"Ölümsüz"
Borxesdən yeni tərcümə
Tərcümə orijinaldan edilməlidir. Ən azı
imkan daxilində bu prinsipə əməl olunması vacibdir.
Amma Borxesin aşağıdakı hekayəsini
oxuyandan sonra məndə onu mütləq dilimizə
çevirmək, Azərbaycan oxucusuna çatdırmaq arzusu
yarandı. Təəssüf ki, ispan dilini
bilmirəm. Ona görə də bu
maraqlı və sirli əsəri ruscadan tərcümə etməli
oldum.
Ölüm insana sevinc gətirə bilərmi? Borxesin qəhrəmanı
nəhayət adi insanlar kimi ölə biləcəyini
eşidəndə sevinir. Çünki
yazıçının təqdimində ölüm həyatın
şirinliyini, gərəkliliyini artıran mühüm amildir.
Ölüm qorxusu insanı daha ləyaqətli yaşamağa,
çox iş görməyə, mövcudluqdan zövq
almağa səfərbər edir. Ölümsüzlər
isə, əksinə, min illəri arxada qoyaraq kölgə kimi
sürünür, miskin və zavallı həyat
yaşayır, hətta vaxtında ölə bilmədikləri
üçün əzab çəkirlər. Hər
halda Argentina müdriki Borxes belə düşünür...
V.Q.
Sesiliya
İnxenyerosa ithaf olunur
Solomon
saith: “There is no new thing upon the earth”. So that as Plato had an
imagination “that all knowledge was but remembrance”: so Solomon giveth his
sentence, “that all novelity is but oblivion”.
Francis
Bacon, “Essays”, LVIII*
1929-cu
ilin iyun ayında əslən İzmirdən olan əntiqfüruş
Jozef Kartafil Londonda knyaginya Lüsenjə Aleksandr Popun
“İliada” əsərinin (1715-1720) kiçik formatlı
altı cildliyini göstərmişdi.
Knyaginya tərəddüd etmədən kitabları
almışdı. Bu zaman əntiqfüruşla aralarında
qısa söhbət də olmuşdu.
Sonralar
knyaginya xatırlayırdı ki, ona qədim kitabları satan adam tamam qocalıb əldən
düşmüşdü; sifəti cadarlanmış
torpağı xatırladırdı. Boz gözləri
və bomboz saqqalı vardı. Üzü
qətiyyən yaddaqalan deyildi.
Yozef Kartafil bir neçə dildə eyni dərəcədə
asanlıqla və eyni səhvlərlə
danışmağı bacarırdı.
Çox da uzun çəkməyən ünsiyyət
zamanı o, ingilis dilindən fransızcaya, sonra Salonikidə
danışılan ispan dilinə keçmiş, axırda isə
söhbəti Makao adasında istifadə olunan Portuqal dilində
davam etdirmişdi.
Oktyabr ayında knyaginya “Zevs” gəmisinin bir sərnişinindən
Kartafilin İzmirə qayıdarkən öldüyünü və
İos adasında dəfn edildiyini eşitmişdi. Aşağıda verdiyimiz mətn
isə “İliada”nın son cildinə
yazılmışdı.
Orijinal
ingilis dilində qələmə alınmışdı və
orada çoxlu latın sözləri
vardı. Mətnin tərcüməsini
olduğu kimi təqdim edirik.
I
Yaddaşım məni aldatmırsa, hər şey
imperator Diokletionun hakimiyyəti dövründə,
Yüzqapılı Fivdə, Hekatomfilos bağlarının
birində başlanmışdı.
Həmin ərəfədə mən yenicə başa
çatmış Misir müharibələrində uğursuz
döyüşdən çıxmışdım.
Qırmızı dənizin sahilində, Berenikadakı
legionlardan birinin tribunu idim. Savaşa can atan, adlarını
tarixin səhifələrinə yazmaq istəyən legioner
yoldaşlarımın çoxu qızdırma və şər
ruhların fitnələri nəticəsində həlak
olmuşdu.
Mavritaniyalılar məğlub edilmişdilər. Əvvəllər
üsyankar şəhərlərin nəzarətində olan ərazilər
həmişəlik Plutonun əlinə keçmişdi.Yenilmiş
İskəndəriyyə əbəs yerə Sezardan mərhəmət
umurdu. Yenidən qələbə çalmaq
üçün legionlara yarım ildən də az vaxt lazım oldu.
Özümə gəldikdə isə müharibə
allahı Marsın üzünə ötəri baxa bildim. O, şəfqətini məndən
əsirgədi. Heç bir uğur qazana bilmədim.
Bəlkə elə bu səbəbdən də dərd əlindən
başımı götürüb ucu-bucağı
görünməyən qorxunc səhralardan keçdim və
mübhəm Ölümsüzlər Şəhərini
axtarmağa yollandım.
Hər şey, dediyim kimi, Fivdəki bağda
başlanmışdı. Həmin gecə nədənsə
yuxuya gedə bilmədim. Səhərə
qədər ürəyim narahatlıqla
döyünürdü. Dan söküləndə
ayağa qalxdım. Kölələrim hələ
yatırdılar.
Ay ətrafdakı
intəhasız qum səhraları rəngində
idi.
Şərq tərəfdən qan içində
yorğun bir süvarinin mənə tərəf
çapdığını gördüm.
O, bir
neçə addımlığımda ölü kimi atdan yerə
yıxıldı.
Latın dilində yalvarış dolu zəif səslə
suları şəhər divarlarının dibini yalayan
çayın adını soruşdu.
Misir
çayı olduğunu və yağış sularından əmələ
gəldiyini dedim. “Mən başqa çay
axtarıram, insanın həyatından ölümü yuyub
aparan çay”-deyə naməlum yolçu kədərlə
pıçıldadı.
Onun sinəsindən tünd rəngə çalan qan
axırdı.
Atlı Qanqın o biri sahilindəki dağlardan gəldiyini
dedi.
O
dağların sakinləri inanırmışlar ki, Yer kürəsinin
qərb qurtaracağına qədər gedib çıxa bilsən
suyu insana ölümsüzlük bəxş edən
çayı tapmaq mümkündür. Atlı
sonra əlavə etdi ki, orada başdan-başa amfiteatr və qüllələrdən
ibarət Ölməzlər Şəhəri yerləşir.
Sübh şəfəqləri söküləndə o,
canını tapşırdı. Mən isə nəyin
bahasına olursa-olsun həmin çayı və şəhəri
axtarmaq qərarına gəldim.
