Vilnüsdə Elçin Hüseynbəylinin
hekayələri nəşr edilib
Tanınmış
yazıçı və dramaturq Elçin Hüseynbəylinin
üç hekayəsi Litva Azərbaycanlıları Cəmiyyətinin
xətti ilə 2014-cü ilin may – iyun aylarında Litvanın ədəbiyyat
və incəsənət nəşrlərində litvaca
işıq üzü görüb.
Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzvü Mahir Həmzəyevin bildirdiyinə
görə, ədibin “Oyun” adlı hekayəsi Litva
Yazıçılar Birliyinin “Literatura ir Menas” (“Ədəbiyyat
və İncəsənət”) həftəlik jurnalının
2 may 2014-cü il tarixində çıxmış sayında,
“İlk öpüş” və “Qumru quşu” adlı hekayələri
isə Vilnüsdə buraxılan “Siaures Atenai” (“Şimal
Afinası“) ədəbiyyat və incəsənət qəzetinin
20 iyun 2014-cü il tarixli nəşrində dərc edilib.
Göstərilən nəşrlərdə E. Hüseynbəylinin
hekayələri ilə bərabər onun həyat və
yaradıcılığı haqqında bilgilər də yer
alıb.
E. Hüseynbəylinin əsərlərini
orijinaldan litvacaya Dünya karay türklərinin
tanınmış simalarından biri, görkəmli Litva
ictimai-mədəni xadimi və diplomat, Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzvü Halina Kobetskayte və Mahir Həmzəyev
çeviriblər. Bu tərcümələr Litva ədəbi
ictimaiyyətinin E. Hüseynbəyli
yaradıcılığı ilə ilk
tanışlığı deyildir. Belə ki, hələ
2013-cü ildə Litvanın ədəbi-bədii
jurnallarında Azərbaycan nasirinin dörd əsəri – “Nənəm,
babam və kommunizm”, “Sular günəşə nəğmə
oxuyanda”, “Məzar gəlini” və “Gözünə gün
düşür” adlı hekayələri oxuculara təqdim
olunub. Ölkənin ədəbi-mədəni ictimaiyyəti tərəfindən
maraqla qarşılanmış bu əsərlər də Litva
Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü
ilə tərcümə edilib yayımlanıb.
1988-ci ildə Vilnüsdə
yaradılmış Litva Azərbaycanlıları Cəmiyyətinin
fəaliyyət istiqamətlərindən biri Azərbaycan –
Litva ədəbi və ictimai-mədəni əlaqələrinin
qədim tarixini öyrənmək, müasir dövrdə həmin
əlaqələri genişləndirmək və müstəqil
ölkələrimiz arasında yeni məzmunlu mənəvi
körpülər salmaq, Azərbaycan həqiqətlərini, –
o cümlədən xalqımızın ədəbi-mədəni
irsini bədii tərcümələr vasitəsilə Litvada
yayımlayıb təbliğ etmək və bu yolla Azərbaycan
müəlliflərinin ədəbi fikirlərini, həyati
proseslərə və yaradıcılığa dair estetik və
fəlsəfi baxışlarını, milli düşüncə
tərzini və bədii duyğularını obrazlı şəkildə
əks etdirən sənət nümunələrini Litva dilində
ortaya qoyaraq xalqlarımızı mənəvi və
ictimai-siyasi cəhətdən bir-birinə daha da
yaxınlaşdırmaqdan, Azərbaycan ədəbiyyatı və
mədəniyyətinin Litvadakı imicini gücləndirmək
işinə dəstək verməkdən ibarətdir.
İndiyədək Cəmiyyət tərəfindən bu yönümdə bir sıra konkret işlər görülübdür. E. Hüseynbəylinin əsərlərinin Litva dilinə tərcümələri də ilk növbədə göstərilən məqsədlərə xidmət edir.