Elmin və elin ağsaqqalı
Azərbaycanın
müasir etnoqrafiya elmi məktəbinin qurucusu, tarix, arxeologiya
və etnoqrafiya elmlərinin
inkişafına sanballı töhfələr vermiş
AMEA-nın həqiqi
üzvü, tarix elmləri doktoru, professor, Əməkdar elm
xadimi, AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun
şöbə müdiri, böyük alim və ictimai xadim, görkəmli
ziyalı, şair, nasir, publisist, müdrik insan Teymur
Əmiraslan oğlu Bünyadov
85 illik mənalı həyatının
60 ildən çoxunu elmimizin inkişafına həsr edib.
Teymur
Bünyadov 1928-ci il yanvarın 20-də
Qazax rayonunun II Şıxlı kəndində anadan olub, orta məktəbi
qızıl medalla bitirərək 1951-ci ildə Azərbaycan
Dövlət Universitetinin Tarix fakültəsində təhsil
alıb. Təhsilini başa vurduqdan sonra SSRİ Elmlər Akademiyasının
Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına
daxil olub, dünya şöhrətli
Qafqazşünas alim, Lenin mükafatı laureatı
Y.İ.Krupnovun rəhbərliyi altında dissertasiya müdafiə
edib, tarix elmləri namizədi alimlik dərəcəsi
alıb. Azərbaycanda əkinçilik ənənəsinin hələ
Tunc dövründə sabit, oturaq mədəniyyət
halında inkişafını gərgin axtarışları nəticəsində
əldə etdiyi təkzibolunmaz faktlar və sübutlarla ortaya
qoyan gənc alimin məntiqə söykənən mülahizə
və təhlilləri
həmin müdafiədə iştirak edən
tanınmış mütəxəssislərdə yüksək
təəssürat oyadıb.
1955-ci
ilin may ayında
doğma Vətənə qayıdan Teymur
Bünyadov sonrakı fəaliyyətini Azərbaycan EA Tarix
İnstitutunda davam etdirir. O vaxtdan onun bütün həyatı
və elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix,
1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutu
ilə bağlıdır.
Alim
1968-ci ildə “Azərbaycanın qədim və Orta əsrlər
dövrü təsərrüfat həyatı” mövzusunda
doktorluq dissertasiyası müdafiə edərək respublikada
arxeologiya və etnoqrafiya elmləri sahəsində ilk tarix elmləri
doktoru alimlik dərəcəsi alıb, 1970-ci ildə professor
elmi adına layiq görülüb. O,
1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü,
2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.
1960-cı ildə Teymur Bünyadovun “Azərbaycan
arxeologiyası oçerkləri” adlı kitabı nəşr
edilir. Bu əsərdə Azərbaycan xalqının
dünyanın ən qədim və mədəni
xalqlarından biri olduğu, onun məskunlaşdığı
ərazinin isə zəngin və təbii muzey kimi
formalaşdığı sübuta yetirilir. Əsərdə
Azərbaycanın ən qədim dövrdən XV əsrə qədərki
tarixi
işıqlandırılır.
Alim 1975-ci ildə “Əsrlərdən gələn səslər”
əsərində xalqımızın musiqi mədəniyyəti
irsini ilk dəfə tarixi-etnoqrafik baxımdan qələmə
almışdır.
Akademik T.Bünyadovun fəaliyyəti
daha çox Azərbaycan arxeologiya və etnoqrafiya elmi ilə
bağlıdır. Görkəmli tədqiqatçı
həm öz əsərlərində, həm də
yetişdirdiyi yüksək ixtisaslı kadrların
araşdırmalarında tarix, arxeologiya və etnoqrafiya elmlərini
daim vəhdətdə görmüş, bu səbəbdən
bir sıra elmi məsələlərin uğurlu həllinə
nail olmuşdur.
