Maqbet”in ekran taleyi

 

 

 

Fransız rejissoru Jorj Melies 1898-ci ildə Hötenin “Faust” əsəri əsasında çəkdiyi “Faust Marqaritafilmi ilə bir ilkə imza atıb. Belə ki, Jorj Melies bədii əsəri ekranlaşdıran ilk rejissordur.  Həmçinin rejissor Fridrix Şillerin, Daniel Defonun, Şekspirin, Aleksandr Dümanın, Jül Vernin əsərlərinə müraciət edib. Bu işdə ikinci addımı elə J. Meliesin həmyerlisi Viktorian Jasse atdı. O,  1905-ci ildə Viktor Hüqonun “Paris Notr-Dam kilsəsiromanının motivləri əsasında “Esmeralda” filmini lentə aldı. Əlbəttə, on-on beş dəqiqəlik bu səssiz filmlər haqqında geniş danışmaq, uzun-uzun yazılar yazmaq olar, ancaq məqsədim başqadı.

Əksər oxucu hansısa bir əsəri oxuyanda obrazları, hadisələri gözünün önündə canlandırır. Şübhəsiz ki, sevdiyimiz əsərlərin motivləri əsasında çəkilən filmlər hətta rejissor, ssenarist, aktyor işinin hansı səviyyədə olmasından asılı olmayaraq həmişə maraqlıdır. Çünki biz xəyali olaraq canlandırdığımız hadisələri, obrazları real olaraq ekranda görürük.

Dünya ədəbiyyatında ən çox sevdiyim dəfələrlə üzərinə yenidən qayıtdığım əsərlərdən biri olanMaqbet”i oxuyarkən hadisələri, obrazları gözümün önündə çox canlandırmışam. Maqbetəsasında ilk filmi 1916-cı ildə Con Emerson çəkib. Günümüzə qədər bu bənzərsiz əsər əsasında təxminən iyirmiyə yaxın film lentə alınıb. əlbəttə ki, mən bu əsərin xəyali filmini çəkmişəm. Amma mən sizə özfilmimhaqqında yox, dörd fərqli rejissorun bu əsər əsasında çəkdiyi filmdən danışacam. Əvvəlcə isə qısa bir qeydi yadınıza salmaq istəyirəm: Bədii əsər əsasında çəkilən film heç həmişə əsərin cümləbəcümlə ekrana köçürülməsi demək deyil. Bədii əsərin ekranlaşdırılmasında əsas üç istiqamət var; birinci, rejissor əsərin süjet xəttinə, obrazlar sisteminə maksimum sadiq qalır (transformasiya); ikinci, rejissor əsərə müxtəlif şərhlər verir; üçüncü, rejissor əsərin yeni variantını təklif edir (analogiya).            

 

Orson Uelles  Oyuncaq Maqbet

 

 

Orson Uelles uşaqkən anası ona piano çalmağı Şekspiri oxuyurmuş. Uşaqlıqdan ona aşılanan Şekspir sevgisinin nəticəsi idi ki,  o,  bu ölməz yazarın iki əsəri əsasında film çəkib hər iki filmin əsas obrazlarını məhz özü canlandırıb (Maqbet Otello). “Otellofilmindəki roluna görə isə o, Kann Kino Festivalının əsas mükafatı olanQızıl palma budağı”na layiq görülüb.

Maqbetfilmi 1948-ci ildə çox cüzi bir büdcə ilə çəkilib. Filmdə demək olar ki, Orson Uellesin bu əsərə fərqli yanaşması görünmür. Rejissor əsərin hansısa bir məna qatını tamaşaçı üçün açmır. Film daha çox teatr tamaşasını xatırladır: hadisələr eyni bir yerdə baş verir tamaşaçı özünü teatrda hiss edir. Rejissor əsərin süjet xəttini olduğu kimi saxlayır. Hadisələrin daim mərkəzində olan qəhrəman isə oyuncaq təsiri bağışlayır. Əslində, Maqbet iradəsiz bir obrazdır. Onun hakimiyyət iddiaları olsa da, daha çox Ledi Maqbet tərəfindən kral Dunkanı öldürməyə təhrik edilir. Dunkanı öldürdükdən sonra peşman olsa da, amma olduqca gec idi. O, bu qətl ilə həyatının kabuslu, vicdan əzablı günlərinin “start” düyməsini basır. Maqbet bir tərəfdən Ledi Maqbetin, digər tərəfdən isə üç cadugərin oyuncağına çevrilir. Oyuncaq varsa, demək, oyun da var. Maqbet isə bu oyunda uduzan tərəfdir.