Cəlladın sorğu-sualı nəticəsində naməlum
atlının sözlərinin həqiqiliyini təsdiqləyən
əsir mavritaniyalılar tapıldı.
Kimsə dünyanın qurtaracağındakı Yelisey
vadisində adamların həddən artıq uzun ömür
sürdüklərini xatırladı.
Bəziləri ətəklərindən Paktol
çayının mənsəbini götürdüyü zirvələrdə
yüz illərlə yaşayan insanların olduğunu yada saldı. Romada
filosoflarla söhbət elədim. Onlar insanın
ömrünü uzatmağın əslində hər kəsin
əcələ can verməsini dönə-dönə təkrarlamaq
olduğunu xatırlatdılar.
Uzun ömür yaşayan insan ölümlə də dəfələrlə
üz-üzə gəlməli olur.
Ölməzlər Şəhərinin mövcudluğuna inanıb-inanmadığımı
özüm də bilmirdim.
O zaman hər
şeydən çox varlığıma bu şəhəri
axtarıb tapmaq fikri hakim kəsilmişdi. Getulidəki prokonsul
Flavi yardım əli uzatdı, ixtiyarıma iki yüz nəfər
əsgər verdi.
Özümlə muzdlular da götürdüm. Onlar yolu
yaxşı tanıdıqlarını deyirdilər. Amma ortaya çətinlik çıxan kimi
qaçıb dağılışmağa başladılar.
Az sonra
baş verən hadisələr səfərin ilk günləri
ilə bağlı xoş xatirələrimizi yerlə yeksan
etdi.
Arsinoydan çıxan kimi qumlu səhraya
düşdük. İlan əti yeyən və hələ
insan kimi danışmağı bacarmayan troqloditlərin,
qadınları ümumi, qidaları isə şir əti olan
qaramantların, Tartara sitayiş edən avqillərin
torpaqlarından keçdik.
Qumları qapqara rəngə çalan,
gündüzün dəhşətli istisindən qorunmaq
üçün yalnız gecələr yol gedilən digər
səhraları da adladıq.
Uzaqda dəniz-okeana adı verilən dağı
gördük.
Onun yamacları zəhərin təsirini
öldürən moloçay adlı bitki ilə
örtülmüşdü, zirvəsində isə həyatlarını
şəhvətə vermiş kobud və amansız satirlər
yaşayırdılar.
Ecazkar şəhərin belə əcaib
varlıqların məskunlaşdığı torpaqlarda
olması heç birimizə inandırıcı
görünmürdü.
Çətinliklərə baxmadan yolumuzu davam etdirirdik. Artıq geri
çəkilmək şərəfsizlik olardı.
Bəziləri ağılsızcasına üzlərini
aya tərəf çevirərək yatırdılar.
Bu da onlara həyatları bahasına başa gəldi-qızdırma
canlarını aldı. Bəziləri özümüzlə
götürdüyümüz, amma artıq iylənmiş,
üfunət iyi verən suyu içməklə
ağıllarını itirib ölümlərini tapdılar.
Dəstəmdəki əsgərlər ilk vaxtlar gecə
ilə qaçıb aradan çıxırdılar. Sonra qiyam
qaldırmağa başladılar.
Üzümə
ağ olanları cəzalandırarkən ən
amansız üsullardan da çəkinmir və tərəddüdsüz
yoluma davam edirdim.
Sentruonlardan biri üsyançıların
çarmıxa çəkilmiş yoldaşlarının
qisasını almaq üçün məni öldürmək
istədiklərini deyənə qədər vəziyyət belə
davam etdi.
Məsələnin qəlizləşdiyini görəndə
sədaqətlərinə inandığım bir neçə
əsgərlə düşərgədən qaçdım.
Ancaq gecənin zülmət qaranlığında
bir-birimizi itirdik. Tək-tənha qaldım. Kritlinin atdığı oxa hədəf olub
yaralandım. Bir neçə gün su
axtara-axtara səhranı dolaşdım. Bəlkə
də bu cəmisi bir gün sürmüşdü.
Lakin dəhşətli bürküdən, susuzluqdan və
təşnəlik qarşısındakı qorxudan zaman mənə
belə uzun görünmüşdü. Atımın
başını buraxıb yol seçməyi onun öz
ümidinə qoymuşdum.
Sübh çağı üfüqdə ehramlar və
qüllələr göründü. Məni qara
basırdı. Özümü alçaq
tavanlı, səliqəli bir labirintdə hiss edirdim. Onun tən ortasında su dolu bardaq qoyulmuşdu.
Gözlərim
bardağı görürdü, əllərim az
qala ona toxunurdu. Lakin labirintin dəhlizləri o qədər
dolaşıq və sirli idi ki, artıq suya çatmadan öləcəyim
mənə əyan olmuşdu.
II
Nəhayət bu dəhşətli qarabasmaları beynimdən
qovanda əllərim bağlı halda dağın dik
yamacında qazılan və adi qəbirdən o qədər də
fərqlənməyən uzunsov oyuqda uzandığımın
fərqinə vardım.
Oyuğun kənarları nəm idi, divarlarını
insan əllərindən daha çox zamanın cilaladığı
sezilirdi.
Ürəyimin
sinəmdə bərk-bərk döyündüyünü,
susuzluğun isə az qala bütün bədənimi
yandırdığını aydın hiss edirdim.
Oyuqdan kənara boylanıb zəif səslə
qışqırdım.
Dağın
ətəyində, qumların və zibil qalaqlarının
arasından burula-burula bulanıq sulu irmaq
axırdı. İrmağın qarşı tərəfində
isə doğan, bəlkə də batan günəşin
şəfəqləri altında Ölməzlər Şəhəri
bərq vururdu.
Bəli, bu həmin şəhər idi. Başqa cür ola bilməzdi. Mən
divarları, tağları, frontonları və meydanları
görürdüm.
Şəhər özülə bənzəyən sal
daşdan ibarət yamacın üzərində
salınmışdı. Uzandığım oyuq kimi yüzlərlə
əyri-üyrü oyuq dağın ətəyinə və
vadiyə səpələnmişdi.
Qumluqda o qədər də dərin olmayan quyular gözə
dəyirdi. Ətrafdakı oyuqlardan və çalalardan dəriləri
bozarmış, saqqalları pırtlaşıq çılpaq
adamlar çıxırdılar. Mənə
elə gəldi ki, onları tanıyıram.
