Heydər Əliyev: "Məni
xalqım çağırdı..."
Heydər
Əliyevin 1992-ci ilin noyabr ayında Litvada nƏşr olunan
"Respublika" qəzetinə müsahibəsi
Ümummilli lider
Heydər Əliyev 1992-ci ilin noyabr ayında, Naxçıvan
Respublikası Ali Məclisinin sədri olarkən Litvanın
Vilnüs şəhərində nəşr olunan
"Respublika" qəzetinin müxbiri Riçardas Lapaytisə
Naxçıvanda müsahibə verib. Müsahibə qəzetin
28 yanvar 1993-cü il tarixli sayında dərc olunub.Bu günlərdə
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,
Dünya Azərbaycanlılarının Əlaqələndirmə
Şurasının üzvü Mahir Həmzəyev həmin
müsahibəni Litva dilindən çevirərək
"525"in redaksiyasına təqdim edib. Həmin müsahibəni
qəzetimizin oxucularına təqdim edirik.
- Siz Sovetlər
İttifaqı dönəmində hakimiyyətin ən yüksək
zirvələrində təmsil olunmusunuz. Azərbaycan müstəqillik
qazanandan sonra isə Naxçıvan Muxtar Respublikasının
rəhbəri seçildiniz. Buna görə hansısa
diskomfort hiss etmirsiniz ki?
- Əlbəttə,
hakimiyyət fərqi var. Lakin mən buna görə narahat
deyiləm. Bəli, mən nəhəng bir dövlətin rəhbərliyində
olmuşam. Bura isə məni xalqım
çağırdı. Məhz xalq məni Naxçıvan
Muxtar Respublikası parlamentinin sədri olmağa, demək olar,
məcbur etdi. Naxçıvan böyük respublika deyil, ancaq
spesifik xüsusiyyətləri var. Burada həll olunası məsələlər
də miqyasca kiçikdir. Amma başlıcası budur ki, mən
Vətənimdəyəm. Bu, mənim üçün
çox vacibdir.
- Həyatınızın
böyük hissəsi Dövlət Təhlükəsizlik Komitəsi
ilə bağlı olub. Bu qurumun sıralarında
keçirdiyiniz illər üçün heyfslənmirsiniz ki?
-
Xeyr. Mənim həyatımda hər nə olubsa, onun
üçün heyfslənmirəm. O cümlədən,
DTK-da işlədiyimə görə də heyfslənmirəm.
Lap gənc yaşımda təhlükəsizlik orqanlarına
xidmətə çağırılmışam, 25 il orada
qulluq etmişəm. İndi hər şeyi DTK-nın
üstünə yıxmaq dəbdədir. Ancaq son dövrdə
DTK mövcud olmayan bir dövlətin orqanı idi. Mən
öz xalqıma qarşı heç bir iş görməmişəm.
Buna baxmayaraq, tutduğum bütün dövlət vəzifələrindən
istefaya getdikdən sonra, bir çoxları mənim iş
nöqsanlarımı və guya yol verdiyim qanun pozuntularını axtarıb
tapmağa çalışdılar. Həmin
axtarışları Sov. İKP MK, SSRİ Nazirlər Soveti və
Azərbaycan SSR-in keçmiş rəhbərləri
aparırdılar. Lakin heç nə tapmadılar.
-
Sovetlər İttifaqı dövründə tutduğunuz
bütün yüksək vəzifələrdən getdikdən
sonra Siz bir müddət kənara çəkildiniz. O zaman nə
işlə məşğul idiniz - istirahət edirdiniz, ya
siyasətə qayıtmağa
hazırlaşırdınız, yoxsa, sadəcə, sakit bir təqaüdçü
həyatını yaşayırdınız?
