Con F.Kennedi: "Mərdliyin
profilləri" (davamı)
İngiliscədən
Telman Orucov tərcümə edib
Deniel Uebster
“...Massaçusets
adamı kimi deyil, Amerikan kimi...”
1850-ci il 21 yanvarının qasırğalı gecəsi
Vaşinqtonda xəstə qoca adamın küçəyə
çıxmasına heç cür yaramırdı. Lakin fısıldayan və qıc olmuş şəkildə
öskürən Henri Kley öz yolunu qarlı küçə
ilə Deniel Uebsterin evinə tərəf saldı. Onun
planı var idi – bu plan Birliyi xilas etmək məqsədini
güdürdü, – və o, bilirdi ki, Şimalın ən
tanınmış natiqindən və dövlət xadimindən
dəstək almalıdır. O, bilirdi ki, itirmək
üçün vaxtı yoxdur, çünki sabah
günortadan sonra Prezident Teylor özünün Konqressə
müraciətində Kaliforniyanın azad ştat kimi qəbul
edilməsini xahiş edəcəkdir, bu isə qəzəb
alovunun üzərinə yanacaq atmaq effekti olub, Birliyin məhv
olması təhlükəsini yaradacaqdı. Niyə
Prezident Nyu-Meksikonun adını xatırlamaqda
uğursuzluğa uğradığına görə
Şimaldan xahiş edirdi? Qaçqın Qul Qanununun
qüvvəyə minməsi barədə Cənub nə dedi? Kolumbiya mahalında qul ticarəti, Utanın,
Texasın sərhədləri necə oldu? Əhval-ruhiyyə qalxırdı, qəsdlər
genişlənirdi, parçalanma artıq torpağın hər
tərəfində idi.
Lakin Henri Kley plana malik idi – bu plan milləti qoruyub saxlamaq
üçün digər Böyük Kompromiss idi. Bir saata qədər
o, Deniel Uebsterlə onun rahat evinin hərarətində məsələnin
çıxış yolunu razılaşdı və onlar
birlikdə Birliyi xilas etmək barədə söhbət
apardılar. Amerikan tarixində az
görüşlər belə məhsuldar olmuşdu, həm də
öz nəticələrinə görə belə
ironiyalı olmuşdu. 1850-ci il Kompromissi Henri Kleyin şöhrətinə
böyük Sakitləşdirici çələngini əlavə
etmişdi; lakin Deniel Uebsterin dəstəyi bu işin
uğuruna əminlik yaratmışdı, həm də onun yarım əsr
ərzində siyasi cəhətdən çarmıxa çəkilməsi
və ya bundan çox müddətdə isə tarixən məhkum
edilməsi ilə nəticələnmişdi.
Henri
Kleyin qış gecəsi üstünə getdiyi adam Amerikan siyasi tarixinin ən qeyri-adi şəxsiyyətlərindən
biri idi. Deniel Uebster bu gün bizim çoxumuza Stifen Vinsent
Benetin əhvalatındakı şərə qarşı Ceybiz
Stounun ruhu üçün döyüşən adam kimi tanışdır – lakin öz
sağlığında o, özünün də ruhu
üçün şər işlərə qarşı
çoxlu döyüşlər aparmış və hətta
bəzilərini uduzmuşdu. Uebster öz yaxın dostuna
yazmışdı ki, o, “gücün və zəifliyin, tozun və
ilahiliyin qarışığı” idi və ya Emersonun
sözləri ilə deyilsə “kiçik ambitsiyası olan
böyük adam” idi.
Onun
böyük adam olmasında heç bir səhv
ola bilməzdi, – o, kiməsə bənzəyirdi, başqa
birisi kimi danışırdı və təkid edirdi ki, o, təkdir.
Bütün öz səhvləri və uğursuzluqları ilə
Deniel Uebster, heç şübhəsiz, bizim Konqresslərin
tarixində ən istedadlı şəxsiyyət idi;
hansısa səbəblərə görə adamlara qalib gəlmək
onun qabiliyyəti sırasına daxil deyildi – bu məsələdə
o, Henri Kleylə yarışa bilməzdi, hökumətin fəlsəfəsini
sərt tənqidə məruz qoymaq da onun qabiliyyətinə
aid deyildi, – Kalhoun onu bu məsələdə kölgədə
qoyurdu; lakin onun qabiliyyətində kiminsə gizli hissini,
Birliyi diriltmək və ali etmək xüsusiyyəti var idi,
bütün amerikanlar bunu hiss edirdilər, lakin çox az adam
bunu ifadə edə bilərdi.