Teymur
Bünyadov 29 monoqrafiyanın, minə yaxın məqalənin, o cümlədən
xarici ölkələrdə (Rusiya, İran, Türkiyə,
Ukrayna, Norveç və s.) nəşr olunmuş əsərlərin
müəllifidir. Onun rəhbərliyi altında 2007-ci ildə ilk dəfə
böyük tirajla “Azərbaycan etnoqrafiyası”
üçcildliyi nəşr edilmiş və
respublikamızın ictimaiyyəti tərəfindən elmi
hadisə kimi qiymətləndirilmişdir.
Bu üçcildliyin ikinci cildinin əsas müəllifi
də Teymur Bünyadov olmuşdur. Hazırda onun rəhbərliyi
ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan
olmasının 90 illiyinə həsr olunmuş “Qəbələnin
tarixi”, “Qəbələ folkloru” və “Qəbələnin
etnoqrafiyası” adlı üçcildliyi çapa
hazırlanmış, rus və ingilis dillərinə tərcümə
edilmişdir.
İstedadlı
qələm sahibi Teymur Bünyadovun timsalında xalq ruhunu dərindən
bilən, tarixi yaddaşımızın alt qatlarını
üzə çıxarmağı bacaran, tariximizin unudulmuş,
qaranlıq səhifələrini işıqlandıran, adət-ənənələrimizə,
soykökümüzə həssas, isti nəzərlərlə
yanaşan və milli mövqedən çıxış edən
alim-ziyalı obrazı canlanır.
Keçən
əsrin 70-ci illərinin sonlarından başlayaraq Teymur
Bünyadovun xalq ruhunda yazdığı bədii və
publisistik:- “Göz yaşları”, “Ana
Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt
qayalar”, “Zirvəqala”,“Alarlar-gündoğandan başlayan yol” və
başqa kitabları ruhən, mənən biri digərini
tamamlayan və bütün davamlılığı boyunca
Teymur Bünyadov zəkasının işığını,
ürəyinin hərarətini hər cümləsində, hər
sözündə əks etdirən əsərlər kimi
elmimizin və ictimai fikrimizin inkişafında özünəməxsus
yer tutur. Bu kitablarda Azərbaycanımızın
bənzərsiz tarixi-etnoqrafik xəritəsinin geniş mənzərəsi
əks olunur, xalq həyatının ürəyəyatan
koloritli çalarları, el-elat nəfəsi duyulur. Teymur Bünyadov Azərbaycanın ayrılmaz bir
parçası olan qədim Naxçıvan diyarının
tarixi-etnoqrafik çalarlarını elmi şəkildə təqdim
etmişdir. Qarabağın zəngin muğam sənətindəki,
Gəncənin, İçərişəhərin memarlıq
abidələrindəki müdrik fəlsəfə, Dərbənd,
Şirvan, Təbriz,
Şəki, Qəbələ qalalarının məğrur
duruşundan boy göstərən qartal əzəmətinin
sirləri də onun əsərlərində
dərindən şərh olunub ümumiləşdirilmişdir.
Bayatı əhatə dairəsinin genişliyi, dərin məna,
fəlsəfi-əxlaqi düşüncə, sosial-siyasi məzmun
kəsb edən, rəngarəngliyi ilə seçilən ədəbi
janrdır.
Ailə-məişət məsələləri, Vətən,
torpaq, el sevgisi, məhəbbət, ayrılıq, həsrət,
vüsal, dostluq, sədaqət, mərdlik, hünər, cəsarət,
dünya və həyat haqqında düşüncələr-bir
sözlə, cild-cild romanlara, elmi-fəlsəfi əsərlərə
sığmayan fikirləri dörd misrada, bitkin formada ifadə
etmək xüsusi istedad tələb edir. 1990-cı il 20 Yanvar
faciəsindən sonra qələmini bayatı janrında
sınayan Teymur Bünyadov Vətən dərdindən, yurd həsrətindən,
xalqımızın
böyük kədərindən bəhs edən
bayatı nümunələri yaratmışdır. Onun “Xan çinar kölgəsində”,
“Anam birdi, Vətən tək”, “Başı çalmalı
dağlar” adlı üçcildlik bayatılar kitabı oxucuların böyük rəğbətini
qazanmışdır. Bu kitablarda yurdumuzun – Qarabağın
tarixi taleyi, xalqımızın zorla cəlb olunduğu ədalətsiz
müharibənin dəhşətləri, onun qırılmaz
iradəsi, mübarizə əzmi, qəhrəmanlığı,
vətənpərvərliyi, eləcə də zəngin adət-ənənələri
tərənnüm olunur:
Dolan gəz,
Gözüm, könlüm dolan gəz.