- Moskvada
yaşayırdım, keçdiyim həyat yoluna nəzər
salmağa və müəyyən nəticələr
çıxarmağa yetərincə vaxtım vardı. Azərbaycan
üçün nəsə etməyə
çalışırdım. Siyasətə qayıtmaq barədə
fikirləşmirdim. 1990-cı ilin 20 Yanvar hadisələrindən
sonra Moskvada keçirilmiş yığıncaqda
çıxış etdim. Bundan sonra yenidən məni təqib
etməyə başladılar. Azərbaycana
qayıtmağıma mane olmağa
çalışırdılar. Bu işlə həm Mixail
Qorbaçov, həm də SSRİ DTK-sı məşğul
idi. Mənimlə əlaqələri olan bir şəxsi
Bakıda qətlə yetirmişdilər. Bu mənə
edilmiş xəbərdarlıq idi. Çətinliklərə
baxmayaraq bütün maneələri dəf edə bildim və
1990-cı ilin sentyabr ayında Naxçıvandan Azərbaycan
parlamentinə deputat seçildim. Parlamentdə Azərbaycanın
dövlət müstəqilliyi tələbini irəli
sürdüm.
- SSRİ süqut
etdi, Müstəqil Dövlətlər Birliyi (MDB) meydana gəldi.
MDB haqqında Sizin fikriniz nədən
ibarətdir?
- Bu belə də
olmalı idi. Dağılmalar 80-ci illərdə
başlandı. Durğunluq buzlarını Baltikyanı ölkələr
qırdılar, bundan sonra çökmə prosesləri getdikcə
daha sürətli xarakter aldı. Həmin proseslər çətin
proseslər idi.
Xalqı
qurub-yaratmağa yönləndirə bilən dövlətlər
çətinliklərə qalib gəlir, mütərəqqi
dünya dövlətləri sırasına qoşulurlar. MDB-yə
gəlincə, bu qurum yeni bir ittifaq yaratmaq cəhdidir. Amma
baş tutan iş deyil və biz bunu aydınca
görürük.
-
Bu gün Azərbaycanda bir vaxtlar Sizin tutduğunuz rəhbər
vəzifəni tutan şəxslə - prezident Əbülfəz
Elçibəylə münasibətləriniz necədir?
- Həqiqətən
də mən uzun illər Azərbaycana rəhbərlik
etmişəm, amma prezident olmamışam. Əbülfəz
Elçibəyi şəxsən tanımıram, yalnız
televizorda görmüşəm. Buna baxmayaraq, onunla münasibətlərimiz
normaldır, problemlər yoxdur. Onunla siyasətə
baxışlarımın üst-üstə
düşdüyünü təsdiq edə bilmərəm.
Ancaq arada müstəsna bir qarşıdurma da yoxdur.
- 1992-ci ilin
oktyabrında Naxçıvanda çevriliş cəhdi oldu. Bəs
onun təşkilatçıları kim idi?
-
Çevrilişi Naxçıvanda Xalq Cəbhəsi etmək
istəmişdi. Çevriliş cəhdində maraqlı cəhətlərdən
biri budur ki, Naxçıvanda Xalq Cəbhəsi də Azərbaycan
Xalq Cəbhəsinin (AXC) tərkib hissəsidir. Cəbhəçilər
Daxili İşlər Nazirliyini, teleradio komitəsinin
binasını tutduqdan sonra mən düz doqquz dəfə
telefon açıb Ə.Elçibəylə
danışdım. Axı, o həm də AXC-nın lideridir.
Amma görünür, bu iş onun özünün
sanksiyası ilə olmuşdu. Çünki o,
Naxçıvanda Xalq Cəbhəsinin bu hərəkətlərə
son qoyması üçün heç bir cəhd göstərmədi.
Naxçıvan camaatı çevriliş etmək istəyən
qüvvələri onların tutduqları bütün
binalardan dərhal vurub çıxartmağa hazır idi. Ancaq
biz ultimatum elan etdik və onlara binaları boşaltmaq barədə
qərar qəbul etmək üçün bir saat vaxt verdik.
Lakin təəssüf ki, atışma oldu. Sonra
çevrilişçilər geri çəkilməyə məcbur
oldular. Ertəsi gün Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sessiyasında biz həmin çevriliş cəhdini
müzakirə edib pislədik. Lakin Azərbaycan Respublikasının
parlamenti hələ də bu çevrilişlə
bağlı öz sözünü deməyib və susmaqda
davam edir.