Onlar Ərəb körfəzinin sahillərinə və
efiopların mağara tipli yaşayış məskənlərinə
basqınlar düzəldən vəhşi, qəddar troqlodit
tayfasından idilər. Gördüyüm adamların
danışa bilmədiklərini və ilan əti yediklərini
eşitsəydim, əsla təəccüblənməzdim.
Susuzluq məni taqətdən saldığından cəsarətlənmişdim.
Fikrimdə
hesabladım: irmağın qumlu sahili təxminən otuz futluq
məsafədə idi.
Gözlərimi yumub əllərim arxada bağlı halda
yamac boyu üzü aşağı yuvarlanmağa
başladım. İrmağa çatan kimi əzilib qana
bulaşmış dodaqlarımı bulanıq suya dirədim.
Vəhşi heyvanlar suvatdan su içən kimi
içirdim.
Yenidən huşumu itirib sayıqlamağa
başlamamışdan əvvəl nədənsə yunan
dilində “Ezerin suyundan içən varlı Zela sakinləri”
sözlərini təkrarlayırdım.
İrmağın kənarında neçə gün
neçə gecə qaldığımdan xəbərsizəm.
Yamacdakı oyuğa qayıtmağa taqətim
çatmadığımdan miskin, lüt-üryan vəziyyətdə
naməlum sahildə uzanıb başıma nə gələcəyini
gözləyirdim.
Günəşin və ayın həyatımla
amansızcasına oynadıqlarının fərqində
deyildim.
Cahillikləri ucbatından uşaq kimi sadədil olan
troqloditlər isə nə yaşamağıma, nə də
ölməyimə kömək edirdilər.
Əbəs yerə onlara məni öldürüb
canımı əzabdan qurtarmaq üçün
yalvarırdım. Nəhayət günlərin birində
qollarıma vurulmuş qandalları qayanın sivri kənarına
çırpıb qıra bildim.
Ertəsi
gün isə mən-bir vaxtlar Roma legionunun hərbi tribunu olan
Mark Flamini Ruf ilk murdar ilan əti tikəsini oğurladım, bəlkə
də sədəqə kimi aldım...
Ölümsüzləri görmək, fövqəlbəşərlərin
yaşadıqları Şəhərin daşlarına toxunmaq
ehtirası düşüncəmə hakim kəsilmiş,
yuxum ərşə çəkilmişdi. Elə bil vəhşilər
də niyyətimi başa düşmüşdülər.
Gözlərinə yuxu getmirdi. Əvvəlcə məni
güddüklərini sezdim. Sonra sanki
narahatlığım onlara da sirayət etdi. Adətən belə həssaslıq itlərdə
olur. Vəhşilərin məskənini ən
hərəkətli vaxtda-qürub çağı tərk etməyi
qərara aldım.
Adətən bu saatlarda onlar günlərini keçirdikləri
çalalardan və oyuqlardan çıxır,
korşalmış gözləri ilə batan günəşə
tamaşa edirdilər.
Uca səslə dua oxumağa başladım. Var
gücümlə qışqırmaqdan məqsəd
Allahın mərhəmətini qazanmaqdan daha çox ətrafdakı
insan sürüsünü qorxutmaq idi. Sonra
zibil qalaqlarının arasından burula-burula axan kiçik
irmağı keçib Şəhərə üz tutdum.
Vəhşilərdən ikisi, ya üçü gözə
görünməməyə çalışaraq dalımca gəlirdilər. Digər
tayfadaşları kimi onlar da balaca boylu idilər. Adama qorxudan daha çox ikrah hissi təlqin edirdilər.
Əyri-üyrü qazılmış bir neçə
bünövrənin yanından keçdim.
Fikrimcə onlar köhnə daş karxanaları idi. Şəhərin
böyüklüyündən gözlərim
alacalanmışdı. Onun yaxında
olduğunu zənn edirdim. Amma
düşündüyüm kimi deyilmiş.
Yalnız gecə yarısı Şəhər
divarlarının qara kölgəsinə gəlib çata
bildim. Bu
kölgələr qum üzərində
heyrətamiz sirli naxışlar salmışdılar. Müqəddəs bir qorxu içərisində
quruyub qalmışdım.
Birdən-birə qarşıma çıxan Şəhər
və gecə vaxtının səhrası o qədər yad, o
qədər qorxunc idi ki, bura qədər gizlicə dalımca
gələn vəhşini görəndə sevincimi gizlədə
bilmədim.
Qumda
uzanıb gözlərimi yumdum, bir an da
çimir eləmədən səhərin
açılmasını gözləməyə
başladım.
Şəhərin nəhəng sal qaya üzərində
salındığını artıq demişdim. Bu qayanın
dairəvi sərt yamacları da qala divarları kimi keçilməz
idi.
Yorğunluqdan ayaq üstə güclə
dayanırdım. Nə qədər axtarsam da, nə qara
qayada ayaq qoymağa bir yer, nə də hamar divarda qapıya bənşəyən
bir keçid görə bilirdim. Günortanın
dəhşətli bürküsü məni
yaxınlıqdakı mağarada gizlənməyə məcbur
etdi.
Mağaranın içərisində quyu vardı, onun dərinliklərinə
doğru pilləkən enirdi. Pillələrlə
aşağı düşdüm.
Çirkli, dolaşıq keçidlərdən
adlayıb tağlı tavanı olan bir otağa
çıxdım.
Qaranlıqda divarları güclə seçə
bilirdim. Yerin altındakı bu otağın doqquz
qapısı vardı. Onların səkkizi
adamı labirintin içərilərinə aparır və
aldadıcı yollarla geri qaytarırdı.
Yalnız sonuncu-doqquzuncu qapıdan labirintlər vasitəsi
ilə digər otağa keçmək mümkün oldu. Əvvəl
düşdüyüm digər guşələr kimi bura da
dairəvi idi. Yerin altındakı belə
sərdabələrin dəqiq sayını xatırlamıram.
Üzləşdiyim uğursuzluqlardan, keçirdiyim həyəcan
dolu anlardan sonra bəlkə də bu say mənə həqiqətdə
olduğundan daha çox görünürdü. Hər tərəfə
vahiməli sükut hakim kəsilmişdi.
Yerin dərinliyindəki bu daş koridorlarda heç bir səs-səmir
eşidilmirdi.
Yalnız haradan əsdiyi bilinməyən
yeraltı küləyin xəfif uğultusunu, bir də
qayaların arası ilə axan paslı suyun zəif
şırıltısını fəhm eləmək
mümkün idi.