 

Akira KurosavaHörümçək Maqbet

 

 

Akira Kurosavanın dünyaca məşhur bir neçə əsəri var. Lakin onun əsas özəlliklərindən biri budur ki, o, bədii əsərlər əsasında ən çox film çəkən rejissorlardan biridir. O, Tolstoyun (“İvan İlyiçin ölümü”), Şekspirin (“Kral Lir”, “Maqbet”), Akutaqava Rünoskenin (“Rasyomon darvazasıSıx meşədə”), Dostoyevskinin (“İdiot”) başqa yazıçıların əsərləri əsasında filmlər çəkib. Akira Kurosava müraciət etdiyi əsərlərin alternativini yaradır, əsərləri yapon mədəniyyətinə, yapon həyatına uyğunlaşdırırdı. Bu baxımdan onunMaqbetəsasında çəkdiyi  Qanlı taxtfilmi istisna deyil. O, metaforik dillə, təbiətin dili ilə danışmağı sevən rejissordur. Onun filmlərində yağışın yağması, küləyin əsməsi, günəşin çıxması digər təbiət hadisələri özünəməxsus bir məna ifadə edir.

Qanlı taxt” 1957-ci ildə lentə alınıb. Film küləyin əsməsi ilə başlayır. Külək isə yaponlarda qadının rəmzidir. Bununla da rejissor metaforik dillə hadisənin mərkəzində bir qadın olduğuna işarə edir. Təsadüfi deyil ki, A. Kurosavanın Maqbeti (Vaşizu) imperatoruna sadiq qalmağın tərəfdarıdır. O, tutduğu vəzifədən , imperatoruna xidmətdən razıdır. Qəlbinin dərinliyində əmindir ki, imperator ona güvənir, inanır. Lakin Ledi Maqbet ( Asaji )  Hörümçək qəsrindən dünyaya hökm edə bilərsən, – deyə onu qətlə təhrik edir. Külək simvolunu meşədəki öncəgörücüyə aid etmək olar. O da qadın idi Vaşizunu çaşdıran ilk qadın məhz o idi.

Şekspirdən fərqli olaraq Akira Kurosava imperatorun iqamətgahını Hörümçək qalası adlandırır. Hörümçək Maqbetdir (Vaşizu). Yox, o, uşaqların sevimli qəhrəmanı, insanların dadına yetən  Hörümçək-adam deyil. O, sadəcə hörümçəkdir özünə tor hörməklə məşğuldur. Özündən xəbərsiz yavaş-yavaş, ilmə-ilmə hördüyü torun qurbanı elə bu hörümçəyin özüdür.

Qiyamı yatırandan sonra imperator Miki (Banko) Vaşizunun yanına gəlməsini istəyir. Miki Vaşizu meşədən qəsrə gedən yolu tapa bilmirlər. Rejissor bu səhnəni o qədər qabardır ki, adam  yorulur. Lakin usta rejissorun bu epizodu belə uzatmasının səbəbi var. Əslində, Vaşizunun yolu tapa bilməməsi onun öz içində azmasıdır. Çünki o, öncəgörücünü görmüşdü. Öncəgörücünün sözləri onu dəyişdirmiş, başqa adama çevirmişdi. Şekspirdəki cadugərləri isə A.Kurosava meşə ruhu kimi göstərir.

Yapon mifologiyasında meşə saflığın rəmzidir. Vaşizu meşədən ( saflıqdan) Hörümçək qəsrinə (çirkaba) doğru gedir. Bununla da o, bataqlığa düşür. Ruh Vaşizuya bildirir ki, meşə ayağa qalxıb sənin üstünə gəlmədikcə heç kim sənə zərər verə bilməz. Vaşizu belə şeyin heç vaxt mümkün olmadığını düşündüyündən rahatlaşır. Lakin düşmən tərəfin əsgərləri saylarını gizlətmək üçün ön cərgədə gedənlər çiyinlərinə ağac bərkidirlər. Bununla da meşə (saflıq, təmizlik) imperator iqamətgahına (çirkaba) qalib gəlir. Əsərdən digər filmlərdən fərqli olaraq Vaşizunu Makduf yox, öz əsgərləri öldürürlər. Düşmən əsgərlərinin yaxınlaşdığını görən əsgərlər onu ox yağışına tuturlar. Bu epizodun yozumu isə çox aydın sadədir: Vaşizu imperatoruna xəyanət etmişdi, indi onun əsgərləri xəyanət etdilər.