Anam birdi.
Vətən tək,
Dur, başına dolan gəz.
Çağdaş həyatımızın, bizi əhatə
edən mühitin, yaşadığımız cəmiyyətin,
gündəlik qayğılarımızın əksər
problemləri də onun yaradıcılığında əksini
tapmışdır. Fərqli ideoloji sistemlərin mövcud
olduğu cəmiyyətdə yaşayıb-yaratmasına
baxmayaraq, akademik Teymur Bünyadov həmişə azərbaycançılıq
ideologiyasına sadiq qalmış, bütün həyatını
və elmi axtarışlarını bu böyük idealın
inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə
həsr etmişdir. O, mənsub olduğu xalqın mənəvi
dünyasını, adət-ənənələrini, mədəniyyətini,
əsrlərin daş yaddaşı olan tarixi abidələrini,
taleyüklü problemlərini böyük ürəklə,
qeyrətlə araşdıran yorulmaz elm adamıdır. Xarakterindəki səmimiyyəti, təmizliyi,
qayğıkeşliyi, təəssübkeşliyi, millətsevərliyi
hamıya örnəkdir. Zahirən hər
kəsə adi görünən, əslində isə
qeyri-adi, sadə və təvazökar insandır. Fransız
yazıçısı Bualonun təbirincə deyilsə: “Bunu
bilin və unutmayın ki, həqiqət həmişə sakit
və təvazökardır”.
Azərbaycan etnoqrafiya elminin və mənəvi dəyərlərimizin
təbliğində və geniş yayılmasında Teymur
Bünyadovun radio və televiziyada təşkil etdiyi verilişlər
xüsusilə təqdirəlayiqdir. T.Bünyadov iki ildən
artıq Azərbaycan Dövlət Televiziyasında
böyük maraqla izlənilən “Əsrlərdən gələn
səslər” adlı verilişin təşkilatçısı
və aparıcısı olmuşdur. “Kölgələr
sürünür” bədii filminin ekran həyatı
qazanmasında elmi məsləhətçi kimi Teymur
Bünyadovun xidməti böyükdür.
Alimlik əvəzsiz fəaliyyət sahəsidir. Alim həm də
müəllimdirsə, gözünün nurundan, qəlbinin atəşindən,
təfəkkürünün məhsulundan başqalarına
pay verirsə, onun zəhməti qiymətsizdir. Teymur Bünyadov pedaqoji
sahədə də 50 ildən artıq fəaliyyət göstərmişdir.
O, uzun illər Bakı Dövlət Universitetində, N.Tusi
adına Azərbaycan Dövlət Pedaqoji Universitetində,
Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”, “Qədim
dünya tarixi” və “Arxeologiya” fənlərindən dərs
demişdir.
Yüksək ixtisaslı elmi
kadrların yetişməsində Teymur Bünyadovun xidməti danılmazdır. O,
öz istedadlı, ümidverici tələbələrini
seçib elmə gətirib, onlara qayğı göstərib.
Onun rəhbərliyi ilə 7 elmlər doktoru, 25-dən
çox aspirant və dissertant alimlik zirvəsinə yüksəlmiş
və bu
gün də müəllimlərinin yolunu layiqincə davam
etdirirlər
Akademik
Teymur Bünyadovun bir sıra beynəlxalq elmi konfranslarda, o
cümlədən 1960-cı ildə Moskvada Şərqşünasların
XXV Beynəlxalq konqresində, 1964-cü ildə antropologiya və
etnoqrafiya elmləri üzrə VII Beynəlxalq konqresdə,
1971-ci ildə Tiflisdə arxeoloq və etnoqrafların
Ümumittifaq sessiyasında, 1990-cı ildə İstanbulda
birinci Millətlərararsı Azərbaycan-türk dərnəkləri
qurultayında, 2004-cü ildə Moskvada məşhur Qafqazşünas
alim Y.İ.Krupnovun 100 illiyinə həsr edilmiş elmi
sessiyada, 2007-ci ildə Parisdə “Azərbaycanın xalça
sənəti” adlı Beynəlxalq konfransdakı elmi məruzələri
böyük maraqla qarşılanmış, Azərbaycan elmini
beynəlxalq arenada tanıtdırmışdır.