Mən dəhşət içərisində bu yeni, əcaib
dünyaya alışdığımı anlayırdım. Artıq doqquz
qapılı sərdabədən və qarmaqarışıq
labirintlərdən başqa hər hansı bir dünyanın
mövcud olduğuna inana bilmirdim.
Yerin altında nə qədər gəzib
dolaşdığımı xatırlamıram.
Yalnız
bir şey yadımdadır: dolaşıq keçidlərdə
canımın hövlündən ora-bura vurnuxanda bir vaxtlar
dünyaya göz açdığım şəhər, yoxsa
vəhşilərin ürəkbulandıran qəsəbəsi
üçün daha çox darıxdığımı kəsdirə
bilmirdim.
Hansısa koridorun dərinliyində gözləmədiyim
halda divarda çıxış qapısı tapıldı.
Uzaqdan yayılan günəş şüası düz
üstümə düşdü. Qaranlıqdan
yorulmuş gözlərimi yuxarı qaldırdım və
başgicəlləndirici yüksəklikdə səmanın
bir parçasını gördüm.
Göy üzü nədənsə əvvəlcə mənə
tünd qırmızını xatırladan mavi rəngdə
idi. Divarla yuxarı dəmir pilləkənlər
qalxırdı.
Yorğunluq və həyəcandan üzülüb əldən
düşsəm də, son qüvvəmi toplayıb dəmir nərdivanla
dırmaşmağa başladım. Arada yalnız
içimi bürümüş xoşbəxtlikdən
hıçqıra-hıçqıra ağlamaq
üçün ayaq saxlayırdım.
Budur, artıq kapitelləri və astraqalları,
üçbucaq və dairəvi frontonları, mərmərdən
və qranitdən düzəldilmiş əzəmətli abidələri
görürdüm.
Demək, qaranlıq labirintlərin əsarətindən
qurtarıb Şəhərin göz qamaşdıran əsrarəngizliyinə
qovuşmuşdum.
Yuxarı
çıxanda özümü balaca bir meydançada, daha dəqiq
desəm, iç həyətdə gördüm.
Həyət dörd tərəfdən əyri-üyrü
forması və müxtəlif hündürlükdə
divarları üzərində əcayib kümbəzlər və
sütunlar ucalan tikili ilə əhatə olunmuşdu.
İlk növbədə bu qeyri-adi binanın çox qədim
zamanların yadigarı olması diqqəti çəkdi. Mənə elə
gəldi ki, bina adamlardan, hətta üstündə tikildiyi
torpağın özündən də qədimdir.
Düşündüm ki, belə qədim binanı (hələ
burada insanın gözlərini qorxudan hansısa bir özəlliyin
olmasını demirəm) yalnız Ölməzlər tikə
bilərdilər.
İlk dəqiqələrdə ehtiyatla, sonra laqeyd halda,
axırda isə heç nəyə məhəl qoymayan dəliqanlı
ədası ilə bu qarmaqarışıq həyətin pilləkənlərini,
keçidlərini gəzib dolaşdım.
(Yalnız pilləkənlərin müxtəlif
hündürlükdə və genişlikdə
olmasının fərqinə varanda birdən-birə niyə
belə möhkəm yorulmağımın səbəbini
başa düşdüm).
İlk əvvəl gəzib-dolaşdığım
sarayın allahların yadigarı olduğunu
düşündüm. Lakin boş otaqları gəzdikdən sonra fikrim dəyişdi:
onu tikən allahlar artıq şoxdan ölmüş olmalı
idilər.
Sarayın
qeyri-adiliyini seyr edəndə isə öz-özümə dedim: onu tikən allahlar dəli olublar. Bu sözləri qeyri-adi bir ittihamla söylədiyim də
dəqiq yadımdadır.
Qorxu hissindən daha çox vicdan əzabı çəkirdim. Gördüklərimin
nə qədər dəhşətli
göründüyünü duyğularımdan daha çox
ağlımla dərk edirdim.
Tikilinin qədimliyindən
doğan təəssüratlara yeniləri əlavə olunurdu:
onun ölçüsüzlüyünü, eybəçərliyini
və cəfəngliyini daha dərindən anlayırdım. Qaranlıq labirintdən təzəcə
çıxmışdım.
İndi isə işıqlı Ölməzlər Şəhəri
məndə daha çox qorxu və ikrah hissi doğurmağa
başlamışdı. Labirinti insanları dolaşdırmaq,
azdırmaq üçün düzəldirlər. Labirintin simmetriyalarla zəngin memarlığı
yalnız bu məqsədə xidmət edir.
Mənim həyətində dayandığım tikilinin
memarlığında isə heç bir məqsəd
güdülməmişdi.
Hara baxırdınsa, dalana dirənən koridorlar, insan əli
çatmayan pəncərələr, balaca otaqlara, yaxud
keçilməz yeraltı lağımlara açılan təmtəraqlı
qapılar, pillələri və məhəccərləri
çölə tərəf qabarmış əyri pilləkənlər
görünürdü.
Elə pilləkənlər də vardı ki, onlar divarla
üzüyuxarı, əzəmətli tavana doğru yüksəlir,
amma bir neçə dəfə burulandan sonra elə bil
suvağı qopmuş künbəzin altında gözəgörünməyən
maneyə toxunaraq yarıda qırılırdılar.
Hər şeyi həmin anda göründüyü kimi, dəqiqliyi
ilə təsvir etdiyimi deyə bilmərəm. Amma aradan illər
keçəndən sonra da bu götüntülər yuxumu
qaçırırdı.
Ona görə də nələrin həqiqətən
olduğu şəkildə yadımda qaldığını,
nələrin isə gecə qarabasmalarının dəhşətindən
yarandığını söyləmək çətindir.
Düşünürdüm ki, bu Şəhər dəhşətlidir;
hətta səhranın ucsuz-bucaqsız dəriliklərində
yerləşsə də, onun mövcudluğu, yaşaması
bütün keçmişi və gələcəyi zəhərləyir,
məhv edir, dünyaya meydan oxuyur.
Nə qədər ki, bu Şəhər var, dünyada
heç kəs xoşbəxtliyi və həyatın mənasını
dərk etməyəcəkdir. Mən Şəhərin
üzərindən mübhəmlik pərdəsini
götürmək istəmirdim.
Müxtəlif dillərdəki sözlərin
qarmaqarışıqlığı, bədənlərinin
bütün əzaları- başları, quyruqları,
bağırsaqları ilə bir-biri ilə
çulğalaşan, bir-birinə nifrət edən pələng
və öküz cəmdəkləri-mənim təsəvvürümdə
bu Şəhər belə idi.