Lakin
Deniel Uebster onu necə də ifadə edə bilirdi! Demək
olar ki, istənilən hissi necə də ifadə edə
bilirdi! Hətta Konqressdəki özünün ilk nitqindən
– 1812-ci il müharibəsinə hücum
etməyindən – Nümayəndələr Palatasının
diqqətini cəlb etmişdi, heç bir təzə adam ondan
əvvəl bunu edə bilməmişdi. O, öz
dövrünün görkəmli natiqi idi – əlbəttə
ki, bütün öz dövründə – Konqressdə,
Massaçusetsdə hücum çəkən kütlənin
qarşısında və Ali Məhkəmə
qarşısında vəkil kimi. Sərt Baş
hakim olan Marşalla demişdilər ki, Uebsterin Darmaus kollecinin
ilk ildəki məşhur müdafiə nitqini nəzərdən
keçirsin – “Bu, ser, dediyim kimi, kiçik kollecdir – və həm
də onu sevən adamlar vardır”. Onun Plimut
Koloniyasının (1620-ci ildə “Meyflauer” gəmisində
Massaçusets körfəzinə gələn ingilislərin
yaratdığı koloniya – tərcüməçi) əsasını
qoyan iki yüz adamın qarşısındakı nitqindən
sonra bir gənc Harvard alimi yazmışdı:
“Mən həyatımda heç vaxt əvvəllər
ictimai çıxışa görə belə sevinməmişdim. Üç ya dörd dəfə
mən düşündüm ki, gicgahım qan təzyiqindən
partlayacaqdır... Mən elə bil ki,
özümdən aralı idim və hələ də həmin
vəziyyətdəyəm”. Və Cənubi Karolinadan olan
Senator Heynə öz cavabını hazırlayanda dediyi və
iyirmi il əvvəl parçalanma ölkəni hədələyəndə,
hər bir məktəbli tərəfindən yada salınan –
“Azadlıq və Birlik, indi və əbədi, vahid və
ayrılmayan!” – sözləri milli birlik
çağırışı idi!”
Ən
yavaş danışan, dəqiqədə çətinliklə
orta hesabla yüz söz deyə bilən bir natiq kimi Uebster
özünün orqana (musiqi aləti – tərcüməçi)
bənzəyən dərin səsinin musiqili lətafətini,
öz canlı təxəyyülünü, opponentlərini
faktların alovu ilə məhv etmək
bacarığını, çıxışın
inandırıcı və dəqiq manerası ilə birləşdirərək,
həm də zahirən zərbə vuran adam
görünüşü ilə onun nitqləri bir maqnitə
çevrilirdi və kütlələri Senatın zalına
çəkirdi. O, öz çıxışlarını
böyük qayğıkeşliklə hazırlayırdı,
lakin onları hazırlanmış mətn şəklində
nadir hallarda yazırdı. Bu, necə deyərlər,
elə idi ki, o, çıxışını cümləbəcümlə
fikirləşə bilərdi, qələmdən istifadə
etmədən cümlələri ağlında yoxlayıb
düzəldirdi və sonra onu elə dəqiq fikirləşdiyi
kimi də auditoriyaya çatdırırdı.
Yəqin ki, onun heyrətləndirici qaydada görünməsi,
sifətinə baxanların hamısını
inandırması belə bir fikir yaradırdı ki, o,
adamları idarə etmək üçün
doğulmuşdur. Altı futdan aşağı boyu
olmasına baxmayaraq, Uebsterin boy-buxunu, bədən quruluşu,
çiyinlərinin qəribə görünməsi ona teatra
xas olan, lakin heybətli görünüş verirdi. Lakin
əsas cəhət onun qeyri-adi başı idi, müasirləri
onu yadda qalan kimi qeyd edirdilər, Karleyl onun bütün
xüsusiyyətlərini xatırlamaqla təsvir edir:
“Aşılanmış bədən quruluşu, amorf qayaya bənzəyən
sifəti, uçuruma bənzəyən qaşlarının
altındakı qaş-qabaqlı, yalnız üfürülməyə
ehtiyac duyan antrasit peçinə bənzəyən qara
gözləri, düzgün örtülmüş mastiff (it
cinsi – tərcüməçi) ağzı”. Bir
müasiri isə Uebsteri “yaşayan yalan”
adlandırırdı, “çünki yer üzərində
heç kəs onun göründüyü kimi elə
böyük görünə bilməzdi”.