Dağlıq Qarabağda baş verən hadisələr dövründə görkəmli alim gənclərə vətənpərvərlik, döyüş ruhu aşılamaq məqsədilə xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən “Qız var oğuldan qeyrətli”, “Cavanşir”, “Atropat”, “Babək”, “Şəmsəddin Eldəniz” və s. kimi elmi-populyar kitabçalar nəşr etdirmiş, məqalələr yazmış, radio və televiziya verilişlərində çıxış etmişdir. Xalqşünas-etnoqrafın əsas vəzifəsi xalqla bir yerdə olmaq, xalqı öyrənmək, milli-mənəvi varlığımızı xalqa çatdırmaqdan ibarətdir. Akademik Teymur Bünyadovun həmişə xalqın arasında olması, ictimai və dövlət əhəmiyyətli işlərdə insani keyfiyyətləri, əsl el ağsaqqalı və ziyalı ləyaqəti nümunəsi göstərməsi sayəsində hər kəs onu özünün doğması, yaxını hesab edir, onunla qürur duyur. O, Azərbaycanın bir sıra bölgələrində əsgərlərlə, qaçqın və məcburi köçkünlərlə görüşür, əhali arasında təbliğat və ideoloji informasiya işini davam etdirir. Alim müxtəlif illərdə döyüş bölgələrində düşmənlə üzbəüz mövqelərdə olmuşdur.
Teymur Əmiraslan oğlu Bünyadov respublikanın ictimai həyatında da fəal iştirak edir. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, həmin müddətdə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasinin sədri olmuş, eyni zamanda Azərbaycan-İrlandiya parlamentlərarası komissiyasının sədri kimi də fəaliyyət göstərmişdir. Sonralar ictimai fəaliyyətini davam etdirən akademik T.Bünyadov ümummilli liderimiz Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin prezident seçkilərində vəkili olmuş, xalq arasında ağsaqqallıq nümunəsi olan geniş təbliğat işi aparmışdır. O, 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
T.Bünyadov 2003-cü ildən AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək məqsədilə yaradılan Dövlət Ali Ekspert Komissiyasının üzvü, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının üzvü olmuşdur.
Akademik Teymur Bünyadov Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Respublika Ağsaqqallar Şurasının sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Dini-Elmi Şuranın üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri və respublika elmi tədqiqatların təşkili və əlaqələndirilməsi şurasının Tarix üzrə Problem Şurasının, “AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası)”, “Tarix və onun problemləri”, “İpək Yolu”, “Təkamül”, “Müasir mədəniyyətşünaslıq”, “Qarapapaqlar” jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir.
Elmi və ictimai fəaliyyətinə görə “Şöhrət” ordeninə, “Əməkdar elm xadimi” fəxri adına layiq görülən akademik Teymur Bünyadov zəkası və istedadı ilə Azərbaycan elminin inkişafına xidmət edən, Azərbaycanın müstəqilliyini və dövlətçiliyini hər şeydən uca tutan elm fədaisidir. Ömrünün kamillik çağında da gənclik coşqusu ilə yazıb-yaradan bu böyük insanın-görkəmli xalqşünasın baş ucaldan, üz ağardan bioqrafiya və biblioqrafiyası hər gün yeni bir uğurla, daha bir səhifə ilə zənginləşməkdə davam edir. Ona cansağlığı, yeni-yeni uğurlar arzulayıram.
İsa Həbibbəyli
Azərbaycan MEA-nın vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik
525-ci qəzet.-
2014.- 1 fevral.- S.18.