Nəm və qumlu yeraltı sərdabələrlə necə
yol tapıb geriyə qayıtmağım indi də mənə
bir sirri-xuda kimi görünür.
Yalnız
axırıncı labirintdən çıxandan sonra
özümü bir də haçansa Ölümsüzlər
Şəhərində görmək ehtimalının
yaratdığı qorxunun varlığımı bir an da olsa tərk etmədiyini yaxşı
xatırlayıram.
Başqa heç nəyi yadıma sala bilmirəm, nə
qədər çalışsam da, keçmişi xatirəmdə
canlandırmağı bacarmıram.
Lakin görünür, mən hər şeyi
könüllü şəkildə unutmuşdum.
Görünür, geriyə qayıtmağım o qədər
çətin olmuşdu ki, indi əsla xatırlaya bilmədiyim
günlərin birində hər şeyi həmişəlik
beynimdən silib atmaq qərarına gəlmişdim.
III
Sərgüzəştlərim haqqındakı hekayətin
diqqətli oxucuları vəhşilərdən birinin
diş-diş Şəhər hasarlarının dibinə kimi
məni qarabaqara izlədiyini təbii ki, yaddan
çıxarmayıblar.
Axırıncı sərdabədən keçib
yeraltı aləmdən çıxandan sonra bu vəhşini
yenidən gördüm.
O, küt
sifətlə uzanıb qumda nə isə çəkir, sonra
isə əlinin bir hərəkəti ilə hərflərə
oxşayan işarələri pozurdu.
Əvvəlcə həmin işarələri vəhşi
tayfanın əlifbası hesab etdim. Amma dərhal da
başa düşdüm ki, hələ
danışmağı bacarmayanların yaza bildiklərini
düşünmək səfehlikdir.
İşarələr bir-birindən fərqlənirdi. Bu isə
onların nəyinsə rəmzləri olma ehtimalını ya
yerli-dibli istisna edir, ya da əhəmiyyətli dərəcədə
azaldırdı. Vəhşi dayanmadan xətlər
çəkir, diqqətlə onlara baxır, nələrisə
düzəldirdi.
Sonra sanki
bayaqdan bəri məşğul olduğu iş onu bezdirdi. Əli və dirsəyi ilə xətlərin
hamısını pozdu.
Mənə baxdı və elə bil ki, tanıdı. Ürəyimə
bir yüngüllük, toxtaqlıq gəldi.
Özümü
son dərəcə tənha hiss etdiyimdən mağaranın
qumlu döşəməsindən üzümə baxan bu
ibtidai məxluqun neçə vaxtdan bəri burada məni
gözləməsi fikri ağlıma gəldi.
Günəş hələ də amansızcasına
şaxıyırdı. Hətta gecə yarısı ilk ulduzların
işığı altında troqloditlərin kəndinə tərəf
yola çıxanda da ayaqlarımızın altındakı qum təzəcə qalanmış soba kimi isti
idi.
Vəhşi məndən qabaqda gedirdi. Bu gecə onun
bəzi sözləri anlamasına, hətta ardımca təkrarlamasına
nail olmaq istəyirdim.
Fikirləşirdim ki, itlər və atlar insanın
verdiyi ayrı-ayrı əmrləri anlaya bilirlər.
Bəzi quşlar, məsələn, tutuquşu isə hətta
bütöv sözləri və cümlələri təkrarlayır. İnsan
ağlı nə qədər ibtidai və cilalanmamış
olsa da, hər halda şüursuz məxluqların
bacardıqlarından böyük şeylərə qadirdir.
Vəhşi
o qədər miskin və zavallı vəziyyətdə idi ki,
mənə “Odisseya”dakı zəiflikdən can verən qoca və
xəstə iti-Arqusu xatırlatdı.
Öz-özlüyümdə onu Arqus adlandırdım və
heç olmazsa, adını öyrətməyi qərara
aldım.
Lakin nə qədər çalışsam da, hər dəfə
uğursuzluğa düçar olurdum. Bütün cəhdlərim
boşa gedirdi. Səbrliliyim, sərtliyim,
onu nəyəsə məcbur etməyə
çalışmağım heç bir fayda vermirdi.
Hərəkətsizliyi, donuq baxışları ilə
tamam başqa bir aləmdə idi. Az qala
qulağına qışqırdığım sözlərin
heç birini eşitmirdi.
O,
yaxında dayanmışdı, amma həm də çox uzaqda
idi.
O, elə
bil lavadan düzəldilmiş balaca, dağılıb getməkdə
olan sfinks kimi qumun üzərində uzanmışdı və
göylərin sübh şəfəqlərini qürub
qızartıları ilə əvəz etməsinə
laqeydliklə baxırdı.
Qəti əmin
idim: vəhşi nə istədiyimi başa düşməyə
bilməzdi. Yadıma efioplarla bağlı bir məsələ
düşdü.
Onlar meymunların yalnız işə buyrulmamaq
üçün qəsdən danışmadıqlarına
ürəkdən inanırlar. Arqusun sükutunu da mən
həmin qorxu və inamsızlıqla izah edirdim. Sonra ağlıma daha qeyri-adi fikirlər gəldi.
Bəlkə biz Arqusla tamamilə başqa-başqa
dünyanın adamlarıyıq, hər şeyi eyni şəkildə
qəbul etsək də bütün bunlar Arqusda tamamilə fərqli
asossasiya doğurur?
Bəlkə də onun təsəvvüründə
heç bir şey mövcud deyil, sadəcə bunların
yerini ani təəssüratların başgicəlləndirici
və arasıkəsilməz oyunu tutur?
Fikirləşdim
ki, bu yaddaş və zaman anlayışlarının itirildiyi
bir dünya ola bilər. İsimlərin
mövcud olmadığı, yalnız fellərin və hər
hansı şəkilçi qəbul etməyən epitetlərin
işləndiyi bir dili təsəvvürümdə
canlandırmağa çalışdım.
Beləcə günlər, onların ardınca isə
illər biri-birini əvəz edirdi. Və bir səhər xoşbəxtliyə
bənzəyən hadisə baş verdi.
Yağış yağdı, arasıkəsilməz və
güclü yağış...
Gecələr səhrada hava bəzən soyuq olur. Həmin gecə
isə elə bil tonqal qalanmışdı.
Qarabasmanın təsiri ilə
düşünürdüm ki, məni bu qızmar səhradan
götürüb aparmaq üçün üstümə
böyük bir çay axır (bir zamanlar o çaydan
tutduğum balığı qaytarıb yenidən suya
atmışdım).