Və Deniel Uebster göründüyü kimi elə də
böyük deyildi. Qranitdəki çapıq onun mənəvi
düşüncələrinin inkişafındakı
uğursuzluq idi, çünki onun digər qabiliyyətləri
kimi güclü deyildi. O, Birləşmiş Ştatlar
Bankının prezidentinə göndərdiyi yazısında –
elə həmin vaxt Senat Bank Xartiyasını təzələmək
üçün açdığı debatda “mənim nökərim
qəbul edilməmişdir və ya adəti üzrə
doyuzdurulmamışdır” sözlərindən başqa ədəbsiz
olan heç nəyi görmədi. Lakin
yaxşı münasibəti hədiyyə kimi deyil, xidmət
kimi qəbul edirdi və inanırdı ki, həqiqətən
bunu etməkdə ona borcludurlar. O, 1836-cı ildə
yorulanda Senatdan istefaya getməyə cəhd etdi ki, vəkillik
praktikası vaxtı mücərrəd itirdiklərinin əvəzini
ödəsin, onun Massaçusetsdəki biznesmen dostları isə
onun borclarını ödəməyə qoşuldular ki, o,
öz vəzifəsində qalsın. Hətta ölüm
yatağında olanda da, bir əfsanə bizə
danışır ki, onun qapısını döydülər
və bir qoca centlmen qanun layihələrinin iri
bağlamasını otağın içinə atdı və
dedi: “Belə bir vaxtda, bu evdə heç bir pul
kasadlığı olmamalıdır”.
Uebster bunun hamısını və daha çoxunu görmüşdü. Bunu dərk etmək çətin idi ki, o, bunlarda nə əxlaq baxımından, nə də başqa cəhətlərdən səhv olan bir şeyi görmürdü. O, çox güman ki, inanırdı ki, onun zəhməti olduqca aşağı səviyyədə ödənilir və onun ağlına heç vaxt gəlməmişdi ki, öz azad seçimi əsasında öz xidmətini və istedadını satsın, ancaq qəribəlik orasında idi ki, o, Birləşmiş Ştatların Senatoru kimi öz maaşının çekinə qol çəkəndə, bu pullar başqa kiməsə deyil, Birləşmiş Ştatlar xalqına məxsus olmalı idi. Lakin Yeni İngiltərənin biznes maraqlarını dəstəkləməsi onun aldığı pulların nəticəsi deyildi, onun şəxsi inamlarına görə idi. Pul, onun xüsusi zövqlərinə həzz vermək mənasından başqa, ondan ötəri çox az əhəmiyyətə malik idi. O, heç vaxt var-dövlət toplamamışdı. O, heç vaxt borcsuz olmurdu. Və o, heç vaxt özünün borclu olmaq statusuna görə narahat olmurdu. Borcunu o, bəzi hallarda ödəyirdi və bunu həmişə özü üçün rahat olanda edirdi, lakin Cerald U.Consonun dediyi kimi, “bədbəxtlikdən o, bəzən borcunu saxta sikkələrlə ödəyirdi – qanuni şəkildə göndərməklə deyil, yalnız elə bir inama görə ki, xalq ona inanır”.
Lakin bütün səhvləri ilə yanaşı, Deniel Uesbter öz dövrünün ən böyük natiqi, Amerikan Vəkillər Kollegiyasının aparıcı üzvü, Viq partiyasının ən məşhur liderlərindən biri və Kalhounu dayandırmağa qadir olan bir Senator kimi qalırdı. Və beləliklə, Henri Kley bilirdi ki, özünün Böyük Kompromissinin xeyrinə belə qeyri-adi istedadları siyahıya salmalıdır. Zaman və hadisələr onun düzgün qərar qəbul etdiyini sübut etdi.