- Bu gün
Qafqazda bir çox etnik münaqişələr mövcuddur.
Onların kökləri hansı mənbədən
qidalanır?
- Bu, ürək
ağrıdan sualdır. Onların kökləri həm
Qafqazda mövcud olan çoxmillətli etnik zəminlə, həm
də son 10 il ərzində keçmiş SSRİ-də
getmiş proseslərlə bağlıdır. Şübhəsiz
ki, həmin münaqişələri kimsə
qızışdırır və əlbəttə, bu
münaqişələr kiməsə sərfəlidir. Bu suala
birmənalı cavab verə bilmərəm.
- Siz ixtisasca
tarixçisiniz. Odur ki, ölkənizin tarixindəki hansı
"ağ ləkələri" təmizləmək istərdiniz?
-
Ən böyük "ağ ləkə" son beş il ərzində
Azərbaycanda baş vermiş hadisələrdir. Qarabağ
müharibəsi çoxdandır ki, Azərbaycan-Ermənistan
sərhəddini adlayıb keçib. Bilmirəm, müharibə
daha nə qədər davam edəcək və sonra neçə
illər lazım gələcək ki, yaraları sağalda bilək.
- Baltikyanı
ölkələri xatırladınız. Siz burada -
Naxçıvanda Litva haqqında nə fikirdəsiniz?
- Əminəm
ki, yalnız Naxçıvan yox, eləcə də
bütün Azərbaycan Litvanın dəyərli tərəfdaşı
ola bilər. Litva da qarşılıqlı olaraq Azərbaycan
üçün layiqli tərəfdaş olmağa qadir
ölkədir. İqtisadi, elmi, mədəni və humanitar sahələrdə
yüksək tərəfdaşlıq əlaqələri qura
bilərik. Məndə olan məlumata görə, bu
baxımdan adda-budda işlər görülür. Amma hələ
ki, hətta normal diplomatik münasibətlərimiz belə
yoxdur.
-
Naxçıvanda olduğu kimi, Litvada da keçmiş partiya
lideri Algirdas Brazauskas hakimiyyətdədir. Siyasi hadisələr
gedişatında bu cür dönməni necə qiymətləndirirsiniz?
- Litva rəhbərlərinin
müstəqilliyin bərpasına qədərki dövrdə
gördüyü işlər hələ o vaxtlar ürəyimə
yatırdı. Onda mən Moskvada yaşayırdım və
Litvadan SSRİ Ali Sovetinə seçilmiş deputatların da
(burada 1989-cu ilin mart-may aylarında Litva SSR-dən
seçilmiş deputatlar nəzərdə tutulur - tərcüməçidən.)
fəaliyyətini müşahidə edirdim. Həm Sov.İKP-dən
ayrılaraq müstəqil təşkilat olduğunu bəyan
etmiş Litva Kommunist Partiyasına (LKP), həm də Sayudisə
rəğbət bəsləyirdim. Bu il Litva parlamentinə
keçirilmiş seçkilərdə (1992-ci ilin oktyabr
ayında baş tutmuş seçkilərə işarədir
- tərcüməçidən.)
LKP-nin qələbə çalmasını xalqın
iradəsinin təzahürü kimi qəbul etmək
lazımdır. Mən isə onları bu qələbə
münasibəti ilə təbrik edirəm. Yeni münasibətlər
qurmaq məsələsinə gəlincə isə, demək
istəyirəm ki, bu gələcəyin işidir.
- Sizin həyatınızda
ən xoşbəxt və ən ağır gün hansı
gün olubdur?
- Həyatımda
ən ağır gün 1990-cı ilin 20 Yanvar faciəsi olub.
Həmin faciənin ən ağrılı və kədərli
günlərini mən o zaman Moskvada yaşamışam. Ən
xoşbəxt gün isə... ən xoşbəxt gün hələ
qabaqdadır...
- Müsahibəyə
görə təşəkkür edirəm.
525-ci qəzet.-
2014.- 12 dekabr.