Sarı qumda uzanıb başımı qara daşın
üstünə qoymuşdum.
Xəyalımdakı çayın mənə
yaxınlaşmasını, məni ağuşuna alıb
aparmasını gözləyirdim. Göy
üzünün birdən-birə açılması və
yağışın şıdırğı səsi xəyallarımı
yarıda qırdı.
Lüt anadangəlmə halda daldalandığım
mağaradan bayıra çıxdım. Artıq dan
sökülürdü.
Özlərini
məndən heç də az xoşbəxt
hiss etməyən tayfa əhli çılpaq bədənlərinin
yağış damlaları ilə təmasından az qala dəli
olmaq dərəcəsinə gəlmişdilər.
Arqus ilahi
lütfə nail olmuş Kibela kahinləri kimi gözlərini
səmaya zilləyərək yavaşca zarıyırdı.
Onun sifətindən üzü aşağı axan damlaların
yalnız yağış suyu deyil, həm də göz
yaşı olduğunu sonralar öyrənə bildim. Arqus!-deyə
üzümü ona tərəf tutub
qışqırdım:-Arqus!
Və elə
bu zaman Arqus sevinc içərisində sanki çoxdan yerini
unutduğu, itirdiyi bir şeyi tapıbmış kimi dalbadal bu
sözləri dedi: Arqus! Ulissin iti. Sonra isə
mənə baxmadan əlavə etdi: Zibilliyə
atılmış köpək.
Biz reallığı çox asanlıqla qəbul edirik. Bəlkə də
ona görə ki, intuitiv şəkildə heç nəyin əslində
mövcud olmadığının fərqindəyik. Arqusdan “Odisseya” haqqında nə bildiyini soruşdum.
Yunanca danışmağa çətinlik
çəkirdi. Sualımı bir də təkrarlamalı
oldum.
Çox
az şey bilirəm,- dedi. –Hətta ən
istedadsız rapsoddan da az! Bu
dastanı yazdığım dövrdən min yüz ildən
də çox vaxt keçib.
IV
Hər şey elə həmin gün aydın oldu. Sən demə Ölməzlər
troqloditlərin özləri, boz-bulanıq sulu
qumlu irmaq isə atlının axtardığı həmin
çay imiş. Şöhrəti Qanqa qədər
gedib çıxan Şəhər doqquz əsr bundan əvvəl
dağıdılıbmış.
Onun qalıqlarından, tör-töküntülərindən
elə həmin yerdə içərisində olduğum əcaib
tikilini ucaltmışdılar.
Bu artıq Şəhər deyil, ona parodiya idi. Bu
dünyanı idarə edən ağılsız allahların
şərəfinə tamam baş-ayaq ucaldılmış bir
məbəd də sayıla bilərdi. Bizə
bəlli olan bir şey vardısa o da həmin allahların
insanlara bənzəməmələri idi.
Gördüyüm tikili isə Ölümsüzlərin
əllərinin toxunduğu sonuncu rəmz idi. Bundan sonra yeni
mərhələ başlanırdı. Artıq hər
cür iş və hərəkətin mənasızlığı
fikrinə gələn Ölümsüzlər bütün
vaxtlarını yalnız fikirləşməyə, yalnız ətraf
aləmin seyrinə dalmağa sərf etmişdilər.
Onlar əzəmətli tikilini başa
çatdırmış, sonra isə yerli-dibli unutmuşdular. Məhz bu səbəbdən
də yaşamaq üçün təkrar mağaralara
qayıtmışdılar.
Sonra bütünlüklə inzivaya çəkilərək
ətraf aləmi dərk etmək qabiliyyətini itirmişdilər.
Bütün bunları Homer körpə uşağa
nağıl danışırmış kimi mənə
danışdı.
Özünün qocalıqdakı həyatını
anlatdı.
Ulissin səyahətinə bənzəyən son səyahətindən,
dənizin mövcudluğundan xəbərsiz qalan, əti
duzlamadan yeyən, avarın nə olduğunu bilməyən
adamları axtarıb tapmaq arzusundan söhbət açdı. Yüz ildən
çox Ölümsüzlər Şəhərində
yaşamışdı.
Şəhər dağıdılandan sonra həyətində
dayandığım əcaib tikilinin inşası da onun
ideyası olmuşdu. Burada qeyri-adi nə isə axtarmağa
lüzum yoxdur.
Homerin əvvəlcə Troya müharibəsini, sonra isə
siçanlarla qurbağaların savaşını tərənnüm
etməsi tarixdən bəllidir. O da eyni ilə əvvəlcə
Kainatı, sonra isə Xaosu yaradan Allah kimi hərəkət
etmişdi.
Ölməzlərin həyatı başdan-başa
boşluqdan ibarətdir.
Əslində insandan başqa bütün canlı
varlıqlar ölümsüzdürlər. Çünki
onların ölüm haqqında təsəvvürləri
yoxdur. Özünü ölümsüz hiss etmək isə
həm ilahi duyğudur, həm də dəhşətdir,
ağlasığmaz bir şeydir.
Mən fikir vermişəm ki, dini baxışların
çoxluğuna və müxtəlifliyinə baxmayaraq
ölümsüzlüyə inam hissinə son dərəcə
nadir hallarda təsadüf olunur. İudeylər,
xristianlar və müsəlmanlar ölümsüzlük
fikrini qəbul edirlər.
Lakin özlərinin ilk, maddi, yer üzündəki həyatlarına
həddindən artıq önəm vermələri yalnız
bu həyata ürəkdən inandıqlarını göstərir.
Bütün qalan ayinlər isə kimlərisə bu
dünyadakı həyat üçün
mükafatlandırmaq, yaxud cəzalandırmaq məqsədi
güdür.
Hindistanın bəzi dini cərəyanlarında təsadüf
olunan girdab anlayışı mənə daha xoş gəlir. Bu girdabda
başlanğıc və son yoxdur.
Hər bir həyat özündən əvvəlkinin
davamıdır, eyni zamanda özündən sonrakının
rüşeymlərini daxilində yaşadır. Onlardan
heç biri tamın, bütövün mücəssəməsi
kimi çıxış edə bilməz.
Əsrlərin təcrübəsindən yararlanan
Ölümsüzlər respublikası
dözümlülük, hər şeyə laqeyd, hətta deyərdim
ki, nifrətamiz münasibət məsələsində
kamilliyin zirvəsinə yüksəlmişdi.