Allaha-bənzər Deniel fikirli bir sakitlikdə onu dinləyəndə, Kley Birliyi bir yerdə saxlamaq üçün özünün axırıncı böyük cəhdini açıb göstərdi. Bu cəhdin açar xüsusiyyətləri sayca beş idi: 1) Kaliforniya azad (quldar olmayan) ştat kimi qəbul edilməlidir; 2) Nyu-Meksiko və Uta quldarlığın lehinə ya əleyhinə səs verə biləcək bir qanunvericiliyi olmayan ərazilər kimi təşkil olunmalıdır; beləliklə, yeni ərazilərdə quldarlığı qadağan etmək niyyətini güdən və qızğın müzakirə edilən Uilmot Provizosunun (Bu təklifi Deyvid Uilmot ABŞ Konqressinə təklif etmişdi ki, Meksika müharibəsi ərzində alınmış torpaqlarda quldarlığın genişlənməsi qadağan olunsun. Bu layihə 1846-cı ildə Nümayəndələr Palatasından keçsə də, Senatdan keçməmişdi, çünki Senatda Cənub və Şimal bərabər gücə malik idi. Debat quldarlıq məsələsinin siyasiləşməsində mühüm addım idi, proviso sözü isə “şərt” deməkdir – tərcüməçi) birbaşa ziddinə olardı; 3) Texas, Nyu-Meksikoya verilən bəzi ərazilərin kompensasiyası olmalı idi; 4) Kolumbiya mahalında qul ticarəti qadağan edilməli idi; 5) Qaçmış Qul Qanunu qüvvəyə minməli olmaqla daha ciddi və həyata keçən olmalıdır ki, qaçmış qullar Şimal ştatlarında tutulduqda, onları öz sahiblərinə qaytarmağa təminat versin. Kompromiss ekstremistlər tərəfindən sakitləşdirici tədbir kimi məhkum ediləcəkdi, başlıca olaraq birinci və dördüncü şərtlərə görə; və Şimalın abolitsionistlərinə (quldarlığı qadağan etmək hərəkatının iştirakçılarına – tərcüməçi) isə elə görünəcəkdi ki, Cənuba edilən 90 faiz güzəştin əvəzində Şimala 10 faiz “çörək qırıntısı” atılır, xüsusən də ikinci və beşinci şərtlərə görə. Az sayda şimallılar Qaçmış Qul Qanununun istənilən güclənməsinə dözəcəkdilər, ən acı şəkildə nifrət etdikləri tədbir isə – indiyədək daha biabırçı şəkildə əməl edilməyən Qadağa idi – bu hətta Konqressdən keçmişdi. Massaçusetslilər öz ştatlarında Aktın şərtlərinin həyata keçirilməsini məcbur etməyi cinayət hesab edən qanunu qüvvəyə mindirmişdilər.
Henri Kley necə ümid edə bilərdi ki, belə bir planın Massaçusetsdən olan Deniel Uebsterin bəyənməsinə nail olsun? O, quldarlığın qatı düşməninə və Uilmot Provizosunun müdafiəçisinə xüsusi olaraq bunları bildirməməli idimi? Məgər o, Oreqon debatında deməmişdimi ki, “mən bütün quldarlıq genişlənmələrinə və bütün yerlərdə qul təmsilçilərinin artmasına bütün zamanlarda, bütün şəraitlərdə, hətta bütün məcburi tədbirlərə qarşı, böyük mənafelərin məhdudlaşdırılmasını bütün dəstəkləyənlərə qarşı, bütün kombinasiyalara qarşı, bütün kompromisslərə qarşı zidd olacağam”.
Elə həmin həftə o, dostuna yazmışdı: “Erkən gəncliyimdən mən quldarlığı böyük əxlaqi və siyasi şər kimi qiymətləndirirəm... Sənin qorxmağa ehtiyacın yoxdur ki, mən hansısa kompromissə səs verəcəyəm və ya keçmişlə ziddiyyətli olan bir şey edəcəyəm”.
Lakin Deniel Uebster qorxurdu ki, vətəndaş zorakılığı “yalnız quldarlığın zəncirlə bağlanmasını daha güclü edəcəkdir”. Birliyin qorunub saxlanması, onun ürəyi üçün quldarlığa zidd olmaqdan daha əziz idi.
(Ardı var)
525-ci qəzet.- 2014.- 1 fevral.- S.14.