 

Roman PolanskiŞekspirin Maqbeti

 

Roman Polanskinin filmiMaqbet” əsasında çəkilən filmlərin ən yaxşılarından biri hesab olunur. Bu günə qədər çəkilən filmlər arasında süjet xəttinə, obrazlar sisteminə, hadisələrin inkişafına görə Şekspirin “Maqbet”inə ən sadiq filmdir. Orson Uelles də əsərə sadiq qalmağa üstünlük versə də, onun filmi əsəri tam əhatə etmir. Əsərin tam əhatə olunması və rejissorluq işi baxımından bu iki film arasında üstünlüyü Roman Polanskinin filminə verərdim. Orson Uellesin filmi az bir büdcə ilə çəkməsi və bu iki film arasındakı zaman fərqini nəzərə alsaq, elə məntiqlə yenə üstünlük Roman Polanskinin olmalıdır.

Film 1971-ci ildə çəkilib. Roman Polanski əsərin süjet xəttini tam saxlamağı ilə yanaşı, pyesin ən incə məqamlarını, sətiraltı mənalarını, yumor və ironyasını belə ekranlaşdırıb. Filmə baxdıqdan sonra gəldiyim ilk qənaət budur ki, rejissor bu əsərə öz yozumunu, şərhini vermək istəməyib. Onun sadəcə bir məqsədi varbu əsərin düzgün anlaşılmasında oxucuya kömək etmək. Rejissor, sanki, əsərin bir cümləsinin, hansısa bir epizodunun belə itkiyə getməsini istəməyib, sözbəsöz, cümləbəcümlə əsəri ekranlaşdırıb. Biz filmdə hansısa mən çalarına bürünmüş, üzərinə missiyalar yüklənmiş bir Maqbeti yox, məhz Şekspirin Maqbetini görürük.

 

 

Ceoffri RaytMafiyoz Maqbet

 

Düşünmək olar ki, dörd əsr bundan əvvəl yazılmış, öz dövrünü başa vurmuş idarəçilik və digər detallar necə müasir ola bilər? Bəlkə də, 2006-cı ildə çəkilən “Maqbetfilmi bu suala cavab axtaranlar üçün çəkilib. Son dövrlərdə bu əsərin motivləri əsasında lentə alınan bir neçə film ərsəyə gəlib. Bu filmlərdə qılınc-qalxan müasir silahlarla, qalalar villalarla, atlar ən son idman maşınları ilə, krallıq mafiya ilə əvəzlənib.

İstər əsərdə, istərsə də digər filmlərdə biz üç cadugərin çox qoca və iyrənc olduqlarını görürük. Bu filmdə isə üç cadugər qədd-qamətli, yaraşıqlı, gənc qızlardır. Rejissor isə olduqca səxavətlidir. Maqbet bu üç qızın həm öncəgörmə, həm də qadınlıq istedadından faydalanır.

Maqbet kazinoların, gecə klublarının kralı olan Dunkanı öldürürmafiya başçısına, krala çevrilir. Başlıca rəqiblərini aradan götürsə də o,  daxilən rahat deyil. Çünki qarabasmalar, qazandıqlarını itirmək qorxusu ondan əl çəkmir. Üç cadugərin (adamın heç cadugər deməyə dili gəlmir!) ona dediyi söz isə Maqbetin ürəyinə yağ kimi yayılır:Ana bətnindən doğulan heç kim Maqbetə qalib gələ bilməz!” Dünyada belə bir adam varmı? Hamını bir qadın doğmayıbmı? Filmin sonunda Maqbet  Makdufla qarşılaşarkən biləcəkdi ki, onu vaxtından əvvəl anasının bətnindən alıblar. Amma iş-işdən keçmiş olacaqdı.     

... Pyesi oxumayan, filmləri izləməyənlərə yalnız bircə şey qalır: əsrlər keçməsinə baxmayaraq köhnəlməyən, əksinə günü-gündən müasirləşən, aktuallaşan bu əsəri oxumaq, onun əsasında çəkilən filmlərə baxmaq. İstəsəniz öz xəyali “filminizi” də çəkə bilərsiniz. Uğur olsun!

 

Ramil Əhməd

525-ci qəzet.- 2014.- 1 fevral.-S.16.