Onlar başa düşürdülər ki, sonu olmayan həyatlarında
hər kəs hər şeylə üzləşə bilər. Özlərinin
keçmiş, yaxud gələcək yaxşı əməlləri
sayəsində hər biri sonda mərhəmət və şəfqətə
layiq görülə bilər.
Lakin eyni zamanda onların hər biri keçmiş, yaxud
gələcəkdəki rəzillik və yaramazlıqları
ucbatından istənilən xəyanət və alçaq əməli
də törətməyə hazır idi.
Qumar oyunlarında tək və cüt çox vaxt demək
olar ki, bərabər sayda düşərək bir-birlərini
tamamladıqları kimi Ölümsüzlərdə də
istedad və qabiliyyətsizlik qarşılıqlı şəkildə
biri-birlərini islah və məhv edirdi.
Bu baxımdan bəlkə də zövqsüz bir əsər
olan “Sid haqqında nəğmə” “Ekloq”lardakı yeganə
bir epitetin, yaxud Hekalitin hansısa sentensiyalarının
qarşılığı idi. İlk baxışdan
nəzərə çarpmayan adi şəklin doğurduğu
ani bir fikir də hər şeyi çox gözəl gizlədə,
yaxud anlaşılması çətin olan bir müəmmanı
asanlıqla açıqlaya bilər.
Mən keçmişdə törətdikləri naqis əməllər
sonrakı əsrlərdə xeyirxahlıq kimi dəyərləndirilən
adamlar tanıyıram.
Əgər hər şeyə bu bucaq altında
yanaşsaq, o zaman bütün hərəkətlərimiz ədalətlidir,
eyni zamanda onların heç bir dəyəri yoxdur.
Deməli belə çıxır ki, nə mənəvi,
nə əxlaqi, nə də rasional meyarlar mövcuddur. Homer “Odisseya”nı
qələmə almışdı. Lakin şəraitin
çoxsaylı və sonu görünməyən kombinasiyalar
yaratdığı sərhədsiz zaman genişliyində
kiminsə, nə vaxtsa yeni bir “Odisseya” müəllifi olması
imkanı həmişə qüvvədə qalır.
Burada hər
bir adam bir heçlikdir, eyni zamanda hər
bir Ölümsüz dünyadakı bütün
insanlardır.
Korneli
Aqrippi dediyi kimi, mən-allaham, mən-qəhrəmanam, mən-filosofam,
mən-şeytanam, mən-bütün dünyayam! Əslində isə bu bir mən kimi mənim
olmadığımı söyləməyin ən
usandırıcı yoludur.
Dünyaya hər şeyin nə isə başqa bir
şeylə qarşılıq verildiyi sistem kimi baxmağı
təlqin edən bu görüşlər Ölümsüzlərə
güclü təsir göstərmişdi.
Onlar ilk növbədə şəfqət hissini
itirmişdilər. Mən çayın qarşı sahilindəki
daş karxanaları haqqında danışmışdım.
Ölümsüzlərdən biri sürüşüb
oradakı ən dərin çalaya
düşmüşdü. Aydın məsələdir
ki, onun əzilməsi, yaxud ölməsi qeyri-mümkün idi.
Əvəzində isə susuzluqdan dəhşətli əzab
çəkirdi. Lakin yalnız aradan yetmiş il
keçəndən sonra bu zavallının xilası
üçün həmin çalaya kəndir sallamaq fikri
kiminsə ağlına gəlmişdi. Ölümsüzləri
öz şəxsi taleləri də maraqlandırmırdı.
Onların bədəni sanki müti bir ev
heyvanına çevrilmişdi.
Bu heyvanın ölməməsi üçün ayda bir
neçə saatlıq yuxu, bir udum su və bir tikə ət
yetərli idi.
Amma Ölümsüzləri tərkidünya
adamlar sırasına yazmağa tələsməyin.
Onların fikirləşməkdən duyduqları həzz
qədər ikinci güclü bir həzz yox idi. Odur ki,
bütün vaxtlarını bu işə sərf edirdilər.
Hərdən nə isə fövqəladə
hadisələr Ölümsüzləri ətraf aləmə
qaytarırdı.
Dünyanın
əzəli sevinc mənbələrindən biri olan
yağışın yağdığı həmin sübh
vaxtında olduğu kimi... Ancaq belə istisnalar
çox nadir hallarda baş verirdi.
Ölümsüzlər illərlə bir vəziyyətdə
qalmağı bacarırdılar. Yadımdadır ki,
onlardan biri heç zaman uzandığı yerdən ayağa
qalxmırdı. Hətta quşlar sinəsində
yuva qurmuşdu.
Əksliklərlə uzlaşmayan heç bir şeyin
mövcud olmaması haqqındakı doktrina nəzəri cəhətdən
o qədər də əhəmiyyətli deyil. Lakin yalnız
bu doktrina sayəsində biz Ölümsüzlər X əsrin
başlanğıcında, yaxud da sonunda Yer üzünə
yayılmağa başladıq.
Bizim məntiq
yolu ilə gəldiyimiz nəticə bundan ibarət idi: əgər
suyu ölümsüzlük bəxş edən çay varsa,
deməli suyu həmin ölümsüzlüyü yuyub aparan
çay da mövcuddur.
Yer üzərindəki çaylar sonsuz sayda deyil. Dünyanı
gəzib dolaşan Ölümsüz bütün
çayları sınaqdan çıxarır. Beləcə, biz ölümsüzlüyü yuyub təmizləyən
çay axtarırıq.
Ölüm (yaxud ölümün daim xatırlanması)
insanların ürəyini ülvi hisslərlə doldurur, həyatı
qiymətli nemətə çevirir.
Mövcudluğun əbədi olmadığını dərk
edən insanlar özlərini buna uyğun aparırlar. Onlar atdıqları hər
addımın sonuncu ola biləcəyini
anlayırlar.
Elə bir sima yoxdur ki, onun cizgiləri insanın yuxuda
gördüyü və tezliklə unutduğu digər simalar
kimi yaddaşlardan silinməsin.
Öləri insanlarda hər şeyin yerinin heç nə
ilə doldurulmsı mümkün olmayan əvəzsiz dəyəri
var. Ölümsüzlərdə isə bunun əksinə
olaraq hər bir hərəkət (və hər bir fikir)
artıq keçmişdə itib-batanların, yaxud gələcəkdə
insanı dəli həddinə çatıracaq dərəcədə
baş verənlərin əks-sədasıdır.
