi, mədəniyyəti, psixologiyası, dünyagörüşü, dili, ədəbiyyatı, siyasi baxışları, durumu, gələcək inkişaf istiqamətləri, hədəfləri, bəşəri dəyərlər sisteminə verdiyi töhfələr barədə ümumiləşdirici elmi təlimdir. Tutalım, bu saydıqlarımız humanitar yönlü universitetlərdə bu və ya başqa şəkildə (dil, ədəbiyyat, tarix, mədəniyyət yönlərindən) tədris edilir. Bəs texniki istiqamətli universitetlərimizin tələbələri təhsili boyunca belə fənlərin heç qoxusunu belə almırlar - bu, necə olsun?! Niyə bizim texniki, tibb, iqtisadi, neft universitetlərimizin tələbələri Azərbaycanla bağlı bu dərəcədə vacib mətləblərdən xəbərsiz olsunlar?! Xəbərdar olsalar, bu gənclərin həyata atıldığı zaman vətənpərvərlik, azərbaycançılıq, dinlə bağlı təsəvvürləri daha möhkəm və səbatlı olmazmı?
Bütün bunları nəzərə alaraq, bir daha o fikrə gəlirik ki, Prezident İlham Əliyevin "multikulturalizm bizim həyat tərzimizdir və ona alternativ yoxdur" kəlamının ölkəmiz və xalqımız üçün əhəmiyyəti sonsuzdur. Cəsarətlə demək olar ki, müasir dünya ictimai-siyasi fikir tarixində bu yanaşmanın çəkisi böyükdür və əhəmiyyətli yeri var.
Azərbaycan multikulturalizmi bu gün dünya masştabında elmi və təcrübi nümayişini həyata keçirməyə hazırdır. Biz bu fenomeni öyrənmək istəyənlər üçün istər Azərbaycanda, istərsə də dünyanın ən müxtəlif elm, mədəniyyət ocaqlarında hər bir şəraiti yaratmağa hazırıq və bunu əzmlə edəcəyik. Nəticədə ümidvaram ki, bütün dünyada Azərbaycanın dostlarının sayını artırmış olacağıq. Bu, Ulu Öndərin göstərdiyi hədəflərə doğru aparan yoldur, bizim həm borcumuz, həm də haqqımızdır.
- Kamal müəllim, sonda Yeni il arzularınızı öyrənmək istərdik.
Əlbəttə, Yeni il özü ilə yeni fikirlər, yeni yanaşmalar gətirəcək. Arzu edirəm ki, 2015-ci il millətimiz və Vətənimiz üçün, Prezidentimiz üçün uğurlu olsun.
525-ci qəzet.- 2014.- 30 dekabr.- S.5.