Elə bir şey yoxdur ki, heç nəyi göstərməkdən
usanmayan güzgülərdə artıq onun əksi
olmasın. Ölümsüzlər üçün heç nə
bir dəfə olmur, heç nə öz ələdüşməzliyi
ilə qiymətli deyil.
Qəm, qüssə, adət-ənənələrin
müqəddəsləşdirdiyi kədər
Ölümsüzlər üzərində ağalıq edə
bilmir. Biz Homerlə Tanjer qapıları önündə
ayrıldıq. Deyəsən, heç
vidalaşmaq da yadımıza düşmədi.
V
Mən yeni çarlıqları və imperiyaları gəzib
dolaşdım.
1066-cı ildə Stemford körpüsündə
vuruşurdum.
Amma kimin tərəfində olduğumu
xatırlamıram.
Ya orada
öz ölümünü tapan Haroldun, ya da həmin
döyüşdə ingilis torpaqlarının altı fut,
yaxud da bundan bir az artıq hissəsini fəth
edən Xarald Xadradın yanında idim. Müsəlman
tarixi ilə hicri VII əsrdə Bulaq şəhəri
yaxınlığında indi unutduğum dildə, xatırlaya
bilmədiyim əlifbada Sindibadın yeddi səyahətini və
Bürünc şəhərin tarixini qələmə
almışdım. Səmərqənddə,
həbsxananın həyətində dəfələrlə
şahmat oynadığım yadıma gəlir. Bikanerdə münəccimliklə məşğul
olurdum.
Bohemiyada da eyni peşəni davam etdirirdim.
1638-ci ildə Kolojvarda idim. Sonra Leypsiqə getdim.
Aberdində olarkən 1714-cü ildə
kitabçıdan Aleksandr Popun altı cildlik
“İliada”sını aldım. Yadımdadır
ki, bu kitab tez-tez oxuyur və böyük zövq duyurdum. 1729-cu uldə Popun kitabı haqqında bir ritorika
professoru ilə mübahisəmiz düşdü.
Adı deyəsən Cambattista idi. Mülahizələri
mənə inandırıcı göründü. 1921-ci
il oktyabrın 4-də sərnişini
olduğum və məni Bombeyə gətirən “Patna” gəmisi
Eritreyaya yan aldı. Sahilə
çıxdım.
Başqa bir səhəri, artıq çoxdan ötüb
keçmiş zamanların sübh çağını
xatırladım. O zaman da Qırmızı dənizin sahillərində
lövbər salmışdıq. Mən Roma tribunu
idim.
Qızdırma
və şər ruhlar isə əsgərlərimi ot kimi biçirdi. Şəhər kənarında
şəffaf sulu çeşmə
gördüm. Həmişəki adətim üzrə əyilib
sudan içdim. Sahilə
qalxanda tikan kolu əlimi cızdı.
Qəflətən bu kiçik, əhəmiyyətsiz
yaranın ağrısını hiss etdim.
Az
keçmədən isə gözlərimə inanmadan
möcüzə seyr edirdim. Ovcumda, tikanın
cızdığı yerdə qan damlası peyda olmuşdu.
“Mən yenidən adi, öləri bir insanam!”-deyə
öz-özümə pıçıldayırdım.
“Mən yenə də hamı kimiyəm!”. Həmin gecə səhər açılıb
sübh şəfəqləri ətrafa yayılana qədər
daş kimi yatdım.
İllər keçəndən sonra bu səhifələri
bir də nəzərdən keçirdim. Birinci fəsildə
və digər fəsillərin bəzi abzaslarında
gözümə saxta notlar dəydi. Bəlkə
də bunun səbəbi təfərrüatlara həddindən
artıq uymağım idi.
Şairlərin əsərlərində belə hallara
daha çox təsadüf olunur. Yalan hər şeyi zəhərləyir.
Çünki
təfərrüatlar yaddaş üçün yox, hər
hansı cinayət işinin açılması
üçün səciyyəvidir... Lakin mənə
elə gəlir ki, daha dərin səbəbləri axtarıb
tapa bildim.
Məni uydurmaçı saysalar da həmin səbəbləri
burada açıqlamağa çalışacağam.
Danışdığım tarixçə iki müxtəlif
adamın başına gələn hadisələr biri-birinə
qarışdırıldığından qeyri-real
görünə bilər. Birinci fəsildə
yaralı süvari Fiv şəhərinin divarları
önündən axan çayın adını öyrənmək
istəyir.
Əvvəlcə bu şəhəri Hekatomfilos
adlandıran Flamini Ruf süvariyə çayın
adının Misir olduğunu söyləyir. Lakin həmin
sözlərin heç biri onun öz fikri deyil. Bu fikirlər “İliada”da Fiv şəhərinə
Hekatomfilos, “Odisseya”da isə Proteyin və Ulissin dili ilə Nilə
Misir çayı deyən Homerə məxsusdur.
İkinci fəsildə ölümsüzlük suyunu
içən romalı yunan dilində bir neçə söz
söyləyir. Bu sözlər də Homerdən
götürülüb. Onları dəniz
gəmiləri haqqında söhbət gedən hissənin
sonunda tapmaq mümkündür.
Sonra başgicəlləndirici memarlığı ilə
seçilən sarayda romalı hansısa ittihamlar irəli
sürür, hətta “vicdan əzabı” haqqında
danışır.
Bu sözlər də bir vaxtlar eyni dəhşətli vəziyyəti
təsvir edən Homerdən
götürülmüşdür.
Mətnə münasibətdəki müxtəliflik məni
narahat etdi. Lakin estetik səciyyəli fərqlər həqiqəti
açmağıma yardımçı oldu.
Bu barədə sonuncu fəsildə söhbət gedir.
Orada mənim
Stemford körpüsündə vuruşmağımdan, Bulakda dəniz
səyyahı Sindibadın macəralarını qələmə
almağımdan, Aberdində Aleksandr Popun
“İliada”sını sifariş edib gətirtməyimdən
danışılır. Həm də bütün bunlar
haqqında inter alia (söz arası-lat.) bəhs edilir.
__________________
*Solomon
dedi: “Yer üzündə heç nə yeni deyil”. Platon isə
onun fikrini tamamladı: “Yeni olan hər şey sadəcə bir
xatirədir”.
Ona görə də yeni sayılan hər şeyin
yaxşı unudulmuş köhnə olması haqqındakı
müdrik fikir Solomona məxsusdur. Frensis Bekon. “Təcrübələr”.
LVIII (ing.)
Tərcümə edəni: Vilayət
Quliyev
525-ci qəzet.-
2014.- 1 fevral.- S.26-27;31.